MİLLİ ORDUMUZUN QƏHRƏMAN OĞLU ŞÖVQİYAR!

 

Azərbaycan! Azərbaycan!  

Ey qəhrəman övladın şanlı Vətəni!  

Səndən ötrü can verməyə cümlə hazırız!  

Səndən ötrü qan tökməyə cümlə qadiriz!  

  

Əhməd Cavad  

 

Aprel ayında dünyaya göz açan Milli Qəhrəmanlardan - Şövqiyar Abdullayev, İntiqam Atakişiyev, Albert Aqarunov, Allahverdi Bağırov, Mikayıl Cəbrayılov, Yılmaz Edilov, Qorxmay Eyvazov, Rəfael Həbibov, Tofiq Hüseynov, Samir Xasıyev, Rasim İbrahimov, Fariz Mədətov, Alı Mustafayev və Rizvan Teymurovun gözlərim önündə sərgilənən foto şəkillərinə diqqət kəsilirəm. Onlar arasında tanıdıqlarımın işıqlı simalarını yaddaşımda təzələyirəm. "Subay idi" - ifadəsini, ağrı ilə dilimə gətirdiklərimdən ŞÖVQİYAR CƏMİL oğlu ABDULLAYEVİN sırada birinci olan adının üstündə dayanıram...  

İçimdən boy verən "Elə bir anılmaz gün olmayıb" - fikri ruhumu əzir. Şövqiyarın Vətən, Torpaq, Dövlət qarşısında, onu sevənlər və sevdikləri qarşısında qazandığı öygü HAQQA yönəlir.  

Zaman-zaman adi sandığımız, bizimlə bir sırada addımlayan indi sayğılarla, hörmətlə anılır. QƏHRƏMANIN dörd dirək üstündə olan - hikmət, cəsarət, iffət və ədalətinin nuru, işığı qaranlıqları parın-parça edir...  

1969-cu il aprel ayının 5-də Ulu Göyçə mahalının Basarkeçər rayonu Nərimanlı kəndində dağların ağ, bəyaz tacı əriyən vaxt, şəlalələrin şırıl-şırıl şaqqıldayan vədəsi Uca Allah Cəmil kişiyə oğul övladı bəxş eləyib. Deyirlər: "Həyatın mənasını anlamaq Allaha bir ibadətdi". Ulu Yurda oğul övladı böyütməyin könül xoşluğu dilə gəlməz! Cəmil Abdullayev ocağına göz aydınlığına gələnlərin sevinclə ayağına qalxaraq səmimiyyət göstərib!  

"Vətəndə rahat yaşamaq üçün qüdrətli oğul övladı gərək" - deyən qəlbi sevgilərlə dolu insanları ikramla, iltifatla dinləyib, onlara xeyirlər arzulayır. Körpənin bənizindəki doğruluq rəmzi, iman nuru ona qoyulan adının mənasını anlatdı ŞÖVQİYAR!  

Cəmil Abdullayevin oğul övladı adının daşıyıcısı olacağını duruşundan, baxışından, yerişindən və Allahın nur təcəlli etdiyi bir çox mərtəbələri fəth etməklə sezdirib. Körpənin feyzi böyüdükcə çoxalıb.  

Şövqiyar Cəmil oğlu Abdullayevin müəllimlərinin təbirincə desək: "Şövqiyar batini doğru, inanclı, düşüncəli şagird kimi xatırlanır. Pak əxlaqlı, aydın fikirli, ruhu Allaha yaxın, səbrli, gözəl qəlbli, təfəkkürlü gənc olub... Orta məktəbi əla qiymətlərlə qurtarıb".  

Şövqiyar Abdullayev Azərbaycan Dövlət Politexnik İnstitutuna (indiki Texniki Universitet) daxil olanda TƏLƏBƏ BİLETİ alanda da seçilib. Elmi dəyərlərə qadirliyi - HİKMƏTİNİ, qəbahətdən çəkinməsi əlamətləri, fəziləti fəzilət naminə söyləməsi - CƏSARƏTİNİ, ülviyyətlər doğuran məsumluğu - İFFƏTİNİ, insanı Haqqa yönəltmə bacarığı -ƏDALƏTİNİ bildirib. Bütün hərəkətlərini könül gözü ilə tənzimləyən tələbə Şövqiyar birinci kursu bitirdikdən sonra ordu sıralarına çağırılan an bu çağırışa təcəlli edib.  

"Şövqiyar Abdullayev 1989-cu ildə Monqolustanda hərbi xidmətini tank qoşunları tərkibində başa vuraraq Bakıya qayıtmışdır. Bu o vaxt idi ki, artıq Ermənistan - Azərbaycan münaqişəsi başlanmışdır. Qarabağdan, eləcə də Qərbi Azərbaycandan yüz minlərlə soydaşımızın doğma ata-baba yurdundan qovulması Şövqiyarı təhsilini yarımçıq qoyub, od-alov içərisinə atılmağı məcbur etmişdir. Vətənimizin əslan ürəkli övladı könüllü olaraq 1992-ci ildə Milli Orduya yazılmışdır. Ağdamda təşkil edilmiş tank briqadasında ekipaj komandiri təyin edilmişdir..."  

İsmi cismində təcəlli oldu Şövqiyarın.  

Onun ərz qulağında duyulmazlar duyuldu. Ərz olunmaz fikirlər qəlbini təlatümə gətirdi. Qarı düşmənlərimizin ta uşaqlıq çağlarından ona bəlli olan xəyanət, məkr və müxtəlif əngəllərin çox dərinlikləri duydurdu. Haqqa dönmək arzusu, Vətənə qayıtmaq istəyi ayrılıq həsrətindən inləyən Göyçə mahalı Şövqiyarı yaşadığı firavan, qayğısız həyata "YOX!" - dedirtdi.  

Vətənin, torpağın dərd yükünü, Antey tək çiyinlərinə aldı. Ulu məqsədi parçalanmış Azərbaycan torpaqlarını bütövləşdirmək oldu... "Vətənin dərdinə yaramayan bağışlanmaz" - söylədi bizim QƏHRƏMAN! Xidmət etdiyi tank briqadasında ekipaj komandiri olaraq mənəvi gücü ilə əsgərlərini xətalardan xilas etdi. Təkcə ulu məqsədə çatmaq uğrunda ucalacağını bilmirdi ŞÖVQİYAR! Əhdinə daima vəfa edən komandir gecələri gündüzlərə qatıb Haqq işığına doğru yürüdü.

Gənc olmasına baxmayaraq həm biliyi çox idi, həm də helmi. Bunlar onun çiynində ruhani yük kimi Haqqa səsləyirdi.  

Deyirlər: "Allaha yaxınların ölümdən qorxusu olmur". Qəlbi Vətən, Yurd, Azərbaycan eşqi ilə dolu olan bizim igid Şövqiyarın polad biləkləri müharibənin bozlaşmış yovşan ətirli çölündə miss rənginə çevrilibmiş. Qəlbinin nuruyla əsgərlərini süsləyən Şövqiyar kimi komandiri kim sevməz, kim əzizləməz?!  

...İnanıram ki, şəhidlərə səcdəli qələm sahibləri Milli Qəhrəmanımız Şövqiyar Cəmil oğlu Abdullayevin döyüş yolunu əks etdirən əsərlər yazacaq, onun komandir kəramətindən sevgilərlə söz açacaqlar. Şövqiyarın çiynində daşıdığı, ruhani yükün örnək olduğunu comərdliklə açacaqlar. Ulu babalarımızdan gələn əxlaqa sahibliyin cövhəri - qələm sahibinin gövhərinin könül gözü ilə bizim Şövqiyara abidə ucaldacaq! Sözdən abidə! QƏHRƏMANLIQ ABİDƏSİ!  

Allah sevdiklərinə lütf edir, kamillik, ərənlik, kişilik, bütövlük, qəhrəmanlıq əlamətləri olan örnək oğullardan eşq, məhəbbət atəşini əsirgəmir! TORPAĞA EŞQ, VƏTƏNƏ MƏHƏBBƏT! Bu gövhərləri millətinə verməyi bacaranlara sevgilərimizi paylayırıq. Şövqiyarsız dərdli könüllərə QƏHRƏMANIN nurlu əməllərini sövq edirik.  

Milli Qəhrəmanımız Şövqiyar Cəmil oğlu Abdullayevin fədakarlığının tamlığı nisbətində qeyri-adi gücünün, əngəlləri yıxarlığının sirlərini açmaq boyun borcumuzdur.   

Layiqli bir əsgərinə nişanlanan atəşə sinəsini sipər etməyi səadət sayıb Şövqiyar! Özünə arzulamadığını əsgərinə diləməzdi. Hər bir döyüşün fəzilətini çətinliklərdə görürdü O! ədalətsiz müharibənin düyünlərini, ən gizli müəmmaları duyar və mənasını əsgərlərinə duydurmağa çalışardı. Haqqı sevənlər onu dərk edər, anlayardılar. Qəlbinə ilham olunduğundan fərqində olan bizim qəhrəman özünü kainatın bir tərkib hissəsi hesab etdiyindən gənc ömrünü GECƏ-GÜNDÜZ QISALIĞI gözlədiyini dərk edirdi: "Ömür qiymətlidir, dəyərlidir. Ancaq Vətənə xidmət insanın ruhunu əbədi ənginliklərə qovuşdurur". O, sözü qulaqlara deyil, əməlləri ilə könüllərə deyirdi. Müstəqil və nizamlı düşüncəni bəyənən əsgərləri özlüyündə komandirin hər sözünün məna dərinliyinə baş vuraraq ruhi ənginliklərə ucalırdılar. Müharibənin səbəb və nəticələrini dəyərləndirməsi daim doğru olub Şövqiyarın. "Hər bir yaxşı döyüşçü gələcəyin generalıdır" - ifadəsi əsgərlərin könüllərini arındırırdı. Arınan könüllər silahı ilahi eşqlə hədəfə tuşlayardılar! Komandirin yəqinlik hikməti döyüşçülərə cənnətin zövqünü yaşatdırırdı. Şövqiyarın elmi, feyzi və irşad dərinliyi: "İRƏLİ! ATƏŞ!" - əmrini gücləndirirdi. Müharibənin barıt qoxulu çöllərinin ürək çırpıntılarına məlhəm, sıxıntılarına ortaq olmağı öyrədirdi Şövqiyar!  

Bu gün ruhu günəş tək aləmləri isidir Onun! Qəhrəmanlıq mərtəbəsində əbədi ad qazanan Şövqiyar ANA VƏTƏNİ, candan əziz TORPAĞI minilliklərdən gələn təmiz qanı ilə suvardı. Zatdan gəlmə irsinin nişanəsi - nəsil kökünün yurd ağrısının mənəvi məqamları və şəhidlik tarixilə ucaltdı. Vətəni qorumaq haqqının ilahi şərbətini daddırdı Atasına! Vətənə xidmətə dayanan Şövqiyar fiziki ölümü ilə yenidən dünyaya gəldi.  

"...Papravənd, Pircamal, Aranzəmin və digər kəndlərin müdafiəsi uğrunda gedən döyüşlərdə fəal iştirak edib. 1992-ci ilin avqustun 27-də ağır bir döyüşdə o, öz yoldaşlarını Əsir düşməkdən xilas etmiş, özü isə Vətən uğrunda qəhrəmancasına həlak olmuşdur. Bakının Şəhidlər Xiyabanında dəfn edilmişdir.  

Subay idi..."  

Qəlbin üz tutduğu müqəddəs hədəf sərhəddən başlayır. İbadətdə qibləyə çevrilmək şərəfi Kəbə ziyarətinə bərabər tutulur. Kəbə ibadəti - VƏTƏNİ QORUMAĞI BACARMAQDIR! Şövqiyar Abdullayevin ibadətlərinin istiqamət yeri səngər olub. Başı üstə uçan atəşin bir işığı Onun ürəyinə sancılıb. Göylərdəki işığın rənginə çalan atom çəyirdəyi Onun minilliklərdən gələn təmiz qanını ətrafa yayıb. Yerdən göyə səmanın yeddi qatında dövrə vuran təmiz qanın hissəcikləri aləmi kişilik, mərdlik qoxusuna bürüyüb!  

  

   Üç rəngli bayrağınla məsud yaşa!  

   Minlərlə can qurban oldu!  

   Sinən hərbə meydan oldu!  

   Hüququndan keçən əsgər,  

   Hərə bir qəhrəman oldu!  

 

Onun şəhid olduğu məkan Kəbənin istiqamətini müəyyənləşdirdi. Vətənin müqəddəs olduğunu tabutunun ardınca yürüyənlərə andırdı. Misilsiz bir izdiham sərhəddən- paytaxtadək, uzun yolları sararaq mübarək cənazəni Şəhidlər Xiyabanına aparırdı. Şəhidin itkisi matəmə qatılanların bağrını dağlayırdı...  

Hüzn dolu teleqramlar Cəmil müəllimin ünvanına axırdı. Vətənin müdafiəsinə könüllü gedən Şövqiyarın tabutunu çiyinlərində ilahi əmanət kimi aparıb torpağa tapşıranlar "O CANDAN SEVDİYİ TORPAĞA QOVUŞDU" hayqırdılar.  

Bəli! Şövqiyar arzuladığı muradına çatdı. O, muradın adı - müstəsna şərəf adlandı. Qəhrəmanlıq mərtəbəsinə çatmaq şərəfi! Xoş duyğularla QƏHRƏMANLIQ yüksəkliyini qazanan Cəmil Abdullayevin oğlu Şövqiyarın ruhu ata ocağında cövlan edir. Sevgilər içində təbləri dolub-boşalan hərbçi qardaşları, məktəblilər, tələbələr qəhrəmanı Haqqdan gələn kəramətlərin göstəricisi kimi xatırlayırlar.  

Budur! Şəhidlər Xiyabanındayıq. Göz yaşlarımız yağan yağışlara qovuşub. Ən hüznlü, islaq baxışlı qızlar SUBAY QƏHRƏMANIN məzarı üstə qan rəngli güllər düzür. Güllərin, çiçəklərin nizamlı sırası ziyarətimizin məğzini anladır.  

ESSE: Elə bu sətirləri qələmə alarkən qeybdən səs gəldi.  

"Ana! Gözün aydın! Qələbə bayrağını Qarabağın ən əzəmətli pantionuna salıb gəlmişəm. Ata arzularını gerçəkləşdirən Azərbaycan Ordusunun əsgərləri zəfər nəğməsi ilə əmrinizə hazır dayanıb! Bu gün hər bir əsgər Ali Baş Komandana raport verəcək!!! QƏLƏBƏ RAPORTU".  

Səs bir az da yaxınlaşdı: "Əsgər andı içmişdim. Qələbədən sonra evə dönəcəyəm. Dostlarım deyir ki, subaylığın daşını atmağın vaxtı çatıb".  

Zəfər bayrağını Qarabağa - Xankəndinə, Laçına, Şuşaya, Xocalıya, Zəngilana, Cəbrayıla, Qubadlıya, Naxçıvanın Kərki kəndinə sancıb doğma ocağa qayıdanlar arasında görünən Odur! Bizim QƏHRƏMAN! Gözaltısı 1992-ci ildən üzübəri onun yolunu gözləyirmiş. Külək vurub qızın örpəyini açır. Pərişan saçlarına sığal çəkəni tanıdığımdan üzümü yana çevirirəm. Biləkləri polad kimi möhkəm, mis rəngli igid Şövqiyardır. Hə, yadıma düşdü Cəmil müəllimin oğlu Şövqiyar!  

Baxın, baxın! Nə qədər təmtəraqlı məclis düzənlənib. Başda QƏLƏBƏMİZİN BAYAQDARI, valideynləri və bu vaxtacan üzünü görmədiyimiz bacı-qardaşları oturub. Hamı el ağsaqqalı Cəmil müəllimə göz aydınlığı verməyə tələsir.

Başımı qaldırıb pəncərədən o tərəfdəki cənnət məkana diqqət kəsilirəm. Lap nağıllardakı kimi!  

O, subay idi. Gözü yolda qalanı vardı.   

Şövqiyar ağrısını qələmə aldı:

  

 

Natella ASENA

 

Ədalət.- 2011.- 24 iyun.- S.3.