TERRORUN
GÜNAHSIZ QURBANLARINDAN BİRİ...
DÖVLƏT NEFT AKADEMİYASINDA
ŞƏHİD OLMUŞ TƏLƏBƏ AYAZ BAĞIROVUN ƏZİZ
XATİRƏSİNƏ
Şəhidlik
məqamı axirətə inam, şər üzərində
tam qələbə və insanlığın ən yüksək
mərhələsidir.
Onu
görməmişdim. Haqqında eşitmişdim. Bir valideynin
fəxr edə biləcəyi ən ali keyfiyyətləri
özündə cəmləyən övlad kimi yetişməsindən
danışırdılar. Dosta-tanışa səmimi və sədaqətli
olması barədə, dərin düşüncə və fərqli
bacarıq sahibi, eləcə də savadlı bir tələbə
olması və bir ay sonra isə canından çox sevdiyi bu vətənin
şanlı əsgəri olacağı, hərbi hissəyə
yola düşəcəyi barədə xoş sözlər
deyirdilər.
Anası
onun müvəqqəti hicranına narahat ikən həmişəlik
ayrılığına göz yaşı axıdır. Hələ
bu dünyadan doymayan gəncin yarımçıq qalan
arzularını dilə gətirib ağı deyir: "Min bir
nəvazişlə böyütdüyüm gözəl balam
namərd gülləsinə tuş gəlməməliydi,
heç nədən, günahsız ölməməliydi",
- deyə yanıb-yaxılsa da, nə dərdinə əlac
tapır, nə də kədərini ovuda biləcək
birisini...
Sinəsinə
çəkilən çalın-çarpaz dağ onun həddi-buluğa
çatan oğluyla bağlı arzularını əbədi
olaraq gözündə qoydu, qəddini əydi.
"Mənim
balam belə namərd əlində ölməməliydi" -
deyən ananın əlindəki şəkildən ona boylanan
bir cüt qara gözlər isə əksini deyir:
-
Ana, mənim kimilər ölümün gözünə dik
baxdıqları kimi, sən də sınmamalı, əyilməməlisən.
Ana-bala fəryad
edir, amma səssiz-səmirsiz. İndən belə onsuz
da onlara ancaq səssiz dərdləşmək, söhbətləşmək
nəsib olacaq. Ağır dərddir övladın səsinə,
nəfəsinə tamarzı
qalmaq, onu arzulamaq, yuxularda görmək, o yuxulardan ayılmaq istəməmək!
Bax, bu ölümdən betərdir. Hər ana ölmək,
amma bu acını
yaşamamaq istər.
Həmin
o müdhiş gündə - 30 aprel qətliamında xəstəxanaya
çatdırılarkən dünyasını dəyişən
Ayazın tələbə yoldaşları elə fəğan
edirdilər, o qədər yandılar ki, bu ağrını,
bu dərdi dillə ifadə etmək mümkün deyil. Onların
arasında Ayazın sevib-seçdiyi bir gözəl mərhumla
bütün ömrünü qoşa addımlamağı
arzulamışdı. O yol xaricdə təhsil almağa getməklə
başlayacaqdı...
Qəlb
göynədən daha bir nüans da var. Günəşli qəsəbəsindəki
2 saylı uşaq evində Emin adlı bir oğlanın da
içindəki bir ümid işığı əbədi
söndü. Kimsəsiz bir oğlan özünə "kimisə"
tapmışdır. İstər yağışda, istər
qarda Ayaz onun gözlərini yollardan yığaraq, onsuz da
kövrək olan qəlbini qırmamaq üçün
yanına tələsirdi. Pərvanə müəllimənin:
"başqa vaxt gedərsən" -deməsinə
"gözməyəcək, mütləq getməliyəm"
cavabını verən Ayazın bu iki kəlməsi onun nə
qədər kövrək, rəhimli və böyük qəlbə
malik olmasının sübutu idi.
Müəyyən
zaman kəsiyində mənəviyyat başlıca istinad
nöqtəsi kimi xarakterizə olunur. Onu da həmyaşıdlarından
fərqləndirən xüsusiyyətlərindən biri də
insanlarda mənəviyyatı dəyərləndirə bilmək
bacarığı idi. İnsanlara mənən yaxın
olmağa, onların qayğılarını özünküləşdirməyə
çalışan gənclərdən olan Ayaz eyni zamanda dəqiqliyi
və sözü bütövlüyü ilə də
sevilirdi. Bu dəqiqlik onun insanlara münasibətindən əlavə,
vətənə, torpağa məhəbbətindən də
irəli gəlirdi. Hər şeydə bir obyektivlik, sadəlik
və səmimiyyət axtaran bu cür düşüncə
sahibləri günün hər anında xatırlanır, yad
edilirlər.
Bu da
bir həqiqətdir ki, insan anlamının sonluqla
ölçülməsi və yaxşı-pis hər nə
varsa, sonda gündəmə çıxarılması
Tanrı payıdır. Onun da yarımçıq
qalmış ömründə nə varsa çözərkən
qısa, lakin maraqlı ömür sürdüyünü
gördük.
Onun
iç dünyasındakı bəşəri-dünyəvi
hisslər karvanı gələcəyə sarı
qarşısıalınmaz sürət
götürmüşdü. Və sözsüz ki, bu sürəti
vaxtsız əcəldən başqa heç nə ala bilməzdi.
Bir həqiqət
də var ki, vaxtlı və vaxtsız ölüm sevinməsin
qoy! Şəhidi seçən Allah, şəhidliyi arzulayan
imanlı kəslərdir. Onların qiyməti yerlə yox,
göylə ölçülür.
Ceyran Fikrətqızı
Ədalət.- 2011.- 1 iyun.- S. 6.