DÜNƏNİNƏ BƏNZƏMƏYƏN MÜASİR YEVLAX

 

İLHAM ƏLİYEV: "YEVLAX BU GÜN AVROPANIN ƏN QABAQCIL ŞƏHƏRLƏRİNDƏN BİR ADDIM DA GERİ QALMIR"

 

Son 5-6 ildə həyata keçirilən "Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı" ölkəmizin hər bir guşəsində öz uğurlu imzaları ilə göz önündədir. İyirmi illik Müstəqillik tarixinin acılı-şirinli anlarını yaşayan Azərbaycan Respublikası bu illər ərzində həyata keçirdiyi uğurlu daxili və xarici siyasət kursu nəticəsində nəinki regionun liderinə, həmçinin iqtisadi inkişaf tempinə görə dünyanın qabaqcıl ölkələrindəndir.

Təsadüfi deyil ki, Azərbaycan son 7 ildə öz iqtisadiyyatına qoyulan investisiyanın sayını 35 faiz artıraraq, yoxsulluq kimi bir bəlanı 4-5 dəfə aşağı salmışdır. 2009-2010-cu illər də bu baxımdan ölkəmizin inkişafı üçün uğurlu illərdən hesab edilir. Baxmayaraq ki, qeyd olunan dövrdə bütün dünyanı "iqtisadi böhran" acısı bürümüşdür, lakin Azərbaycan bu böhranı öz iqtisadi gücü hesabına üzüağ dəf edə bildi. Bu uğurda xüsusi çəkisi olan "Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı"nın yeni mərhələsi (2009-2013-cü illər) hazırda ölkənin bütün regionlarında uğurla icra olunmaqdadır. Məhz bunun nəticəsində bir çox regionlarımız öz köhnə görkəmini yeni libası ilə əvəzləyərək, müasir şəhər görkəmini alıb. Belə regionlardan biri də coğrafi mövqeyinə görə Azərbaycanın mərkəzində, mühüm kommunukasiyaların kəsişməsində yerləşən Yevlax şəhəridir. Qədim yaşayış məskəni olan rayonun ümumi sahəsi 1540 kvadratmetrdir. Hazırda əhalisinin ümumi sayı 60 minə yaxin olan Yevlax həm aqrar, həm də sənaye şəhəridir.

Regionlara səfərim çərçivəsində, keçən ay Azərbaycanın mərkəz şəhərlərindən biri olan Yevlax şəhərində oldum. Qeyd edim ki, orada keçirdiyim gün ərzində şəhərin girişindən mərkəzinədək olan hər bir guşəsinə baş çəkdim. Nəticədə Yevlaxda gördüklərim, o cümlədən şəhərin büsbütün öz görkəmini dəyişməsi faktı məni olduqca sevindirdi. Təxminən 6-7 il bundan əvvəl Yevlaxa görünüşünə görə "Əcaib-Qəraib" şəhər adı (yerli əhali) verilmişdirsə, indi bunun tam əksinin şahidi oldum. Necə deyərlər, çirkin bir qadının qəflətən dəyişib gözəl bir xanıma çevrilməsi faktı kimi, Yevlax da sanki bu illər ərzində bütün eyiblərini, qüsurlarını "plastik əməliyyat"dan keçirtmiş və indiki müasir sənaye şəhəri formasını almışdır. Şəhərin giriş nöqtəsindən çıxış nöqtəsinədək, çəkilən asfalt yollar, quraşdırılmış müasir tipli işıq dirəkləri, abadlaşdırılmış küçə və meydanlar, salınan park və xiyabanlar, yaşıllıqlar,aparılan abadlıq-quruculuq, tikinti işləri sayəsində yol boyu uzanan müxtəlif təyinatlı məişət, ticarət obyektləri, yaşayış binaları, bank filialları, sosial əhəmiyyətli obyektlər, irili-xırdalı sənaye müəssisələri sanki bir sehirbazın "sehrli çubuğu"nun ani bir müddətdə həyata keçirdiyi möcüzələrdir.

Mən çox gözəl başa düşdüm ki, bütün bu möcüzələr artıq icrası 7 ildir ki, davam edən "Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı"nın reallaşdırdığı layihələrdir. Sevindirici haldır ki, son illər ərzində Yevlaxda nəinki gördüyümüz bu dəyişikliklər baş verib, eyni zamanda rayonun iqtisadi potensialı da möhkəmlənibdir. Hətta son beş il ərzində Yevlax iqtisadi inkişaf baxımından Azərbaycanda ən sürətlə inkişaf edən rayonlardan biridir. Bu inkişafın tarixi I Dövlət Proqramı əhatə etdiyi illərə (2004-2008-ci illər) gedib çıxsa da, lakin son illər (2009-2010-ci illər) Azərbaycanın inkişaf tempinə uyğun olaraq Yevlax rayonunda da qazanılan nailiyyətlərin artım faktı göz önündədir.

Belə ki, rayonda ümumi məhsul istehsalı 2009- cu illə müqayisədə 33 faiz artmışdır. Bunun da 98 faizi qeyri neft sektorunun payına düşür. Digər sahələr üzrə isə o cümlədən sənaye məhsullarında 13 faiz, pərakəndə əmtəə dövriyyəsində 28 faiz, əhalinin gəlirlərində 33 faiz, orta aylıq əmək haqqında isə 10 faiz artım olmuşdur. Əvvəlki illə müqayisədə rayon iqtisadiyyatına qoyulan investisiyanın miqdarı, rayonda aparılan tikinti-quraşdırma işindəki artım ilə üst-üstə düşərək 85 faiz təşkil etmişdir. Qeyd olunan dövrdə sakinlərin işlə təminatı məsələsinə gəldikdə isə son 7 ildə rayonda 14822 iş yeri açılaraq müəyyən qism yevlaxlıları işsizlik bəlasından xilas etmişdir. Lakin təklif olunan iş yerlərindən 8004-ü daimi olmuşdur. Hər halda bu əhalinin sayına nisbətdə yüksək göstərici olmasa da, illərlə iş siyahısında növbəyə duran rayon vətəndaşlarının işlə təmin edilməsində, həyat səviyyəsinin və güzaranının yaxşılaşdırılmasında müstəsna rol oynayır. Eyni zamanda rayonda sosial müdafiəyə ehtiyacı olan 2605 ailəyə sosial müavinət ödənilmişdir. Həmçinin rayonun daxili imkanları hesabına aidiyyəti qurumlar tərəfindən şəhid ailələrinə, müharibə əlillərinə, digər imkansız şəxslərə müəyyən məbləğdə yardım edilir, problemləri ilə maraqlanırlar. Qeyd olunan dövrdə rayon əhalisinin içməli suya, təbii qaza və elektrik enerjisinə olan tələbatının ödənilməsi istiqamətində də xeyli işlər görülmüş, sakinlərin məişət şəraiti, komfortu təmin edilmişdir. Belə ki, əhalinin içməli su ilə təminatı və nasos stansiyaların, artezian, subartezianların istismarı daim diqqət mərkəzində saxlanılmış, Kür çayından şəhərə vurulan suyun ekoloji cəhətdən təmizlənməsi məqsədilə sutəmizləyici qurğunun quraşdırılması istiqamətində də xeyli tədbirlər görülmüşdür. Məhz bu illər ərzində rayonun 17 kəndində belə qurğular quraşdırılması istiqamətində xeyli tədbirlər görülmüşdür, kəndarası su xəttləri çəkilmiş və müxtəlif kəndlərdə 175 bulaq tikilmişdir. Respublikanın digər rayonlarına nisbətdə Yevlax quraşdırılan sutəmizləyici qurğuların sayına görə lider rayondur.

Cari ildə də rayonun Ərəbbəsrə, Meyvəli, Hürüuşağı, Balçılı və digər kəndlərində də analoji qurğuların tikintisi istiqamətində işlər aparılır. Proqramın qarşıdakı illərində isə təxminən 20-yə yaxın subartezian quyusunun qazılması planlaşdırılıb. 2010-cu ildə rayonun Bakıxanov, Nərimanov, R.Balakişiyev küçələrində və Aran qəsəbəsində yeni kanalizasiya xəttləri çəkilmiş, hazırda isə şəhərin digər 7 küçəsində kanalizasiya xəttlərinin çəkilişi aparılır. Həmçinin şəhərin sanitariya vəziyyətini yaxşılaşdırmaq məqsədilə "K-11" kollektoru üzərində nasos stansiyası tikilmiş və kanalizasiya xətti çəkilmişdir. Təbii ki, bu həm şəhərin görünüşünə həm də əhalinin məişət şəraitinin yaxşılaşmasına səbəb olur.

 

 

(ardı var)

 

Günel İsayeva

 

Ədalət.- 2011.- 1 iyun.- S. 7.