BƏNÖVŞƏ ÇİÇƏKLİ BADAM AĞACI

 

Akademik İsa Həbibbəyliyə yazılan şeir

 

Uzaq dağ kəndində

bir yaz günündə,

Təbiət qəlbimi ovsunlamışdı.

Çopur qayalar da

gözüm önündə,

Günəşdən xoşlanıb

yosunlamışdı.

 

Yamyaşıl dünyadı yalı-yamacı,

Tanrı da nurunu gur ələmişdi.

Dağın döşündəki badam ağacı,

Bənövşə çiçəyi çiçəkləmişdi.

 

Badam ağacının füsunkar halı,

Bəlkə də baharın ləli-zəriydi.

Ancaq görürdüm ki, qəlbi havalı,

Bir şair oğlanın şeirləridi.

 

Bəlkə, müəllim ömrü

yaşadığından,

Badam bənövşəyi, al çiçəkləyib

Yəqin şagirdlərin

barmaqlarından,

Şehli çiçəklərə mürəkkəb dəyib?

 

Beləcə, göylərtək duru olarsan,

Sözün, şeiriyyətin

eldən gələndə.

Belə ömrə

necə vurulmayasan,

Badamı bənövşə çiçəkləyəndə.

 

... Şərur çuxurunda baharın tacı,

Gül-çiçək könlümü

məst eləmişdi.

Gözlərim önündə badam ağacı,

Bənövşə çiçəyi çiçəkləmişdi.

 

 

NƏDƏN BÜTÖV NƏĞMƏ SÖYLƏMİRSİNİZ

 

Niyə duruşunuz belə qəmlidi,

Uçub pəncərəmə

qonan sərçələr.

Hələ səsiniz də solğun, bəmlidi,

Soyuqdan üşüyüb,

donan sərçələr.

 

Qışda da yeriniz eşik özüdü,

Sizlərə dikilən pişik gözüdü,

Sizləri bişirən yeşik közüdür.

Özü-öz tükünü yolan sərçələr.

 

Siz yurd havasına uyanlarsınız,

Dərdini, qəmini duyanlarsınız,

Bir ovuc dən ilə doyanlarsınız –

Aldanıb torlara dolan sərçələr.

 

Yenə qış gedəcək,

yaz gələcəkdi,

Yekəlmiş, kökəlmiş

qaz gələcəkdi,

Durna qatarları saz gələcəkdi –

Çəkisi bir misqal qalan sərçələr.

 

Görcək gen səmanı

 yaran quşları,

Çölü bürüyəcək aran quşları,

Hər kəsin dönəcək qaranquşları –

Tək-tənha xəyala dalan sərçələr.

 

Kimsədən mərhəmət

gözləmirsiniz,

Taledən şikayət eyləmirsiniz,

Nədən bütöv nəğmə

söyləmirsiniz –

Sözü "cik-cik" boyda olan

sərçələr!

 

 

DÖZ ÜRƏYİM ...

 

Gözləməkdən göz ağrıdı,

Dilimdəki söz ağrıdı,

Döz, ürəyim, döz ağrıdı,

Tanrıdan gələn payımız.

 

Bu dünyada hara baxdım,

Qəlb üşüdən qara baxdım,

Bir gülmədi qara baxtım,

Payıza döndü yayımız.

 

Döz ürəyim, döz bu dərdə,

Boğuluruq böhtan, şərdə,

Tor qururlar mərddən mərdə,

Durulmaq bilmir çayımız.

 

Göydən baxan hara baxır?

Qar, yağışı qara yağır,

Yadlar bizə qara yaxır –

Heç yana çatmır hayımız.

 

 

İbrahim Yusifoğlu

 

Ədalət.- 2011.- 1 iyun.- S. 7.