Əli Əhmədov:
"Azərbaycanda korrupsiyaya qarşı mübarizə
bundan sonra da davam etdiriləcək"
"Azərbaycanda son bir neçə
ay ərzində korrupsiyaya qarşı mübarizə istiqamətində
səylər əhəmiyyətli dərəcədə
güclənib. Bu mübarizə
həm inzibati forma və metodlarla,
həm də qanunvericilik bazasının
təkmilləşdirilməsi ilə
aparılır". APA-nın xəbərinə görə, bunu Korrupsiyaya Qarşı Mübarizə Komissiyasının
üzvü, Yeni Azərbaycan Partiyasının (YAP) icra katibi, partiyanın sədr
müavini Əli Əhmədov deyib.
O
bildirib ki, Azərbaycan xoşagəlməz korrupsiya
hallarına qarşı mübarizənin öndə gedən
dövlətlərindən birinə çevrilib: "Hesab
edirəm ki, bu siyasət bundan sonra da davam etdiriləcək".
Ə.Əhmədov onu da deyib ki, Azərbaycanda korrupsiya və
digər bu kimi xoşagəlməz halların mövcudluğu
bəzi mətbu orqanlarda məqsədli şəkildə təqdim
olunan kimi deyil.
"Əgər
Türkiyə tərəfi rəsmi şəkildə Yeni Azərbaycan
Partiyasına bu ölkədə keçiriləcək
seçkinin gedişini izləmək üçün dəvət
göndərərsə, biz bu prosesdə iştirak edərik".
Məsələ ilə bağlı jurnalistlərə
açıqlamasında Yeni Azərbaycan Partiyasının
(YAP) icra katibi, sədr müavini Əli Əhmədov deyib. O
bildirib ki, Azərbaycanın rəsmi strukturları olan Milli Məclis
və Mərkəzi Seçki Komissiyası Türkiyədə
keçiriləcək parlament seçkilərini izləyəcək:
"Çünki bu qurumlara dəvət olacaq".
Ə.Əhmədov
Türkiyənin dost və qardaş ölkə olduğunu
xatırladaraq bildirib ki, 12 iyun seçkilərində xalq
hansı partiyanı dəstəkləyərsə, bu, həm
Azərbaycan xalqı, həm də YAP üçün məqbul
olacaq: "Ancaq bunu da vurğulamalıyam ki, YAP-la Ədalət
və İnkişaf Partiyası (AKP) arasında çox
yaxşı ilişkilər var. Biz mütəmadi olaraq
müxtəlif səviyyələrdə toplantılar
keçirir, müzakirələr aparırıq. Onu da məmnunluq
hissi ilə deməliyəm ki, qardaş dövlət Türkiyədə
AKP hökumətinin rəhbərliyi altında həm
iqtisadiyyatın, həm də digər sahələrin
inkişafında yüksək nəticələr əldə
olunub. Türkiyə son illərdə sürətlə
inkişaf edib. Bu ölkə hazırda dünyanın ən
çox inkişaf etmiş 20 ölkəsindən biridir. Digər
sahələrdə də inkişaf var. Bütün bu nailiyyətlərin
əldə olunmasında isə Türkiyədə hakimiyyətdə
olan AKP-nin çox böyük xidmətləri ayrıca qeyd
olunmalıdır. Hesab edirəm ki, türk seçicilər
bütün bunların hamısını nəzərə
alacaq".
Ədalət.- 2011.- 2 iyun.- S. 2.