DİN-də geniş kollegiya iclası
Dünən Daxili
İşlər Nazirliyində
(DİN) mülkiyyət əleyhinə törədilən
cinayətlərin qarşısının alınması və
açılması sahəsində görülən işlərin
və Azərbaycan Prezidentinin fərman, sərəncam
və tapşırıqlarının icrasının vəziyyətinə
həsr olunmuş geniş
Kollegiya iclası keçirilib.
DİN-in
mətbuat xidmətindən APA-ya verilən məlumata görə,
daxili işlər naziri, general-polkovnik Ramil Usubov müzakirəyə
çıxarılan hər iki məsələnin aktual
olduğunu, fəaliyyətin mühüm istiqamətlərini əhatə
etdiyini, cari ilin ötən müddətində digər
hüquq-mühafizə orqanları ilə birgə cinayətkarlığa
qarşı mübarizədə və ictimai təhlükəsizliyin
təmin edilməsində uğurlu nəticələrin əldə
olunduğunu, əvvəlki dövrlərin müsbət təmayüllərinin
qorunub-saxlanıldığını, kriminogen durumun tam nəzarətdə
olduğunu bildirib. Daha sonra nazir deyib ki, cinayətkarlığa
qarşı mübarizədə həyata keçirilən tədbirlər
çərçivəsində mülkiyyət əleyhinə
törədilən cinayətlərin açılması
üzrə əməliyyat-xidməti fəaliyyətin təkmilləşməsi,
orqan və hissələr arasında qarşılıqlı əlaqələrin
daha da möhkəmləndirilməsi mühüm əhəmiyyət
kəsb etdiyindən müvafiq sahədə fəaliyyət
gündəlik nəzarətdə olmuş, Kollegiya
iclaslarının və əməliyyat müşavirələrinin
müzakirəsinə çıxarılaraq bir sıra zəruri
qərarlar qəbul edilib. Gündəlikdəki ikinci məsələ
barədə danışarkən daxili işlər naziri diqqətə
çatdırıb ki, ölkədə sosial, iqtisadi, siyasi,
elm, mədəniyyət və digər sahələrdə əldə
olunmuş nailiyyətlərdə, daxili və xarici siyasətin
milli maraqlara uyğun uğurla aparılmasında,
qanunçuluğun, asayişin, insan hüquq və
azadlıqlarının etibarlı təminatında,
bütövlükdə dövlət idarəçiliyinin həyata
keçirilməsində Azərbaycan prezidentinin fərman, sərəncam
və tapşırıqlarının icrası müstəsna
əhəmiyyət kəsb edir.
Gündəlikdəki
birinci məsələ barədə məruzə ilə
Baş Cinayət-Axtarış İdarəsinin rəisi, polis
general-mayoru Emin Şəkinski çıxış edib. O
deyib ki, son 3 ildə mülkiyyət əleyhinə cinayətlərdən
olan şəxsi əmlak oğurluqlarının, quldurluq və
soyğunçuluqların qarşısının
alınması və açılmasına həsr olunmuş
kollegiya iclasları, habelə xüsusi əməliyyat
müşavirələri keçirilib.
Gündəlikdəki
ikinci məsələ ilə əlaqədar DİN-in
Katibliyinin rəisi, polis general-mayoru Nazim Əliyev
çıxış edib. N. Əliyev 2008-2010-cu illərdə
və cari ilin ötən dövründə DİN rəhbərliyi
tərəfindən paytaxtda və ayrı-ayrı regionlarda
550-dən çox vətəndaşın qəbul edildiyini,
"Qaynar xətt"ə və elektron poçt
ünvanına daxil olan 9 minə yaxın müraciətə
baxıldığını, bütün ərizə və
şikayətlərin nəzarətə götürülərək
böyük əksəriyyətinin müsbət həll
olunduğunu, vətəndaşlara ətraflı yazılı
cavabların verildiyini diqqətə çatdırıb. Hər
iki məruzə üzrə görülmüş işlər,
qarşıda duran vəzifələr, mövcud nöqsan və
çatışmazlıqlar və onların aradan
qaldırılması yolları ilə bağlı müzakirələr
aparılıb.
İclasa
yekun vuran nazir Ramil Usubov bildirib ki, ölkənin ilbəil artan
iqtisadi qüdrətinin başlıca şərti olan
dayanıqlı sabitliyin və əmin-amanlığın
bundan sonra da nümunəvi təmin edilməsi sahəsində
daxili işlər orqanlarının üzərinə məsul
vəzifələr düşür. Nazir gündəlikdəki
məsələlər üzrə görülən işlərin
bütövlükdə qənaətbəxş olduğunu,
eyni zamanda, bəzi ərazi orqanlarında müəyyən
nöqsan və çatışmazlıqların
mövcudluğunu qeyd edərək müvafiq istiqamətlərdə
qısa müddətdə əsaslı dönüş
yaradılmasını tələb edib, konkret
tapşırıq və tövsiyələrini verib.
Ədalət.- 2011.- 2 iyun.- S. 2.