İŞIQ SÜRƏTLİ 45 DƏQİQƏ

 

Bir vaxtlar oxuyub təhsil aldığın, hər gün sevimli müəllimlərinlə üz-üzə gəldiyin doğma məktəbinə yenidən qayıtmağın, burada çalışmağın şirinliyi hər istəyənə qismət ola bilərmi? Təbii ki, mümkün deyil. Ancaq nadir istisnalar olur. Bir gün öz doğma məktəbinə müəllim kimi qayıda bilərsən. Bu hal mənim də taleyimdə yaşanıb, amma bir az başqa cür. Mən bitirdiyim orta məktəbə sonradan komsomol komitəsinin katibi vəzifəsində gəlmişəm. O vaxtlar 600 nəfərdən çox komsomolçusu olan 1 saylı orta məktəbə... Mən bu işin ideya-siyasi istiqamətini bir tərəfə qoyub, onun qeyri-adi özəlliklərindən, romantikasından danışası olsam, keçmiş komsomol işçilərini kövrəldərəm, qəribsədərəm. İndi hansı yaşda olsalar da belə.

Elə əslində də məqsədim başqadır.

Birincisi.

Dünyada mənim üçün ən şərəfli, ən müqəddəs peşə müəllimlikdir - hər zaman belə demişəm və belə də deyəcəm. Mən çox qəribə şagird olmuşam. Bütün müəllimlərimi sevmişəm və həmişə onlara hörmət və ehtiramla yanaşmışam. Hətta nədənsə acıqlanıb qiymətimi kəsən müəllimimi də, başqasının hərəkətinə görə səhv salıb məni vuran müəllimimi də, bəzən dərsə ciddi yanaşmayan müəllimimi də...

Və mən zaman-zaman yazılarımda sevimli müəllimlərimi xatırlamışam. Bəziləri haqqında məqalələr yazmışam, onlara nəsə bir xidmət göstərmək istəyində olmuşam.

... 20 ildən çoxdur ki, bir müəllimim haqqında yazmaq istəyirəm, onun qəribə taleyindən müəyyən örnəklər vermək istəyirəm, bacarmıram. Elə bilirsiniz jurnalist üçün yazmaq həmişə asan olur? Həm də mən öz peşəm haqqında başqa cür düşünürəm. Jurnalistika ən çətin peşədir. Mən 30 ilin peşəkarıyam. Ancaq mənim üçün ən çətin, ən ağır və məsuliyyətli iş yazmaqdır. Səmimi deyirəm, hər dəfə əlimə qələm götürəndə yaza bilməyəcəyimdən qorxuram. Baxmayaraq ki, indiyədək 10 minə yaxın məqalə, xəbər, korrespondensiya, oçerk, zarisovka, reportaj, köşə... yazmışam.

X sinifdə oxuyurduq. Riyaziyyat müəllimimiz nə səbəbdənsə məktəbə gəlməmişdi. Elə bilirdik ki, dərs boş keçəcək, bəzilərimiz bufetə, yeməkxanaya, bəzilərimiz də həyətdəki futbol meydançasına gedəcəyimizi düşünürdük. Bu zaman qarşısına toplaşıb, indi isə dağılışmaq istədiyimiz 2 nömrəli riyaziyyat kabinəsinə məktəbin cavan müəllimlərindən biri - Əkbərov yaxınlaşdı. Bəstəboy, yaraşıqlı, təmkinli riyaziyyat müəllimi elə dəhlizdəcə bizə sakit tərzdə heç kəsdən eşitmədiyimiz bu qəribə sözləri söylədi:

- Uşaqlar, 45 dəqiqə vaxtınızı almaq istəyirəm, mümkünsə içəri keçin...

Qırx beş dəqiqə... Heç bilmirəm Dostməmməd müəllimin o vaxtlar neçə yaşı olardı? 27, 28, 29, lap olsun 31, 32... Bundan artıq ola bilməzdi. Səliqəli geyimi, səlist nitqi, əla dərs izahı, mədəni rəftarı, ağayana sərbəstliyi... Məftun olmuşduq. Qırx beş dəqiqəlik əvəzetmə bir riyaziyyat dərsi. Qırx beş dəqiqəmi? Bəs bu qədər dərs izahı, bu qədər mədəniyyət, kişilik, vətənsevərlik, səmimilik anları... Bütün bunlar 45 dəqiqəyə necə sığmışdı? Bu necə müəllim idi, necə insan idi, ilahi? Biz öz müəllimlərimizi onsuz da sevirdik, o vaxtlar hamı yaxşı dərs deməyə, hamı yaxşı oxumağa çalışırdı. Ancaq biz eyni məktəbdə, eyni kabinələrdə belə bir insanın - müəllimin varlığından xəbərsiz olmuşuq. Yəqin o, əsasən aşağı siniflərdə çalışdığından diqqətimizi bu dərəcədə cəlb edə bilməyib.

Məktəb zənginin amansız səsi bizləri sanki dadlı, şirin bir yuxudan ayıltdı. Sanki 45 dəqiqə deyil, 2-3 saat, bəlkə daha çox, bəlkə bir ömür qədər davam edən gözəl bir hekayət...

Təbii ki, bu hissləri hamı eyni cür yaşamırdı. Zəngdən sonra sakitcə sağollaşıb dəhlizə çıxdı. Elə sakit addımlarla da müəllimlər otağına getdi. İçəri keçəndə dönüb arxaya baxdı. Biz hamımız onun təmkinli, amma bir az nigaran, bir az qüssəli baxışlarını da hiss edib duyduq. Bundan o yana gücümüz çatmazdı da.

İllər ötüb keçdi. Mən bir təsadüf nəticəsində Komsomol komitəsinə işə qəbul olunub həmin məktəbə göndərildim. Yenə deyirəm, daha olmayan və heç vaxt da olmayacaq bir iş haqqında danışmayaq. Yəni komsomol işini deyirəm. Sadəcə məktəb, sadəcə həmin o gözəl insan...

Biz yenidən Dostməmməd Əkbərovla qarşılaşdıq. Və mən həmin o 45 dəqiqənin qeyri-adiliyini xatırlatdım. Sakitcə təşəkkür etdi. Yəni onun üçün adi bir dərs olsa da, unutmadığıma görə.

Məktəbin bufetinə nadir hallarda gedərdim. Bir neçə dəfə mənim otağımda çay içdik, şahmat oynadıq. Sonralar mənimlə söhbətə vaxt ayırsa da, şahmat oynamağı sonraya saxlayırdı. Bilirdim nəyə görə. Mən şahmatı ondan zəif oynayırdım. Hər dəfə udub "komsomolu" pərt etmək istəmirdi.

Bu gözəl insanı daim müşahidə edirdim. Rayonda çoxlarının hörmətini qazanan D.Əkbərovu gözü götürməyənlər də varmış. Nəyə görə? Yüksək müəllimlik bacarığı, gözəl pedaqoq adı, intellektual səviyyəsi, mədəniyyəti, kübarlığı bəzi naqisləri qıcıqlandırırmış. Bəzən belə də olurmuş. Gözəl insani keyfiyyətlər insana hörmət-izzət gətirdiyi qədər, paxıllıq, qısqanclıq, hətta başa düşülməyən düşmənçilik də qazandırırmış. Bu xoşagəlməz "qazanclar" onun taleyinə yazılıbmış. Rayonda hörmət qazanan adicə bir müəllim bütün bunların ağrısını çəkəcəkmiş. Bədxahlar onun ağayana xarakterindən istifadə edib əsəblərini zədələyə biləcəklərmiş.

Sonradan o, bütün pisliklərə qalib gəlsə də, sağlamlığındakı zədələrə qalib gələ bilmədi. Allah, mən o vaxtlar Dostməmməd Əkbərovu yaşlı bir adam bilirdim. Ancaq o, cəmi 44 il yaşadı, vaxtsız vəfat etdi. O vaxtlar məktəbli olsalar da, canından artıq sevdiyi Vətən üçün layiqli övladlar qoyub getdi.

Uzun illər ötməsinə baxmayaraq, bu gün də Dostməmməd Əkbərov Göyçay rayonunda dərin hörmət və ehtiramla xatırlanır. Əsl kişi, əsl müəllim, əsl vətəndaş xarakterinə görə. Ən azı 70-80 ilə sığan gözəl əməllərinə görə, nümunəvi ailə, övlad, vətən məhəbbətinə görə...

Hansı ki, cəmi 44 ilin tamamında qırılan qısa, cavan bir ömür...

Bəli, həmin o sirli-sehrli 45 dəqiqənin özü də o gözəl insanın, unudulmaz müəllimin ömrü kimi işıq sürətli bir vaqiə idi sanki. Həm bir göz qırpımı kimi qısa, həm də bitməyən bir xatirə...

  

  

Məzahir ƏHMƏDOĞLU

 

Ədalət.- 2011.- 2 iyun.- S. 5.