"ADDIMLAYAN
AKADEMİYA"
(Böyük alimimiz Əkrəm Cəfərə
həsr olunur)
1905-ci il mayın 5-də Azərbaycanın ucqar bir
guşəsində-Lahıcda bir oğlan uşağı
dünyaya gəlir. Atası tacir Hacı Səftər,
anası Həcər xanım idi. Təbii
ki, uşağa adı atası qoymalı idi və Şərqin
bir çox müqəddəs yerlərini ziyarət edən
Hacı Səftər oğlunu comərd və kəramətli
görmək istəyirdi. Ona görə də
ərəbcə bu sözlərin mənasını verən
"Əkrəm" adını seçir. İllər keçəcək və Hacı Səftər
öz gümanında yanılmayacaqdı.
Şirvanın bu qədim və tanımlı ticarət
mərkəzi həm də elmə, maarifə meylli ocaqlardan
biri idi. Balaca Əkrəm 1920-ci ilə qədər
Lahıcdakı mollaxanada təhsil almalı olur. Ancaq bu mollaxana vaxtilə-sovet dövründə lənətlədiyimiz
mollaxanalar kimi olmayıb. O mollaxana ki, Əkrəm Cəfər
burada "Quran"ı tamam-kamal başa vurur, ərəb və
fars dillərini öyrənir,
"Bustan"ı, "Gülüstan"ı əməllicə
mənimsəyir.
1920-ci ildə, 15 yaşlı Əkrəm Cəfər
Lahıcdan Bakıya gəlir və darülmüəllimin
pansionuna (təxminən pedaqoji texnikum) daxil olur. Tale ona
çoxlarına müyəssər olmayan iti zehin, yaddaş və
başlıcası, istedad vermişdi. Elə
bir istedad ki, Ə.Cəfər bəlkə bütün
ömrü boyu, hansı şəraitdə olursa-olsun, o nadir sərvəti
qoruya bildi. Və Əkrəm Cəfəri 12 il sürgün həyatında da ruhdan
düşməyə qoymayan İSTEDAD oldu.
Beş illik təhsil həyatında Ə.Cəfər
yorulmaq bilmədən klassik və müasir türk
poeziyasını, Azərbaycan ədəbiyyatını
öyrənir, Füzuli, Nəsimi, Əbdülhəq Hamid,
Tofiq Fikrət dünyasına vaqif olur. Burada ona dərs
deyən böyük və münəvvər ədib
Hüseyn Cavid klassik poeziyanı bir həyat şirəsi kimi
onun qanına, ruhuna yayır.
Və bu təhsil illərində ən çox dostluq
etdiyi, Azərbaycanın ən istedadlı cavan -şairi
Mikayıl Müşfiq olur. İllər keçəcək,
qocaman Əkrəm Cəfər cavan Müşfiqi belə yad
edəcəkdi: "O zaman "Qubernator bağı"nda
Belinski adına uşaq kitabxanası
vardı. Burada cümə günləri
"Cocuqlar sabahı" keçirilirdi. Məktəblilər
hər cümə günü buraya yığışıb
bədii çıxışlar edirdilər. Mən də
"Cocuqlar sabahı"na gedirdim,
çıxış edən uşaqlara tamaşa edirdim. Uşaqlar arasında bir əsmər oğlan da
gözə dəyirdi. Onun şeir
oxuması mənə çox xoş gəlirdi. Həmin oğlanın özünəməxsus
pafosu, əl-qol, baş və mimika hərəkətləri mənə
xüsusi təsir bağışlayırdı. Bir dəfə
yığıncaqdan sonra bir-birimizə yaxınlaşdıq, tanış olduq. Mən də o
zaman şeirə bərk aludə idim. Bizi
bir-birimizə bağlayan, sevdirən də hər ikimizin də
şeirə məhəbbətimiz idi.
1922-23
-cü dərs ili
başlanmışdı. Bir gün birdən həmin
əsmər oğlanı-Mikayılı darülmüəllimin
koridorunda gördüm. Gözəl bir
sevinc ruhumuzu qapladı. Mikayıl da darülmüəlliminə
oxumağa girmişdi. O gündən biz artıq sadəcə
tanış deyil, iki yaxın, səmimi
dost idik".
Sonrakı illərdə də bu dostluq davam edir. Və həmin
dostluq günlərinin birində sonradan unudulmaz xatirəyə
çevriləcək bir fotoda əks olunacaq. Ə.Cəfər Lahıcdan Bakıya gələndə
anasının bağışladığı kəhrəba
boyunbağını satıb Sabir bağının sağ
küncündəki foto dükanında Müşfiqlə
şəkil çəkdirəcəkdi.
Darülmüəllimini
bitirdikdən sonra Ə.Cəfər iki il Lənkəranda,
iki il də Qazaxda müəllim işləyəcək, mətbuatda
ilk şeirləri və məqalələri ilə
çıxış edəcəkdi.
Budur, oğlu Sokratın (o, atasının yolunu davam
etdirir, alimdir) çox səliqə ilə tərtib etdiyi
"Şəxsi dəftər"ə, Ə.Cəfərin
1923-1991-ci illər yaradıcılığını və
onun haqqında yazılanları əks etdirən mənbələrin
siyahısına baxıram. 1923-cü ildən
1931-ci ilə qədər Ə.Cəfər əsasən mətbuatda
şeirləri ilə çıxış etmişdir.
"Bir xəyal", "Rəsmin", "Çadralı
qadın", "Şərq qadını və
işıq", "Gələcəyə",
"Şeir", "Zövq içində təhəssür",
"Burjuy dilənçi", "Lokomotiv",
"Böyük şəhər", "Hüseyn Cavidə
açıq məktub"... Təbii ki, bu
şeirlərdə o dövrün müəyyən əhva-ruhiyyəsi
hiss olunur.
Bəlkə də Ə.Cəfər şeirlə
çox ciddi məşğul olsaydı, indi biz gözəl
bir şairimizdən söz açmış olardıq. Ancaq Əkrəm
Cəfər şeir-poeziya yolunu deyil, elm yolunu seçdi və
bununla Azərbaycan filologiyası bir mötəbər avtoriteti
sıralarına qəbul etdi.
Ədəbi mühitdə az-çox tanınan, sevilən,
gələcəyin gözəl şairləri ilə dostluq edən
Ə.Cəfər 1929-cu ildə S.Vurğun və O.Sarıvəlli
ilə birlikdə Moskvaya oxumağa gedir. Bu getməklə 9 il Moskvada qalır, amma Azərbaycanla əlaqəsi
üzülmür. Moskva Dövlət
Universitetinin dil-ədəbiyyat fakültəsini bitirən Ə.Cəfəri
son dərəcə çalışqan olduğu və əla
oxuduğu üçün elə həmin universitetdə
müəllim kimi saxlayırlar. Ə.Cəfər
eyni zamanda, daha dörd institutda dərs deyir. Akademik N.Marrın tələbəsi olan Əkrəm
Cəfər həmin illərdə dilçiliyin müxtəlif
problemləri ilə bağlı bir sıra məqalələr
çap etdirir, Kremldə, məsul bir işdə
çalışır, SSRİ hökuməti qanun və sərəncamlarını
Azərbaycan dilinə tərcümə edir və eyni zamanda, həmin
buraxılışların redaktoru olur. Sonra
isə onu Bakıya çağırır və ADU-nun
ümumi dilçilik kafedrasına müdir təyin edirlər.
Ə.Cəfər bu zaman Moskvada müvəffəqiyyətlə
namizədlik dissertasiyası ("XX əsr Azərbaycan ədəbi
dilinin inkişaf mərhələləri-1905-1936-cı illər"
-elmi rəhbəri A.N.Samoyloviç) müdafiə etmişdi.
Bakıya qayıdandan sonra Ə.Cəfərin elmi fəaliyyəti
bütünlüklə dilçilik istiqamətinə yönəlir,
o, bir sıra dərsliklər hazırlayır, eyni zamanda,
Moskvada başladığı işi davam etdirir; ədəbiyyat
ensiklopediyası üçün Azərbaycan, türk və
digər Şərq sənətkarlarının həyat və
yaradıcılıq yolunu əks etdirən yığcam məqalələr
yazır. Ancaq heç şübhəsiz ki, onun ən
böyük arzusu əruz vəzni haqqında nəsə
sanballı bir əsər yaratmaq idi. Bu
fikri ona müəllimi Hüseyn Cavid təlqin etmişdi.
Arzuları
böyük idi... Ancaq...
1942-ci ildə Universitetdə, dərsin şirin yerində,
auditoriyaya bir neçə "məlum" və o zaman
hamının gözlədiyi silahlı adamlar daxil oldu.
-Siz bizimlə getməlisiniz, Əkrəm müəllim!"
Məhkəməsiz,
filansız onu pantürkizmdə, panislamizmdə və kiril əlifbasına
qarşı çıxmaqda günahlandırıb 7 il həbs cəzası kəsirlər.
Sonralar, 1989-cu ildə Əkrəm Cəfər xatirələrinin
birində yazacaq; "Stalin dövründə yalnız
insanları deyil, elmi də, sənəti də
zorlayırdılar. Bu dövrdə Stalin haqqında şeir
yazmayan şairi "xalq düşməni"
sayırdılar. Sən necə şairsən
ki, xalqların atası haqqında "məhəbbət"
ifadə etmirsən? Özü də onun
haqqında cəmi bir, iki, beş şeir deyil, bir kitab".
1942-49-cu illərdə Ə.Cəfər Rusiyanın bir çox
şəhərlərində və Orta Asiyada sürgün həyatı
keçirir. Öncə dedik ki, Tanrı ona ağıl və
istedad vermişdi. O 7 ildə Əkrəm Cəfər
çox sürətlə Orta Asiya xalqlarının bir
çox dillərini öyrənir, hətta türkmənlərə
onların dilində "Quran"ı aydın və sadə
dildə başa salırdı.
1949-cu ildə
sürgün həyatı başa çatır, amma Stalin
rejimi hələ sarsılmamışdı və Ə.Cəfər
daha 5 il Türkmənistanda yaşamalı
olur. Nəhayət, "ellər atası"nın
ölümündən sonra, 1954-cü ildə bəraət
qazanır, Azərbaycana qayıdır.
Azərbaycana
qayıdan Əkrəm Cəfər sanki üstündən 12 il keçməsinə baxmayaraq, hər şeyi
"unudur" (əslində, heç nəyi
unutmamışdı. Dərhal illər boyu
ürəyində yaşatdığı bir arzunu həyata
keçirməyə başlayır. Azərbaycan
poeziyasında minillik tarixi olan əruz şeirinin elmi
baxımdan bünövrə daşlarını hörür.
Təfsilata varmadan deyə bilərəm ki, 1977-ci ildə
"Elm" nəşriyyatı tərəfindən çap
olunan "Əruzun nəzəri əsasları və Azərbaycan
əruzu" (ərəb, fars, tacik,
türk və özbək əruzları ilə müqayisədə)
Ə.Cəfərin şah əsəridir. Cəmi
1020 nüsxə tiracla çap olunan bu kitabı axtarsan,
çıraqla da tapa bilməzsən. Bu,
elə bir kitabdır ki, klassik poeziya
araşdırıcıları onsuz keçinə bilməz.
Bu, elə bir kitabdır ki, Yaxın və Orta
Şərq filologiyasında bir neçə xalqın əruzu
ilk dəfə olaraq müqayisəli üsulla tədqiq olunur.
Oxucu və araşdırıcı məhz bu
kitab vasitəsilə Yaxın və Orta Şərq
poeziyasında işlənən əruz vəzninin
bütün qayda-qanunlarını öyrənir. Oğlu Sokrat Cəfər atasının xatirəsinə
həsr etdiyi məqaləsində yazır ki, bu əvəzsiz
tədqiqatın bir nüsxəsi İngiltərə
kraliçası Yelizavetanın xahişi ilə Londona göndərilmiş
və oranın Bodlean kitabxanasında saxlanılır.
Yeri gəlmişkən deyim ki, Ə.Cəfər
müasir dünya şərqşünaslığında
etiraf olunmuş şəxsiyyət idi. Onun arxivində
dünyanın bir çox görkəmli alimləri ilə
yazışmaları durur.
Ancaq Ə.Cəfər təkcə əruzşünaslığın
əsasını qoymaqla kifayətlənməmiş, bir
sıra görkəmli klassiklərin (Ö.Xəyyam,
Füzuli, H.Cavid və b.) əsərlərinin elmi-tənqidi mətninin
hazırlanmasında böyük zəhmət çəkmiş,
klassik ədəbiyyatla bağlı xeyli məqalələr
yazmışdır. Bu məqalələrin bir qismi
"Yandım avazeyi eşqinlə sənin" (2010)
kitabında toplanmışdır ki, bunlar dahi Füzuliylə
bağlı araşdırmalardır. Bu
yazılar Füzuli sənətinin müxtəlif məsələlərini
əhatə edir. Bir qismi şairin əsərlərinin
vəzni ilə, bir qismi sənətkarın həyatı və
yaşadığı mühitlə, dövrlə
bağlıdır. Bir qismi də Füzuli
əsərlərinin müxtəlif illərdə nəşr
olunmuş cildlərinə yazılmış müqəddimələrdir.
Maraqlı görünər deyə, Əkrəm Cəfərin
Füzuli sənəti ilə bağlı məqalələrindən
bəzi fikirləri oxuculara çatdırırıq:
"Dahi şairimizlə bizim aramızda dörd əsrdən
artıq zaman məsafəsinə baxmayaraq, o, bu gün də
bizimlə danışır, həyatımızın bir
sıra sahələrində mübarizələrimizdə
iştirak edir.
O deyir: "Unutma ki, həqiqət həmişə qalib gəlmiş,
haqsızları cəzalandırmışdır".
Füzuli
öz dövründən və yurdundan haqlı olaraq şikayət
edir:
Bir yerdəyəm əsir ki,
torpağı qan içər.
Sakinəm hər yerdə kimi,
yox etibarım zərrəcə.
O, cəmiyyətdə
ədalətli hakimin olmamasını xalq üçün ən
böyük dərd, ən böyük müşgül
saymışdır:
Nə mövcud olmaya
əsbabi-dünyadan deyil müşgül,
Bu müşgüldür ki,
mövcud olmaya bir hakimi-adil.
Yaxud:
Hakim odur ki,
onun olmaya zatında təmə,
Hakim oldur ki,
onun olmaya felində riya.
Şərqşünaslığın ən qabaqcıl
nümayəndəsi Hammer Purqştaldan başlamış
Körpülü Fuada qədər yekdilliklə Füzulini
dünya poeziyası klassiklərinin birinciləri, ən
böyükləri sırasına salmışlar. Alimlər
öz yerində, şairin ölməz əsərləri də
bu fikri təsdiq edir. O əsərlər əl deyil, xəyal
belə çatmaz bir zirvədə əsrlərlə parlamış,
getdikcə işıqları daha da artmış və davam
etməkdədir.
Füzulinin milli mənsubiyyəti mübahisə qəbul
etməz dərəcədə aydındır. Xəqaninin,
Nizaminin milli mənsubiyyətləri haqqında mübahisələr
mövcuddur, Füzulinin milli mənsubiyyəti isə
füzulişünaslığın mübahisəli məsələləri
sırasına daxil deyildir.
Bir xatirə:
Səksəninci illərin sonlarında mən Əkrəm
Cəfərdən müsahibə almaq niyyətilə onun
yanına getdim. Məqsədim bu idi ki, onun həyatı,
yaradıcılığı və böyük sənətkarlarla
(Cavid, S.Vurğun, Müşfiq və b.) görüşləri
barədə bir yazı hazırlayım. Təxminən
yüz sual hazırlamışdım. Görüşdük.
Ancaq bu görüşün əvvəli bir
imtahana bənzədi. Məndən
soruşdu ki, sən heç olmasa, Füzulidən bir qəzəl
bilirsənmi? Dedim ki, Əkrəm müəllim, nəinki
bir, onlarla qəzəlini bilirəm və imkanım daxilində
o qəzəlləri şərh eləməyə də
hazıram. Bu "sınaqdan" keçəndən
sonra onun üzü güldü. Və yalnız bir-iki
sualıma cavab verdi. Bir
saatlıq görüşdə o bir-iki sualı o qədər
ətraflı, geniş cavablandırdı ki, heyrətə gəldim.
Səməd Vurğunun vaxtilə onun haqqında
dediyi "Addımlayan akademiya" ifadəsini yadıma
saldım.
Əkrəm
Cəfərin nəsillərə sözü:
İnsanın atası-anası olmayanda ona yetim deyirlər. Daha
böyük fəlakətdir ki, millət yetim qalsın.
Yetim millət kimə deyirlər? Öz tarixini
yarada bilməyən millətlər yetimdir. Öz dahilərindən, böyük adamlarından xəbərsiz
yaşayanlar yetim hesab edilir.
Biz elə xalqıq ki, böyük dahilər, dünya
miqyasında şöhrət tapan adamlar yetirmişik, amma
başqa millətlər ona sahib olmaq istəyiblər. İndi
dünya dəyişilib, hər şey bizim xeyrimizədir.
İmkanımız var ki, öz dahilərimizi
bütün dünyaya tanıdaq.
Vaqif YUSİFLİ
Ədalət.- 2011.- 2 iyun.- S. 7.