ŞƏHƏR
İÇİNDƏ ŞƏHƏR: İÇƏRİBAZAR
Qədim -müasir
Qafqaz incisi
Ölkənin
şimal-qərb bölgəsinin incisi sayılan Qax rayonunun son
illərdə sürətli yüksəlişi diqqət mərkəzindədir.
Respublikanın hər yerində olduğu kimi, burada da
regionların sosial-iqtisadi inkişafı Dövlət
Proqramının icrası uğurla həyata keçirilir. Bu
rayon indi təkcə təbiət gözəllikləri ilə
deyil, şəhərdəki və kəndlərdəki
yenilikləri, müasirləşməsi və nəticə
etibarilə əhalinin yaşayış tərzinin
yaxşılaşması ilə də fərqlənir, gələcəyə
inamla addımlayır. Qax şəhəri daha da gözəlləşir.
Bu yerlərin ən sıx turizm marşrutlarından biri
olması görülən işlərin əhəmiyyətini
ikiqat artırır. Modernləşmə yerli xüsusiyyətlər
üzərində qurulduğundan inkişafın gələcək
perspektivlərinə də işıq salır, insanlarda ruh
yüksəkliyi yaradır.
Həmyerliləri onunla fəxr
edirlər
Qeyd
etdiyimiz kimi Qax rayonunda çox işlər görülüb
və bütün bunlar barədə oxucularımızı
müntəzəmliklə məlumatlandırmışıq.
Son
illərin ən uğurlu və diqqətçəkən
yeniliklərindən biri də Qax şəhərinin mərkəzindəki
tarixi yer - abidə olan İçəribazarın
restavrasiyası, əhalinin və qonaqların istifadəsinə
verilməsidir.
Bu
unikal abidənin yenidən qurulmasının ideya müəllifi,
eyni zamanda maliyyə dəstəkçisi elə bu
torpağın yetirməsi və fəxri olan Azərbaycan Respublikası
Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri Əhməd
Əhmədzadədir. Bölgədə bundan əlavə də
bir sıra diqqətçəkən tədbirlərin təşəbbüskarı
və təşkilatçısı kimi Ə.Əhmədzadənin
adı həmişə iftixarla çəkilir.
Özü
bütün bu xeyirxah əməllərin onun adıyla
bağlanmasını təvazökarlıq edərək istəməsə
də və müəyyən qədər biz də belə
bir davranışla razılaşsaq da, görənləri heyrətə
gətirən İçəribazarın yeni həyatının
müəllifinə ən azından təşəkkürlər
etməyi borc bilirik.
Tarixdən...
Zaman-zaman
kimlər Azərbaycana soxulmadı, kimlər bu yurd-yuvanı
viran qoymağa cəhd etmədi? Rus çarizminin onurğa
sütununu sındıran İmam Şamilin apardığı
azadlıq mübarizəsi Qaxın da ərazisində öz
nişanələrini saxlamışdır. Çar
dağlıların hücumlarının
qarşısının alınması üçün
mühafizə qalaları, sədlər, istehkamlar tikməli
olmuşdu. Yenə də dağlıların mübarizəsini,
inamını qıra bilməmişdi. İlisu
sultanlığının ərazisində Əhməd
xanın əli ilə tikilmiş qalaçalar indi də
qalmaqdadır. Karvan yollarının qovşağı
sayılan Qaxda Alazan çayı vadisində çox qədimlərdən
yurd-yuva yeri olan Minbərək, Torpaqqala, V-VI əsrlərdə
iri ticarət şəhərləri olan Ləkit və Qum Qax ərazisində
qərblə şərqin, cənubla şimalın karvan
yollarının keçidi, həm də bu yerlərdə
qalıb ixrac və idxal ticarəti ilə məşğul
olan tacirlərin fəaliyyət meydanı olmuşdur.
Minbərəkdən
sonra karvan yollarının Şəki-Şirvan, Şamaxı
və Dərbənd tərəfə genişlənməsi ilə
bağlı Qaxda ikinci bir dayanacaq- min bir karvanın və ticarət
edənlərin gecələmə şəhərciyi -
"Minbir saray" şəhristanı Kürmük
çayının sol tərəfində tacirlərin bazar
yerinə çevrilmişdir. Lakin dəli Kürmüyün
"Minbir saray"ı yerlə-yeksan etdikdən sonra qalan
kiçik bir ərazisində Qax şəhərinin bir hissəsi
olan Qaxmuğal əhalisinin yaşayıb
çalışdığı ərazi hesab olunur.
(ardı var)
MƏZAHİR ƏHMƏDOĞLU
Ədalət.- 2011.- 3 iyun.- S. 7.