QADIN DİPLOMATİYASI

 

(sənədli hekayə)

 

Birinci katib Əhməd Qasımov fikir-xəyal dəryasına cummuşdu. Aranı dağa-dağı arana aparıb gətirirdi və son nöqtədə, tətəlşüzün lap alt qatında nəsə ağlabatan, ürəkaçan heç nə görmürdü. Hər şey dumanlı, bozbulanlıq idi. Başqa kəndlərdə kolxoz təşkil etməkdən ötrü qolçomaqların, tək təsərrüfatçıların, ömrünü-gününü mal-qara saxlamaqla çöl-bayırda keçirən, yeni həyatın gəlişini düz-əmməlli qavramayan adamların qiyamı, dava-dalaşı, sui-qəsdi gözü önündə canlandı. Əmənkəndə gecəynən öldürülmüş bir cavanın hələ də qatili tapılmayıb. Əskərabadda kolxoza yazılanların ev-eşiyinə bir gecənin içində od vurulmuşdu. İlahi, getsin o gün gəlməsin. Təzəkənddə milis olmasaydı, Molla Abdullanın və ağlı kəsənlərin yetim-yesiri nökər işlədənlərin fitvası ilə az qoyun-quzunu, at-eşşəyi sürüb aparmışdılar. İrana. Dövrüşlüdə lap müsübət oldu: bığı qulağının dibində, ağzı köpüklənə-köpüklənə, gözləri hədəqəsindən çıxan pəzəvəngin hayqırtısı hələ yaddaşındadır:

- Binamuslar sizdən musurman iyi gəlmir... Qız-gəlini kolxoza yazmaqla bizi biqeyrət eləyəcəksiz?... Tüpürüm raykoma da, onun kolxozuna da... Rədd olun burdan!..

Bəs indi necə olub ki, təzə yaşayış yerindən camaat yığılıb Abbas adlı bir kişini göndəriblər mənim üstümə ki, yubanmayın, tez gəlin, bizi də kolxoz eləyin.

"Hə, təəccüblüdür ha götür-qoy edirəm, bir tərəfə çıxa bilmirəm. Bəlkə başqa kəndlərdə cəmi-cümlatanı 5-6-ilin içində güc-bəlayla təşkil etdiyimiz kolxozlarda işlərin gedişi, partiyanın kənddə apardığı, yeni siyasət həvəsləndirilib onları, hə? Yooox, ağlabatan söhbət deyil. Yəni belə tez öyrəndilər kolxoz - kolxoz oyunu?"

Birinci katib qarışıq-dolaşıq düşüncələrinə nöqtə qoydu. Gecənin xeyrindənsə gündüzün şəri yaxşıdır, deyib aqillər. Sabah özüm gedəcəm Aktivlə birlikdə. Ya nəsib, ya qismət... Amma üz-gözündən nür tökülür, həlləm-qələm adama oxşamır o Abbas kişi. Camaat onu mənim üstümə göndəribsə, deməli, ağsaqqaldı, sözü keçəndi...

Yaz dumanı çəkilən tək Ə.Qasımov iki ay əvvəl verilən "Vilis"lə kanal qırağı torpaq yolla təzə salınan yaşayış yerinə gedirdi. Qabaqda özü əyləşmişdi, arxada NKVD-nin rəisi İ.Səfərov və milis rəisi Z.Səmədov. Hava gözəldi: gül-gülü səsləyir, bülbül-bülbülü. Sağda Arazın qolu-kanal aşıb daşır, sular dil-dil ötür, solda qızıl lalənin, qərənfilin, yasəmənin xoş rahiyyəsi bihuş edir insanı. Yola körpü qoydu Ə.Qasımov, daha doğrusu, dünən yanına gələn Abbas kişinin sözlərini çatdırdı arxada əyləşənlərə və təəccübünü də dilə gətirdi: lap məəttəl qalmışam, deyəsən dövran dəyişib, ya şüurlarda belə tez inqilab baş verib ki, camaat mənim yanıma elçi göndərir, amanın-günüdü tez gəlin bizi də kolxoz eləyin. Bəlkə burada bizim dərk edə bilmədiyimiz mətləblər var hə?... Hər iki rəis çiynini çəkdi, yəni səhih məlumatımız yoxdu.

Kanalın qırağında toplaşmışdılar. Qocalar, cavanlar, qadınlar, uşaqlar. Onların gəlişini görüb başladılar şappa-şup əl çalmağa. Tək Abbas kişi yox, neçə-neçə ağsaqqal irəli gəlib onlara əl verdi, xoşgəldin elədi. Sonra el buradaca qeyri-adi iclas başladı. Ardbaard 4 kişi, 2 qadın səbirlə, hövsələylə danışdı: cəm olub, kolxoz təşkil eləyirik, kömək olun, mal-eyvanımızı, davarları, atı, eşşəyi bir yerə yığıb verəcəyik kolxoza. Taxıl, pambıq əkəcəyik, bağ-bostan salacağıq. Hə, burada xoruzun quyruğu tez göründü - amma yeni artelə mütləq İ.V.Stalinin cinah yoldaşı, dostu A.İ.Mikoyanın adını verəcəyik. Çıxış edənlərin hamısı təkrar elədi: bizim təsərrüfat Mikoyanın adını daşımalıdır. Birinci katib çaş-baş qaldı. Gözləmirdi heç xəyalına da gətirə bilmirdi ki, bu camaatın niyyəti, məqsədi nədi. Əli ilə işarə verdi, sakitləşdilər sonra fikrini bildirdi:

- Raykom sizin kolxoz qurmaq məramınızı ürəkdən alqışlayır. Gec-tez kənddə yaşayanlar ümumi təsərrüfatda birləşmək haqqında İosif Vissarionoviç Stalin yoldaşın siyasətini həyata keçirməlidir. Başqa yol yoxdur. Niyə bir nəfər bəy olsun, 10 nəfər nökər? Niyə birinin 400-500 qoyun-keçisi olsun. O biri balası üçün qılça çörəyi də tapmasın?

Raykom sizə, təsərrüfata kömək edəcək. Rayona 2 ÇTZ traktoru verilib, dalı da gələcək. Taxıl 1-2 ildən sonra əllə səpilməyəcək, əllə biçilməyəcək. Təzə kombayn olacaq... Qaldı ki, yeni artelə ad verilməsinə, bilirsiz ki, 6 ildir Bolqarçay üstündəki kəndin kolxozu yoldaş Mikoyanın adınadır. Bir rayonda eyni adlı iki təsərrüfat ola bilməz!

Ə.Qasımovun son sözləri uğultu qopardı, qışqırtı, bağırtı... Böyüklü-kiçikli hamı səs-səsə verdi:

- Əlinizi qoyun döşünüzə, yoldaş raykom. Keçəl suya getməz! Kolxoz quracağıq, ona da yoldaş Mikoyanın adını verəcəyik. Öldü var, döndü yoxdu... razılaşın bizimlə, yoxsa başınız ağrayar.

Gözlənilməz qeyri-adi situasiya yarandı. Başına qara çadra örtmüş, hündür boylu cavan gəlin qabağa yeridi, hirslə-hikkəylə qoynundakı şəkili çıxarıb göyə qaldırdı:

- Baxın görürsünüz bunu? Mikoyanın şəklidi. And olsun Allaha əsl Peyğəmbərdi. Saçları, qaşı, gözü, bığı da ZİL qara. Baxın onun sifətinə, nur tökülür. Çörək var, işıq var üzündə. Təzə artelimiz onun adına olsun, əkdiyimiz tez bitər, ruzumuz bol olar. Kəndimizdə oğurluq, quldurluq olmaz... Sonra qadın şəkli gözünün üstə qoyub öpdü: Qurban olaram ey, sənə...

Əhməd Qasımov bu mənzərə, daha doğrusu, bu qadının "diplomatik" çıxışını seyr etdikcə tutuldu, heyrətləndi: düşüncələrinə, sözü-sözə calamağına fikir verin. Ömrü boyu evdən qoyu-quzu arxasından başqa yer görməyən bir qadın necə də dil-dil ötür...

Üst-başından kasavat tökülən, keçi qəzilindən şalvar geyinən, balacaboy birisi də səsini səslərə qoşdu:

- Bizim dili yaxşı bilir Mikoyan. Bizim kimi kabab yeyir, bozbaş yeyir o kişi.

Ə.Qasımov yenə hövsələsini basdı, çığır-bağırı susdurmaq istədi, amma onu eşitmədilər. Hərənin ağzından bir avaz gəldi. Hay-küy, çığır-bağır daha da yüksəldi, lap yaxına gəlib, birinci katibi dövrəyə aldılar. Burada əlindən çomağı yerə qoymayan bir qoca utanıb -qızarmadan "xox" gəldi:

- Bizim dediyimiz olmasa, Leninin qəbrinə yazarıq. Mir Cəfər Bağırovun üstünə şikayətə gedərik. Ay raykom unutma dəvədən də böyük fil var..

Bayaq dil-dil ötən qadın baltanı lap kötüyə vurdu:

- Üz vurma, ay raykom, daşı tök ətəyindən. Arteli düzəldəcəyik, ona da Mikoyanın adını verəcəyik, öldü var, döndü yoxdu...

Daha nə desin nə danışsın. Arxaya çəkildi... Valideynləri qatı dindar olan milis rəisi pörtmüşdü, çırtma vursaydın qanı çıxmazdı. Bayaq Mikoyanı Peyğəmbərə bənzətmiş qadının sözləri əndişələndirmişdi rəisi. Narahatçılığını biruzə verməməyə çalışırdı, amma papiros tutan əli titrəyirdi. İmkanı olsa aparardı şöbəyə o qadını...

NKVD-nin rəisi isə dərin, mübhəm düşüncələr aləmindəydi. "Bu nə gülünc söhbətdir, millətin başına hava gəlib nədi... Necə yəni kolxoz yaradırıq, ancaq şərtimiz belədir, ona hökmən yoldaş Mikoyanın adı verilməlidir. Deyəsən burada nəsə var və o "nəsə"dən heyf ki, hələ məlumatımız yoxdur... Camaat hardan gəlib bu kanalın üstünə? Bəzilərinin ləhcəsindən hiss edilir ki, dağətəyi rayonlardan köç ediblər. Yardımlı, Astarxan bazar adamlarına məxsus ləhcələri, bir-birinə münasibətləri üstünlük təşkil edir. Elə Biləsuvarın Dövrüşlü, Təzəkənd, Ağalıkənd kəndlərində mal-heyvan saxlamağa daha artıq meylli, bir az açığı, kolxoz sisteminə arxa çevirib ondan hələ kənarda yaşamaq, ömür-gün keçirmək arzusunda olanlar da var. Niyə kollektiv təsərrüfata yazılanlar mal-qarasını, qoyun-quzusunu versinlər hökumətə? Onda bəs hansı amillər, gözə-görünməz qüvvələr belə çölçü həyatı yaşayan camaatı kolxoza sürükləyir?".

Daha əlavə izahata, təbliğata nə ehtiyac var. Əhməd Qasımov özlüyündə yenə münasib variant çıxartdı: bəlkə o dil-dil ötüb "Mikoyan", "Mikoyan" deyə çığır-bağır salanların bir neçəsini atdırım GEPEZE-yə? Yoox, bu başqa hoqqa çıxarır, necə deyərlər, qaş düzəltdiyimiz yerdə, vurub gözü tökərik. Məndən vəzifə qoparmaq istəyində olan, arzularına çatmayan bəziləri yuxarıya "katib burjua qalığıdı", "əksinqilabçıdır, qolçomaqlarla əlbirdir" kimi danoslar göndərməzlərmi?.. ilk baxışda bunlar qara camaatdır. Şura hökumətinin yeni iqtisadi siyasətini, kəndlini yeni həyata bağlayan qərarları başa düşmürlər. Bisavaddırlar, qəzet oxumur, radioya qulaq asmırlar. Gecə-gündüz dərd-sərləri iş-güclə, çöl-bayırla işləmək, uşaqlı-böyüklü ata, inəyə, camışa, qoyun-quzuya baxıb südü, yağı, pendiri bazara satıb gün-güzəranlarını təmin eləməkdi. Yazı-yayı qışlaqda, payızı-qışı aranda ömür sürürlər. Geri döndülər, əlləri ətəklərindən uzun.

Ə.Qasımov hər iki rəisi evinə dəvət elədi və süfrə arxasında da üzləşdikləri qeyri-adi situasiya camaatın bir az təəccüb, bir az heyran doğuran danışıqlarını, israrlı hədə-qorxulu, söz-söhbətlərini sağa-sola yozdular, ha baş sındırdılar, arayıb-axtardılar, sonda ümumi məxrəcə gələ bilmədilər. İ.Səfərov yerlərdəki agentlərini, bəzilərinin ifadəsincə çuğullarını işə salmağa boyun oldu: "gərək hökmən öyrənək, bilək ki, bu Mikoyan söhbəti nəmənədi".

 

***

 

Qayıdaq illər öncəsinə. Şüra hökuməti təşəkkül tapdıqca yeni qurumlar yarandı. Raykomlarda qadınlarla iş şöbələri vardı. Camaat ona "senotdel" deyirdi. Əsas fəaliyyətləri ona yönəlmişdi ki, kişilərlə bərabər qadınlar da ictimai həyata, dövlət işlərinə, xüsusən kolxoza, sovxoza cəlb olunsunlar. Sovet qadını kurslara yazılıb oxusun, hüquq və vəzifələrini anlasın... Biləsuvar raykomunda o şöbəyə Bakıdan göndərilən Sara xanım Azəri rəhbərlik edirdi. Yaşlı nəsil onu namuslu, təəssübkeş, dilli-dilavər xanım kimi xatırlayır. Kommunist olmasına baxmayaraq yerli şəraiti, milli-əxlaqi dəyərləri tez öyrənmişdi, iclaslarda obyektiv, qərəzsiz çıxışları ilə seçilirdi. Ən çox hələ dövlət tərəfindən nigah qeydiyyatı aparılmadığı üçün ana kimi hüquqları tapdalanan, 3-4 körpə ilə ev-eşiyindən qovulan gəlinlərin ahı-zarı Sara xanımı möhkəm narahat eləyirdi. O, bəzən qadına aşağı sort, kölə kimi baxan vəzifəli yoldaşlarla döş-döşə gəlməkdən də çəkinmirdi.

Sara xanım birinci katibin tapşırığı əsasında əraziyə ilk gəlişi zamanı gözlənilməz situasiya ilə qarşılaşdı. Burada qadınlar, qızlar nisbətən deyib-güləndilər, gündəlik qayğıları yeknəsək, üzücü həyat tərzləri barəsində ürək sözlərini danışmaqdan qorxmur, çəkinmirdilər. O, Mikoyanın şəklini qoynunda gəzdirən cavan qadının adı Sona idi. Əsl "senotdel" hesab etmək olardı onu. Qızlara öyüd-nəsihət verirdi: kişilərin şirin dilinə aldanıb yolunuzu azmayın. Bir də ayılıb görərsiniz ki, hə, budu, dünən sənə "qurban olum" deyən çoban-çoluq doydu sənnən, gedib başqasına göz-qaş elədi. 2-3 uşaqla qaldın Allah umuduna özünü, balalarını dolandırmaq üçün oldun kimsənin qulluqçusu, yun əyirəni, xalça toxuyanı, döşək sırıyanı.

Sona gəlinlərə də yol-dil öyrədirdi: kişiyə çox bel bağlamayın, hamısı bir bezin qırağıdır. Bu gün səninlə mazaqlaşır, sabah başqası ilə. Nə qədər cavansız, əyin-başınıza, geyim-keciminizə fikir verin, kişini həmişə gözəlliyinizlə əsarətdə saxlamağa çalışın. Sonanın dedikləri təsirsiz qalmırdı. Gəlinlər ərlərindən gizlin həftəbazarında şor, yağ, pendir satarkən daraq alır, saçlarını tez-tez yuyur, şor qazanında su qızdırıb mal damlarında çimirdilər. Daha sirkəli Səkinənin gizgəsini, bit-birəsini pırpız Sona dırnağı ilə təmizləmirdi. Onlar ətir alır, boyun-boğazlarına, üst-başlarına, yataq yerlərinə xoş iy gəlsin deyə ətir damcıladırdılar. Bəzən biş-düş, odun-ocaq işlərinə ərlərini də cəlb eləyir, gecə kişiyə "sən yüyrüyü yellə, mən gözümün acısını alım" komandası da verirdilər...

Axşamüstü geri dönərkən öz-özünə fikirləşirdi: bax, əslində bizə belə gözaçıq, dil-dil ötən, heç nədən qorxu-hürküsü olmayan qadınlar hava kimi, su kimi lazımdı. Yoxsa... yadına "Molla Nəsrəddin" jurnalının iki karikaturası düşdü. Biri beləydi: kişi eşşəyə minib harasa gedir, yanındakı övrəti, necə deyərlər, yük altındadır- arxasına çarşovla uşağı bağlayıb, başında da dolu zənbil...

O biri karikatura qadın müsibətlərinə, itaətdə ömür sürən ananın acı taleyinə aid idi: uşaq anasına barmaq silkələyərək, deyir: Bax, atam evə gələndə ona xəbər verəcəm, bəs anam akkoşkadan bayıra baxırdı...

Qəmər nənəsinin yaddaşına yazılmış bu sözləri də hafizəsində canlandı. Nənəsi deyirdi:

- Ağəz, sizin bu təzə hökumətin adı Şradı-muradı, bilmirəm, amma haqq üçün yaxşı hökumətdi, zənən tayfasını da kişilər kimi qədir-hörmətini bilir. Hökm eləyir ki, bir kişinin bir arvadı olmalıdır. Kim 2-3 arvad alsa işdən qovacam, atacam qoduqluğa. Keçmişdə belə döyüldü. Baxırdın ki, ən ölüvay kişi 2-3 arvad alırdı. Bu otaqda 50-60 yaşlı, 6-7 uşaq anası birinci arvad, o biri otaqda təzə gəlin - 15-16 yaşında. Gəl günlərin saçyoldusuna tamaşa elə... Həsən Hüseynin bacısını qovurdu, Hüseyn də Həsənin xalası qızını. Düşürdü tayfa davası, ədavət, kin-küdurət.

Sonanın fəallığı, açıqgözlüyü təəccübləndirmişdi S.Azərini. Birinci katib Ə.Qasımova təriflədi onu və dedi: məsləhətdirsə Sonanı o zona üzrə "senotdel" qoyaq, bizə çox kömək eləyər. Təmkinin pozmadı birinci şəxs: "hələ tələsməyin" dedi.

O əraziyə ikinci gedişində Sara xanım daha müfəssəl məlumat toplaya bildi. Öyrəndi ki, burda qohumu, simsarı yoxdu Sonanın. Əslən Bakıdandı, gəlin gəlib bu yerlərə.

Sara xanım da Bakıdandı. Uşaqlığı ermənikənddə keçmişdi. Ermənilərin həyat tərzi, oturuşu-duruşu, danışığı haqqında az bilmirdi. Sona ilə təkbətək görüşərkən tam əminliklə fikirləşdi: hə, həqiqətən bel zirək, diribaş, açıq-saçıq, kişi xeylağı görəndə qaçıb dalda -bucaqda gizlənən qız-gəlinlərdən ola bilməz Sona. Onunla söhbətləşərkən başqa bir möcüzəni də gördü. Deyəsən, Sona bizim millətə məxsus xasiyyətdən əlavə, başqa cürdü ey?

"F" hərfini tələffüz edərkən elə bir yubanır.

Sözarası onu yada salaq ki, hər millət ağzı başına danışanda, hirslənəndə, əsib-coşanda özündən asılı olmayaraq genofondundan qaynaqlanan bəzi sözləri işlədir. Yəhudi milləti "r"-, "l" kimi tələffüz edir. Ana tərəfindən yəhudi əsilli V.İ.Lenin, Troitski, Zinovyev, Rikov çıxışlarında "r"-ı "l" kimi söyləyirmişlər. Erməni də həmişə "F"-ı "P" kimi deyir... Sona da söz-söhbətində Fəxrəddinə "Pəxrəddin" dedi, "fındığa" "pındıq" və bununla da Sara xanım yüzdə-yüz əmin oldu ki, qoynunda Mikoyanın şəklini gəzdirən qadın milliyətcə ermənidir. O, gördükləri, eşitdikləri vaqiəni birinci katibə nəql etdi. Ə.Qasımov istədi əvvəlki düşüncəsinə görə S.Azərini məzəmətləsin, ancaq fikrindən daşındı, səmimi, yüksək, əxlaqi dəyəri Sara xanımı diqqətlə süzdü, süzdü, dərindən köks ötürüb "eybi yoxdur, bir yol arayarıq" deyərək düşüncələrinə nöqtə qoydu.

... Raykomun şöbə müdiri üç gün gecikmişdi, daha doğrusu üç gün əvvəl NKVD rəisi İ.Səfərov Sona, onun bu yerlərə gəlişi haqqında birinci katibə səhih məlumat çatdırmışdı. Bəs erməni qızı necə gəlib bu ərazidə yaşayır? Əsil həqiqət beləydi:

Ötən əsrin 20-30-cu illərində Bakıda neft sənayesinin təşəkkül tapması, yeni yataqların işə düşməsi buraya ucuz işçi qüvvəsinin axınına səbəb olmuşdu. İrandan həmşəhərlilər, Volqa boyundan ruslar gəlib baraklarda yaşayaraq, ailələri üçün bir parça çörək pulu qazanmaq məcburiyyətində idilər... İrandan yaxın qohumları Bakıya gedərkən Xeybər adlı bir yeniyetmə də onlara qoşulmuş və ömründə ilk dəfə qadın görən Xeybər gözəl-göyçək erməni qızı Klara Sergeyevna Ambarsumovanın toruna düşmüşdü. 4 il ötmuş atası vəfat edən Xeybərə qohum-qardaşı xəbər göndərmişdi ki, durma, tez gəl, ailənin mal-mülkünə sahiblik elə. Beləliklə, özünü Sona adlandıran K.S.Ambarsumova cavan əri və bir oğlu ilə gəlib bizim yerlərdə məskunlaşmışdı.

İ.Səfərova o da agah oldu ki, Klara Sergeyevna ildə bir-iki dəfə Bakıya gedib-gəlir. Son dəfə şəhərdən gələrkən, noğul, içi ballı şirini gətiribmiş və bu şirinləri ev-ev paylayıbmış.

... O ilin yayı günəş od ələyirdi. Muğana, natəmizlik, gigiyena qaydalarının gözlənilməməsi, çöl-bayır adamlarına, xüsusən heyvandarlara olmazın əziyyətlərini verirdi. Malyariya kimi yolxucu xəstəlik tüğyan edirdi. Hər gün qızdırmadan huşunu itirən onlarla xəstə gətirilirdi rayon mərkəzinə. Bu vaxt neçə müddətdən bəri Sonanın hər addımını izlətdirən "NKVD" rəisi İ.Səfərovun əlinə sanki göydən fürsət düşdü. Malyariyaya tutulub müalicəyə gətirilənlərin içərisində o erməni qadının da olduğunu bilən kimi rəis sevindi və... əməliyyat uğurlu alınsada, Sonanın - K.S.Ambarsumovanın həyatına xəstəxanada son qoyuldu... hamıdan əvvəl milli ruhlu, cibində partiya bileti gəzdirsə də, qəlbində öz milləti üçün sonsuz məhəbbət gəzdirən Əhməd Qasımov - raykomun birinci katibi dərindən nəfəs aldı.

... 1939-cu ildə - ikinci cahan savaşına bir neçə ay qalmış erməni qadınının diplomatik gedişlər etdiyi ərazidə kolxoz təşkil olundu və ona proletar yazıçısı Maksim Qorkinin adı verildi.

  

  

Əlibala Rəhimov

 

Ədalət.- 2011.- 3 iyun.- S. 7.