TALEYİNİ MÜHACİRƏTDƏ YAŞAYAN DAHİ

 

Başqa sahələri deyə bilmərəm, amma elmin, ədəbiyyatın, mətbuatın, ifaçılıq sənətinin inkişafına görə Rusiya 19-cu əsrdə möhtəşəm, təkrarsız nailiyyətlər əldə etdi. Həmin yüzilliyi Rusiyanın tarixində istedad, intellekt əsri adlandırsaq əminəm ki, səhv etmərik. Elə Dostoyevskinin, Puşkinin adını çəkmək kifayətdi ki, min dövr haqqında istənilən adamda ümumi təsəvvür yaransın. Əslində ölkədə yeni düşüncə tərzi, intibah başqa sahələrdə gedirdi, lakin əsrlər boyu hərbdən silahdan başqa mənəvi, intellektual, yaradıcılıq... cəhətdən başqa xalqların ardınca addımlayan, özü çox ləng addımlayan ruslar nəhayət dünyaya biri-birindən parlaq şəxsiyyətlər verməklə demək olar ki, liderə çevrildi. Kim necə düşünür düşünsün, 19 əsr Rus ədəbiyyatı, ədəbi tənqidi dünyada rəqibsiz bir hala yüksəldi.

19-cu əsrdən üzü bəri dünyada bədii ədəbiyyatda məhşurluq, dahilik səviyyəsinə yüksələn elə bir şəxs tanımıram ki, Tolstoyu, Dostoyevskini, Turgenevi... dönə-dönə oxumasın. Məhz həmin dövrlərdən Avropa ədəbiyyatı, dünya incəsənəti... ruslardan bəhrələnməyə başladı. Amma bunlarla yanaşı rusların başqa sahələrdə də şedevrləri yaranmaqdaydı. Hətta qısa zaman ərzində başqaları məhz ruslardan öyrənməli oldu. Mən deyərdim ki, əgər rus şovnizmi, onların böyük işğalçılıq siyasəti, bitməyən imperiya ambisiyaları olmasaydı qonşu xalqlar ruslar vasitəsi ilə öyrəndiklərinə görə onlara təşəkkür edərdi. Və bu istedad və intellekt "bünövrə"si 20-ci əsrin yarısınadək öz təsirini göstərə bildi. Sosialist rejiminin gəlişi ilə ictimai-siyasi ideologiya, düşüncə tərzi kökündən dəyişsə belə.

Məhz bu nailiyyətə görədir ki, onların 20-ci əsrin ortalarınadək dünyaca məhşur adamları haqqında danışmaqla bitirmək mümkün deyil. Hətta hansından söz açacağını da kəsdirə bilməzsən. Amma mən bu dəfə nə ədəbiyyat nəhəgindən, nə şairindən, nə elm xadimindən... söz açacağam. İndi heyrətamiz bacarığa, fövqalədə intellektə... malik dahi şahmatçıdan bəhs edəcəyəm. Aleksandr Aleksandroviç Alyoxindən.

                       

ALYOŞA

 

O, 1892-ci il oktyabrın 19-da (31) Moskvada varlı dvoryan ailəsində anadan olub. Valideynləri o zamanın üzdə olan nəsillərindən sayılırdılar. Övladlarının tərbiyyəsi və yaxşı təhsil alması üçün valideynləri tərəfindən lazımi şərait yaradılmışdı. Alyoşa klassik gimnaziyanı (1901-1910) bitirdikdən sonra İmperator uçilişində təhsilini davam etdirdi və 1914-cü ildə oranı başa vurdu. Əslində heç nə qeyri-adi görünmürdü. Bu balaca oğlan varlı həmyaşıdları kimi həyat tərzi sürmüşdü. Amma onu başqalarından fərqləndirən intellekti və şahmata olan sonsuz marağı idi. O, lap uşaqlıq çağlarından - 6-7 yaşlarından başlayaraq bu qəribə oyunla məşğul olmaqdaydı. Hələ uşaq ikən sahib olduğu bacarığı sayəsində yazışma vasitəsi ilə bir sıra turnirlərdə iştirak edirdi. Onun bu məşğuliyyətinə ötəri həvəs, əyləncə kimi baxanlar tezliklə yanıldıqlarını gördülər. Belə ki, Alyoşa 16 yaşında M.İ.Çiqorin xatirəsinə həsr olunmuş Ümumrusiya şahmat turnirində birincilik qazandı və ona "İmperator Həzrətləri" prizini - büllur vaz və maestro titulu verdilər. Artıq Aleksandr Aleksandroviçi tanıyanlar ona fəqli baxmağa başlamışdılar.

 

ÖLÜMDƏN QURTARAN TƏSADÜF

 

1914-cü ildə Peterburqda keçirilən "Çempionlar yarışı"na qatılan yeniyetmə şahmatçı yalnız E.Laskerə və X.R.Kapablankaya məğlub olaraq üçüncü yeri və qrossmeyster dərəcəsi qazandı, həm də Dünya Çümpionatında iştirak etməyə namizəd oldu. Birinci Dünya müharibəsi başlayanda Alyoşanı - Aleksandr Aleksanrdroviç Alyoxini ürəyində olan xəstəliyə görə müharibəyə aparmadılar, amma bununla belə o, Qırmızı Xaç Komitəsinə üzv olaraq cəbhədəki əsgərlərə geyim və digər gərəkli malların daşınmasında yaxından iştirak etdi. Və burada göstərdiyi igidliklərə görə bir neçə dəfə təltif olundu. Hətta Alyoxin iş başında iki dəfə yaralandı da. Belə demək mümkünsə, həmin dövrlərdə də Aleksandr şahmatdan uzaqlaşmamışdı. O təşkil edilmiş yarışlarda mütəmadi iştirak edir, tamaşaçılara qeyri-adi seanslar belə göstərirdi. O vaxt Kiyevə, Odessaya və bu kimi böyük şəhərlərə qostrola çıxan, oralarda inanılmaz seanslar göstərməsi uzun zaman insanların yaddaşından silinmədi.

Rusiya təlatümlü dövr yaşayırdı. Nələrin baş verəcəyini, nələrin olacağını kimsə deyə bilməzdi. Nəhayət ölkə ərazisində Oktyabr inqilabı gerçəkləşdi, siyasi quruluş dəyişdi ki, bu da milyonlarla insanın həyatını fərqli axara saldı. İnqilab elə Alyoxinin sonrakı taleyinə də sürprizlər gətirdi. Hətta onu vətəndən uzaqlarda yaşamağa da məcbur etdi. O, Odessada qastrolda olarkən gözlənilmədən həbs edildi və ağ qvardiyaçılarla əlaqədə olunması iddialarına görə güllələnməyə məhkum edildi. Azacıq şübhələndikləri insanlara bildikləri kimi məhkəmə quraraq insanları məhv edən bolşeviklərin cəzasından o bir təsadüf nəticəsində qurtuldu. Belə ki, şahmatçının tutulduğunu öyrənən Ukrayna Xalq Komissarları Sovetinin başçısı X.Rakovckinin məsələyə müdaxiləsindən sonra Alyoxin azadlığa çıxdı. Elə həmin il - 1919-cu ildə Moskvaya gələrək Dövlət Kino İncəsənəti studiyasına daxil oldu, amma burada çox duruş gətirmədi. Hüquq təhsili olduğu üçün həmin ilin ortalarında Baş Milis İdarəsinin Moskva şəhəri üzrə cinayət axtarışında müstəntiq vəzifəsinə təyin edildi. Bir neçə əcnəbi dil bildiyinə görə, çox çəkmədi ki, Alyoxini "Kominter"ə tərcüməçi göndərdilər.

 

MÜHACİRƏT HƏYATININ BAŞLANMASI VƏ "LONDON PROTOKOL"U

 

Bütün bu işlərlə yanaşı o, şahmat karyerasını davam etdirirdi. Belə ki, 1920-ci ildə Sovet Rusiyası üzrə keçirilən şahmat çempionatına qatılaraq birinci yeri tutdu. demək olar ki, bu uğuru onun sonrakı həyatında dəyişikliklərin başlamasına yardımçı oldu. Çünki ölkə çempionluğundan sonra Alyoxin həm məhşurluq qazanmışdı. Həmin il şahmatçının şəxsi həyatında daha bir dəyişiklik oldu. Dörd dəfə ailə həyatı qurmuş Alyoxinin birinci evliliyi 1920-ci ilə təsadüf edir. O, Aleksandra Batayeva adlı qadınla evləndi. Amma bu evlilik çox qısa sürdü. Çünki bir il sonra onlar boşandılar. Alyoxin ikinci dəfə 1921-ci ildə - yeni tanış olduğu İsveçrə Demokratik Partiyasının tanınmış üzvlərindən biri, jurnalist Anna-Liza Ryueqlə evləndi ki, bu da çoxdan tərk etmək istədiyi ölkədən getməsi üçün ona əlverişli şərait yaratdı. Bəzi təhqiqatçılar yazırlar ki, böyük şahmatçının bu nigahı məhz mühacirətə getmək üçün şans qazanmaqdan başqa bir şey deyildi. Bəlkə onlar haqlı idilər. Çünki Anna-Liza ilə Berlinə, oradan da Parisə gələndən bir müddət sonra Alyoxinin bu evliliyi bitdi. Onlar ayrıldılar. Mühacirət həyatının ilk dövrlərində Alyoxinə vətənində xaricdə müvəqqəti yaşayan şahmatçısı kimi baxılırdı. Amma sonralar bu belə olmadı.

Aleksandr Aleksandroviç 1921-ci ildə Triberqdə, Budapeştdə Haaqada keçirilən turnirdə iştirak edərək inanılmaz nəticə göstərdi. O, bir oyun belə uduzmadan yarışı başa vurdu. bundan sonra dünya çempionu Kapablankayla qaşılaşmaq üçün ona rəsmən müraciət göndərdi. Amma çempion bu çağırışı qəbul etmədi. Amma bir müddət ötəndən sonra onlar Londonda keçirilən beynəlxalq turnirdə qarşılaşmalı oldular. Amma qeyri-adi şahmat ustasının bu turnirdə istəkləri baş tutmadı. Belə ki, burada da heç bir partiyanı uduzmayan Alyoxin Kapablankanın liderliyini əlindən ala bilmədi, yalnız ikinci yerlə kifayətlənməli oldu.

Amma London görüşündəki bu uğuru ona imkan verdi ki, Dünya Çempionu ilə növbəti qarşılaşma üçün razılaşma protokolu imzalasın. qeyd edək bu məşhur protokol şahmat tarixinə "London protokol"u adı ilə düşdü. Şərtlərə görə iddiaçı mükafat fondu üçün 10 min dollar verməli, matçın keçirilməsi üçün lazım olan xərcləri özü ödəməli idi. Amma təbii ki, o dövrlər üçün çox böyük məbləğ sayılan bu qədər pul Alyoxində yox idi. Buna görə onda görüşün vaxtı bəyan edilməmişdi. O isə virtioz çıxışlarını davam etdirməkdəydi. 1922-26-cı illər ərzində Karlsbadda, Venada, Londonda, Nyu-Yorkda, Drezdendə, Baden-Badendə... bir sıra beynəlxalq, nüfuzlu turnirlərdə iştirak edən Alyoxin ikinci, nadir hallarda isə üçüncü pillədən aşağı enməmişdi. Əslində isə Alyoxin bu turnirlərin əksəriyyətində bir partiya belə məğlub olmadan başa vurmuşdu. Sadəcə başqa şahmatçıların digər oyunlardakı nəticələri onu zirvədən kənarda saxlamışdı. Yeri gəlmişkən qeyd edim ki, bu illər ərzində Alyoxinin şəxsi həyatında daha bir qadın peyda olmuşdu. O həmin dövrdə Nadejda Vasilyeva adlı bir dul rus qadını ilə mülki nigaha girərək evlənmişdi. Həmin illərdə Aleksandr Fransa da şahmatla bağlı bir kitab da nəşr etdirməyə nail oldu.

 

ZİRVƏYƏ YOL

 

Amma bütün bu illər ərzində, keçirdiyi matçlar zamanı onu bir məsələ düşündürmüşdü: Kapablanka ilə qarşılaşma onun şərtləri. Nəhayət Alyoxinin bu matçın keçirilməsi üçün göstərdiyi çabalar öz bəhrəsini verdi. Buenos-Ayresdə aparılan danışıqlardan sonra Argentina hökuməti qarşılaşmanın elə bu şəhərdə keçirilməsi şərti ilə pulun verilməsinə razı oldu. Əslində bütün dünya bu qarşılaşmanın nə vaxt və harada keçiriləcəyini səbirsizliklə gözləyirdi. Söz-söhbətlər, proqnozlar... bitib- tükənmək bilmirdi. Mütəxəssislər əsasən Kapablankanı bu qarşılaşmanın favoriti sayırdılar. Düzü heç onları qınamaq da olmazdı. Çünki beynəlxalq turnirlərdə əldə etdikləri nəticələrə görə kubalı şahmatçı Alyoxini üstələyirdi.

Dünya çempionluğuna eks-iddiaçı Şpilman da mətbuatda bildirmişdi ki, bu qarşılaşmada Alyoxin heç bir partiyanı da qələbə ilə başa vura bilməyəcək. Nəhayət Dünya Çempionluğu uğrunda matç 1927-ci ilin payızında baş tutdu. Vaxtıyla imzalanmış "London protokolu"nun şərtlərinə görə, bu qarşılaşmada 6 qələbə qazanmaq lazım idi. Çünki heç-heçələr nəzərə alınmayacaqdı.

 

(Davamı martın 8-də)

  

  

BABƏK YUSİFOĞLU

 

Ədalət.- 2011.- 1 mart.- S. 5.