"Azərbaycanın
dərdi bizim də dərdimizdi"
Türkiyə səfirliyinin dini işlər üzrə
müşaviri Sadıq Əraslan: "Qarabağın
işğaldan azad ediləcəyi gün uzaqda deyil"
"Türkiyə ilə
Azərbaycan vahid bir bədən kimidi. Bu bədənin bir əzası
ağrıyırsa hökmən digər əzalar da
ağrını hiss edir. Ağdam, Şuşa, Kəlbəcər,
Laçın, Füzuli, Xocalı işğal
altındadırsa Ədirnə, Qaziantep, Bursa, Sivas
narahatlıq keçirir. Can Azərbaycanın ərazi
bütövlüyünə qəsd olub. İnsanlar doğma
torpaqlarını ermənilərdən azad etmək
üçün döyüşüb, şəhid olub,
sağlamlıqlarını itiriblər. Azərbaycanın dərdi
bizim də dərdimizdi. Mən özüm Qaziantepdənəm.
Doğulduğum şəhər savaşlarda 6 min şəhid
verib. Ona görə
də sizin dərdinizi başa düşürəm".
Bu sözləri
Türkiyə Cümhuriyyətinin Azərbaycandakı səfirliyinin
dini işlər üzrə müşaviri Sadıq Əraslan
deyib. Bakıya yeni təyin olunan müşavir Xocalı
soyqırımının ildönümü münasibəti
ilə düzənlənən tədbirdə erməni vəhşiliyi
barədə danışarkən baş verənlərin
dünya ictimaiyyətinə çatdırılmasının
vacibliyini vurğulayıb: "Xocalı soyqırımı
haqqında Azərbaycana təyin olunmamışdan öncə
çox eşitmişəm. Belə qətliam tarixdə
görünməyib. İslam dini dünyanın müxtəlif
ölkələrinə yayılarkən müsəlmanlar
heç kimə zor tətbiq etməyiblər. Yalnız onlara
hücum olarkən savaşmağa məcbur olublar. Lakin din
xadimlərinə, qocalara, qadınlara, uşaqlara, xəstələrə,
savaşda iştirak etməyənlərə heç vaxt silah
qaldırmayıblar. Amma ermənilər dinc əhaliyə
qarşı amansızlıq ediblər. Xocalıda
qocaların, qadınların, uşaqların vəhşicəsinə
qətlə yetirilməsi, hamilə qadınların xüsusi
amansızlıqla öldürülməsi, dinc sakinlərin əsir
götürülməsi insanlığa yaraşmayan hadisədir.
Bunu bütün dünya bilməli və
işğalçıya qarşı fikrini bildirməlidi".
Sadıq Əraslan Azərbaycan
torpaqlarının tezliklə işğaldan azad ediləcəyinə
inandığını bildirib: "Qardaş Azərbaycan
xalqı öz əzəli torpaqlarını düşməndən
təmizləmək iqtidarındadı. Dövlət rəhbərləri,
sadə insanlar bu məsələdə yekdildirlər və
haqq işində qalib gələcəklərinə
inanırlar. Bu inamı görəndən sonra bir daha əmin
oldum ki, Qarabağın işğaldan azad ediləcəyi
gün uzaqda deyil".
Anım mərasiminin təşkilatçısı
Seyid Camal Əzimbəyli Xocalıda törədilən vəhşiliyin
insanlığa yaraşmayan hərəkət kimi qiymətləndirib:
"Xocalıda baş verən amansızlığın
dünyada analoqu yoxdu. Uca Rəbbimiz bu cinayətə qol
qoyanları cəzasına çatdıracaq. Haqqın
qarşısında zülm heç vaxt duruş gətirə
bilməyib. Bu dəfə də belə olacaq. Qarabağda
şəhid olan insanların ruhu bizi düşmən üzərində
qələbəyə səsləyir. Azərbaycan dövləti,
xalqı öz qüdrətini, torpağını düşməndən
azad etmək əzmini göstərəcək. İşğalçı
Ermənistan da bunu yaxşı bilir. Bu gün minlərlə
insan Ali Baş komandanın
çağırışını gözləyir".
Qarabağ qazisi Etimad Əsədov,
Mədəniyyət və İncəsənət Universitetinin
türkiyəli tələbəsi Müsavat Qaradaş öz
çıxışlarında erməni vəhşiliyini pisləyib
və Qarabağın işğaldan azad olunması
üçün döyüşə getməyə hazır
olduqlarını bildiriblər. Məktəbli Mirrəsul Əzimbəyli
yazdığı "Dərdimiz Xocalı" şeirini
oxuyub.
Sonda Xocalıda şəhid
olanların ruhuna ehsan verilib.
Turan İSMAYILZADƏ
Ədalət.- 2011.- 1 mart.- S. 5.