1906-1908-ci illərdə
"Qarabağ Birlik Məclisi" - "Difai"nin fəaliyyəti
(əvvəli
ötən saylarımızda)
Müəllif bu
kitabında erməni millətçi təşkilatlarının
terrorçu fəaliyyətinə cavab olaraq Azərbaycanda ilk
milli təşkilat "Difai" (Müdafiə)
Partiyasının yaradılması və fəaliyyəti
tarixi tətbiq edilir. Ən müxtəlif mənbələrdən
cəlb edilmiş zəngin faktiki materialın təhlili və
ümumiləşdirilməsi əsasında bu mövzunu
ideoloji ehkamlardan və milli-subyektiv baxışlardan
asılı olmadan işıqlandırmağa cəhd
edilmişdir. Əsərdə "Difai"nin fəaliyyəti
erməni-azərbaycanlı ziddiyyətlərinin
yaranmasının ilkin tarixi şərtləri və səbəbləri
fonunda nəzərdən keçirilir. Çar
Rusiyasının XVIII əsrin birinci rübündən
başlayaraq Cənubi Qafqaza hərbi-siyasi ekspansiyası bu
ziddiyyətlərin əsasını qoymuşdur. Həmin
siyasətin həyata keçməsində erməni amilinə
imperiyanın regionda sosial dayağı və müsəlman
dövlətləri olan Türkiyə və İrana
qarşı mübarizə xristian forpostu rolu
ayrılırdı. Məhz bu siyasət nəticəsində
XX əsrin əvvəlində erməni-azərbaycanlı
ziddiyyətləri kuliminasiya nöqtəsinə çataraq,
açıq qanlı qarşıdurmaya çevrilmişdir. Azərbaycanlı
əhalinin erməni terrorundan qorunmasında "Difai"
Partiyasının rolunu obyektiv və əsaslandırılmış
şəkildə işıqlandırılması zərurəti
müasir dövrdə bu araşdırmanın əhəmiyyətini
və aktuallığını şərtləndirir.
"Difai"
partiyası mubarizə vasitələrindən biri kimi "fərdi
terror" metodunu seçmişdi. Sovet
tarixşünaslığında XIX əsrin ikinci
yarısında və XX əsrin əvvəlində Rusiya
İmperiyasında inqilabi-terror hərəkatının tarixi
müəyyən siyasi sifariş əsasında
yazılmışdı. Həmin sifarişə görə
terrorçu-inqilabçıların obrazları hər vasitə
ilə romantikləşdirilirdi. Brokqauz və Yefronun
lüğətinin 1907-ci ildə çapdan
çıxmış ikinci əlavə cildində Rusiyada
terror adlı məqalə yerləşdirlimişdi. Həmin məqalədə
terror "ayrı-ayrı yüksək vəzifəli şəxslərin
və cəsusların qətlə yetirilməsinin təşkil
edilməsindən və axtarışlara, həbslərə
qarşı silahlı müdafiədən ibarət olan
hökumətə qarşı mübarizə sistemi"
adlandırılmışdı. Rusiya İmperiyası polis
departamentinin direktoru, sonralar imperiyanın daxili işlər
naziri olmuş P.N.Durnovo etiraf edir ki, "terrorizm
gücsüzlükdən güc yaratmış çox zəhərli,
çox qorxulu ideyadır", Çar Rusiyasında terrorun
kökləri "Narodnaya volya" partiyasının ideologiyası
ilə bağlıdır. Bu partiya terrorizmi təbliğ edir,
mütləqiyyətə qarşı mübarizədə onu
özünün əsas silahına çevirirdi. Lakin XX əsrin
əvvəlində Rusiyada terror "Narodnaya volya"
partiyasnın terrorundan əhəmiyyətli dərəcədə
fərqlənirdi. XX əsrin əvvəlində Rusiya
İmperiyası ərazisində terrorçuluq metodları ilə
fəaliyyət göstərən partiya və təşkilatları
bir neçə qrupa bölmək olar. İlk növbədə
hakimiyyətin ələ keçirilməsi ilə əlaqədar
siyasi məsələləri yalnız inqilabi-terror yolu ilə
həll etməyə çalışan siyasi partiyalar qeyd
edilməlidir. Rusiya tarixində bu qəbildən iki əsas
siyasi partiya məşhurdur: Rusiya Sosial Demokrat Fəhlə
Partiyası və Sosialist İnqilabçıları
Partiyası (eser). Hər iki partiya siyasi təcavüzün
yüksək səviyyədə olması ilə fərqlənirdi
və əhalinin ən müxtəlif sosial təbəqələrinə
yönəlmişdi. Partiyaların daha bir növü etnik-millətçi
partiyalar idi. Bəzi müəlliflərin fikrincə, bu milli və
dini partiyaları Rusiya İmperiyası şəraitində
"həqiqi olmayan" partiyalar sırasına aid etmək
olardı, çünki "hər bir həqiqi partiyanın
müəyyən geniş dövlət siyasəti proqramı
olmalıdır, bu isə müəyyən millətin vədinin
nümayəndələrinin nəzərincə,
qeyri-mümkündür". Bu partiyalar dövlət hakimiyyətinin
ayrı-ayrı nümayəndələrinə və başqa
millətlərdən olan insanlara qarşı əsl terror fəaliyyəti
ilə məşğul idi. Eyni zamanda etnik-millətçi
patiyaları dövlətə zidd məsələlərin həll
edilməsi üçün yaradılmış sırf
kriminal dəstələr hesab etmək olmaz. Milli
partiyaların həyata keçirdiyi terrorun əsasını
birləşdirici və məqsədyönlü ideyalar təşkil
edirdi. Mövcud siyasi rejim şəraitində həmin
ideyaların həyata keçirilməsi real deyildi. Bu partiyalar
praktikada öz məqsədlərinə nail olmaq
üçün istifadə etdikləri vasitələrin
yararlı olmasını sübut etməyə
çalışırdılar. Onlar azadlığa qarşı
hər hansı zorakılığa görə hakimiyyət
nümayəndələrini qəddarcasına cəzalandıran
ardıcıl terror sisteminin köməyi ilə bu hökuməti
tamamilə zəiflətməyə çalışır və
istəyirdilər ki, hökumət terror aktlarına
repressiyalarla cavab verməyə məcbur olsun, beləliklə
də, kütləvi narazılıqlar, hakimiyyət əleyhinə
geniş miqyaslı sosial partlayışa gətirib
çıxara biləcək çıxışlar
başlansın. Eyni zamanda terror hökumətlə
"dialoqun" özünəməxsus bir forması idi -yeni
qəsdlər barədə hədələr hökuməti
öz siyasətini dəyişməyə məcbur etməli
idi. Bu partiyalar terror metodunu seçməklə əslində əhalinin
müəyyən hissəsini öz üzvlərini və tərəfdarlarını
dövlətin hüquq məkanından təcrid edir və
onlardan tələb edirdilər ki, dövlət normalarına
deyil, partiyanın vəzifələrinə müvafiq şəkildə
hərəkət etsinlər. Bu partiyalar mürəkkəb təşkilati
tipə malik idi: terror ideyalarını işləyib
hazırlayan generator strukturları və terrorçu dəstələrin
- konspirasiya şəraitində fəaliyyət göstərən
döyüş qruplarının və təşkilatlarının
daxil olduğu icra strukturları. Müxtəlif
terrorçuların salamat qalmasına və qüdrətli
dövlət maşınının acizliyini təmin etməli
idi. Siyasi qətillər vasitəsilə ədalət
uğrunda mübarizə müəyyən mənəvi bəraət
tələb etdiyinə görə bu cür partiyaların demək
olar ki, hamısı dərhal çap məhsulları
buraxmağa başlayırdı. Həmin məhsullarda xeyirxah
ümumxalq məqsədlərinin ifadə edilməsi ilə
yanaşı bu məqsədlərə dinc yolla nail olmağa
maneçilik törədənlər də göstərilirdi.
Beləliklə, partiyaların buraxdığı intibahnamələrdə
və proklamasiyalarda terror aktı törədiləndən əvvəl
və sonra "düşmən obrazı", yəni məhv
edilməli olan terror obyekti formalaşdırılır, bu hərəkətin
özünə isə mənəvi və etik arqumentlərin
köməyi ilə bəraət qazandırılır, nəticə
etibarilə terrorun icraçıları təqsir hisssindən
azad olurdu.
Ermənilərin
"Daşnaksütyun", "Qnçak" qəbilindən
olan partiyaların millətçi partiyaların məhz bu
ikinci tipinə aid etmək olar. Həmin partiayların
proqramında təcavüzkar terror demək olar ki, ən
mühüm yer tutmaqla onların universal fəaliyyət metodu
idi. Ümumiyyətlə, erməni partiyalarının
terrorundan mübarizə metodu kimi istifadə etməsinə
haqq qazandıran məqsədlərdə bir sıra oxşar məqamlar
vardı.
"Terrorun məqsədi
xalqı sıxıntılardan qorumaq, onun inqilabi əhval-ruhiyyəsini
yüksəltmək, onu hökumət əleyhinə
mübarizəyə yönəltmək, bunula da öz
işinin uğur qazanacağına inam təlqin etmək,
hökumətin qüdrətini və nüfuzunu zəiflətmək,
onu vahiməyə salmaqdır". "Daşnaksütyun"
partiyasının 1907-ci ilin əvvəlində Vyanada
çağrılmış IV qurultayında partiyanın
"İnqilabi və sosialist erməni "Daşnaksütyun
partiyası haqqında" "minimum proqramı" adlanan sənəd
qəbul edilmişdir. Proqramın preambulunda deyilirdi: "Erməni
inqilabi federasiyası inqilabi və sosialist partiya olmaqla erməni
zəhmətkeş kütlələrinin iqtisadi, siyasi və
milli mənafelərini qorumağı öz
qarşısına məqsəd qoyur, monarxiyanı xalq hakimiyyəti
ilə, kapitalizmi isə istesal alətlərinin və istehsal
vasitələrinin sosialistləşdirilməsi ilə əvəz
etməyi nəzərdə tutur". "Terror" bölməsində
deyiliridi ki, terrorun: siyasi; təşkilati növləri ola bilər
(silahın və pulun ələ keçirilməsi,
satqınlıq, xəyanət və öz
yoldaşının öldürülməsi). Təşkilati
terrordan fərqli olaraq, bu bölmədə siyasi terrora tərif
verilmirdi. Lakin praktikada daşnaklar hökumətə, başqa
millətlərin nümayəndələrinə münasibətdə,
"" Daşnaksütyun"a kifayət qədər
loyallıq göstərməmiş şəxslərə
münasibətlə qətlləri, talanları və qəsbkarlığı
siyasi terrora aid edirdilər. "Difai"yə gəldikdə
isə, onun əsas məqsədi xalqı maarifləndirmək
və onu müdafiə etmək idi. Bu sonuncunun təmin edilməsi
üçün terrordan müdafiə olunmaq məqsədilə
terrordan istifadə edilməsinə yol verilirdi "Difai"
partiyasının müraciətlərindən birində
deyilirdi: "Erməni bombalarından qorxuya
düşmüş hökumət məmurlarının
törətdiyi qanunsuzluğu aradan qaldırmaq
üçün "Difai" partiyası onlara qarşı
bombalardan və xəncərlərdən istifadə edəcəkdir".
Partiyanın möhüründə partiyann simvolikası kimi,
iki çarpaz qılınc, aypara və onların
üstündə ulduz şəklində təsvir edilməsi
bu fikri bir növ təsdiq edirdi (Bəzi məlumatlara görə
həmin simvolika Rəfibəyovlar nəslinin gerbi olmuşdur.
- Müəllif).
(ardı var)
Eldar Əzizov
Ədalət.- 2011.- 1 mart.- S. 6.