BABA DAĞIN ZİRVƏSİNDƏN
BAXANDA
... Bu şəhər nəhəng bir cama bənzər
Biz Bakı-Qazax
magistralından Qaraməryəm-İsmayıllı yoluna
burularkən hava ilıq və günəşli idi. Heç
20 km. məsafə qət etməmişdik ki, sanki yaz
ağzından əsl qış nağılına
düşdük. Hər tərəf bəyaz örtükdə,
üstəlik yenə qar başlamışdı. İndi
gör bir az da yuxarılarda - Qalacıqda, Buynuzda, Basqalda,
Lahıcdag nə gəstgahdı. Belə qar, qışın
son akkordları qorxulu deyil. Əksinə, bar-bərəkətdi
deyirlər.
Vətənimin hər
qarış torpağı əzizdir, müqəddəsdir.
İsmayıllının da adı, dadı bir başqadır.
Burada qədimliklə müasirlik bir-birinə elə
qovuşub ki, az qala keçmiş xatirələrini də
düz-əməlli sıralaya bilmirsən. Dağlar, meşələr,
qayalar, göllər, yaylaqlar qədim və əzəmətli.
Nəhəng bir cam kimi şəfəq saçan, gözəllikdən
aşıb-daşan İsmayıllı şəhəri isə
modern görkəmdə, urbanik inkişafda. Bütün bunlar,
bütün bu gözəlliklər, şəhər səliqəsi,
düzəni son dövrlərin töhfələridir. Dostum
Rahib Seyidovun kabinetində söhbət edərkən bu
gerçəkliyin qürurunu bölüşürük. Elə
xatirələrimiz də eyni səmtlərdən qanadlanır.
Rəhbərlik və camaat əlbir olanda
Mən layihə ilə əlaqədar
rayon icra hakimiyyətində olmalıyam. Rəhbərliklə
görüş vaxtına qədər qarşı meydanda gəzişib
narın yağan qarın dadını çıxarıram. Arada
müvafiq sandığım sakinlərlə söhbətə
cəhd edirəm. Hərdən alınır. Eşitdiklərim
bir az qəribə görünsə də, olduqca xoş gəlir
mənə. Şikayətlənən yoxdur. Varsa da, mənə
rast gələnlər olana şükr edirlər. Həm də
rayonlarının son illərdəki inkişafından
qürur duyduqlarını dilə gətirirlər. Ölkə
rəhbərliyinə, Prezident İlham Əliyev cənablarına
minnətdar olduqlarını bildirirlər.
Başqa məqamlar da
var. Rayon icra hakimiyyətinin başçısı Nizami Ələkbərovun
camaatla daha yaxın olması, ona müraciət edən sakinləri
hər dəfə eyni səmimiyyətlə dinləyib
lazımi tədbirlər üçün göstərişlər
verməsi, məmurlar komandasını müntəzəmliklə
rayona, vətəndaşlara xidmətə səfərbər
etməsi həmişə rəğbətlə
qarşılanır. Xüsusilə başçının
camaatla əl-ələ verib rayonun inkişafı
üçün həyata keçirdiyi tədbirlər, bu tədbirlərin
uğurlu nəticələri.
Dağlar, meşələr, qalalar
Böyük Qafqazın
cənub yamacında yerləşən İsmayıllı
rayonunun ərazisi 2074 kv-dir. Rayonda mərkəz
İsmayıllı şəhərindən başqa Lahıc və
Qubaxəlilli qəsəbələri, 108 kənd var. Əhalisi
81.000 nəfərdir. Girdiman və Göyçay
çayları sanki sağ və sol sərhədlərini təşkil
edir. Mineral bulaqları zəngin olan Qalacıq və Diyallı
kəndlərində, eləcə Aşıqbayramlı
gölündə, digər xırda çay və göllərdə
şirin su ehtiyatları boldur. Rayonun meşə ərazisi
66.799 hektardır. Topçu və Talıstan meşələri
daha qədim və zəngindir. Faunasına da bir çox qiymətli
heyvan və quş növləri daxildir. Rayonda ekologiyanın
qorunmasına xüsusi diqqətlə yanaşılır, nəzarət
güclüdür.
Rayon ərazisində bir
çox qədim dövr abidələrinin qalıqları
qorunur. Bunlardan Qız qalası, Cavanşir qalası, Mustafaxan
qalası, Niyal qalası və s. daha çox tanınan abidələrdəndir.
Uzun illərdir ziyarətgaha çevrilmiş məşhur Baba
dağı da İsmayıllı rayonunun ərazisindədir və
zirvənin hündürlüyü 3623 metrdir.
Sosial iqtisadi inkişafın yüksələn xətti
Rayon haqqında bu
qısa məlumatlardan sonra keçid edək Dövlət
Proqramının icrası ilə əlaqədar görülən
işlərə, əldə olunan nəticələrə.
2010-cu ildə rayonda ümumi məhsul buraxılışı
106296.3 min manat, əvvəlki ildən 871.3 min manat çox olmuşdur.
49108.1 min manatlıq kənd təsərrüfatı məhsulları
istehsal edilmişdir.
Əsas kapitala
investisiyalar 33262.5 min manat olmuşdur. İl ərzində 8260.2 min manatlıq
əsas fondlar istifadəyə verilmişdir. Rayon üzrə pərakəndə
əmtəə dövriyyəsi
62062 min manat olmuşdur.
2010-cu ildə rayon Əhalinin
Sosial Müdafiəsi Mərkəzində, Dövlət Sosial
Müdafiə Fondunda yeniliklər baş vermiş,
yaxşı nəticələr qazanılmışdır.
Poçt və telekommunikasiya, digər ənənəvi xidmətlər
sahəsində irəliləyişlər diqqəti cəlb
etmişdir. Əhalinin su, elektrik enerjisi və qaz
yanacağı ilə təmin olunması istiqamətində
mühüm tədbirlər həyata keçirilmişdir. Son
illər rayonun 28 kəndinə qaz xətti çəkilmiş,
sakinlərin məişət şəraiti
yaxşılaşmışdır.
Prezident İlham Əliyevin
2009-cu il oktyabr ayının 29-da İsmayıllıya səfəri
zamanı verdiyi tapşırıq, tövsiyyə və məsləhətlər
2010-cu il üçün rayon rəhbərliyinin fəaliyyət
proqramı olmuşdur. Prezidentin sərəncamı ilə
İvanovka zonasına içməli su çəkmək
üçün ayrılmış 3,5 milyon manat vəsaitə
uyğun olaraq layihə hazırlanmış və işə
başlanılmışdır. 2010-cu ildə su kəmərinin
çəkilişində əsas işlər başa
çatdırılmışdır.
Rayon icra hakimiyyəti
yeni infrastruktur layihələrinin icrasında yalnız büdcədə
nəzərdə tutulmuş vəsaitlə kifayətlənmir,
qeyri-hökumət təşkilatları, beynəlxalq maliyyə
qurumları, iş adamları ilə işgüzar əlaqələr
yaradır. Bunun nəticəsi olaraq mühüm tədbirlər
həyata keçirilmişdir.
İsmayıllı - turizm səltənəti
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev Nazirlər
Kabinetinin 2010-cu ilin yekunlarına həsr olunmuş iclasında
2011-ci ili "Turizm ili" elan etməsi ölkənin turizm mərkəzlərindən
olan İsmayıllı rayonu üçün xüsusi əhəmiyyət
daşıyır. Bununla əlaqədar təbii ki, rayonda
genişmiqyaslı işlər görüləcək. Bu il
istifadəyə veriləcək 202 yerlik müasir otel kompleksdə
həmin tədbirlərin tərkib hissəsidir. Şəhərin
Nəriman Nərimanov, Ələkbərzadə və Ərəstun
Mahmudov küçələrində, "Xatirə
kompleksi" əhatəsində yeni işıqlandırma
sisteminin quraşdırılması, Qalacıq,
Sumağallı, İstisu və Çayqovuşan kəndlərində
enerji şəbəkəsinin yenidən qurulması və
sim-kart sisteminə keçilməsi ötən ilin
uğurları sırasındadır.
Özəl sektorun,
sahibkarlıq fəaliyyətinin inkişafı Prezident
İlham Əliyevin müəyyən etdiyi iqtisadi siyasətin əsas
istiqamətlərindəndir. Buna istinad edən rayon rəhbərliyi
sahibkarlığın inkişafı üçün
münbit şərait yaratmışdır. Turizm və istirahət
mərkəzlərinin tikintisində və onların fəaliyyətinin
təşkilində bu hal özünü daha qabarıq
göstərir.
Rayonun təhsil, səhiyyə
və mədəniyyət sahələrində də
uğurlar əldə olunur. 2010-cu ildə qazanılan nəticələr
sevinc doğurur. Xüsusilə təhsil sahəsindəki
uğurlar bir ənənə şəklini almaqdadır.
Azərbaycan
Respublikası Mədəniyyət və Turizm Nazirliyi tərəfindən
"Sənətkarlar paytaxtı" elan olunmuş
İsmayıllı rayonunda bu il çoxsaylı tədbirlər
keçiriləcəkdir. Burada təbii ki, Lahıc və
Basqal nümunələri yenə də ümumi təntənəni
müəyyənləşdirəcəkdir.
Məzahir ƏHMƏDOĞLU
Ədalət.- 2011.- 1 mart.- S. 7.