Yurdumuza Novruz
gəlir, yaz gəlir...
Torpağa bax, torpağa,
Sanki qalxır ayağa.
Buxarlanır nəfəsi,
Oyanıbdır həvəsi.
Baharım hey, yazım hey,
Söhbətim hey, sazım hey!
Düzlər yenə çiçək açır,
Günəş qovur, soyuq qaçır.
Bumbuz şaxta, odlu Günəş,
Yazla qışın davasıdır.
Üzə dəyən sərin meh də,
Gözəl yazın havasıdır!
Torpağım hey, havam hey!
Torpaq insanın
anası, hava isə laylasıdır. Biz Ana torpağın
qoynunda dünyaya gəlirik, onun saf havasını uda-uda,
canımıza, qanımıza, ruhumuza hopdura-hopdura pərvəriş
tapırıq. Varlığımızda dörd ünsür,
cövhər birləşir, bizi yaşadır: hava, su, od və
torpaq... Baharda bu dörd cövhərin hamısı təzələnir,
yenidən doğulur. Ana Torpağın təzələnməsi
daha cilvəli, təravətli olur. Hə, əzizlərim, qədim
odlar yurdu Azərbaycanda Novruzun gəlməsinə dörd həftə
qalmış bayram hazırlığına başlanır.
Novruza qədərki "boz ay"ın dörd üskü
çərşənbəsinin hər axşamı tonqal
qalayır, üstündən atlanaraq:
"Ağırlığım, uğurluğum, qadam-balam
burda qalsın, azarım-bezarım, ağrım-acım odda
yansın", "Mənim sarılığım sənə,
sənin qırmızılığın mənə" və
s. kimi deyimlər söyləyir, qada-baladan, azar-bezardan iraq
olmağı, qurtulmağı diləyir, min illərlə
tarixi olan qədim türk yurdunun insanları sanki
yüngülləşirlər.
Adətən, çərşənbələrin
ilki olan su çərşənbəsi günü müəyyən
ayinlər, adətlər həyata keçirilir. Səhər
lap tezdən qız və gəlinlər bir yerə
yığışaraq axar su üstünə gedirlər.
Qızlar suyun üstündən atlana-atlana oxuyurlar:
Atıl-matıl çərşənbə,
Ayna təkin baxtım açıl çərşənbə!
Sonra isə tez ərə
getmələri üçün niyyət tutub iki əllərinin
baş barmaqlarını iplə bağlayırlar. Suyun
üstündən bir neçə dəfə hoppanır və
ipi kəsib suya atırlar ki, bəxtləri
açılsın, tezliklə ərə gedib xoşbəxt
bir ailənin təməlini qoysunlar. Başqa bir adətə
görə isə bayram günlərində xırda-xırda
duzlu kökələr bişirilir və subay qızlar gecə
yatanda həmin kökədən yeyib üstündən su
içmədən yatırlar. Həmin gecə yuxuda qıza
su verən oğlan onun nişanlanacağı, yaxın gələcəkdə
evlənəcəyi bəxtəvərdir... Axır çərşənbədə
isə yenə də qızlar yedikləri almanın
tumlarından 10 dənəsini balışının
altına qoyub yatır və yuxuda nişanlısını
görürlər... Göründüyü kimi, bütün
bu adətlər də öz növbəsində, hər
işdə xoşniyyətli olan xalqımızın ailə əxlaqına,
nəsil artırmaq, soy-kökünü yaşatmaq istəyinə
söykənir...
Anamız dediyimiz
torpağın oyanışı Novruza qədərki çərşənbələrin
sultanı olan axır çərşənbədə daha
çox duyulur. Təbiətən humanist, xeyirxah olan, gündəlik
qayğıları ilə yaşayan, heç bir qonşunun
bostanına daş atmayan xalqımızın əsrlərin
sınaqlarından keçirərək günümüzədək
qoruyub nəsillərə əmanət etdiyi el törənlərində
təntənə ilə qeyd olunur. Ulularımızın sazla,
sözlə, şən rəqslərlə
qarşıladığı çərşənbələr
bir-birini əvəzləyərək göstərir ki,
artıq su, od, hava, torpaq oyanmış, təbiət cana gəlmiş,
əkin-biçin vaxtı yetişmişdir... Əski inanclara
görə, sonuncu ünsürün oyanması ilə Su, Od,
Külək və Torpaq daha böyük güc alaraq
libasını dəyişir, yer üzü, dağlar, dərələr,
düzlər ağappaq qardan yapılmış bəmbəyaz
kürkünü çıxararaq yamyaşıl donunu geyinir,
elat yoxluq və qıtlıqdan, soyuq qışın
yaratdığı məhrumiyyətlərdən qurtulmaq
üçün böyük hazırlıq işlərinə
başlayır. Ona görə də Novruzun mahiyyətində
bir xilasolma, qurtuluş missiyası da durur. Qışın sərt
şaxtalarla müşayiət olunan soyuğundan,
qıtlıq və çətinliklərindən yazın gəlməsilə
qurtulan xalq daxilən sevinir, yeni məhsul, bolluq fəslinin
yetişməsini bayram edir. Əslində tarixən əsas məşğuliyyəti
əkinçilik və maldarlıq olan həyatsevər bir
xalqın içdən gələn sevinc duyğularına, bu
duyğuların ən bariz ifadəsi olan Bahar-Novruz bayramı
şənliklərinə təbii yanaşmamaq absurddur. Hələ
uşaqlığımdan anamın
"alaçalpo"-"qurd ulayan vaxt" dediyi qışla
yazın mübarizəsi dövründə maddi
sıxıntıların (qışa tədarük olunmuş
ərzağın tükəndiyi, yeni məhsulun-göyərti
və tərəvəzin, mer-meyvənin isə hələ
yetişmədiyi qısa, lakin üzücü bir müddət)
hər bir kənd ailəsinin başının
üstünü kəsdirdiyini xatırlayıram.. Bu
sıxıntılar onların müdrik kəlamlarında lap
aydınca duyulmaqdadı: "Mart çıxdı, dərd
çıxdı", "Martın hamısı, aprelin
yarısı qışdandı", "Martın on beşi
qış, on beşi yazdı" və s. Hətta
qışla yazın, "şərlə xeyirin"
davası dövrü kimi izah edilən "boz ay"a
"danaqırılan" ay da deyilir. Əfsanəyə
görə, qarı nənə çölü-düzü
novruzgülünün, qar çiçəklərinin bəzədiyi
vaxt, həm də qış boyu yeyilib tükənmiş quru
ota qənaət etmək üçün danalarını
otlamağa buraxır. Heyvancığazlar bütün
günü novruzgüllərini yemək üçün
ora-bura vurnuxur, lakin nə qarınları doyur, nə də
gözləri... Axşamadək yorulub heydən düşən,
həm də ac dalan danalar gecə ölür. Buna görə
də novruzgülünə el arasında "danaqıran"
gülü də deyilir...
Qışdan qurtulma
inancı ilə bağlı yaranmış mifoloji təsəvvürə
görə, el-obanın qıtlıqdan əziyyət çəkdiyi
bir gün Su, Od və Yel Torpaq xatunun yeraltı məbədinə
qonaq gəlirlər. Qış uyğusuna dalmış Torpaq
xatunu oyadaraq ona elatın aclıq və qıtlıq çəkdiyini
söyləyirlər. Torpaq xatun: - İnsanları fəlakətə
salan özü fəlakətə düşər," - deyərək
yerindən qalxır. Su, Od, Yel və Torpaq xatun əl-ələ
verərək: - Zəmzəm gəldi, Atəş gəldi,
Yel gəldi, Təzə ömür, təzə məhsul, il gəldi,
- nəğməsini oxuya-oxuya işıqlı dünyaya
çıxırlar.
Deyilənə görə,
həmin gün ilin ən əziz günlərindən biri olan
"Axır çərşənbə" imiş...
Qışın sazağının, çətinlik və
qıtlığının sona yetməsindən və
baharın gəlişindən yana sevinən ulularımız,
yazı vəsf edən nəğmələrində
("Günəşi çağırma"): - Gün
çıx, gün çıx, Kəhər atı min
çıx, Keçəl qızı (qışı) evdə
qoy, Saçlı qızı (günəşi) götür
çıx, deyib oxuyan sinədəftər nənələrimiz
el-obaya bu sevinci yaşadan dörd ünsürü - yeli,
seli-suyu, torpağı və günəşi-odu bircə bənddə
necə orijinallıqla öyüb, nazlayıb, sevə-sevə
oxşayıblar:
Qabaqda yeli gözəl,
Dalınca seli gözəl,
Yaxasında sünbülü,
Başında teli gözəl.
Tarixən ilin axır
çərşənbəsi daha rövnəqli keçirilər,
şənlik məclisləri qurularmış. Məhz bu
baxımdan "Axır çərşənbə" şənlikləri
özünəməxsusluğu ilə seçilir, onun mərasim,
ayin, etiqad, oyun və şənlikləri daha təmtəraqlı,
daha zəngin və rəngarəng olur.
Bir qayda olaraq, nahaq qan
tökənləri, el arasında ədavət, nifaq
salanları, kin-küdurət yayanları, xalqa qarşı ədalətsiz
iş görənləri də insanlar mifləşdirdiyi suya,
onun kəramətinə tapşırardılar. Suyun ilahi
qüdrətinə tapınmaq əski inanclarla, mifoloji təsəvvürlərlə
bağlıdır. Əfsanəyə görə, hər tərəfdən
düşmənlərin hücumuna məruz qalacağını
eşidən oğuz türkü Qara xan çarəsizlik
içərisində çırpınırkən Qara
çayın üstünə gedir və dərdini suya
danışır, ondan neyləməli olduğunu soruşur.
Qara xana elə gəlir ki, Qara çay bir anlığa
dayandı və onu dinlədi, sonra isə kükrəyərək
şaqqıltı ilə yenidən axmağa başladı.
Bundan sonra Qara xanın düşüncəsinə bir
aydınlıq gəlir, plan cızır, döyüşə
ciddi hazırlaşır və nəhayətdə
güclü düşmənə qalib gəlir. Qədim
dövrlərdə su kultuna inam, suyu, odu mifləşdirmək
onların təmizlik, xilaskarlıq xüsusiyyətinə əsasən
yaranmış, bəzi ayinləri günümüzədək
qorunub saxlanılmışdır. Bu gün də yuxusunu
qarışdıranlar, yuxuda kabus görənlər səhər
tezdən gördüklərini axar suya danışırlar, hər
səhər əl və üzə su çəkilir, yas
yerindən gələn analarımız başlarının
üstündən üç dəfə ovcu ilə su ataraq
sanki ağırlıqdan qurtulurlar, oda-ocağa
ahıllarımız bu gün də and içirlər və
s.
El-oba "Axır
çərşənbə"də bir araya gələr,
yeni əkiləcək torpaq sahələrində, əkin yerlərində
şənliklər keçirərmiş. Bu şənliklər
zamanı müxtəlif mərasim nəğmələri,
sayaçı sözlər, holavarlar da ifa olunarmış...
Odla bağlı şənliklər isə əsasən
axşamtərəfi, qaş qaralanda başlayar və gecəyarısına
qədər davam edərdi.
Yazın gəlişi,
torpağın oyanması ilə ruhu yüksələn, sevinən
ulularımız torpaqla, Yer kultu ilə bağlı o qədər
ibrətamiz məsəllər, inanclar, bayatı, oxşama,
sayaçı sözlər, hətta tapmacalar
düzüb-qoşublar ki... Deyiblər ki, "Torpaqdan pay
olmaz", "Torpağa əyilən namərdə əyilməz",
"Torpaq Qızılquşdur, əldən buraxdın,
uçar gedər", "Torpaq deyər: - Öldür məni,
dirildim səni", "İnsanın eybini torpaq örtər"
və s. Hələ bir-birinin məlumat, bilgi dərəcəsini
yoxlamaq, fəhm duyğusunu sınamaq həvəsinə də
düşüblər:
Mal etsən, malın
olar,
Şanında balın olar,
Yazda, yayda çullanar,
Qış fəsli yalın olar, --
deyə gözlərini
qıyaraq soruşublar və "Torpaq" cavabını
alıncayadək gözləyiblər. Görün, yazı -
təbiətin nazlı qızı baharı nə qədər
ustalıqla nəzmə çəkib, əsil adını isə
gizlədiblər:
Yağar yağış, qaçar qış,
Əlində cürbəcür iş,
Yaşıllaşar, boy atar,
Fəsillərə naz satar.
İnsanların sevinc və
fərəhini təbiət öz təbii oyanışı
ilə daha da cilvələndirir, bayram yeli, bahar nəsimi
dalğalanır, baharın ilk müjdəçisi, həyalı
gəlinə bənzər Novruzgülü-Qarçiçəyi
yaz günəşinin ilıq nəfəsindən əriməkdə
olan qarın altından baş qaldırır. Ağ buludlardan
süzülən yaz yağışı aləmə nur tək
çilənir, dağların arasından durnagözlü
bulaqlar qaynayır, bulaqotu nazlana-nazlana suyun üzündə
üzür, dəstə-dəstə quşlar da xəlvəti
bir an seçərək oğrun-oğrun bulağın
gözündən su içir, gecə quşlarının nəğməsi,
bülbüllərin cəh-cəhi, göyərçinlərin
göy üzündə "qızıl qanad
açmaları" insanı riqqətə gətirən həyati
gözəlliklər yaradır!..
Uzaq və yaxın
keçmişimizdə olduğu kimi, bu günümüzdə
də xalq gəlişini on bir ay gözlədiyi, şövqlə
qarşıladığı milli bayramın - Novruzun
bütün ənənələrinə sevə-sevə əməl
edir. İlk olaraq fiziki və mənəvi təmizlənmə
həyata keçirilir. Bayram ərəfəsində həyət-bacalar
səliqəyə salınır, ağaclar budanır,
bağ-bağçaya "bənövçə" suyu
verilir, dam-divarlar ağardılır. Qızlar, gəlinlər
həyət-bacanı, ev-eşiyi təmizləyir,
xalça-palazı, yorğan-döşəyi havaya verir,
çırpır, iqlim şəraiti imkan verərsə, yuyub
qurudur və otaqları bəzəyirlər. (Keçmiş əyyamlarda
isə nişanlı qızlar adaxlılarına güllü
yun corablar, əlcəklər, qollu və qolsuz yun köynəklər
toxuyar, araqçınlarına cərgə-cərgə pul tikər,
əllərinə həna yaxar, qaşlarına vəsmə,
gözlərinə sürmə çəkərdilər.
Çərçilər kəndlərə çıxar, hər
nə istəsən, satardılar: gümüş zəncir,
araqçın, düymə, sap, qaytan, şəvə, muncuq,
üskük-oymaq, kəhrəba, mərcan, ağ nabat,
noğul, kişmiş, saqqız və s. Kənd camaatı da
özünə zəruri olan şeyləri alardı). hər
kəs təzə, əsasən də qırmızı rəngdə
paltar geyir, ixtiyar insanların, böyüklərin və
valideynlərin görüşünə gedir, nişanlı
qızlara bayram xonçası aparılır. Uşaqlar fərəhdən
qol-qanad açır, yerə-göyə sığmayan sevinclə,
damlardakı bacalardan şal sallayır, papaq atır,
bayramlıq alır, şairinsə könlü pərvazlanardı:
Bayram idi, gecəquşu oxurdu,
Adaxlı qız bəy corabın toxurdu,
Hər kəs
şalın bir bacadan soxurdu,
Ay nə gözəl qaydadı şal sallamaq,
Bəy şalına bayramlığın bağlamaq.
(ardı var)
Esmira Fuad (Şükürova)
Ədalət.- 2011.- 1 mart.- S. 8.