Kitab və kitabxanalar niyə yaranıb?
Müasir dövrümüzdə
elm və texnologiyanın artan inkişaf tempi müsbət dəyərləri
ilə yanaşı, həm də mənfi çalarları ilə
özünü göstərməkdədir. Bir çox sahələrdə
müşahidə olunan bu narahatedici hal, müqabilimizdə
böyük çatlar yaradıb. Danılmaz haldır ki,
texnologiyanın cəmiyyətimizə gətirdiyi yeniliklər
insanlarımızı günbəgün təbiilikdən
uzaqlaşdırır. İndi daha çox texniki imkanlardan
istifadəyə üstünlük verilir. Konkret olaraq əvvəllər
hamının mütaliə ilə yanaşı, həm də
bir növ görüş yerinə çevrilən məlumat
və elm ocağı kimi tanınan kitabxanalar
yavaş-yavaş virtual alternativləri ilə əvəzlənir.
Bu gün iddia etmək olmaz ki, təxminən 15-20 il öncə
kitabxana salonlarında müşahidə olunan mənzərəni
görmək olar. Bir vaxtlar kitabxanalarımızda oxucu əlindən
"iynə atsan yerə düşməzdi", amma indi bu məkanlara
gedənlər barmaqla sayılacaq qədər azdır.
Yarandığı gündən
bu günümüzə kimi müxtəlif istiqamətlər
üzrə insanların maariflənməsində əvəzsiz
rol oynayan kitabxanalarımızın formalaşmasında tarixdə
öz adını qoymuş böyük şəxsiyyətlərin
rolu əvəzsizdir. Təsadüfi deyil ki, zaman keçdikcə
insanların həyatında öz müsbət təsirini
bağışlayan kitabxanalarımız humanitar elm kimi tədris
olunmağa başlayıb.
Onu da deyək ki, müasir gəncliyimizdən
fərqli olaraq əvvəllər insanlar kitablara təkcə
oxuyub, məlumatlanmaq üçün deyil, həm də mənəvi
istirahət kimi yanaşmışlar. Əlbəttə ki,
kitabxanalar yazılmışları bir araya yığan,
qoruyan, onlardan insanların faydalanmasını təşkil edən
xalqa xidmət göstərən evlərimizdir. Hələ
eramızdan əvvəl müxtəlif yollarla yazılan
kitabların son dərəcə ciddi mühafizəsində də
yalnız bir məqsəd vardı: insanların maariflənməsi
və yaradılanların gələcək nəsillərə
ötürülməsi. Şübhəsiz, əsrlər
boyunca yazılaraq bu günümüzə qədər gəlib
çıxan, həmçinin də hazırda nəşr
edilən milyonlarla kitab bu sahənin zənginləşməsinə
xidmət edir. Lakin bu heç də o demək deyil ki, bu
artım tempi qaneedici sayılır, çünki kəmiyyətlə
müqayisədə keyfiyyətin artımı narazılıq
doğurur. Bu günümüzdə əhəmiyyətini
itirmiş kimi görünən əyani vəsaitlərin
araya-ərsəyə gəlməsi üçün ta qədimdən
bu işə böyük zəhmət sərf edənlərin
keçdiyi yola nəzər salmaq maraqlı olardı.
Ən qədim kitabxanalar ilk
dəfə qədim Şumerdə yaranmışdı. Qədimliyi
və dəyəri baxımından qiymətli olan belə
kitabxanalardan biri də Assur hökmdarı tərəfindən
qurulub. Hökmdar Aşşurbanipal tərəfindən
eramızdan əvvəl 625-ci ilə qurulan kitabxananın
adı Ninova olub. Bu kitabxanalardakı kitablar üzəri
şiş uclu alətlə yazılmış gil lövhələr
olub. Misirdə eradan öncə yaradılmış İsgəndəriyyə
kitabxanası isə dövrünün ən böyük
kitabxanası kimi tanınıb. Bir çox tarixçilər
hesab edir ki, İsgəndəriyyə kitabxanasının
yaranması bir çox tarixi faktların izini itirib. Onu da qeyd
edək ki, qədim dövrlərdə ilk kitabxanalar dövlət
idarələri və məbədlərdə yaranırdı.
Orta əsr kitabxanaları isə təxminən 1000 kitabı
olan kiçik monastr kitabxanaları idi.
Tarixilik baxımından qədim
olan bizim ölkəmizdə də ənənəvi kitabxanalar
mövcuddur. Amma müasir dünyada qrafik, səsli və
görüntülü kitabxanaların olması barədə
çoxunuzun məlumatı var. Aydındır ki, internet
kitabxanalarının indiki qədər inkişaf etmədiyi
yaxın keçmişimizdə kitabxanalar təhsilə və
elmə ən böyük yardımçı idi. Elmin yeniliklərinə
rəğmən bu gün də kitabxanalarımız də öz
funksiyasını qoruyub saxlamaqdadır. Çünkü bir
sıra nəşrlər var ki, onları internetdən əldə
etmək mümkün deyil. Belə situasiyada kitabxanaların nə
qədər böyük dəyər
daşıdığı özünü göstərir.
Bu gün dünyada öz zənginliyi
ilə tanınan bir çox kitabxanalar fəaliyyət göstərir.
Dünyanın bir hissəsi olan Azərbaycan da bu baxımdan
geridə qalmır. Azərbaycanın ən böyük
kitabxanası olan M.F.Axundov adına Milli Kitabxana nəinki
Qafqazda, eləcə də Avropa qitəsində, o cümlədən
bütün dünyada şöhrəti olan ən
böyük milli kitabxanalardan biri hesab edilir. Qeyd edək ki,
1923-cü ildə kiçik bir mənzildə, 5 min nüsxə
kitabla fəaliyyətə başlayan Milli Kitabxananın
hazırda fondunda 5 milyona yaxın kitab var. Eyni zamanda bir ildən
çoxdur ki, kitabxanada elektron kataloq mövcuddur.
Bu gün daha tez-tez
eşitdiyimiz "kitabxanalarda oxucu problemi var" fikri bəzi
hallarda qəbul olunmur və bu sahədə
çalışanların hamısı olmasa da çox az bir
hissəsi oxucu problemi ilə üzləşmədiklərini
bildirirlər. Bu fikirləri bölüşənlər virtual
oxucu kütləsini nəzərə almağı məsləhət
bilirlər. Amma ortada bir həqiqət var ki, o da son illərdə
oxucu kütləsinin əhatəsinin məhdudlaşmasıdır.
Onu da qeyd etmək yerinə düşər ki,
kitabxanalarımızda oxucuların sayının
azalmasının digər səbəbləri də var.
Bunlardan ən başlıcası da soyuq fəsillərdə
kitabxanalarda oxu zalının soyuq olması, istilik təchizatının
zəif və yaxud da ümumiyyətlə olmamasıdır.
Digər səbəblərə gəlincə, bunu rəyi
soruşulanların hərəsi bir cür izah edir. Kiminə
görə indi virtual aləmdə kifayət qədər vəsaitin
olması, evdən çıxmadan da istədiyi kitabı əldə
etməsidirsə, kimisi də hesab edir ki, kitabxanalarda mühit
normal deyil, qayda-qanun yoxdur. Başqa birinin fikrincə, isə
axtardığını tapa bilmirsən, ədəbiyyat
çatışmazlığı problemi yaşanır. Milli
Kitabxanadakı səraitin normal olmasından oxucular
razılıq edir, amma oradakı vəsaitdən yalnız tələbələrin
və elmi işçilərin yararlana biləcəyi iddia
olunur. Oxucuların əksəriyyəti ən yeni ədəbiyyatı,
dünya şöhrətli kitabları burada tapmağın
müşkül olduğundan narazılıq edirlər. Tapsan
da "viran" olmuş, bəzi vərəqləri
çıxarılmış halda olacaq.
Digər bir problemli məsələ
isə azərbaycandilli oxucuların sayının ildən-ilə
azalmasıdır. Əldə olunan məlumatlara əsasən
həm kitab bazarında, həm də kitabxanalarda böyük əksəriyyət
rusdilli ədəbiyyata üstünlük verir.
Araşdırmalar onu göstərir ki, kitab
alıcılarının 12 faizi azərbaycandilli, 80 faizi isə
rus dilində kitab alır. 8 faizi də ingilis, fransız, alman
və s. dillərdə olan vəsaitlərdən istifadə
edir.
Bu mənzərədən hasil
olan nəticəyə əsasən həm ictimai-siyasi
situasiyanın, həm cəmiyyətin mənəvi-psixoloji,
sosial-iqtisadi durumunun təsiri var. Hər şeydən öncə
isə düşüncə tərzinin önəmli rolu
vurğulanmalıdır. Rus dilində kitablara
üstünlük verənlər bu seçimi müxtəlif
fikirlərlə izah edirlər ki, bu əsaslar içərisində
tərcümədən narazılıq öndə gəlir.
Bir qisim oxucu hesab edir ki, azərbaycandilli kitablar olduqca bəsit,
ötəri və "həvəskar" yazılır, peşəkarlıq
az hiss olunur. Başqa bir qisim oxucunun fikrincə, rus dilindən
öz dilimizə tərcümə edilən kitablar da
yaxşı deyil, çünki tərcümə üzdən,
dayaz edilir, keyfiyyətsiz iş görülür, dilçilik
qanun-qaydalarına əməl edilmir.
Üçüncü qisim
isə hesab edir ki, bizim dilimizə tərcümə edilən ədəbiyyat
xarici dilli vəsaitin necə deyərlər
"tör-töküntüsü"dür. Sadəcə
olaraq tərcümə üçün hər hansı bir
kitab götürülür və tərcümə edilir və
kimin, necə yazıldığına, nədən
yazıldığına önəm verilmir. Həmçinin də
kitabları rus dilindən tərcümə edən
"Çıraq", "Nurlar" kimi nəşriyyat evlərində
dilimizin qrammatik qaydalarını bilən savadlı tərcüməçilərin
almamasından da narazılıq olunur.
Təsadüfi deyil ki,
yaxın keçmişimizdə insanların dəyəri onun
nə qədər kitab oxuması ilə müəyyən
olunurdu və bu sahədə əməlli-başlı
yarış gedirdi. Hətta kimsə, hansısa əsəri
oxumadığı üçün xəcalət hissi
keçirirdi. Görünür, bu yarışda olan oxucular
Herbert Spencerin- "Bir insanın dəyəri onun oxuduğu
kitablarla ölçülür"-ifadəsindən də xəbərsiz
deyildilər. Tanınmışlardan biri isə - "Əgər
siz bir insanı öldürsəniz, Tanrının
güzgüsünü, ağıl sahibini
öldürmüş olursunuz. Əgər ağıl məhsulu
olan bir kitabı yox etsəniz ağılın
özünü yox etmiş olursunuz. Çünki Tanrı
bunu bağışlamır"-deyib.
Tarixdə yazının,
kitabın dəyərini anlayan, onu yaradan, qoruyub bu
günümüzə ötürənlərlə yanaşı,
onu məhv edənlər də az olmayıb. Bu əməllərin
sahibləri törətdikləri hadisələri müxtəlif
amillərlə izah etsələr də nə qədər
böyük günah işlədiklərinin fərqində
deyildilər. Bu günümüzdə də kitaba
dırnaqarası baxılmanın günahı heç də
saysız-hesabsız kitabları yandıran makedoniyalı
İsgəndərdən, eləcə də "bu kitablarda
yazılanlar Quranda varsa artıqdır, yoxsa küfrdür"
düşüncəsi ilə dünyanın ən
böyük kitabxanalarını yandırmaqda ad
çıxarmış ərəblərdən az deyil.
Gülgün
Ədalət.- 2011.- 2 mart.- S. 3.