DAK Türkiyədə
"Xocalı həftəsi"
keçirdi
Dünya Azərbaycanlıları
Konqresinin (DAK) təşəbbüsü ilə Türkiyədə
"Xocalı həftəsi" keçirilib. DAK mətbuat
xidmətindən APA-ya verilən məlumata görə, DAK rəhbərliyi
səfər çərçivəsində Ankarada Türkiyə
Böyük Millət Məclisində (TBMM) siyasi
partiyalarının təmsilçiləri ilə
görüşüblər. Görüşdə Türkiyə-Azərbaycan
münasibətləri, Dağlıq Qarabağ münaqişəsi,
qondarma erməni soyqırımı və digər məsələlər
müzakirə edilib.
Bundan əlavə, Azərbaycan
Milli Məclisinin PKK problemini, Türkiyə Böyük Millət
Məclisinin isə Xocalı faciəsini soyqırımı
aktı kimi qəbul etməsi, o cümlədən Azərbaycan-Türkiyə
diasporunun birgə hərəkət etməsinin zəruriliyi
müzakirə obyekti olub. Səfər zamanı DAK rəhbərliyi
Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri
Dövlət Baxçalı ilə də
görüşüb. Görüşdə türk
dünyasında, Azərbaycanda, Türkiyədə və
özəlliklə də Güney Azərbaycanda baş verən
proseslər əsas müzakirə mövzusu olub. D.Baxçalı
Türkiyədə baş verən proseslər, MHP-nin Azərbaycan
Respublikası və Güney Azərbaycan siyasəti barədə
ətraflı məlumat verib. Bundan əlavə, həmin
gün Ankara şəhər Etimesgut bələdiyyəsi və
Azərbaycanın Türkiyədəki səfirliyinin birgə
təşkilatçılığı ilə Xocalı
soyqırımı barədə sərgi keçirilib. Etimesgut
bələdiyyəsinin sədri Ənvər Dəmirəl və
Etimesgut kaymakamı Rəcəb Ərkılıç
çıxışlarında Xocalı
soyqırımını bəşəriyyətin ən
böyük faciəsi adlandırıblar.
Sonda Xocalı
soyqırımı haqda film nümayiş etdirilib və faciə
qurbanlarının ruhuna ehsan verilib. Eyni zamanda DAK nümayəndə
heyətinin bir qrup üzvü MHP-nin qurucusu, başbuğ
Alparslan Türkeşin Ankaradakı məzarını ziyarət
ediblər. DAK rəhbərliyi Cümhuriyyət Xalq
Partiyasının sədri Kamal Kılıçdaroğlu ilə
görüşüb. Görüşdə Azərbaycan-Türkiyə
münasibətləri, Güney Azərbaycandakı son durum və
İranda Azərbaycan türklərinə qarşı
aparılan assimilyasiya siyasəti, soydaşlarımızın
milli azadlıq mücadiləsi K.Kılıçdaroğlunun
diqqətinə çatdırıb. K.Kılıçdaroğlu
isə öz növbəsində bütün qaldırılan
məsələlərə öz müsbət
yanaşmasını açıqlayaraq, Güney Azərbaycan
məsələsində hamının diqqətli
olmasının vacibliyini söyləyib. Xocalı faciəsinə
də münasibət bildirən CHP sədri ermənilərin
törətdikləri bu soyqırımı pisləyərək,
Qarabağın əzəli Azərbaycan torpağı
olduğunu daha bəyan edib.
Ədalət.- 2011.- 2 mart.- S. 5.