1906-1908-ci illərdə "Qarabağ Birlik Məclisi" - "Difai"nin fəaliyyəti

 

(əvvəli ötən saylarımızda)

 

Müəllif bu kitabında erməni millətçi təşkilatlarının terrorçu fəaliyyətinə cavab olaraq Azərbaycanda ilk milli təşkilat "Difai" (Müdafiə) Partiyasının yaradılması və fəaliyyəti tarixi tətbiq edilir. Ən müxtəlif mənbələrdən cəlb edilmiş zəngin faktiki materialın təhlili və ümumiləşdirilməsi əsasında bu mövzunu ideoloji ehkamlardan və milli-subyektiv baxışlardan asılı olmadan işıqlandırmağa cəhd edilmişdir. Əsərdə "Difai"nin fəaliyyəti erməni-azərbaycanlı ziddiyyətlərinin yaranmasının ilkin tarixi şərtləri və səbəbləri fonunda nəzərdən keçirilir. Çar Rusiyasının XVIII əsrin birinci rübündən başlayaraq Cənubi Qafqaza hərbi-siyasi ekspansiyası bu ziddiyyətlərin əsasını qoymuşdur. Həmin siyasətin həyata keçməsində erməni amilinə imperiyanın regionda sosial dayağı və müsəlman dövlətləri olan Türkiyə və İrana qarşı mübarizə xristian forpostu rolu ayrılırdı. Məhz bu siyasət nəticəsində XX əsrin əvvəlində erməni-azərbaycanlı ziddiyyətləri kuliminasiya nöqtəsinə çataraq, açıq qanlı qarşıdurmaya çevrilmişdir. Azərbaycanlı əhalinin erməni terrorundan qorunmasında "Difai" Partiyasının rolunu obyektiv və əsaslandırılmış şəkildə işıqlandırılması zərurəti müasir dövrdə bu araşdırmanın əhəmiyyətini və aktuallığını şərtləndirir.

Bununla bərabər, proqramda vurğulanırdı ki, "Difai" hər hansı xalqın hüquqlarına qəsd edən təşkilat deyildir. "Daşnaksutyun" haqqında isə bunu demək olmaz. Çar hökumətinin polis raportlarından və müxtəlif vəzifəli şəxslərin məruzələrindən göründüyü kimi, difaiçilərin ermənilərə qarşı çoxsaylı bəyanatlarına baxmayaraq, bu partiyanın erməni əhalisi üzərində kütləvi zorakılıqlarda iştirakı ilə bağlı heç bir hal qeydə alınmamışdır (halbuki minlərlə azərbaycanlı "Daşnaksutyun" partiyasının üzvlərinin əli ilə qanına qəltan edilmişdir. - Müəllif). "Difai"nin məqsədi müsəlmanların milli bənzərsizliyini ruslaşdırılmadan və ermənilərin təcavüzündən qorumaq, Qafqaz xalqlarının rifahına nail olmaq və onların arasında həqiqi qardaşlıq münasibətləri yaratmaq idi. "Difai" hətta "Daşnaksutyun"la birgə işləməyin mümkün olmasını da etiraf edirdi, əgər "Daşnaksutyun" səmimiyyətlə öz proqramını elan edərsə və o, Qafqaz xalqlarının rifahına razı olarsa, biz ona həmrəylik əlimizi uzatmağa hazırıq. Lakin əgər daşnaklar köhnə qaydada fəaliyyəti davam etdirərsə, müsəlmanlara xaincəsinə hücum edərsə, onlar amansız cavab zərbəsinə məruz qalacaq və bütün Qafqaz sonu görünməyən qanlı meydana çevriləcəkdir, çünki "Difai" partiyası buna yol verməyəcəkdir ki, ermənilər bizim millətin yerlə yeksan edilmiş, yandırılıb xaraba qoyulmuş yurdunda özlərinə rifah yaratsınlar. T.Sventoxovski qeyd edir ki, "Difai" partiyasının həyasızlaşmış bandaların başları üzərindən ermənilərə əl uzatması Azərbaycan ziyalılarının yüksək humanizm təzahüründən başqa bir şey deyildi. Təəssüf ki, "Daşnaksutyun" liderləri bu çağırışı eşitmədilər.

Difaiçilər belə hesab edirdilər ki, baş verən hadisələrin əsas təqsirkarı hökumət orqanlarıdır. Terror aktlarının həyata keçirilməsi üçün "Difai"nin döyüş təşkilatlarından xüsusi döyüşçülər qrupu seçilir, onlar partiyanın bu və ya digər qərarının icrasını təşkil edir və həyata keçirirdi. Bu qrupun üzvləri əvvəlcə and içirdilər. Cavanşir qəzasının rəisinin raportunda deyilirdi: "Ümumi anddan əlavə, partiyanın agentləri hər bir kənddə 2-3 şəxs seçir və onları xüsusi and içməyə məcbur edirlər. Güman etmək olar ki, həmin şəxslər partiya üzvlüyünə qəbul edilir və yaşadıqları yerlərdə həm terror aktlarının, həm də partiyanın başqa sərəncamlarının icraçıları olacaqlar".

1906-1908-ci illərdə difaiçilər tərəfindən törədilmiş və böyük əks-səda doğurmuş ən iri siyasi terror aktları general-qubernator Qoloşşapova sui-qəsd və Şuşa hadisələri zamanı onun dəftərxana müdiri Kleşşinskinin öldürülməsi olmuşdur. Tiflis Quberniya Jandarm İdarəsinin rəisi Başinskinin 21 oktyabr 1909-cu il tarixli məruzəsindən göründüyü kimi Qoloşşapovdan narazılığa səbəb 1905-1906-cı illərin erməni-azərbaycanlı münaqişələri dövründə onun müsəlmanlara zidd hərəkətləri ilə əlaqədar olmuşdur. Başinski yazır: "1906-cı il avqust ayında Bakıdan Şuşaya gələn Əhməd bəy Ağayevin orada çağırdığı yığıncağın iştirakçıları siyasi xarakterli, odlu-alovlu nitqlər söyləmiş, müsəlmanları hökumətə və hakimiyyət orqanlarına qarşı çıxarmağa çağırmışdılar. Ağayev, doktor Kərim bəy Mehmandarov və başqaları deyirdilər ki, müsəlmanlar rus hökumətinə hələ də sadiqdirlər, hökumətin həmin sədaqətə cavabı isə bu olmuşdur ki, general Qoloşşapov erməni hampaları ilə əlbir olaraq tatarlara qarşı çıxmış, onların evlərini dağıtmış, minlərlə müsəlman ac-yalavac qalmışdır və s. Yığıncaqda general Qoloşşapovun hərəkətlərindən narazılıq və tam anlaşılmazlıq ifadə edilməsi və canişindən onun geri çağırılması barədə xahiş olunması məsələsi qoyulmuşdur. Bundan az sonra Şuşada Qoloşşapova qarşı çağırışlar səsləndi". Beləliklə, müsəlmanların V.N.Qoloşşapovdan narazı olması barədə çar hökumətinə əvvəlcədən xəbərdarlıq edilmişdi, lakin zəruri tədbirlər görülməmişdi. Bu vaxtdan etibarən general-qubernatora sui-qəsd üçün səylə hazırlıq görülürdü. Terror aktının hazırlanması və həyata keçirilməsi barədə bu aktın təşkilatçılarından biri, sonralar həbs edilərək Şuşa qəza həbsxanasında saxlanılan Səməd Məşədi Həsən oğlunun ifadəsindən məlumat almaq olar. Bu ifadə 1909-cu il avqustun 19-da istintaq zamanı verilmiş və ştab-romistr Rudenkonun Tiflis Quberniya Jandarm İdarəsinin rəisinə məruzəsində öz əksini tapmışdır. Səməd Məşədi Həsən oğlunun ifadəsindən görünür ki, terror aktı keçirilməsi barədə qərar 1906-cı ilin payızında "Difai" partiyasının Şuşa şəhər sakini Muxtar Qaytaranın evində keçirilmiş iclasında qəbul edilmişdi. Həmin iclasda Məşədi Səlim Ağa oğlu, Şahzadə Keyqubad Mirzə, Həsən Qara Şərif oğlu, Cahangir xan, Şuşa şəhərinin tatar məhəlləsinin pristavının köməkçisi Paşa bəy və Məşədi Şamil Həfniyyə Rəhim oğlu iştirak edirdi. Yığıncaqda Gülablı kəndinin sakini Mürsəl Rza oğlunun köməyi ilə Qoloşşapova qarşı terror aktının icrasını öz üzərinə götürə biləcək bir nəfər tapmaq qərara alınmışdır. Belə bir adam tapıldı. Bu, Gülablı kəndinin sakini Hüsü Əli oğlu idi. Ona izah etdilər ki, general Qoloşşapov tatarlara çox pislik etmişdir və hər bir həmvətənimizin borcu qardaşlarımızın ölümünün qisasını almaqdır. Ona silah - "Smit Veson" tipli pistolet və Tiflisə getmək üçün 300 rubl xərclik verilmişdi. Hüsü Əli oğlu Tiflisə gələndən sonra Şeytanbazardakı "Bakinskiye nomera" mehmanxanasında yer almış və iki ay müddətində general Qoloşşapovu müşahidə etmişdi. 1906-cı il noyabrın 8-də V.N.Qoloşşapov faytonda gedərkən ona iki atəş açılmış və o, ölümcül yaralanmışdı. Hüsü Əli oğlu terror aktını həyata keçirəndən sonra gizlənməyə məcbur olmuşdu. Bundan az sonra "Difai" bir neçə qəzet redaksiyasına özünün möhürü ilə proklamasiyalar göndərmiş və bu sui-qəsdə görə məsuliyyəti öz üzərinə götürmüşdür.

Qafqaz müsəlmanlarına ünvanlanmış proklamasiyada deyilirdi: "İki güllə yarası almış general Qoloşşapovun mənfur və sizin üçün rəzil həyatı başa çatmışdır. Qarabağda törətdiyi mənfur əməllərinə görə "Difai" partiyası tərəfindən ölüm cəzasına məhkum edilmiş general, axır ki, haqlı cəzasını aldı. Bu, Qafqaz müsəlmanlarının şərəf və ləyaqətinin müdafiəsi yolunda "Difai"nin ilk çıxışı və üst-üstə yığılmış xalq qəzəbinə görə ilk qisas aktıdır. İndi minlərlə dərdli ana və bacıların göz yaşı quruyacaqdır. İndi Zəngəzur, Şuşa, Cəbrayıl və Cavanşir qəzalarının minlərlə müflisləşmiş, evsiz-eşiksiz sərgərdan gəzib dolaşan minlərlə sakini az da olsa rahat nəfəs alacaqdır". Proklamasiya "yaşasın Difai" sözləri ilə bitirdi. Həmin proklamasiyada "Difai" partiyasının müsəlman əhalisi qarşısında cinayətlərinə görə ölüm cəzasına məhkum etdiyi başqa şəxslərin əhatə dairəsi də göstərilirdi. Bu siyahıda birinci yeri V.N.Qoloşşapovun sabiq dəftərxana müdiri Kleşşinski tuturdu. Onu ölüm cəzasına Şuşa komitəsi məhkum etmiş, terror aktının icrası isə A.M.Pişnamazzadənin başçılıq etdiyi Yelizavetpol komitəsinə həvalə edilmişdi. Bu barədə Cavanşir qəzasının 2-ci sahəsinin pristavı İsmayıl bəy Qəhrəmanbəyov Tiflis Quberniya Jandram İdarəsi rəisinin Yelizavetpol quberniyasındakı köməkçisi rotmistr Kornilova izahatında məlumat vermişdi. O vaxt Kleşşinski kəndlilərin işləri üzrə Yelizavetpol quberniya idarəsinin üzvü idi. 1907-ci il aprelin 25-ə höküm partiyanın üzvü Q.M.Həmzəyevin qohumu olan Seyid Miri adlı bir şəxs tərəfindən icra edilmişdir. H.Şeyxzamanlının (H.Keykuranın) xatirələrində göstərilir ki, bu iki qətl hadisəsi Rusiya hökumətini sarsıtmış və "onu daha ağıllı olmağa məcbur etmişdi". Çoxsaylı axtarışlara və hətta "Difai" partiyasının üzvlərindən heç olmasa bir nəfərini hökumətə təslim edəcək şəxsə 50000 manat qızıl pul məbləğində mükafat ayrılmasına baxmayaraq, o vaxt "Difai"nin üzvləri arasında çar hakimiyyəti orqanlarında işləyənlər də vardı. Onlardan biri polisdə katib və tərcüməçi vəzifəsində işləmiş Sədrəddin adlı şəxs idi. Məhz onun sayəsində məlumat alınmışdı ki, Molla Hadı oğlu adlı bir şəxs tez-tez polisə gəlir. Aparılmış təhqiqat nəticəsində müəyyən edilmişdi ki, Molla Hadı polisin xəbərçisi olmuşdur. Bundan sonra partiya bir müddət öz fəaliyyətini dayandarımağa məcbur olmuş, Molla Hadı isə ölüm cəzasına məhkum edilmişdi.

 

(ardı var)

 

 

Eldar Əzizov

 

Ədalət.- 2011.- 2 mart.- S. 6.