Amaliya Pənahova: "Mən bir daha Akademik Milli Dram
Teatrına qayıdan deyiləm"
Azərbaycanın xalq artisti, Bakı Bələdiyyə
Teatrının bədii rəhbəri Amaliya Pənahovanın
APA-ya müsahibə verib. Amaliya Pənahova ilə söhbətimiz
Bakı Bələdiyyə Teatrının yeni ünvanı
olan "Dostluq" kinoteatrında baş tutdu. Son aylar ərzində
bir neçə ünvan dəyişən bu teatr kollektivinin
soyuq binada yeni tamaşalar hazırladığının
şahidi olduq. Öyrəndik ki, burada teatrın hələ
son ünvanı deyil və teatr burada müvəqqəti məskunlaşıb...
- Amaliya xanım, yeni məkanınız mübarək
olsun. Nəhayət, Bakı Bələdiyyə Teatrına yeni
bina verildi...
- Yeni məkan deyəndə
ki, faktiki olaraq hələ bizim məkanımız yoxdur. Bura
köçürülmüşük, çünki 15 il
Şəhriyar adına klubda fəaliyyət göstərirdik.
Bir günün içində bizi küçəyə
atdılar, üç-dörd ildir harada olduğumuzla heç
kim maraqlanmır. Sağ olsun, yenə Mədəniyyət və
Turizm Nazirliyi bizə balaca bir yer ayırdı. Hələ bu
yerin bizim ünvanımız olacağını deyə bilmərəm,
çünki əlimdə nə sənəd, nə bir
kağız var. Hər halda yerləşdiriblər, sağ
olsunlar.
- Azərbaycan kino və teatr tarixinə əvəzsiz
rollarla adını yazmış Amaliya Pənahovaya
qarşı bir neçə ildir davam edən qeyri-müəyyən
münasibəti anlaya bilmirik. Kimdir Sizinlə bu ədavəti
aparan?
- Əslində
yaratdığım teatr çox yüksək qiymətləndirilmişdi.
Bilirsiniz ki, teatrın 10 illiyində mərhum Heydər Əliyev
20-dən çox əməkdaşımıza fəxri adlar
verdi, işimizi qiymətləndirdi. Arada bu hadisələr
baş verəndə söhbət qalxdı ki, bunların
binası yoxdur, gəlin bu teatrı bağlayaq. Prezidentimiz
İlham Əliyev cənablarına minnətdaram, onun sayəsində
bu teatr bu gün də fəaliyyətdədir. O ildən bu ilə
biz yenə də sübut etdik ki, bu teatr yaşamalıdır.
Teatrın özünəməxsus, digər teatrlardan fərqli
repertuarı var. Teatr respublikada birinci olaraq vətənpərvərlik,
qəhrəmanlıq mövzusunda tamaşalar hazırladı,
cəbhə bölgələrində
qaçqın-köçkünlər, əsgərlər
qarşısında çıxış elədi. Teatrın
2009-2019-cu illərdə inkişaf planı dövlət
başçısı tərəfindən təsdiqləndi və
İlham Əliyev hər zaman öz çıxışlarında
deyir ki, Azərbaycanda bir teatr da binasız, təmirsiz, yeni təchizatsız
olmayacaq. Bu baxımdan mənə elə gəlir ki, növbə
yavaş-yavaş bizə də çatacaq. Mən bu halı qərəzli
münasibət, özümə hörmətsizlik kimi qəbul
etmirəm, sadəcə... Düşünmək ki, niyə mən
birinci yox, sonuncuyam, bu artıq nadanlıq olar. Ona görə
düşünürəm ki, bu qədər
dözmüşük, bir azda dözməliyik.
- Amaliya Pənahova ümid edir?
- Mən ümidimi heç
zaman üzmürəm, görə-görə gəlirik. Hər
halda deyirlər işləyənə, sədaqətə,
etibara zaval yoxdur. Kollektivimizlə birgə
düşünürük ki, çətin günün
ömrü az olar. Sözsüz, teatrın öz binası
olmalıdır, teatr böyük yaradıcılıqla
paralel, həm də təsərrüfat sahəsidir. Burada bir
çox sahələr var ki, tamaşaçının
gözündən kənarda qalır, amma bu gündəlik
işdir, fəaliyyətdir, bu baxımdan teatrın gərək
sözsüz ki, öz binası olsun. Teatrın 20 illik fəaliyyəti
dövründə çoxlu kostyum, rekvizit, dekor
yığılıb və bunlar hamısı yer tələb
edir. İndi hələlik bunların hamısı mənim
bağımdadır, konteynerlərdə qalıb, bəziləri
çürüyür, bəziləri...
Görürsünüz ki, buranı bir az səliqəyə
salmışıq ki, işləyə bilək. Üç
otaqdır və zalda səhnə düzəltmişik. Soyuq
atmosferdə hamımız qalın geyinib otururuq, tez-tez xəstələnirik,
amma ümidimizi yenə də üzmürük. Sözsüz
ki, ayrı-ayrı ünvanlarda tamaşaları göstərmək,
tez-tez yer dəyişmək bizə çox ziyan verir. Çətin
şəraitə baxmayaraq biz il ərzində 3-4 yeni tamaşa
göstəririk, yeni premyeralar edirik. Bütün bu çətinliklərə
baxmayaraq, çalışırıq fəaliyyətimizdən
qalmayaq. Fəxr edirəm ki, bizim teatrın səhnəsində
uzun illər getməyən tamaşalar həyat üzü
görəndən sonra, artıq başqa teatrlar da həmin
tamaşaları yada salır və öz repertuarına daxil
edir. O cümlədən, "Ölülər"i,
"Nadir şah"ı. Bizdən asılı olmayan səbəblərə
görə, "İblis" tamaşası hələ qalıb.
Teatrları da qınamaq olmur, hansına müraciət edirsən,
öz yaradıcılıq planı var, öz məşq cədvəlləri
var. Amma fəaliyyətimizi kim poza bilər?! Onsuz da teatrlar bu
gün fədakarların çiyinləri üzərində
yaşayır. Bu fədailər olmasa, teatrda
çalışmaq, yaratmaq, yaşamaq, dolanmaq çox çətindir.
Tarixə nəzər salsaq görürük ki, teatrda
çalışanlar gülləyə də, böhtana da,
zaman-zaman haqsızlıqlara da tuş gəliblər. Mən nə
birinciyəm, nə sonuncu... Nə qədər səhhətim
imkan verirsə, ömür vəfa edirsə, teatr
üçün çalışacağam.... Biri bunu deyə-deyə
rəhmətə getdi, həyat yoldaşımla bərabər
bu teatrı yaratdı və dəyən zərbələrə
onun ürəyi dözmədi. Elə-belə olmadı ki, hər
şey... O da arzulayırdı ki, bu teatrın binası olsun.
Biz bu məhrumiyyətlərə dözürdük,
düşünürdük ki, teatrın nə vaxtsa öz
binası olacaq. Bizə ayrı-ayrı ölkələrdən
çoxsaylı təkliflər gəlirdi. Mən bilirəm
ki, bütün bu təkliflər respublikaya zərər vurmaq
və bunu şouya çevirmək niyyəti
daşıyırdı. Deyirdilər ki, gəlin
hamılıqla qalın, biz sizə bina da veririk, şərait
də yaradırıq, evlər də, ad-san da, əsas pul
veririk, təki siz gəlin, özü də elə bu ad
altında - Bakı Bələdiyyə Teatrı olaraq fəaliyyət
göstərin. Mən elə nadan deyiləm və siyasətdən
də uzaq deyiləm ki, bunların nə oyun olduğunu
anlamayım.
- Akademik Milli Dram Teatrında bir çox yeniliklər
olacaq. Teatrdan uzaqlaşan aktyor heyətinin də tamaşalarda
rol alacağı deyilir. 18 ildir bu teatrdan uzaqlaşan Amaliya Pənahovanı
necə, bu səhnədə görə biləcəyikmi?
- Yox, mənim öz
teatrım var. Mən çox dözümlüyəm, ancaq
qırılanda bərk qırılıram, sonra ora
qayıtmıram. 30 il o teatrın səhnəsində 200-dən
artıq qadın obrazları yaratdım. O teatrın
bütün ağrı-acısı ilə yaşadım və
teatrın repertuarını 30 il çiynimdə
daşıdım. Amma nəticədə naxələflərlə,
haqsızlıqlarla üzləşdim, son nəticədə də
bu teatrı yaratdım və ora ilə birdəfəlik
üzülüşdüm. Mən bir daha o teatra qayıdan
deyiləm. Kim ifamı görmək istəyirsə, öz
teatrım var və mənim yaradıcı heyətim heç
bir teatrdan aşağı səviyyədə deyil, əksinə
üstündür. Mən buna başımla cavabdehəm.
Çox böyük məsuliyyətlə deyirəm ki, burada
çox böyük istedadlar, gözəl gənclik,
inkişafa aparan yaradıcı heyət var və bununla fəxr
edirəm. Kimin arzusudur, kim gözəl nümunə görmək
istəyirsə, gəlsin, teatrımda tamaşa qoysun, mən də
çıxış edim, aktyorlarım da oynasın. Bu teatra
şərait yaratsınlar. Bəzən mənə elə gəlir
ki, bir çoxları bu teatra şərait yaratmağa qorxurlar
ki, birdən o biri teatrlardan üstün olar.
- Bəlkə bu, teatrınıza deyil, şəxsən
Sizin özünüzə olan münasibətdən irəli gəlir?
- Yəqin ki... Hər halda bu
teatr xalq üçündür. Amaliya bunu goruna aparmayacaq ki...
Fəxr edirəm, bilirsiniz niyə? Çünki bu gün
bizimlə bir çox teatrlar rəqabətdədir. Təki
sağlam rəqabət olsun, ortalıqda naxələflik,
düşmənçilik, tapdanmaq olmasın. Bunu silək,
pozaq, böhtan ataq. İllər boyu mən bu münasibətdən
əziyyət çəkmişəm. Çoxları
içində paxıllıq hissi ilə
alışıb-yanıb. Ona görə ki, Amaliyanın bu
zamana kimi uğursuz rolu olmayıb. Nə kinoda, nə teatrda. Mənim
ürəyimdə olan yanğı onların çoxunda
olmayıb... Başım o qədər çəkib ki.
Özümü tanıyandan elə
çarpışıb-vuruşuram, gündəlik həyatımı,
gündəlik sənətimi təsdiq edirəm.
- Yəqin xəbərdarsınız ki, Akademik Milli Dram
Teatrı yeni iş üslubuna keçib. Artıq aktyor və
rejissorlarla müqavilə əsasında iş qurulacaq.
- Mən bunun tərəfdarı
deyiləm və bunu açıq şəkildə bəyan
edirəm. Çünki teatrlar sənətkarlardan
asılı olacaq və bu da nəticədə teatrı məhv
edəcək. Tutaq ki, hər aktyor pul qazanmaq xətrinə
müqavilə bağladı, tamaşalarda iştirak elədi.
Belə olan təqdirdə repertuarı necə quracaqsan?
Aktyorun əsas iş yeri mənim teatrımdadır, o isə
gedir başqa teatrlarla müqavilə bağlayır və
bütün teatrlarda oynayır. Bəs onda mən bu aktyorla necə
işləyim, elə-belə məvacib alsın məndən?!
Onun iştirak etdiyi tamaşaları necə
bölüşüm mən? Sabah mən bir yana getdim, deməli
onu da özümlə aparsam, o biri teatrlar pis vəziyyətdə
qalacaq. Fikrimcə, bu, özünü doğrultmayan bir qərardır.
O zaman hər aktyor diktə edəcək, o zaman həqiqətən
də nizam -intizam pozulacaq, sən aktyora heç bir şey deyə
bilməyəcəksən. Siz 5-6 nəfərdən savayı
hansı böyük aktyorların adını çəkə
bilərsiniz ki, onlar kapitalist dövründə məşhurlaşdılar,
öz xalqını təmsil etdilər? Yoxdur elə şey.
Sabah Azərbaycan teatrı da belə olacaq. İndi deyirlər
çoxuq, yox, çox deyilik. Biz 30 il ərzində teatr səhnəsində
bir ad qazanırıqsa, bu çox böyük şeydir. Hər
il istedad tapmaq da mümkün deyil. Zaman özü
yetişdirir bu istedadı.
- Akademik Milli Dram Teatrına əcnəbi rejissorların
dəvət olunması prosesinə başlanılıb. Bəs
bu addımı Siz necə qarşılayırsınız?
- Bunu mən də
eşitmişəm. XX əsrin əvvəllərində Azərbaycan
teatrında milli rejissora, yerli kadrlar olmayanda əsasən
Rusiyadan çox dəvətlər olundu. Hamısını dəvət
etdilər, gəldilər, amma nəticədə biz öz
milli sənətkarlarımıza söykəndik. Çünki
hər xalqın öz mədəniyyəti var və biz deyirik
ki, bu mədəniyyəti inkişaf etdirməliyik. O gələn
mənim mədəniyyətimin inkişafına xidmət etməyəcək.
Gəlib mənim Cavidimi və yaxud Axundovumu səhnələşdirsin.
Cavidi, Axundovu xarici rejissor məndən yaxşı biləcək?
Ola bilsin ki, biz hansısa bir
məqamı keçid dövründə itirdik.
Çünki rejissorlarımızı,
aktyorlarımızı gərək vaxtaşırı
başqa ölkələrə göndərib, o ölkələrin
teatr mədəniyyəti ilə, tamaşaları ilə, teatr
təchizatı ilə tanış edərdik. Bəlkə
bir-iki nəfəri göndərirlər, o da mütləq
kiminsə dostudur, ya da kiminsə xoşuna gəlib, xaricə
gedib gəlir. Gəlin bu məsələyə qlobal baxaq, bu
addım çox böyük fəlakətə gətirib
çıxara bilər. Əgər biz millikdən
danışırıqsa, buna əməl edək. Sovet
dövründə də deyirdik mədəniyyətimiz formaca
milli, məzmunca beynəlmiləldir. İndi də edək,
ancaq indi nə formaca, nə də məzmunca milli olacaq,
çünki əsərləri dəyişirlər, klassiklərimizi
də ürəkləri istədikləri kimi ixtisarlar edirlər.
Bu nə verir bizə? Bu gün bir çox gənclərimiz təhsildən
uzaqdır, öz yurd-yuvalarından qaçqın
düşmüş insanlarımız var, biz onlara mənəvi
qida verməliyik. Biz onları milli kökə
bağlamalıyıq. Eləməsək, o zaman biz hansı Vətəndən,
vətənpərvərlikdən danışa bilərik?
Teatra bağlılıq körpə yaşından olur.
Baxırdı, görürdü, kiminsə şövqünə
bu sənətə gəlirdi. İndi belə şey var?
- Demək ki, çoxlarının özünə sual
verib cavabını tapa bilmədiyi ki, "axı niyə
yetişmir" sualının cavabı budur?
- İstedadlı aktyor
yetişməməsinin bir çox səbəbi var. Birincisi
budur ki, onları uşaqlıqdan bu sənətə gətirmirlər.
Xatırlayıram, məktəblər, disputlar keçirilirdi,
sonra gəlib inşa yazırdılar, təhlil edirdilər.
Biz məktəbin, məktəb isə bizim xidmətimizdə
idi. İslahatlar deyirlər, hanı islahatlar,
görürsünüz? Dedilər müsabiqə, müsabiqə
gərək hamı üçün eyni olsun, heç kim
seçilməsin. Axı biz aktyorlarımızı
tanıyırıq. Əgər onlara xalq və ya əməkdar
artist adı veriblərsə, artıq onlar müsabiqədən
keçiblər. Elə deyil?
- Amaliya xanım, indi də Azərbaycan kinosuna nəzər
salaq. Siz nəzər salanda nə görürsünüz?
- Milli mənsubiyyətimizdən
kənara çıxdığımızı görürəm.
O filmlərdə sevdiyimiz sənətkarları
görmürük. Bunlar çox böyük amildir. Eyni
zamanda bu gün biz kinolarımızda ürəyimizə
yaxın mövzuları görmürük. Qərbə meyl
atırıq və kinomuzda Qərb ünsürləri olanda
yaxşı qarşılamırıq, çünki
bütün bunlar bizə yabançıdır. Bəlkə mən
geri qalmışam, bütün bunlar inkişafdan xəbər
verir. Bir şeyi nəzərə çatdırım, Qərbi
dünyaya tanıtdıran onların böyük kino sənayesi
oldu. Eyni zamanda onlar bu filmlərə böyük vəsait
buraxdılar və bütün dünyaya yaydılar. Bir
çox zəif, sənəti inkişaf etməyən ölkələr
onların sənətini bayraq edib göylərə
qaldırdılar. Bizim filmlərimizin öz dəsti-xətti
var. Təsadüfi deyil ki, ən çətin dövrdə -
1945-ci ildə "Arşın mal alan" dünyanı zəbt
etdi. Niyə? Milli mənsubiyyəti, milli kadrları, fərqliliyi
ilə... Biz yalnız bununla maraq kəsb edə bilərik.
Muğamımız bütün dünyaya səs salıb,
çünki o bizimdir. Kimsə onu bizdən yaxşı ifa edə
bilməz. Həmçinin kinomuz da, teatrımız da belə
olmalıdır. Bizdə olan istedad, enerji başqa xalqlarda
yoxdur. Yalnız bizi sevənlər azdır və bizi təbliğ
edənlər yoxdur. Kinomuzu milli mənsubiyyətə, milli
kökə söykənən, milli kadrlarımızla
tanıtmalıyıq, nə Depardye ilə, nə bir
başqası ilə tanıda bilmərik, yeni söz deyə bilmərik.
- Ancaq "A" kateqoriya filmlər də deyillər...
- Sözsüz ona da
çatmaq lazımdır. Bilirsiniz, gənc rejissor gedib beynəlxalq
festivalda bir mükafat qazanır, sonra gəlib oturur, heç nə
eləmir. Ona daima iş vermək lazımdır, işləsin,
unutmasın. Bu hələ bizdə alınmır. Biz həm
kinoda, həm teatrda özümüzünkülərə daha
çox etibar etməliyik. Ola bilsin desinlər ki, mən
köhnəlmişəm, zövqüm köhnəlib, amma bu
faktdır. Biz sənətimizi bu cür inkişaf etdirə,
tanıda, təbliğ edə bilmərik. Artıq 47 ildir bu sənətdəyəm
və bu müddət ərzində çox şeylər
görmüşəm. Yoldaşımın vəfatının
bir ili apreldə tamam olacaq. 17 il bu teatrda çiyin-çiyinə
çalışdıq, 47 il ömür-gün
yoldaşım olub. Onsuz çox çətindir, ancaq yenə
də həyat davam edir. Övladlar, nəvələr... Onun
arzuları var idi ki, onlar həyata keçməlidir və ona
görə də əllərimi boşaltmağa ixtiyarım
yoxdur. İçim özümü yandırır,
çölüm özgəni. Çox şükür ki,
mübarizəm, mübariz olmasaydım, yəqin ki
sınardım.
Ədalət.- 2011.- 2 mart.- S. 6.