NEFTÇALA - XƏZƏRİN SAHİLİNDƏKİ RAYON

 

Kür-Araz ovalığının şərqində yerləşən, elə bu istiqamətdən də Xəzər dənizinin mavi suları ilə əhatə edilmiş Neftçala rayonu 1940-cı ildə təşkil edilmişdir. Rayon 1959-cu ildə ləğv edilərək ərazisi Salyan rayonu ilə birləşdirilmişdir. 1973-cü ildə yenidən bərpa olunan Neftçala rayonunda indi 80 minədək əhali yaşayır. Ərazisi dəniz səviyyəsindən 22 metr aşağıda yerləşən Neftçala rayonunda neft, qaz, yod, brom, xörək duzu kimi faydalı qazıntılar var. 1451,7 kvadrat kilometr ərazisi olan rayon iqtisadiyyatının əsasını neft, qaz hasilatı ilə bərabər əkinçilik və heyvandarlıq təşkil edir. Neftçalada "ANŞAD-Petrol" neft və qaz çıxarma müəssisəsi, "Azər-Yod", "Legno-Neftçala", "Xəzər" şirkəti MMC-ləri, "Neftçala Balıq Kombinatı", "Oryad-balıq", "Neftçala Mexaniki Təmir", "Neftçala Kənd-Tikinti", "Qaraqaşlı Broyler", "Neftçala Avtonəqliyyat", "Neftçala-ət" ASC-ləri fəaliyyət göstərir.

Balıqçılıq ənənələri çox əvvəllərə təsadüf edən bugünkü Neftçalada Xıllı, Kürağzı, Kür təcrübi nərə balıqartırma zavodları da rayon iqtisadiyyatının aparıcı qollarından biridir.

Birinci qurğusu 2007-ci ildə istifadəyə verilmiş "Azər-Yod" MMC-nin istehsal etdiyi məhsul isə bu sahədə dünya ölkələri arasında öncül yerlərdən birini tutur.

Rayonda 53 ümumtəhsil məktəbi, 15 məktəbəqədər tərbiyə müəssisəsi, 1 peşə məktəbi, 67 kitabxana, 20 klub, Tarix-diyarşünaslıq muzeyi, Dövlət rəsm qalereyası, musiqi məktəbi, tarixi memarlıq abidələri, xeyli sayda məscid fəaliyyət göstərir.

Neftçala rayonu mərkəzi Neftçala şəhəri olmaqla özündə Bankə, Xıllı, Həsənabad qəsəbələrini və 46 kəndi birləşdirir.

 

Yoldan uzaq olsa da, könüldən iraq deyil

 

Xəzərin sahilində, yol qovşaqlarından kənarda yerləşən Neftçala son illər öz simasını xeyli dəyişib. Rayonun, daha doğrusu Neftçala şəhərinin girişi hesab edilən, 2007-ci ildə əsaslı təmir olunan Heydər Əliyev prospekti kifayət qədər uzun olmaqla bərabər, həm də geniş və səliqəlidir. Daim yaşıllıq içində olan prospektin ətrafındakı inzibati binalar - rayon prokurorluğunun, məhkəmənin, DSMF-nin rayon şöbəsinin, "Texnika Bank"ın, "Xalq Bank"ın müasir binaları prospektə xüsusi bir gözəllik verir. 2007-ci ildə salınmış çox geniş və səliqəli Heydər Əliyev parkındakı Ulu Öndərin əzəmətli heykəli ucalır. Onun xatirəsini yaşadan muzey də müasir memarlığın gözəl nümunələrindəndir. Rayon mərkəzindəki digər yeni inşa edilmiş inzibati, sosial və yaşayış binaları rahat və müasir olmaqla yeniliklərin simvoludur. Məhz bu dəyişikliyi görən və dəfələrlə Neftçalada olmaqla uğurlarına sevinən Prezident İlham Əliyev bu rayon haqqında belə demişdir: "Neftçala rayonunun magistral yollardan kənarda yerləşməsi o demək deyil ki, bu bölgəyə az diqqət göstərilməlidir, əksinə, buraya daha çox diqqət yetirilməlidir. Son illərdə Neftçalada gedən abadlıq-quruculuq işləri, rayonun inkişafında müsbət dəyişikliklər və ümumən iqtisadi potensialın artması burada ciddi irəliləyişlərin olduğunu göstərir. Bu, çox sevindiricidir və həmin yüksəliş prosesinə daha böyük dəstək verilməlidir".

 

Beləliklə, rayonun iqtisadi yüksəlişi

 

Bir sıra iqtisadi-sosial uğurlara imza atmış Neftçala rayonu arxada qalan ildə də inkişaf tempini azaltmamışdır. Bu barədə 2010-cu ilin yekunlarına həsr edilmiş yığıncaqda Rayon İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov da ürəkdolusu danışdı. Doğrudan da ötən il Neftçalada ümumi məhsul istehsalının həcmi əvvəlki illə müqayisədə 27 faiz çoxdur. Bu göstəricinin təkrarı bəlkə də bir çox rayonlarda yoxdur. Neftçalada 10-dan çox yeni müəssisə yaradılmış, 260 fiziki şəxs fəaliyyətə başlamışdır. Nəqliyyat 507 min ton yük, 5476 min nəfər sərnişin daşımışdır. Rayonun rabitə təsərrüfatı əhaliyə, müəssisə və təşkilatlara 459,8 min manatlıq rabitə xidməti göstərmişdir. Əhalinin nominal pul gəlirləri 2009-cu illə müqayisədə 15 faiz artmaqla 31915 min manat olmuşdur. Aqrar sahə xeyli genişləndirilmiş, sahələrdən 100,5 min ton taxıl biçilmişdir. Neftçalada 2010-cu ildə maldarlıq təsərrüfatı böyüdülmüş, iribuynuzluların sayı 939 baş, xırdabuynuzluların isə sayı 845 baş artmışdır.

Rayonda tikinti-abadlıq işləri bir qədər də sürətlənmiş, bu sahədə fəaliyyət göstərən müəssisələr tərəfindən 8685,4 min manatlıq iş görülmüşdür. 39 saylı Yol İstismar İdarəsi isə 990 min manat dəyərində yol təmir işləri aparmışdır.

Qısaca desək, 2010-cu il iqtisadi-sosial inkişaf sarıdan Neftçala rayonu üçün çox uğurlu olmuşdur.

 

Dəli Kürə etibar yoxdur

 

2010-cu ilin may ayının əvvəllərindən Kür boyu rayonların hansı gərginliklər yaşadığı sanki dünən idi. Və nəzərə alsaq ki, Kürün Xəzərlə qovşağında sonuncu rayon Neftçaladır, əlavə şərhə ehtiyac qalmaz. Rayon rəhbərliyi ilə bərabər, sadə insanlar da o günlərdə əsil rəşadət göstərdilər- Kür Neftçalada cilovlandı. Dövlət Neft Şirkətinin 8 müəssisəsindən 120-dən çox texnikası ilə bərabər səlahiyyətli şəxslərin də zəhmətini neftçalalılar yaxşı xatırlayırlar. O gərgin anları bir daha yaşamamaq üçün Kürün Neftçala rayonundan keçən hissəsində bənd bərkitmə işləri bir an da olsa dayanmır. Görülən və görüləcək işlərin daha etibarlı olması üçün səlahiyyətli idarə və təşkilatlar, şəxslər böyük məsuliyyət daşıyırlar axı.

 

Əhalinin sosial qayğıları da unudulmayıb

 

Təbiətən rahat və sakit olan Neftçala sakinləri əsasən kənd təsərrüfatı ilə məşğul olurlar. Kənd sakinləri ilə bərabər rayon mərkəzində yaşayanlar da özlərinə fərdi ev tikməyə üstünlük verirlər. İstər rayon mərkəzində, istərsə də kəndlərdə indi belə müasir və yaraşıqlı evlər çoxdur və onların sayı günbəgün artmaqdadır.

2010-cu ildə "Neftçala Təmir Xidmət" MMC tərəfindən aparılan yaşayış binalarının dam örtüyünün təmiri işinin həcmi 1976 kvadrat metr olmuşdur. Su Kanal idarəsi Neftçalaya 243 min manatlıq xidmət işi görmüşdür. 2010-cu ildə rayona 144,6 milyon kilovatt saat elektrik enerjisi, 11 milyon 500,6 min kub metr təbii qaz vermişdir. Rayondakı 160 çarpayılıq 2 xəstəxana, 15 həkim məntəqəsi, 4 tibb məntəqəsi rayon sakinlərinə xidmət edir. Neftçaladakı 3 uşaq bağçası əsaslı təmir edilib, 1 saylı Mayak kənd uşaq bağçasının tikintisi isə davam etdirilir.

Xəzərin sahilindəki Neftçala rayonu haqqında daha geniş təəssüratı isə burda olmadan öyrənmək çətindir. Bu qeydlər isə buradakı sosial-iqtisadi inkişafın kiçik bir hissəsidir.

  

  

Səxavət Məmmədli

 

Ədalət.- 2011.- 2 mart.- S. 7.