Yurdumuza Novruz gəlir, yaz gəlir...
(əvvəli ötən
sayımızda)
Şəhriyar bu bənddə
xalq adətinin nə qədər incəliyinə varır: Gərək
qaynana, gəlin ayıq olsunlar, fəhmlə bəyin
şalını tanıyıb ona özünə layiq, nisbətən
bahalı bayram payı - naxışlı corab, ipək dəsmal,
tirmə şal və s. bağlasınlar. Bütün bunlar qədim
milli bayramımızın zahiri tərəfləridir. Batini tərəflərinə
gəldikdə isə, qeyd edək ki, Novruzda insanlar daxilən
təmizlənir, saflaşırlar. Bir qayda olaraq bayram günlərində
hamı mehribanlaşır, umu-küsüyə, dedi-qoduya son
qoyulur, insanlar bir-birinə qarşı səmimi, həssas və
diqqətli olur, evlərinə qonaq gedir, bayramlaşırlar. Hər
kəs bir-birinə xoş günlər, istək və
arzularının göyərməsini diləyir. "Kosa-kosa",
"Qodu-qodu", "Günəşi
çağırma," "Yumurta döyüşdürmə",
"Saqqa-saqqa" oyunları oynanar, "Kəndirbaz"ların
həyəcanverici çıxışları insanların qəlbini
coşdurardı... Tarixən Novruzda bayram süfrəsi
xüsusi həvəslə, diqqətlə hazırlanardı.
Bu gün də belədir. Masaya acı və turş nemətlər
qoyulmaz, adı "s" hərfi ilə başlayan yeddi
löyün yemək şeyləri - təmizlik, xeyirxahlıq
və bolluq rəmzi sayılan səməni və Novruzun
müqəddəs yeməyi - səməni halvası, su,
süd, südlüplov, səbziplov (ümumiyyətlə,
bayram süfrəsində plovun olması mütləqdir) və
ya sıyıq, səngək (xırda çay daşları
düzülmüş təndirdə bişirilmiş nazik
çörək), sucuq, süzmə və s.
düzülür, bayram xonçası bəzənir.
Xonçaya hər cür şirniyyat - paxlava, şəkərbura,
şirin qoğal, qatlama (kənd yerlərində fəsəli),
rəngbərəng boyanmış yumurtalar, qovurğa, qovut, səməni,
ləb-ləbi - badam, qoz, fındıq, püstə, xurma, iydə,
innab, kişmiş doldurulur. Novruz süfrəsinə müxtəlif
meyvələr - alma, armud, üzüm, heyva, nar düzmək də
unudulmur, xonçanın tam mərkəzinə isə səməni
qoyulur... Baharı hələ təbiət oyanmadan evlərə-ocaqlara
gətirən, yaşıllıq, dirilik rəmzi sayılan,
xonçaları bəzəyən səməni,
düşünürəm ki, həm də insanın
yaşaması üçün ən zəruri qidadan, bərəkətdən
- buğda və arpadan, bəzən də çovdardan cücərdildiyinə
görə müqəddəs sayılıb... Qız-gəlinlər
səməniyə qoruyucu, hifzedici bir qüvvə kimi baxaraq
onları gələn baharadək
"saxlamasını-qorumasını" diləmiş, ətrafında
dövrə vuraraq oxumuşlar: "Səməni, saxla məni,
İldə göyərdərəm səni". Rəngbərəng
boyanmış yumurtalara gəldikdə isə, deyə bilərik
ki, müdriklərimiz yumurtanın Yer kürəsinin
kiçildilmiş forması olduğunu zənn edərək
bayram süfrəsinin bəzəyinə çevirmiş,
yaşıl rəngdə boyanmış yumurtanı Ana
torpağın-yaşıllığın, qırmızı
rəngdə boyanmışı Günəşin, mavi rənglini
isə Göyün-havanın rəmzi kimi
düşünmüşlər. Qeyd edək ki, bayram süfrəsinə
adı "s" hərfi ilə başlayan yeddi löyün
yeyəcək-içəcək şeylərinin qoyulması və
ümumiyyətlə, Novruzda bir neçə dəfə təkrar
olunan "7" rəqəmi əski türklərin
inancına görə müqəddəs sayılır. Milli
Kulinariya Mərkəzinin direktoru Tahir Əmiraslanovun ("Novruz"-96,
B.,1996) yazdığına görə, ""7" rəqəminin
müqəddəsliyi qədimdə azərbaycanlıların
allah hesab olunan "Ağ işığa" inamı ilə
bağlıdır. "Ağ işıq" kahinləri dəfələrlə
müəyyən şəraitdə Allahın onların
qarşısında 7 rəngdə görünməsinin
şahidi olmuşlar və onlar həmin rəqəmi müqəddəsləşdirmişlər.
Sonralar təbiətdə olan səsin özünün 7 hissədən
(7 not) ibarət olduğu müəyyən edilmişdir"...
Şübhəsiz, həmin inancları göy
qurşağının 7 rəngdən, göyün və
yerin yeddi qatdan, həftənin yeddi gündən ibarət
olması, səməni halvası bişirərkən 7 evdən
buğda unu gətirilərək səməninin şirəsilə
qarışdırılması, uşaq qorxarkən ona 7
qapı cəftəsinin suyunun içirdilməsi və s. bir
daha möhkəmləndirir...
Novruz - bahar bayramı bəşəri,
humanist mahiyyət daşıyır. Bu qədim bayramda həyata
keçirilən bütün adət-ənənələr
yalnız xeyirxahlıq və yaxşılıqdan, mərhəmət
və insana sevgidən qaynaqlanır. Novruzda
könüllülük prinsipi gözlənilir, hər
hansı bir təzyiq, məcburiyyət hallarına yol verilmir.
Heç kəs bir-birini qonşusuna pay verməyə, kasıba
əl tutmağa, yaşlılara, tənha insanlara baş
çəkməyə, bir-birinin evinə qonaq getməyə,
küsülüləri barışmağa məcbur etmir...
Qeyd etmək yerinə
düşər ki, bəzi mənbələrdə milli
bayramımızın tarixi müxtəlif rəqəmlərlə
göstərilir. Əcdadlarımızın Qobustan qaya rəsmlərində
nəqş etdiyi "Günəşi qarşılama" mərasiminin
arxaik ritual təsvirlərinə görə nəticə
çıxarsaq, Azərbaycanda Novruz bayramı düz 12 min
ildir ki, öz təmtərağı ilə keçirilir...
Dərin fəlsəfi məzmunlu
rübailəri ilə tanınan görkəmli filosof -
şair Ömər Xəyyam da "Novruznamə" adlı əsərində
bu qədim xalq bayramından bəhs edir, ona qədər
"Novruz" haqqında yazan müəlliflərə və
astronomik araşdırmalara istinadən, Azərbaycan türklərinin,
eləcə də bir sıra müsəlman xalqların -
özbək, tacik, qırğız, qazax, tatar, fars və
başqalarının əziz günləri olan yeni il-yeni
gün bayramının yaranmasını günəş təqvimi
ilə əlaqələndirir. Yəni, Novruz bayramı Günəşin
iki dövrü ilə bağlıdır. "Birinci dövr
belədir: 365 gün və sutkadan bir qədər keçdikdə
Günəş Qoç bürcünün ilk dəqiqələrinə
qayıdır. Bu dövr ildən-ilə qısalır". Təsadüfi
deyil ki, görkəmli siyasətçi Nizamülmülk XI əsrin
məşhur tarixi - ədəbi abidəsi olan "Siyasətnamə"
adlı əsərində yazırdı ki, "Əcəm
(qeyri-ərəb xalqlar - Azərbaycan, İran)
hökmdarlarının adəti imiş ki, Mehrqan (mehr - sentyabr
ayının 21 - 22-si) və Novruz (martın 21-22-si) günlərində
şah xalq üçün qəbul düzəldər və
o gün heç kəsi həbs etdirməzmiş. Bir neçə
gün əvvəl münadi (carçı məmur - E.F.) car
çəkib deyərdi: "Filan günə
hazırlaşın!" Hər kəs də o günə
öz hazırlığını görərdi.
Bu gün də Azərbaycanda
Novruz bayramı yüksək təntənə ilə,
böyük coşğu və sevinclə, bütün adət-ənənələrilə
keçirilir. Tarixən
qadağalara və repressiyalara uğrayan milli bayramımız 1967-ci
ildə böyük ziyalımız Şıxəli Qurbanovun
səyilə dövlət səviyyəsində qeyd olundu.
Sonralar yenidən qadağalara məruz qalan milli bayramı
Ümummilli lider, XX əsrin nəhəng siyasi xadimi Heydər Əliyev
xalqına - öz sahibinə qaytardı, onun yüksək hərarət
və coşğu ilə qeyd olunması üçün sərəncamlar
imzaladı, şəxsən elin bayram şənliklərində
iştirak etdi, insanlara sevinc, fərəh hissi yaşatdı. Həmin
ənənəni bu gün Ölkə
başçımız İlham Əliyev uğurla davam
etdirir. Azərbaycan mədəniyyətinin böyük hamisi,
Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyeva isə
bir az da irəli gedərək 2010-cu ildə keçirilən
Beynəlxalq muğam festivalına YUNESKO-nun Ümumdünya mədəni
irs siyahısına daxil etdirdiyi İçərişəhərdə
məhz bu milli bayram günlərində start verdirməklə
Azərbaycanı, möhtəşəm, tarixi Novruz
bayramını və əsrarəngiz
muğamlarımızı dünyaya bir daha yaxından
tanıtdı... YUNESKO və İSESKO-nun xoşməramlı
səfiri həm də göstərdi ki, bu xalqın
bayramları, adət-ənənələri, hətta ən
adi istək və arzuları belə xoş niyyətlər üzərində
boy verib... Xarici ölkələrdən
muğamlarımızı dinləməyə gələn
qonaqlar onu da gördülər ki, bu əziz bayramın
bütün xüsusiyyətləri, Azərbaycanın milli mətbəx
mədəniyyəti onun süfrəsində bütün incəliklərinə
qədər əks olunur. Novruz sırf əkinçiliyə,
torpağa, insana məhəbbət, yazın gəlişinə,
torpağın yeni əkininə, məhsul bolluğuna, bərəkətə
və firavan həyata çağırış
bayramıdır və bu xalq şənliyinin əkinçiliyə,
məhsuldarlığa çağırış xüsusiyyəti
bu gün də yaşamaqdadır. Dünyanın xristian dininə
itaət edən əksər xalqları yeni ildə külli
miqdarda həmişəyaşıl, cavan küknar
ağaclarını kəsdikləri halda, Azərbaycan
xalqı baharda, yeni il - Novruz bayramında iməcilik tədbirləri
keçirir, minlərlə ağac əkir, elliklə bağ
salır, hər evdə bayramın ən mühüm atributu
olan səməni - buğda, arpa, çovdar göyərdilir.
Zərdüşt
peyğəmbərin katibi Camasp tərəfindən yazıya
alınmış Zərdüştizmin dini kitabı
"Avesta"da, daha sonra eramızın XI əsrində
Nizamülmülkün "Siyasətnamə"sində
adı çəkilən yaz bayramının - Novruzun tarixin
ağır sınaqlarından keçərək
çağımızadək gəlib çatması,
göründüyü kimi, onun əkinçilik, bolluq,
firavanlıq, xeyirxahlıq missiyası ilə bağlı
olmuşdur. Hər ilimiz, baharımız telli, selli,
sünbüllü, güllü-çiçəkli, bir-birindən
gözəl gəlsin. Qaşlarının düyünü
açılsın böyük Vətənimizin, ana
torpağımız, yurd yerlərimiz yeni ilin axır çərşənbəsinədək
düşmən tapdağından azad olunsun... Cıdır
düzündə möhtəşəm bir bayram tonqalı
çataq, növbəti Muğam festivalının sədaları
da bu tonqal başından yüksəlsin, düşmənin
qulaqlarını kar eləsin, inşaallah!
Esmira Fuad (Şükürova)
Ədalət.- 2011.- 2 mart.- S. 8.