BİR ÖMRÜN ANLARI...

 

Onun günahı repressiya qurbanının qızı olması idi

 

İş otağımızda əyləşib gündəlik qayğılardan, problemlərdən söhbət edirdik. Söz sözü çəkdi və həmkarlarımdan biri bu gün (yəni həmin gün - red.) avtobusda qəribə bir qadınla tanış olduğunu söylədi. Bildirdi ki, bu yaşlı qadın Azərbaycan tarixində, xüsusilə Bakının tarixində önəmli yeri olan məşhur Nağıyevin qohumlarındandır və bir həyat dramı yaşayıb.

Dərhal bu faktı araşdırmaq istəyimi dilə gətirdim. Həmkarım da bildirdi ki, o artıq qadının ünvanını, əlaqə telefonunu götürüb əgər məsləhət olsa, ona baş çəkib, söhbət edib həyat dramını öyrənmək olar. Biz belə də razılaşdıq və günlərin birində arayıb-axtarıb Xırdalan şəhərində onun yaşadığı balaca həyət evinin qapısını döydük. Bu evi tapmaqda bizə onun nəvələri yardımçı oldu. Bu balaca oğlanlar nənələri ilə söhbət etməyə gəlmiş jurnalistləri çox maraqla süzür, az qala onlardan nəyisə öyrənməyə çalışırdılar. Təbii ki, bu uşaq marağı idi və biz də zamanında bu marağı yaşadığımızdan onlarla bir növü zarafat edə-edə ailəyə doğmalıq göstərməyə çalışdıq. İstədik ki, məhz bu doğmalıq da bizim söhbətimizə uğurlu giriş olsun.

Rəfiqə xanım Bakıda, daha doğrusu, Bakının qədim məhəllələrindən biri olan Razin qəsəbəsində (indiki Sabunçu rayonu) 1927-ci ildə doğulub. Atası Müslüm Əmrahov həmin illərdə mötəbər bir dövlət qulluğunda çalışıb. Rəfiqə xanımın dediyinə görə, Müslüm kişi neft şirkətində idarə müdiri olub. Rəfiqənin 10 yaşı olanda atasını "xalq düşməni" kimi həbs ediblər. Bu günə kimi yadından çıxmır...

... Səhər-səhər atasını işə yola salıb özləri məktəbə hazırlaşan övladları aradan çox qısa müddət keçəndən sonra qapılarını tanımadıqları adamlar döydü, evlərində axtarışa başladılar. Məlum oldu ki, Müslüm kişini elə iş yerindən "NKVD"-yə çağırıblar. Təbii ki, həmin vaxtlar bu təşkilat daha çox "xalq düşmənlərinə" qarşı mübarizə aparırdı. Azərbaycanda isə bu işə həm də bir millətçilik donu da geyindirilir, varlı, imkanlı adamların nəslindən olanlar müsavatçı, "xalq düşməni" və digər damğalarla ittiham edilib həbsxanalara atılırdılar.

Həmin günləri xatırlayan Rəfiqə xanım deyir:

- Hələ 1934-cü ildə atamı işlədiyi idarənin müdiri vəzifəsindən çıxararaq bir pillə aşağıya, yəni baş mühəndis vəzifəsinə dəyişdilər. Həmçinin onu partiya sıralarından xaric etdilər. Atam Nəriman Nərimanovla şəxsən tanış idi. Onun vəfatından sonra atama münasibət xeyli dəyişmişdi. Anamın dediklərinə görə, atamı daha çox Nərimanovla olan dostluğuna görə "qara siyahı"ya salmışdılar. Özü də atamın həbsindən sonra bizi yaşadığımız mənzildən də çıxardılar... Onu da deyim ki, atam Qori seminariyasını bitirmişdi. Onu babam oxutmuşdu. Babam onun oxuması üçün xeyli qızıl pul xərcləmişdi. Onda atamın valideynləri Çəmbərəkənddə yaşayırdı. Babamın böyük mülkləri var idi. Bizim əslimiz Balaxanı kəndindəndi. Anam isə gimnaziya təhsili almışdı. Biz ailədə beş uşaq idik. Ailənin böyük övladı 1923-cü ildə doğulub. 1937-ci ildə anamı "xalq düşməninin arvadı" kimi da həbs edib, Qazaxıstana sürgün etdilər. Balaca bacım yaş yarımlıq olduğundan onu nənəm götürdü. Ata nənəm Nisə xanım da sürgündə bizimlə birlikdə oldu. Mən 10-cu sinfi bitirəndə anamı həbsdən azad etdilər. 1945-ci ildə müharibə bitəndən sonra biz Balaxanıya qayıdıb gəldik. Amma bizə burda yaşamağa imkan vermədilər. Dedilər ki, paytaxtda yaşaya bilməzsiniz, 24 saat müddətində şəhəri tərk etməlisiniz. Anamı Bakıdan Göyçay rayonuna sürgün etdilər. O da kiçik qardaşımı və məni özü ilə birlikdə götürüb Göyçaya apardı. Bizi əmimiz müşayiət edirdi. Onun Göyçayda tanışı var idi. Bir müddət burada yaşadıq. Anam evdə tikiş işləri görür, məhlədə, qonum-qonşuda ehtiyacı olanların işinə yarayırdı ki, dolanaq. Bu qərib rayonda bizə heç kim yaxın durmurdu. Çünki sürgün edildiyimizi bilirdilər, ona görə də ehtiyatlanırdılar. Əmilərimi müharibəyə apardıqlarından onları sürgün etməmişdilər. Atamgil 6 qardaş idilər. Atam həbs olunanda əmilərimi oxuduqları ali məktəbdən çıxarmışdılar. Demişdilər ki, "xalq düşməninin" qardaşlarına oxumaq olmaz. Əmilərim Böyük Vətən müharibəsində ağır döyüşlərdə iştirak ediblər, onlardan ikisi həlak olublar. Biz bir il Göyçayda yaşadıq. Evində qaldığımız kişinin arvadı ölmüşdü. Ona görə də müxtəlif vasitələrlə anama təzyiq etmək istəyirdi ki, məni atam yaşında olan bir kişiyə versin. Qonşular anama sirr verdilər ki, kişinin niyyəti qətidir. Əgər qızı verməsən, qaçıracaq. Biz də məcbur olub gecəykən pəncərədən çıxıb qaçdıq və anamla birlikdə həbsdə yatmış bir qadının evinə gəldik. Bu rus qadını da anamla birlikdə Karakanda şəhərində cəza çəkmişdi. Şəhərin müxtəlif yerlərində mülklərimiz olmasına baxmayaraq, biz kirayənişin qalırdıq. Həftədə bir dəfə evləri yoxlayır, mənzillərdə kimin yaşadığını öyrənirdilər. Biz də qonşuların xəbərdarlığı ilə yoxlama gələndə məhlədə tez-tez yerimizi dəyişirdik. Pəncərəmizə də qəzetlər yapışdırmışdıq ki, evin içərisi çöldən görünməsin. Demək olar ki, bir buxanka çörək ilə bəzən iki gün dolanası olurduq. Çünki anam heç yerdə işləyə bilmirdi, yalnız qohumlar, qonşular bizə əl tuturdu...

Kövrələ-kövrələ həyatını danışan Rəfiqə xanım onu da bildirdi ki, o Bakıda Yüngül Sənaye Texnikumunda əmtəəşünas ixtisasına yiyələnib. Yaxşı oxuduğuna görə ona məsləhət görüblər ki, təhsilini davam etdirsin. Lakin atasına görə bu arzusuna çata bilməyib...

-Atam həmişə deyirdi ki, bu çəlimsiz qıza yaxşı baxın, ölüb eləyər, ürəyimizə dağ çəkər. Çünki çox cılız idim. Qıraqdan baxan elə bilirdi ki, çörək yeyib, su içmirəm. Bütün zülmlərə baxmayaraq, birtəhər böyüyürdük. Texnikumu bitirənə yaxın mən ailə qurdum, uşaqlarımız oldu. Həyat yoldaşım Cəbrayıl rayonundan idi, məni ora aparmışdı. Onun Nazirlər Sovetində işləyən qohumunun köməkliyi ilə Cəbrayılda pasport qeydiyyatına düşə bildim. Burada növbətçi mağazada işləyirdim. Sonra rus dilini bildiyimə görə, həmin ərazidə yerləşən Sovet ordusunun rəhbərliyi təklif etdi ki, mən onların mağazasında işləyim. Bu mağazalara rayon yerlərində "voentorq" deyirdilər. Hissə komandanlığı işimdən razı qaldığına görə yaşadığım yararsız vəziyyətdə olan daxmanı hərbçilərin köməyi ilə söküb, yenidən səliqəli şəkildə tikdi. Artıq əməlli-başlı evimiz var idi, qayınatam bizə xüsusi can yandırırdı. Məhz onun razılığı ilə "voentorq"da işləməyə başladım. Sonra hərbçiləri Cəbrayıldan köçürdülər, mağaza da bağlandı. Onlar təklif etdi ki, onlarla gedim, ancaq razılıq vermədim. Ondan sonra rayon ticarət şöbəsində işləməli oldum. 1961-ci ildə Bakıya qayıtdıq, gecə atam yuxuma girdi. Dedi ki, "Baksovetə get".

Səhəri gün ərizə yazıb Bakı Şəhər Sovetinə gəldim. Həmin vaxt atamın dayısı Teymur kişi də bizi axtarıb tapmışdı. O, bizi zirzəmidə yaşamaqdan xilas etdi. Gətirib özünün ikiotaqlı mənzilində yerləşdirdi. Amma qohum evi olsa da, burada yaşamaq mənim ürəyimi sıxırdı, istəyirdim ki, öz evim olsun. Bakı Sovetində həmin gün qəbul günü olmasa da, təkcə məni milis içəri çağırdı. Otağa daxil olanda məni çox mehriban qarşıladılar. Məlum oldu ki, o atamı tanıyır və növbə siyahısına baxanda mənimlə maraqlanaraq içəri dəvət edib. Məhz o xeyirxah insanın, yəni Nəzərovun köməkliyi ilə mənzil ala bildim.

... Öz həyatının müxtəlif məqamlarını göz yaşları ilə nəql edən Rəfiqə xanım bir neçə dəfə ehtiyac üzündən mənzilini dəyişməli olub. Dolanışıq xatirinə şəraitli mənzili təmirsiz, nisbətən şəhərdən kənar yerlərlə əvəz etməli olubdu. Amma heç kimə ağız açmayıb, heç kimin qarşısında qürurunu sındırmayıb. Bircə bizə təqdim etdiyi sənədlərin içərisində köhnə şəkillərlə yanaşı, repressiya qurbanlarına aid vəsiqəni və bəraət kağızını xüsusi bir həvəslə ortaya qoydu. Sanki bu vəsiqə ona edilmiş zülmlərin qarşılığı idi...

İndi nəvə-nəticə sahibi olan Rəfiqə xanım düşünür ki, babasının, atasının şəhərin müxtəlif yerlərində olan mülklərindən bəlkə ona da, ailəsinə də nə isə verdilər, kimsə onları da xatırlayıb yada saldı. Amma...Bu onun arzuları, istəkləri idi. Ömrünün bu çağında uşaqlığına qayıdan, o anları xatırlayan Rəfiqə xanım yenə ümidlidi, yenə nəvələri ilə şirin-şirin danışır, amma gözlərindəki kədər, yaşadığı həyat sarsıntıları heç cürə üzündən, baxışlarından çəkilmir. Çünki onlar həyatın zərbələri ilə onun varlığına hopub. Həyat zərbələrini isə xoş güzəranla, qayğı ilə, diqqətlə, bir də ətrafın sənə olan münasibəti ilə ovutmaq olar. Qonşuların və nəvələrin Rəfiqə xanıma olan münasibətindən biz səmimiyyət hiss etdik. Qalanını isə daha yaxşı Allah bilir...

  

  

Fəridə RƏHİMLİ,

 

Əbülfət MƏDƏTOĞLU

 

Ədalət.- 2011.- 3 mart.- S. 4.