ERGƏNƏKON BAYRAMI - NOVRUZ
Milli-mənəvi dəyərlərə
sahiblənməli
Novruz bayramı
haqqında istər mifoloji, istərsə də etnoqrafik
baxımdan elmi ədəbiyyatda kifayət qədər söz
deyilib. Demək olar ki, bu məsələ ilə bağlı
bütün araşdırmalarda bayram haqqında qısa məlumat
verildikdən sonra xalq tamaşaları, mövsümi nəğmələr,
mərasimlərdən nümunələr göstərməklə
kifayətlənilib. Sanki Novruz folklor materialları
külliyyatından başqa bir şey deyilmiş. Halbuki daha gərəkli
olanı bayramın mahiyyəti, tarixi köklərini araşdırmaqdır.
Məhz bu istiqamətdə
araşdırılan yetərincə
(və ya ümumiyyətlə) olmamasındandır
ki, bu gün
istər elmi dairələrdə, istərsə
də geniş ictimaiyyət arasında Novruzun milli, dini, mövsimi, yoxsa təqvim bayramı olması haqda qəti fikir yoxdur.
Əlbəttə, bir
yazı ilə bu sahədə buraxılan boşluğu
doldurmaq mümkün deyil. Biz yalnız mövzuya yeni
baxış bucağından baxaraq
folklorşünaslığımızın diqqətini yenidən
bu istiqamətə yönəltmək niyyətindəyik. Çünki
bu bayrama tam sahib çıxmasaq, daha dəqiq desək,
sahibliyimizi elmi dəlillərlə təsdiqləməsək,
bir çox milli-mənəvi sərvətimiz kimi bundan da məhrum
olmaq təhlükəsi var.
Novruz fars bayramıdırmı?
"Novruz"un bir fars
sözü olub - yeni gün mənasını ifadə etdiyi
bütün mənbələrdə təsdiq olunur.
Sözün farsca olması və eyni bayramın farslar tərəfindən
də qeyd olunması istər-istəməz hər kəsdə
şübhələr yaradır: Novruz fars
bayramıdırmı?
Əlbəttə, bu
suala dərhal birmənalı cavab vermək düz olmazdı. Öncə
farslarda Novruz bayramının keçirilmə tarixi və
bununla bağlı rəvayətlərə diqqət yetirmək
lazımdır. Farsların rəsmi şəkildə Novruz
bayramını yeni ilin ilk günü, yeni il bayramı kimi
qeyd etməsinə Əhəmənilər (b.e.ə. 558 - b.e.ə.
330) və Sasanilər (225-651) zamanında təsadüf edilir. Qədim
fars təqviminə görə, Novruz martın 21-dən aprelin
21-nə qədər davam edən fərvərdin ayının
birinci günüdür. Bu ay həm də ilin ilk
ayıdır . Əski fars təfəkkürünə görə
isə Novruz Cəmşidin taxta çıxması ilə
bağlıdır. Bunu Firdovsi öz "Şahnamə"sində
də qeyd etmişdir.
Göründüyü
kimi, fars mifik təfəkküründə Novruz Cəmşidlə
başlayır və bu qeyri-müəyyən tarixdən o yana
getmir. Amma məsələ bunda deyil, üzərində
dayanılası əsas məsələ ondan ibarətdir ki, əski
fars düşüncəsindəki Novruzla bugünkü
Novruzun mahiyyəti bir-biri ilə ziddiyyət təşkil edir.
Belə ki, yazın gəlişini bir şəxsin hakimiyyət
başına çıxması ilə bağlamaq ən
azı gülünc olardı. Həm də yuxarıda qeyd
olunduğu kimi farslarda yeni ilin yazın gəlişi ilə
başlanması b.e.ə. VI əsrdən başlayır.
İslamın qəbulundan
sonra Novruz haqda olan rəvayətlərə dini don
geydirilmişdir. Bu rəvayətlərin əsaslarını
aşağıdakı kimi sıralamaq olar:
1 - Tanrı yeri,
göyü və insanı Novruzda yaratmışdır;
2 - Şeytana uyaraq cənnətdən
qovulan Adəm və Həvva Allahın rəhmi ilə Yer
üzündə Novruzda görüşmüşlər;
3 - Qardaşları tərəfindən
quyuya atılan Yusif peyğəmbər bir tacir tərəfindən
Novruzda xilas edilmişdir;
4 - Musa peyğəmbər
əsası ilə Qızıl dənizi yararaq tərəfdarlarını
Novruzda qurtarmışdır;
5 - Həzrəti Əli
peyğəmbər tərəfindən Novruzda xəlifə
elan edilmişdir və ya Həzrəti Əli xəlifə
olaraq Novruzda taxta çıxmışdır .
Bu rəvayətlərin
bəziləri farslarla qonşuluqda yaşayan türk
tayfaları, xüsusən Azərbaycan türkləri tərəfindən
də qəbul olunmuşdur. Novruzun dini motivlərlə əlaqələndirilməsi
də məhz bununla bağlıdır. Amma bu rəvayətlərin
heç birində Novruzun əsl mahiyyəti əks olunmur. Çünki
Novruzun hansı millətə mənsub olmasından
asılı olmayaraq bu bayram ilk növbədə təbiətdə
baş verən dəyişikliklə əlaqədardır. Yuxarıda
göstərilən rəvayətlərin heç birində
isə bu məqam az da olsa əks olunmamışdır. Bütün
bunlar Novruza sahib çıxa bilməyən farsların bu
bayramı islamlaşdırmaq, ona dini don geydirmək
üçün uğursuz cəhdlərindən başqa bir
şey deyildir.
Əlbəttə,
Novruzun farslara heç bir aidiyyatı olmaması haqda daha
geniş və ətraflı yazmaq olar. Yəqin ki, bu
mövzuya yenidən toxunularaq bu barədə yazılacaq. Amma
yuxarlda göstərilən cüzi faktları da əsas gətirərək
qəti demək olar ki, Novruz fars bayramı deyil və
böyük fikir adamımız M.Ə.Rəsulzadənin dili
ilə desək, "Martın 22-si səhər təbiətlə
birgə, yenu ruhla oyanmayan, Novruzun mahiyyətinə varmayıb,
onu sadəcə bir mövsüm bayramı olaraq qəbul edən,
bütün varlığı ilə yeni həyata
başlamayan millət Novruza sahib çıxamaz. Bunun
üçün türk olmaq gərəkir" .
"Ergənəkon" dastanı
Novruz bayramının
türklərə aid olması ilə bağlı əlimizdə
olan əsas mənbələrdən biri "Ergənəkon"
dastanıdır. Bu bayramla dastan arasındakı əlaqədən
danışmadan öncə dastanın qısa məzmununa nəzər
yetirək: Türk ellərində göytürklərə qədər
qüvvətlisi yox idi. Bütün düşmən ellər
birləşib onlara hücum etdilər. Lakin məğlub
oldular. Çünki savaşda hiylə işlədib türklərin
qabağından qaçdılar. Türklər də
onları təqib edib öz yurdlarından
çıxdılar. Düşmənlər birdən geri
qayıdıb türklərlə vuruşdular və qalib gəldilər,
göytürkləri qırdılar. Uşaqlarını qul
edib, özləri ilə apardılar. Göytürk
xaqanının Kayan adında bir oğlu və Tukuz adında
qardaşı oğlu düşmənlərin əlindən
qaçıb öz yerlərinə gəldilər. Amma
düşmənin qorxusundan bir neçə mal-davar alıb,
ellərini götürüb elə bir dağa tərəf getdilər
ki, yoldan yalnız bir dəvə güclə keçə bilərdi.
Bir yerə yetişdilər ki, orada axar çeşmələr,
müxtəlif otlar, meyvə ağacları və ovlar var idi. Orada
qalıb Tanrıya şükür etdilər. O yerə Ergənəkon
dedilər. 400 il sonra insanları və heyvanları o qədər
çoxaldı ki, o yerə sırmaz oldular. Bu zaman oradan
çıxmaq üçün
düşünüb-daşındılar. Dedilər ki,
atalarımızdan eşitdik, Ergənəkonun xaricində
geniş yerlər, gözəl yurdlar var imiş. Bizim yurdumuz əskidən
o yerlər imiş. Dağların arasında bir yol tapıb
buradan köçək, oralara gedək. Aralarında olan bir dəmirçi
dedi: - Burada bir dəmir mədəni var, onu əritsək,
çıxmağa yol açılar. Oranı od qoyub əritdilər
və bir yol açdılar. O günü yadlarında
saxlayıb oradan çıxdılar. O gündən
göytürklər də o günü yeni il bayramı tutmaq
adət olmuşdur. Ergənəkondan çıxanda
göytürklərin padşahı Kayan soyundan olan Börtəçenə
idi.
İndi isə "Ergənəkon"
dastanında Novruzla bağlı məqamlara diqqət yetirək.
Qədin türklər arasında Novruz bayramı ilə
bağlı keçirilən mərasimlərdən biri belə
təsvir olunur. Baharın ilk gününü bayram olaraq qeyd
etmək türklərdə əski bir adətdir. O gün bir
parça dəmiri atəşə qoyub qızdırarlar.
Öncə xaqan bunu başqa bir dəmirlə tutub oda qoyar,
çəkiclə döyər. Ondan sonra bəylər də
belə edərlər.
Bu adət bir qədər
dəyişik şəkildə Krım türkləri tərəfindən
bu gün də qorunub saxlanmaqdadır. Belə ki, Krımda
yaşayan türklər arasında belə bir adət geniş
yayılmışdır. Martın 21-də bütün ailə
bir yerə yığılaraq ailə
başçısının rəhbərliyi altında oda
qoyulmuş dəmiri döyərlər. Yeri gəlmişkən
xatırladaq ki, bu qədim adət Ankaraya toplaşmış
Türk Cümhuriyyətləri başçıları tərəfindən
də təkrar edilmişdir.
Novruz bayramının
"Ergənəkon" dastanı ilə
bağlılığını əks etdirən digər bir
fakt da maraqlıdır. Novruz günü Orta Asiya türklərində,
xüsusilə, uyğur, kazan, ufa türklərində "Ergənəkon"
dastanı oxunmaqdadır. Bu dastan ayrıca dini bayramlarda da
Qurani-Kərimin oxunması bitdikdən sonra da söylənilir.
Göründüyü
kimi, türklər arasında "Ergənəkon"
dastanının izləri az da olsa özünü qoruyub saxlamışdır.
Bu yazı üçün material yığarkən
maraqlı bir faktla rastlaşdıq. Türk alimi A.Çay M.Ə.Rəsulzadənin
1954-cü ilin mart ayında Türkiyədə "Azərbaycan"
jurnalında (N 54) dərc etdirdiyi "Novruz bayramı"
adlı məqaləsinə istinadən yazır: "Azərbaycan
türklərində Novruz bayramına məhəlli şivə
ilə Novruz deyildiyi kimi, Ergənəkon bayramı və ya
Bozqurd bayramı adı da verilir". Təəssüf ki, bu məqalə
bütövlükdə əlimizdə yoxdur. Amma tək elə
bu fakt yeni bir tədqiqat istiqamətinin əsası ola bilər.
"Ergənəkon"
dastanı ilə bağlı qısa qeydləri bu şəkildə
yekunlaşdırmaq olar ki, bu gün Novruz adlandırılan
bayram əski Ergənəkon bayramıdır və bu
bayramın kökü məlum dastandan gəlir.
Nəticə
Əlbəttə, bu
kiçik yazıda Novruz bayramının əski türk Ergənəkon
bayramı olması haqda faktları əhatə etmək
mümkün deyil. Bu ayrıca bir tədqiqat mövzusudur.
Öncə söylədiyimiz kimi, biz yalnız
folklorşünaslığın diqqətini yenidən bu
istiqamətə yönəltmək məqsədini
güdürdük.
Hər halda, Novruz fars
bayramı deyil. Bu bayramın bu gün yaşayan adət və mərasimləri içində
fars və
ya farslaşmış
zərdüştlük dininin
izlərini axtarmaq əbəsdir. Bütün
(hətta zərdüştlükdən
xəbərsiz olan) türk tayfalarında od üzərindən tullanma isə çox ola bilsin ki, Ergənəkonda
dəmiri əritmək
üçün yandırılan
tonqalın nişanıdır
və əfsanəvi yurdda olduğu kimi od üzərindən
tullanan "ağırlığın-uğurluğun",
sıxıntılarını geridə qoyub yeni həyata çıxır.
Novruz dini bayram da
deyil. Nuhun çayların aşıb-daşan
bir vaxtında Yer üzünü basmış suyun bir qədər çəkilməsi ilə
torpağa ayaq basması inandırıcı
görünmür. Həzrəti Əli isə Novruzdan iki ay sonra, 656-cı ilin iyun ayında xəlifə olaraq taxta çıxmışdır.
Bunun əksinə olaraq isə Novruz bayramı özündə
əski türk dini adətlərini qoruyub saxlamışdlr.
Əksər türk ellərində
Novruz bayramına ən yaxın cümə axşamı -
"qara bayram" keçirilir. Bu bayramda qəbiristanlığa
gedilir və doğma adamların ruhu yad edilir.
Əski göytürklərdə də
ilk baharın ilk günlərində
"atalar mağarası"nda
ölmüş insanların
ruhlarının yad edilməsi adət halını almışdır.
Beləliklə,
bütün deyilənləri yekunlaşdıraraq qəti bir
fikrə gəlmək olar ki, Novruz əski türk
mövsüm və milli qurtuluş bayramıdır. Bu bayram
min illərin o tayından gələn Ergənəkon
bayramının günümüzdə yaşayan izidir.
Ergənəkon
bayramınız mübarək!
Yazı Azərbaycan
Respublikasının Prezidenti Yanında Kütləvi
İnformasiya Vasitələrinin İnkişafına Dövlət
Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim
etmək üçün verilir.
Gültəkin Qəhrəmanlı
Ədalət.- 2011.- 3 mart.- S. 5.