Bərəkətli çörək
muzeyləri
Çörəyin
tarixi bəşəriyyətin yarandığı gündən
başlayır. Bu gün dünyanın elə bir ölkəsi
yoxdur ki, orada aparılan arxeoloji qazıntılar zamanı
çörəklə bağlı əlamətlərə
rast gəlinməsin. Tarixi mənbələrdə
İraqın şimalında tapılan ilk mədəni
buğdanın eramızdan əvvəl onuncu minilliyin ikinci
yarısına aid olması göstərilir. Mənbələrdə
həmçinin eramızdan əvvəl 2-3-cü minillikdə
Misirdə 3 buğda növünün əkildiyi qeyd olunur.
Ölkəmizdə də
aparılan arxeoloji qazıntılar zamanı
daşlaşmış buğda növləri eramızdan əvvəl
6-7 minilliyə aid edilir. Bütün sivil mədəniyyət
sahiblərində olduğu kimi bərəkətinə and
içdiyimiz çörəyə hörmət və ehtiram
daim xalqımızın da qan yaddaşında olmuş və ənənə
bu gün də davam etməkdədir. Bu müqəddəs nemətə
ehtiram həm folklorumuzda, həm də ədəbiyyatımızda
öz əksini daim tapıb. Yəqin ki, hər birimiz çörəyə
qarşı hörmətsizlik edənin axırının
heç də yaxşı gəlmədiyinin dəfələrlə
şahidi olmuşuq. Əksər xalqlar müqəddəs neməti
daha əziz tutaraq mövcud ənənələri gələcək
nəsillərə ötürmək, milli əxlaqi dəyərlərin
daha geniş və məzmunlu təbliği məqsədi ilə
çörək muzeyləri yaratmışlar. Bu sıralamada
biz də fəxrlə ölkəmizin adını çəkə
bilərik...
Bu məqamda xüsusi
qeyd edilməlidir ki, 1980-cı ildə ölkəmizdə
muzeylərin fəaliyyətinə sanki ikinci nəfəs
verilmişdi. Həmin il hökumətin qərarına
uyğun olaraq müxtəlif məzmunlu, xüsusən də
diyarşünaslıq muzeylərinin yaradılmasına start
verildi. Bu illər qeyri-adi muzeylərin yaradılması ilə
yaddaşlarda qalır. Ağdam Çörək muzeyi, Lerik
Uzunömürlülər Muzeyi, Zəngilan Daş heykəllər
muzeyi adıçəkilən illərin məhsulu idi. Məlumat
üçün bildirək ki, hazırda ölkəmizdə
146 muzey və 30 şəkil qalereyası fəaliyyətdədir.
146 muzeydən 138-i (21 filial da daxil olmaqla) Mədəniyyət
Nazirliyinin, 4 muzey Milli Elmlər Akademiyasının,
qalanları isə digər nazirlik və idarələrin
tabeliyində olduğu deyilir.
Çörək muzeyləri
ilə bağlı apardığımız
araşdırmalardan bizə belə məlum oldu ki, dünyada
çörək muzeylərinin tarixi ötən əsrin
ortalarından başlayır. İsveçrə, Almaniya,
Fransa, Hollandiya, Latviya, Rusiya, Ukrayna, Braziliya, Moldova, İsrail,
Belçika, Polşa, Portuqaliya, Yunanıstan, o cümlədən
Azərbaycan da daxil olmaqla hazırda 15 ölkədə 21 muzey
fəaliyyətdədir. 22-ci muzeyin Belorusun paytaxtı Minskdə,
2013-cü ildə istifadəyə veriləcəyi deyilir.
Çörək muzeyləri forma və məzmununa görə
fərqlənir. Yəni müvafiq dövlət statusu
almış və dövlət büdcəsindən maliyyələşən
muzeylər, hüquqi-fiziki şəxslərə məxsus və
rəsmi dövlət qeydiyyatına alınmış muzeylər,
o cümlədən təhsil ocaqlarında
yaradılmış muzeylər. Birinci iki qrupa aid muzeylər
eksponat fondunun zənginliyinə görə seçilir. Bəzi
hallarda özəl struktur tərəfindən yaradılan
muzeylərə də rəsmi status verilir. Və turist
marşrutlarına salınır.
Təhsil müəssisələrində
yaradılan muzeylər uşaqların təlim-tərbiyyəsində
ciddi rol oynasa da onun eksponat fondu elə də zəngin olmur və
muzeyin muhafizəsi, habelə eksponatların qorunması tələb
olunan səviyyədə keçirilmir. Qeyd etməliyik ki,
dünyada ilk çörək muzeyi İsveçrənin
Sürix şəhərində şəhər sakini Mişel
Veren tərəfindən 1940-cı ildə
yaradılmışdır. M.Verenin şəxsi mənzilində
yaradılan muzeydə qədim Misirdə, Romada və
dünyanın digər ölkələrində bişirilən
çörək nümunələri indi də nümayiş
olunur. Muzeydə həmçinin daş dövrünə aid, eramızdan
6 min əvvəl çörək mayası olmadan
bişirilmiş çörək nümunəsi də sərgilənir.
Bu nadir eksponat suyu qurumuş göldə aparılan arxeoloji
qazıntılar zamanı aşkar edilmişdir. Dünyada
ikinci, bəzi mənbələrdə birinci göstərilən
Almaniyanın Ulm şəhərindəki Çörək
muzeyi 1955-ci ildən fəaliyyətdədir. Muzeyin
adının daim birinci sırada çəkilməsini onun ilk
rəsmi dövlət statusu alması ilə baglı olduğu
deyilir. Hazırda muzeydə 18500 eksponat, çörək və
çörək məmulatlarının hazırlanma
texnologiyaları, çörəkbişirmə ilə
bağlı tarixi sənədlər və qədim eksponatlar
nümayiş olunur. Ulm şəhəri Dunay çayının sahilində
yerləşir.
Muzey şəxsi olsada,
amma qeyri-kommersiya xarakteri daşıyır. Muzeyə giriş
pulludur. Əldə olunan gəlirlə maarifləndirmə
işi aparılır. Əlavə olaraq kitablar, bukletlər nəşr
edilir, eksponatların mühafizəsi həyata keçirilir. Muzeyin
yaradılma ideyası şəhər sakini antifaşist Villi
Ay-Zelenə məxsusdur. Ulm şəhəri həm də
görkəmli fizik Albert Eynşteynin vətəni kimi tarixə
düşmüşdür. İki nümayiş zalından
ibarət olan muzey də, həm də çörək-bulka məmulatlarının
bişirilmə texnologiyasına həsr olunmuş zəngin
kitabxanada fəaliyyətdədir. Qədim un dəyirmanında
yerləşən Fransa Çörək muzeyi isə 1972-ci
ildən ziyarətçilərin istifadəsindədir. Burada
müxtəlif əmək alətləri qədim çörək
nümunələri, çörəkdən bəhs edən
kitablar nümayiş olunur. Muzeydəki eksponatların sayı
1000-i keçir. 1983-cü ildən istifadəyə verilən
Kiyev Çörək muzeyi isə bir qədər fərqlənir.
Yəni muzeyə gələnlər mövcud olmuş
çörək nümunələrindən dada bilərlər.
Muzeyin ərazisində istifadəyə verilmiş çörəkxanada
bütün növ qədim və yeni nümunələr
bişirilir. Və satışa çıxarılır. Kiyev
muzeyində "Leninqrad mühasirəsində" bişirilən
çörəkdən tutmuş, "kosmos"da yeyilən
çörəyədək nümayiş olunur. Muzeydə
habelə Ukraynanın bütün vilayətlərindən
toplanılmış 100-dək çörək nümunəsi,
ABŞ, Fransa, Almaniya və digər ölkələrin
çörək nümunələri də nümayiş
olunur. Ekoloji-naturalist mərkəz tərəfindən
yaradılan muzeyin əsas məqsədi çörəyə
və biçinçi əməyinə hörmət və
ehtiram hissini aşılamaq, qədim ənənələri
yaşatmaqdır.
Ukraynada ikinci
çörək muzeyi Vinnitsa şəhərindədir. Muzey
bu gün baxımsızlıq ucbatında məhvolma təhlükəsi
ilə üzləşmişdir. Bu gün muzeydə
saxlanılan 700 eksponatdan 500-dək hissəsi sıradan
çıxmışdır. Muzeydə qədim külək dəyirmanı
da vardır. Ukraynadakı üçüncü çörək
muzeyi Odessa şəhərindədir. "Odessa Çörək"
MMC tərəfindən yaradılan muzeydə "Çörəkbişirmə
tarixi" , "Çar dövründəki çörəkbişirmə
mədəniyyəti", "İnqilab dövrü
çörək bişirmə", "Çörək
bişirmə mədəniyyəti İkinci Dünya
müharibəsi dövründə", "Müasir
Odessanı çörək bişirmə mədəniyyəti"
mövzusunda ekspozisiyaları nümayiş olunur. Muzey
eksponatları içərisində II Yekatirina dövründə
verilmiş əmrlər və digər sənədlər də
diqqəti çəkir. Muzey hələlik rəsmi dövlət
statusu almamışdır. Rusiyanın 3 şəhərində
- Sankt-Peterburq, Gəlincik və Bolqar şəhərində
bu tipli muzey fəaliyyətdədir.
Rusiya Federasiyasında
birinci olan muzey-Sankt-Peterburq Çörək Muzeyi 1988-ci ildə
istifadəyə Mixail Qlazumutski tərəfindən verilsə
də, dövlət statusunu yalnız 1993-cü ildə ala
bilmişdir. Hazırda muzeydə 14 000 eksponat nümayiş
olunur. 2010-cu ildə isə Rusiyada daha iki muzey Krasnodar
diyarının Gəlincik şəhərində Çörək
və Şərab müzeyi, o cümlədən Tatarıstan
Muxtar Respublikasının Bolqar Şəhərində
Çörək muzeyi istifadəyə verilmişdir. Bu muzeyin
tərkibində çörəkxana, at tövləsi və dəmirçi
emalatxanası vardır. 2011-ci ilin yanvarında muzeyə
Hollandiyadan qədim un dəyirmanı da gətirilmişdir.
Xatırladaq ki, adıçəkilən şəhər
X-XVII əsrlərdə bu ərazilərdə yerləşən
Volqa Bulqarlarının paytaxtı olmuşdur. Muzeyin həyətində
habelə külək dəyirmanı, dəyirmançı
evi və həyətyanı sahələr vardır.
Maraqlı cəhət ondadır ki, turistlər hətta
özləri burada çörək bişirə bilərlər.
Əlavə olaraq bayramların keçirilməsi
üçün meydançanın, restoranın və
dükan-bazarda istifadəyə veriləcəyi bildirilir. Muzey
kompleksi Tatarıstanın paytaxtı Kazan şəhərindən
140 kilometr aralıda yerləşir. Moldovadakı muzey isə
Oknitsa rayonu Qraunitsa kəndindəki məktəbdə fəaliyyət
göstərir. Bəzi mənbələr Belçika və
Hollandiyada da çörək muzeyinin olduğunu qeyd edirlər.
"Daqon" Çörək muzeyi ilk dəfə 1966-cı
ildə rəsmi status aldıqdan sonra ziyarətçilərə
açıq elan edilmişdir. Muzeyin yaradılmasının təşəbbüskarı
yerli iş adamı Geyven Gext həmin ildə öz taxıl
elevatorunun birinci mərhələsini istifadəyə
vermişdi. Əvvəlcə müəssisənin inzibati
binasında yerləşən muzeyə sonralar ayrıca bina
inşa edilmişdir. Muzeyə giriş pulsuz olsa da, hər
gün ancaq 30 dəqiqə açıq olur. İlk dəfə
olaraq ziyarətə gələnlərə müəssisənin
yaranmasına həsr olunmuş qısa metrajlı film göstərilir.
İlk dövrlərdən başlamış son dövrlərədək
müəssisənin inkişaf tarixi, bütün texnoloji
proseslər filmdə öz əksini tapmışdır.
Məlumatlarda o da
bildirilir ki, Xayfa şəhərinin inkişafında əsas
xidmət məhz Geyven Gextə düşür. Hazırda
muzey məhz Geyven Gextin adını daşıyan fond tərəfindən
maliyyələşdirilir. Latviyadakı çörək
muzeyi Latqaliya ərazi vahidliyinin Aqlon kəndində fəaliyyət
göstərir. Bu kənddə həm də qədim katolik
kilsəsi fəaliyyətdədir. Yerli özünüidarəetmə
orqanının keçmiş üzvü Via Antsane tərəfindən
yaradılmış muzeydə onlarca çörək növləri
nümayiş etdirilməklə yanaşı həm də
turistlərə dadmaqda təklif olunur. Hazırda həmin kənd
turist marşrutlarına
salınıb. Yeni, özü də konservantsız undan
hazırlanan çörəyin ətri bəzən
bütün kəndə yayıldığı deyilir. Muzey
ötən əsrin sonlarından ziyarətçilərin
ixtiyarına verilib. Yunanıstan Çörək muzeyi paytaxt
Afinadan xeyli aralıda olan ucqar kənddə yerli folklor qrupu tərəfindən
1982-ci ildən fəaliyyətdədir. Muzeydə yerli
çörək və buğda növləri ilə
yanaşı, çörək bişirmə
texnologiyalarında nümayiş olunur. Polşa Çörək
muzeyi isə 2000-ci ildə "İzi" şirkətinin rəhbəri
Pyotr Mankeviçin təşəbbüsü ilə
yaradılmışdır. P.Mankeviçin yaratdığı
şirkət məhz çörəkbişirmədə
istifadə olunan texnologiyaların istehsalı ilə məşğuldur
və muzeyin eksponatlarının əksəriyyətində məhz
onun istehsal etdiyi mexanizmlərdir.
Portuqaliyanın Seya
yaşayış məntəqəsində 1996-cı ildən
istifadəyə verilən muzey yerli tarixçilərin təşəbbüsü
ilə yaradılmışdır. 2200 eksponat fondu olan muzeydə
Portuqaliyanın çörəkbişirmə mədəniyyəti
və tarixini əks etdirən eksponatlar nümayiş olunur. 10
min kv/m ərazidə inşa edilən muzey kompleksində sərgi
salonları, restoran fəaliyyət göstərir. Serbiya Çörək
muzeyinin tarixi isə 1995-ci ildən başlayır.
Peçintsa yaşayış məntəqəsində fəaliyyət
göstərən muzeydə Serbiyanın çörək mədəniyyətini
əks etdirən eksponatlar muzeydə nümayiş olunur.
Muzeyin əsası rəssam Slobodan Eremic-Eremiya tərəfindən
qoyulub. Araşdırmalar zamanı diqqətimizi çəkən
məqamlardan biri də "Buğdadan çörəyə"
proqramı çərçivəsində keçirilən
Beynəlxalq Çörək bayramı idi. Artıq
dördüncü dəfə keçirilən festival ənənəvi
olaraq Sloveniyanın Novi-Sad şəhərində
keçirilir. Burada çörək məmulatları ilə
yanaşı çörək bişirmədə tətbiq
olunan yeni innovasiyalar, texnologiyalar sərgilənir. Belə bir tədbir
ənənəvi olaraq "Balkankult Fondu" tərəfindən
ən qədim çörək muzeyinin fəaliyyət
göstərdiyi şəhərdə- Almaniyanın Ulm şəhərində
də baş tutur. Yuxarıda sadaladığımız muzeylər
arasında bizim üçün əlçatanı və
yaxını ölkəmizdə yeganə olan Ağdam
Çörək muzeyi idi. Vaxtı ilə Ağdamın məşhur
"Çörək muzeyi" köhnə dəyirmanın
ciddi restavrasiya edilməsindən sonra 1983-cü ilin
sonlarından ziyarətçilərin istifadəsinə verilmişdi.
Ağdam Çörək muzeyi keçmiş SSRİ məkanında
birinci rəsmi status almış muzey sayılırdı.
Muzeyin 2800-ə yaxın eksponatı arasında Ağdam ərazisindəki
"Çalağan təpədə" arxeoloji
qazıntılar zamanı aşkar edilmiş və yaşı
3000 ildən artıq olan daşlaşmış buğda da var
idi. Keçmiş SSRİ-nin paytaxt şəhərlərində
bişirilən 300-dən artıq çörək nümunəsi
muzeydə sərgilənirdi.
Muzeyin eksponat fondunun
yaradılmasında akademik İmam Mustafayevin, iqtisad elmləri
doktoru, professor Əbülfəz Qasımovun (Bərəkət)
və bir çox ziyalılarımızın müstəsna
rolu olub. Həmin illərdə muzeydə respublikanın
bütün bölgələrindən çörək
növləri toplanmışdı. Gədəbəy rayonundan
isə qədim tarixə malik 16 əkinçilik
avadanlığı muzeyin eksponat fonduna
hədiyyə edilmişdi. Dəyirmanın təhnəsi də
o vaxtı bərpa edilmiş və dəyirman ümumən
işlək vəziyyətə gətirilmişdi. Agdamda
görülən işlərin əsas təşəbbüskarı
isə həmin dövrdə rayon partiya komitəsinin birinci katibi işləmiş görkəmli
ziyalı Sadıq Murtuzayev idi. Baxımsızlıqdan
dağılmaq təhlükəsi ilə üzləşən
dəyirman binası məhz onun sayəsində bir il ərzində
əsaslı təmir edilmiş, ətrafı
abadlaşdırılmışdı. Muzeyə bitişik ərazidə
təndirxanası olan "Sünbül" kafesi həm də
ziyarətçilərə xidmət göstərirdi.
Ağdam muzeyi 1983-cü ildə rəsmi status almış və
muzeyin ilk direktoru da tanınmış telejurnalist Allahverdi Əsədov
olmuşdu. Ondan sonra muzeyə Ofelya Zeynalova, Nadir Quliyev rəhbərlik
etmişlər. Muzeyin sonuncu direktoru isə Hafiz Əliyev
olmuşdur. Yeddi nəfərlik ştat cədvəlində iki
elmi işçi, üç bələdçi, bir dəyirmançı
vəzifəsi var idi.
Həmin illərdə
keçmiş SSRİ-yə daxil olan respublikaların yüzlərcə
vətəndaşı muzeyi ziyarətə gəlmişdilər.
Bu minvalla muzeyin fəaliyyəti 1991-ci ilin sonunadək davam elədi...
Mənfur erməni silahlı dəstələrinin 1992-ci ilin
yazında muzeyə atdığı "Qrad" mərmisi
muzeydə yanğına səbəb oldu. Və bununla da muzeyin
fəaliyyəti dayandı... Biz bu yazıda hazırda
dünyada fəaliyyətdə olan çörək muzeyləri
barəsində məlumat verdik. Həm də öz
çörək muzeyimiz barəsində. Yazıda yer alan
muzeylərin yalnız biri, yəni Ağdam Çörək
Muzeyi fəaliyyət göstərmir. Bu və digər məqamlara
növbəti yazıda aydınlıq gətirməyə
çalışacağıq.
Vüqar Tofiqli
Ədalət.- 2011.- 3 mart.- S. 5.