GÖY ÜZÜ TANRIDI, YER
ÜZÜ BƏNDƏ
Hər yeni şeir
kitabı müəllifinin poetik söz sərgisinin
açılışına bənzəyir. Onların lenti
işıq üzü gördükləri günün
qırmızı şəfəqləri kimi kəsilir.
Eksponatlar bir salon çərçivəsində qalmır.
Bir məmləkətin 4 həndəvərindən səpələnib
tamaşaçısı, (oxucusu) ilə üz-üzə,
göz-gözə dayanır.
Bu günlər,
istedadlı şairimiz Məmməd Dəmirçioğlunun
"Səhra gülləri" adlı şeir kitabı da,
bir şairin dəmirçi kürəsində bişib,
düşüb, dəvə karvanı kimi qatarlaşıb
oxucu ünvanına yetişib.
M.Dəmirçioğlu
yaradıcılığı ilə tanışam. Bir şeir toplusu barədə söz də demişəm. Ən əvvəl
söyləyim ki, onun şeirlərinə poetik nida, ruhuna
sufiyanə qida olan yerlərlə, yurdlarla, ocaqlarla da tanışam. Həmin tanışlıq da hər dəfə, həmin yaradıcılığa
baş vurarkən məni yerimdən və yurdumdan oynada bilir. Eyni ruhdan qopmuş, rəngarəng məna çalarlı misralar bir-birinə calanıb bir cığıra, yola çevrilir. M.Dəmirçioğlu hesabına, bir
qələm yoldaşına
Əfəndi ocaqları
ilə irfanına çatmış bir incə yurda səyahət təşkil
olunur.
Öncədən onu
söyləyim ki, "Səhra gülləri"ni müəllifin
ən mükəmməl, ən poetik toplusu, şeirimizin
uğuru hesab edirəm. Səhrada gül-çiçəyin
yetişdirilməsinin çətinliyi bəllidir. Yetkin
yaşlı şairimiz bunu bacarmış, özünün səhra
güllərindən gülüstanını yarada bilmişdi.
Məncə kitabın
adının bir qayəsi də səhrada belə poetik
çiçəklərin yetişdirməyin çətinliyini
bizlərə çatdırmaq istəməsidir.
Səhra adına görə,
içindəki gülləri, çiçəkləri dəvə
karvanına bənzətmək olar. Belə olduqda karvanın
sarvanını toplunun başındakı "Səhra
gülləri" şeirini hesab etməliyik.
Göy üzü Tanrıdı, yer üzü bəndə,
Göy üzü səndədi, yer üzü məndə,
Yer üzü, göy üzü düşübdü
bəndə
Bir nəğmə oxuyaq səhra gülləri.
Həmin
çağırışdan sonra oxunuş başlanır və
sonrakı şeirlərin küllüsü şairin nəğmələrinə
çevrilir. Sarvanlar karvanları arxasınca, mənzil
başına apara bilir. Bəs "Səhra gülləri"
öz məna büsəti ilə oxunan sonuncu nəğməyə
qədər poetik bir mənzilə bələdçilik edə
bilirmi?
M.Dəmirçioğlu
şeiri düşündürən, qaldıran poeziyadır və
misralar üzərindən ötəri adlamaq mümkün
olmur. Müəllifin düşüncələrindən
qidalanıb bəzən özün də onun fikirləri ətrafında
yeni məna çalarları axtarmağa başlayırsan.
Həmin şeirin bir bəndi
məni də belə bir axtarışa sövq eylədi. Səhra
sözü, istər-istəməz dəryalarla
qarşılaşdırdı.
Yanır dodağında suların səsi,
Köçür durnalarla meh arzuların
İlğımda əriyir qönçə istəyin,
Quşlarda göyərir şeh arzuların.
Dəryaları damlalar,
səhraları qum dənələri yaradır. Bu poetik mənzərədən
sonra dəryaları səhralar üçün qum
üyüdən dəyirman kimi görmək olur. Suların səsi
yandıqca qum danələrinə çevrilir. Sonra qumlarda da
göyərir şeh arzuları.
Əvvəllər
şeir kitablarına nadir hallarda müqədimələr
yazılardı (bunlar ya seçilmiş əsərlərin
ilk cildində, cildlərin abu-havasına, ya da ilk kitab müəlliflərinin
xeyir-duasına çevrilərdi. Məncə, belə də
olmalıdı. Qabaqcadan tərəflə müqəddimələr
əsasən belə olur). Kitabları oxucuya təqdim etməkdənsə
onu kütlənin ixtiyarına buraxmaq daha doğrudur. M.Dəmirçioğlunun
kitabı iki müqəddiməylə müşayiət
olunur. (Heç olmasa bunların biri ön, biri son söz
olaydı və ya hər ikisi kitab işıq üzü
görəndən sonra boy alaydı). İkinci müqəddimənin,
Vaqif Yusiflinkinin sərlövhəsi bir növ, sərlövhə
çərçivəsindən annatasiyaya çevrilib. Təsəvvür...
İrfan poeziyası, Yunis İmrə... İncə dərəsinin
şairləri və bizim Məhəmməd Dəmirçioğlu.
V.Yusifli Dəmirçioğlunun
İncə dərəsinin şairləri ilə
tutuşdurmasa da ruhunu, duyğusunu incələyə,
yaradıcılıq aləminə açar sala bilmişdi.
"Səhra gülləri" şeirində müəllif
özü də dünyasının ala qapılarını aşağıdakı
şəkildə oxucu üzünə açır:
Ümidlər bağlayır bizi göylərə,
Dualar apırır sözü göylərə,
Allahı çağırıb üzü göylərə
Bir nəğmə oxuyun səhra gülləri.
Səhra güllərinin
müəllifin kitabdakı o biri şeirlərinin olduğunu bəlli
etmişdik. Güllərindən güllərinə qonduqca o
biri şeirinin də irfan üstündə nəğmələr
oxuduğunun şahidinə çevrildik.
M.Dəmirçioğlu
öz ruhu, nəfəsi, yolu olan şairlərimizdəndi.
Şairimizin uğurlu hesab etdiyim bu kitabından sonra
ümidvaram ki, olduqca ciddi, təpədən- dırnağa
özünəməxsus poetik bir yağmur sahibindən həmin
yağmurdan boy almış səhra çiçəklərindən
dəfələrlə söz açılacaqdı. Öncədən
onu da demək şərti ilə ki, M.Dəmirçioğlu
günümüzün təsəvvür və irfan
şairidir, o ulu bir təriqətin dünəni və bu
günü arasında poetik bir körpüdür. Şeirlərinin
hamısı çağdaş poeziyamızın bir kütləyə
bugünüylə nəfəs alan nümunələridi.
Hər şair
yaradıcılığında istər bilə-bilə, istərsə
özündən xəbərsiz öz poetik portretini
yaradır (Müəllif həm də rəssam olduğundan bu
məziyyət onda daha qabarıq nəzərə çarpır).
Aşağıdakı şeir M.Dəmirçioğlunun
şeirlə çəkilmiş içinə ruhu
sığışdırılmış aftoportretidi:
Gön varağa, daş kitaba düzüldüm,
Sözdən-sözə, dildən-dilə yol gəldim.
Zülüm-zülüm qayalardan süzüldüm,
Qətrə-qətrə, gilə-gilə yol gəldim.
Sevə-sevə eşq odunda hallandım,
Şərqi-şərqi dodaqlarda ballandım.
Şırıl-şırıl haqqa sarı
yollandım
Seldən-selə, eldən-elə yol gəldim.
Zaman-zaman kaman üstə gərildim
Tağ-tağ olub torpaqlara sərildim.
Puçur-puçur, qönçə-qönçə
dərildi.
Çöldən-çölə, güldən-gülə
yol gəldim.
Şeirləri bir
növ arı şanılarına bənzəyir. Ona görə
də istər dağ, istər səhra güllərindən
çəkilsin, onlar poetik şirələrlə
doldurulmalıdır. Çünki o şanılarla oxucu
ağzını ballandırmaq olmaz.
Bu baxımdan da M.Dəmirçioğlunu
əsil "arıçı" kimi alqışlamaq olar. Bu
kitabda onun şanıları nəinki başdan-başa
ballanıb, üstəlik poetik zirvəsinə yüksəlib.
Şeirlərin hər birinin öz poetik vurğusu var ki, bu da
onlara müstəqil, tamam-kamal şeir hüququ qazanmasına
xidmət edir
Allahından əmanətdir bir canım,
Könüllərə ziyarətdir bir canım,
Laylarla ovunmayan kür canım
Torpağımla qovuşmasa ovunmaz.
(Ovunmaz)
Qərib gecə ayrılığa yoldu bax,
Qara-qara saçlarını yoldu bax,
Pəncərədən durna səsi dolu, bax,
Köçüb gedən qatarını sal, mənəm.
(Etüd
Açıq üzümə baxdılar,
Sınıq dizimə baxdılar.
Durru gözümə baxdılar
İçimdə sözüm göründü.
(Göründü)
Demə ki, ömrün sonudu
Qəzadı, qədərdi ölüm.
Son ağrıdı, son nəfəsdi,
Sonuncu kədərdi, ölüm.
(Hədərdi ölüm)
Tanrı xəlq eyləyib dünyanı sirrli,
Aşkarı müəmma, pünhanı sirrli,
Bir yanı bəllidi, bir yanı sirrli
Yorğun bir dərvişəm qıl
körpüsündə.
(Körpü)
Üzü göylərə sarı, asılıb
ayağından,
Tanrıya gileylənir dünya nadanlığından.
Mahnı çələngi hörür intizarın
ahından
Gecənin sinəsinə çalın-çarpaz
toxuyur, -
İsaq-musaq oxuyur
Yığıb dərdlərimi barxana kimi,
Haraya yol gedir dəvə karvanı?!
Səhraların sonu, elə səhralar,
Oraya yol gedir dəvə karvanı.
Alıb yedəyinə ağca qulları,
Qaraya yol gedir dəvə karvanı
Susuz səhralarda özü çarəsiz,
Çarəyə yol gedir dəvə karvanı.
(Dəvə karvanı)
Hər yerdə qərib quşlara,
Dünyanın hər yanı Vətən.
Bir yuvalıq yerin varsa,
Mənim yuvam hanı Vətən.
(Vətənə)
Kitabın əvvəlindən
axırına kimi belə şeir örnəkləri gətirmək
olar. Şeirlərdə durna qatarlarından tez-tez söz
açılır. Topludakı şeirləri eyni ruhdan pərvazlanmış,
yazına, baharına uçan durna qatarına bənzətmək
olar.
Fikirlərini bir söz
atəşfəşanlığı ilə bitirmək istəyirəm.
Onların qığılcımları, odları, alovları
yenə də M.Dəmirçioğlu misralarından
doğulacaq.
... Kövrəlib, kəklik
dilində
Haray-həşir salan daşam.
... Göylərdi saxlayan yeri,
Göyləri Allah saxlasın.
... Yer davalı. Göy
havalı,
Mən divanə bir kəsəm.
Asi olub yerdən-göyə,
Havalanan bir səsəm.
... Dünyadan küsən
ay dostum,
Bu dünya gözün boydadı.
Çəkisi bircə bayatı,
Mənası sözün boydadır.
... Sonu yoxmuş bu dərdin,
Ruh bədəndə didərgin
Bu dünyanı bilər kim
Gülüb ağlar içində.
... Ulduz axdı, ay əridi,
Gecə gündüzə çıxmadı.
...Şamdan da şam işığı
Tətrəyir dilim kimi
Gülümsəyir tənha gül
Güldanda ölüm kimi
M.Dəmirçioğlu
misraları ilə səyahətim başa çatır.
Ayların başladığı yer dağ ətəyi
bulaqlardı. Şeirlərinin çeşmələrdən
çaya döndüyü yerlərsə İncə dərəsi
və ordan başlayan şair dünyası... Əbədi
qalacaq, ruhunu onun şeirlərinə salacaq məbədsə -
Əfəndi ocağı...
VAQİF NƏSİB SARIHÜSEYNOĞLU
Ədalət.- 2011.- 3 mart.- S. 6.