UCAR GƏLƏCƏYƏ
İNAMLA BAXIR
Bu şəhərin
yuxusundan qatarlar keçər
İndi necə
adlanır bilmirəm, sovet dövründə Bakı-Tbilisi dəmir
yolu deyilirdi. Və bu dəmir yolu Ucar adlı rayonumuzun
çox yerlərdə tanınmasında və taleyində
gerçəkdən böyük rol oynayıb. Zarafat deyil, ərazisinə
görə kiçik rayonlar sırasında olan Ucarın dəmir
yolu xidmətinə 4 stansiya və 1 vağzal düşür.
Bu fakt və burdan qaynaqlanan digər amillər rayonun
iqtisadiyyatında, əhalinin dolanışıq məsələlərində
həmişə xüsusi əhəmiyyət
daşıyıb.
... Və dəmir yolu
bir dəfə Ucarın, daha doğrusu, rayon mərkəzini
böyük bəladan qurtarmağın başlıca səbəbi
olub. Bildiyimə görə 1963-cü ildə aramsız
güclü leysandan əmələ gəlmiş sel suları
Ucar şəhərinin evlərini, bir çox inzibati
binalarını, demək olar ki, əsasən
uçurub-dağıtmış, yararsız hala
salmışdı. Əhali şəhəri tərk
etmişdi. Yaranmış vəziyyətlə bağlı bəlkə
də rayon mərkəzi başqa bir əraziyə
köçürülə bilərdi. Ancaq məhz həmin o
dəmir yolu faktı Ucarı ehtimal olunan daha böyük bəlalardan
qurtardı. Pis-yaxşı, şəhər yenidən tikildi,
hətta böyüdü, əlavə bazalar, idarələr
yarandı. Təbii şərait və quruluş
imkansızlıqdan istənilən səviyyədə
inkişaf edə bilməsə də, lazımi konforta malik
olmasa da, ancaq Ucar digər amillərdən, başlıcası
"çörəkli yer" adı qazanması səbəbindən
həmişə prestijli rayon statusunda olub.
Şirvanın bu qədim
və özünəməxsus xüsusiyyətli diyarı indi
əsl inkişaf, yeni uğurlar, qələbələr
sorağındadır. Rayon gündən-günə kəndli,
şəhərli irəli addımlayır. Ötənlərdən
qalan problemlər həll olunur, Ucar şəhəri isə
sanki yenidən qurulur.
Həbibinin vətəni
Ucar rayonu Şirvan
düzünün cənubunda yerləşir və 853 kv.k. əraziyə
malikdir. Göyçay, Ağdaş, Kürdəmir və Zərdab
rayonları ilə qonşudur. 32 kəndi var. Daha böyük
inkişaf etmiş kəndləri Qazyan, Şilyan, Müsüslü,
Qazıqumlaq, Bərgüşad və başqaları həm də
qədim tarixə malikdirlər. Orta əsrlər şairi Həbibi
Bərgüşadda anadan olub. Rayonun 80 min nəfərə
yaxın əhalisi var.
Ucar əsasən aqrar
rayonu olmasına baxmayaraq, hələ keçən əsrin
ortalarından bir sıra sənaye müəssisələri ilə
də tanınıb. Pambıq emalı zavodu, konserv zavodu, dəmir-beton
məmulatları zavodu və bir sıra fabrik-sexlər rayonun
iqtisadiyyatında əhəmiyyətli yer tutub. Bəlkə də
çoxları unudub, bir zamanların məşhur Ucar
pambıq zavodu il ərzində 70 min tondan çox pambıq
emal edərdi. Və indi də müəyyən istehsal həcmində
fəaliyyət göstərən bu zavodun tarixi çar
Rusiyası dövrlərinə qədər gedib
çıxır... Nə isə, bu uzun söhbətdir,
qalsın sonraya.
Dövlət Proqramının icrası yeni mərhələdə
Ucar Rayon İcra Hakimiyyətinin
başçısı Yaşar Məmmədovla söhbətimiz
zamanı rayonda görülən işlər və
qarşıda duran vəzifələr haqqında geniş məlumat
əldə etdik. Başçı Azərbaycan Respublikası
regionlarının 2009-2010-cu illərdə sosial-iqtisadi
inkişaf Dövlət Proqramının Ucar rayonunda da
uğurlu icrasını təmin etmək üçün tədbirlər
həyata keçirildiyini vurğuladı.
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin qayğı və
diqqətindən ruhlanan ucarlılar rayonun inkişafı və
müasirləşməsi üçün var qüvvələrini
sərf edir, bütün istiqamətlərdə xüsusi fəallıq
göstərirlər.
Mövcud vəziyyətə
uyğun olaraq rayonda abadlıq və quruculuq işləri diqqət
mərkəzində saxlanılır. Heydər Əliyev Mərkəzinin,
rayon mərkəzi xəstəxanasının, şahmat məktəbinin,
üç orta məktəbin tikintiləri və rayon uşaq
xəstəxanasının təmiri davam etdirilmişdir.
Müsüslü-Qazyan avtomobil yolunda, eləcə Yuxarı
Şilyan, Boyat, Qazıqumlaq və Qarabörk kəndlərində
üst-üstə cəmi 276900 kv. metr asfalt vurulmuş, rayon ərazisindəki
yol kənarlarına 15000 ədəd müxtəlif ağac və
gül kolları əkilmişdir.
Şəhərin Heydər
Əliyev, N.Nərimanov, 28 May, Əzizbəyov, Xətai,
Axundov, Ş.Fərzəliyev və Nizami küçələrində
müasir tələblərə uyğun kanalizasiya xəttinin
çəkilişi tamamlanmaq üzrədir.
Mərkəzi
küçələrdə bir çox inzibati binaların və
fərdi evlərin fasadları, üst örtükləri dəyişdirilmiş,
müasir görkəm almışdır.
Əvvəlki illərdə
olduğu kimi, 2010-cu ildə də ölkədə aparılan
iqtisadi islahatlara uyğun olaraq rayonun sosial- iqtisadi
inkişafının təmin edilməsi, əhalinin maddi rifah
halının yaxşılaşdırılması istiqamətində
ardıcıl tədbirlər həyata keçirilmişdir.
Bunun nəticəsidir ki, rayonda ümumi məhsul istehsalı 4
faiz, kənd təsərrüfatı məhsulları
istehsalının həcmi 5,1 faiz pərakəndə əmtəə
dövriyyəsi 5,2 faiz, büdcə gəlirləri 4,8 faiz, əhalinin
pul gəlirləri 8,1 faiz, orta aylıq əmək haqqı
11,4 faiz artmışdır.
Dövlət
Proqramında rayonun hazırda çalışmayan sənaye və
emal müəssisələrinin fəaliyyətinin bərpa
edilməsi üçün dövlət dəstəyinin
göstərilməsi, infrastruktur sahələrinin inkişaf etdirilməsi,
əhalinin içməli su təchizatının
yaxşılaşdırılması tədbirləri, telefon
rabitəsi sisteminin elektronlaşdırılması, təhsil,
səhiyyə və mədəniyyət müəssisələrinin
yenidən qurulması və digər həyati əhəmiyyətli
məsələlər öz həllini tapmışdır.
Görülmüş
işlərin nəticəsində rayonda kənd təsərrüfatı
bitkilərinin həcmi xeyli artmış, 24152 ton taxıl, 382
ton qarğıdalı, 512 ton çəltik, 3726 ton kartof,
14246 ton tərəvəz, 2080 ton bostan, 503 ton pambıq məhsulu
əldə edilmişdir. Rayonda iribuynuzlu mal-qaranın sayı
57214 başa, xırdabuynuzlu heyvanların sayı isə 49525
başa çatdırılmış, ət istehsalı 1035
ton, süd istehsalı 4413 ton, yumurta istehsalı 3 milyon 350 min ədəd
olmuşdur.
2010-cu ildə
iqtisadiyyatın bütün sahələri üzrə rayonda
irəliləyişin nəzərə çarpması növbəti
illər üçün də yaxşı stimul
yaratmışdır.
Yeni məktəblər, xəstəxanalar tikilir
Rayonun təhsil, səhiyyə
və digər sosial və mədəni strukturları öz fəaliyyətlərini
tələblər səviyyəsində qurmağa
çalışırlar. 2010-cu ildə təhsil
işçiləri respublikada həyata keçirilən islahatların
ahənginə uyğun olaraq vəzifə öhdəliklərinin
yerinə yetirilməsi uğrunda ciddi fəallıq göstərmişlər.
İl ərzində rayonun pedaqoji kollektivləri və
şagirdlər ölkə rəhbərliyinin
qayğısını daim öz üzərlərində hiss
etmiş, regionların sosial-iqtisadi inkişafı Dövlət
Proqramına əsasən Heydər Əliyev Fondunun təşəbbüsü
ilə "Yeniləşən Azərbaycana - yeni məktəb"
devizi ilə rayonda 3 orta məktəbin, o cümlədən
360 yerlik Qazıqumlaq kənd, 240 yerlik Alpı kənd və
360 yerlik şəhər 4 saylı orta məktəb
binalarının, həmçinin şahmat məktəbinin
tikintiləri aparılmış və qeyd olunan bütün
binaların cari ildə təhvil veriləcəyi
planlaşdırılmışdır.
Ötən il rayon tibb
işçiləri də zamanın tələblərinə
uyğun şəkildə işləməyə
çalışmış, əhalinin
sağlamlığının qorunmasına öz töhfələrini
verməyə səy göstərmişlər. 2010-cu ildə
rayonun tibb müəssisələrinin maddi-texniki
bazasının möhkəmləndirilməsi işləri
davam etdirilmişdir.
Tibb sahəsində rayon
əhalisinin və tibb işçilərinin sevincinə səbəb
olan əsas hadisə isə Heydər Əliyev Fondunun dəstəyi
və vəsaiti ilə rayon uşaq xəstəxanasının
dünya standartları səviyyəsində əsaslı təmir
olunması, rayon mərkəzi xəstəxanası
üçün 118 çarpayılıq yeni xəstəxana
binasının tikintisinə başlanılmasıdır.
Başqa bir fakt da
sevinc doğurur. Son vaxtlar Ucar şəhərində
çoxmərtəbəli yaşayış evlərinin
tikilməsi, müasir
görkəmli xidmət
obyektlərinin çoxalması,
işıqlanmanın zövqlə
qurulması çətinliklə
başa gəlsə də yaşıllıqların
artması sakinlərdə
haqlı qürur hissi doğurur. Bu şəhər indi hər
gün yeniliklərə doğru irəliləyir.
Məzahir ƏHMƏDOĞLU
Ədalət.- 2011.- 3 mart.- S. 7.