Novruz Bayramı: milli-mənəvi şifrəmiz,
qlobal kulturoloji dəyərimiz
Azərbaycan dövlətinin
səyi nəticəsində iki il bundan əvvəl YUNESKO-nun
xüsusi qərarına əsasən Novruz bayramı bəşəriyyətin
qeyri-maddi sərvətlər siyahısına daxil edildi. Məhz
qlobal miqyasda atılan bu ciddi addımdan sonra dünya tərəfindən
milli sivilizasiyamızın bu ayrılmaz kulturoloji atributuna maraq
get-gedə artır.
Bəs biz necə,
qonşu xalqların da şərik çıxmaq istədiyi
bu mükəmməl kulturoloji dəyərimizi kifayət qədər
tanıyırıqmı, dünyada təbliğ edirikmi?
İndiki yeni nəsil və gələcək
övladlarımız milli-etnik mədəniyyət -
sivilizasiya kodlarımızı özündə gizlədən
bu mürəkkəb dəyərlər sisteminin mahiyyətini
lazımınca anlaya, öyrənə bilərlərmi? Zənnimizcə,
etnoqraflardan tutmuş, folklorşünas və kulturoloqlara qədər,
əksər yaradıcı-intellektual düşüncə
adamları bu aktual məsələdə özünün
bilgilərini ortaya qoymalıdırlar.
Bu baxımdan
düşünürük ki, hazırladığımız
material ictimai-mədəni maarifçilik mənada da qəbul
oluna bilər, əksinə, məsələ ilə
bağlı yeni polemikalara geniş imkan yaradan bir yazı da...
Novruzun ulu tarixi
Mart ayı girər-girməz
Azərbaycanda və qonşu ölkələrin əksəriyyətində
qədim Şərq bayramına - Novruz adlanan yeni ili
qarşılama mərasiminə ciddi hazırlıqlar
başlanır. Novruz xalqımızın ən qədim
bayramlarından sayılır və bizim milli-etnik həyat tərzimiz,
məişətimiz, adət-ənənələr və
inanclarımızın kökləri, ulu qaynaqları ilə
bağlıdır. Doğrudur, bir sıra insanlar Novruz
bayramının yaranmasını tarixi-dini proseslərin məntiqi
ardıcıllığı ilə əlaqələndirməyə
çalışırlar. Bu mövqeydə olanların
baxışları mübahisəli olsa da, hər halda,
yanlış sayıla bilməz, elmi axtarışlar, polemik
müqayisələr vasitəsilə dəqiqləşdirmələrə
ehtiyacı var.
Novruz bayramının
yaranması, ayrı-ayrı görüş və etiqadlarla əlaqəsi,
onun Zərdüştlük - Avesta, yaxud İslam - müsəlman
mədəniyyəti qaynaqları ilə
bağlılığı əsrlər boyu tarixçi alimləri,
etnoqrafları, folklorşünasları, hətta ədəbiyyatçıları,
filoloqları düşündürmüş, indilərdə
isə kulturoloqlar arasında böyük mübahisələrə
səbəb olmuşdur. Fikrimizcə, Azərbaycan
xalqının təşəkkül tapdığı
vaxtlardan etibarən yaranmağa başlamış,
özündə bu dövrə qədər və sonra
formalaşmış əksər dünyagörüşləri
birləşdirmiş, bu günə gəlib
çatmış və millətimiz yaşadıqca böyük
sevinclə qarşılanacaq Novruz bayramı Şərq əhəmiyyətli,
lakin milli-etnik hadisə kimi qəbul olunmalıdır. Milli
sivilizasiya və mədəniyyət tariximizin ayrılmaz hissəsi
olaraq götürülməsi daha düzgün yanaşma
sayılan bu bayram etnik-kulturoloji düşüncəmizdə,
ictimai-mədəni həyatımızda, mədəniyyətimizdə,
mənəviyyatımızda, fəlsəfi-estetik fikrimizdə,
ən əsası isə toplumuzun yaşam tərzində
oturuşmuş dəyərlər toplusudur.
Sərhədləri, əsrləri,
nəsilləri aşaraq millətlərin və xalqların
dünyəvi bayramına çevirdikcə, əksər Şərq
toplumlarının nümayəndələri Novruzu öz məişəti,
mədəniyyəti, adət-ənənələri ilə
bağlamağa çalışmışdır. Məhz buna
görə də bu ümumi bayram barədə Şərq
dünyasında müxtəlif mülahizələr, adət-ənənələr,
mərasimlər, əfsanələr, rəvayətlər
yaranmışdır. Türksoylu və farsdilli xalqlar Novruza
özlərinin milli-bədii ornamentlərini qatmış, onu
özünəməxsus ümumxalq şənliyinə
çevirmişlər.
"Novruz"
sözü qədim "Avesta" dilində "təzə
gün", "yeni ruzi" deməkdir. Bu mənada Novruz
bayramının ruzi, məhsul, nemət ilə
bağlılığına şübhə ola bilməz.
Şərq xalqları, xüsusən də azərbaycanlılar
Novruzu yeni ilin başlanğıcı
hesab edərək, onu bolluq, bərəkət və
firavanlığın əzəli kimi rəmzləşdiriblər.
İnsanlar hər il mart
ayının ikinci yarısında bu gözəl bayramı
baharın gəlişi kimi təmtəraqla
qarşılayıblar və indi də bu ənənə davam
etdirilir. Təbiətin oyanması, fəsillərin yerdəyişməsi,
torpağın oyanması, insanların canlanması, günlərin
bərabərləşməsi kimi bir çox planetar və
kosmik hadisələrin obrazlı ifadəsi kimi də şənlik
formasına salınan bu bayram insan cəmiyyətinin sivilləşməsinə
sanki böyük bir işarədir. Əsrlər boyu nəsillər
tərəfindən unudulmayan, heç vaxt köhnəlməyən,
yaddaşlarda yaşaya-yaşaya, bu günümüzə qədər
gələrək yetərincə cilalanmış və daha da
gözəlləşmiş Novruz qədimlərdən
üzübəri ulu əcdadlarımızın ən əsas
əski bayramlarından sayılmış, insana həyat verən
dörd ünsürün - Suyun, Odun, Yelin (Havanın),
Torpağın isinməsi, "dirilməsi" istəyi ilə
bağlıdır.
Xalqımızın ən
əski inamlarına görə, elə-obaya fayda verməyən
hər bir şey "ölü" hesab olunurdu. Qışda
torpağın nemətlərdən məhrum olması - məhsul
verməsini "dayandırması", onun
"donması" insanın ən zəruri tələbatından
əlindən çıxması kimi başa
düşülürdü. Yay-payız mövsümündə
əldə edilən azuqə ehtiyatı tükəndikcə,
qədim insanda torpağı oyatmaq, əkib-becərmək istəyi
artırdı. Ana torpaq "dirilmirdi", oyanmırdı.
Tarlaların, bağ-bağçaların,
yerin oyanmasından ötrü isə su, hərarət (istilik,
od, Günəş) və yel (hava) gərək idi. Məhz bu
arzu-istək ilə bağlı xalqımız lap qədimdən
həmin dörd ünsürlə əlaqədar
özünün zəngin adət-ənənə, etiqad və
ayinlərini yaratmışdır. Təzə ilin
başlanmasına dörd həftə qalmış ellikcə
bu ayin və etiqadların icra olunmasına qol qoyulurdu...
İlaxır çərşənbələr
Novruza qədərki hər
bir çərşənbə təbiətin bir
ünsürü ilə əlaqələndirilirdi. Əcdadlarımızın
ilkin təsəvvürlərində ilaxır çərşənbələr
və ya ilin axır çərşənbələri
anlayışları yaranıb müqəddəsləşmişdir.
Qədim inamlara görə, hər birində təbiətin
dörd ünsüründən biri "dirilmiş" bu
çərşənbələrlə bağlı xalq
böyük el şənliyi və mərasimlər düzəldirdi.
Günübugün də həmin təmtəraqlı mərasimlər
ümumxalq şənliyi kimi qeyd olunur. Ayrı-ayrılıqda
"Su çərşənbəsi", "Od çərşənbəsi",
"Yel çərşənbəsi" və "Torpaq
çərşənbəsi" adlandırılan
"İlaxır çərşənbələr" insanları
məhsul bolluğu yaratmağa, birlik və firavanlığa,
halallığa, dostluğun, qardaşlığın
sarsılmaz gücünün qüdrətinə inanmağa
çağırırdı.
İlaxır çərşənbələrdə
əsrlər ötdükcə insanın birgə
yaşayışı və xoşbəxtliyi
üçün xüsusi, son dərəcə əsas olan
dünyagörüşlər yaradılırdı. Bu
dünyagörüşlər isə adamları çox pis və
zərərli niyyətlərdən, şər əməllərdən
- oğurluqdan, riyakarlıqdan, əxlaqsızlıqdan, təkəbbürlülükdən,
paxıllıqdan, başqasının var-dövlətinə
göz dikməkdən çəkindirir, onları halal zəhmətə
çağırır, insanlarda əməyə, torpağa dərin
məhəbbət aşılayırdı. Novruz ayin və
etiqadlarında ədalətə, mərhəmətə, rəhmə,
sevgiyə böyük ehtiram var. İlaxır çərşənbələrin
hər birində əzizlənən müqəddəs
ünsürlərin il boyu insanın köməyinə gəldiyi
barədə inam bu gün də qalır. Bu çərşənbələrin
hər biri əcdadlarımızın əziz etiqadları,
duyğuları ilə bağlıdır: onları öz
dünənimiz, keçmişimiz kimi bilməyə, əməl
etməyə hamımız borcluyuq.
Etnoqrafik qeydlərə
nəzər salanda, ilaxır çərşənbələr
barədə maraqlı məlumatlarla rastlaşırıq. Onların
bəziləri ilə yaxından tanışlıq maraqlı
nəticələr əldə etməyə imkan yaradır.
Su çərşənbəsi
Boz ayın dörd
müqəddəs çərşənbəsinin birincisi
"Əzəl çərşənbə" kimi
tanınırdı. Xalq arasında ona təzə
"doğulan", yeni gələn, "Əvvəl çərşənbə",
"Su çərşənbəsi", "Gül çərşənbəsi"
də deyirlər. Qədim inamlara görə, əzəl
çərşənbədə təzə ilin gəlişi
münasibətilə ən əvvəl su təzələnir.
Elə buna görə də bu çərşənbə su
ilə, suyun təmizlənməsi ilə əlaqələndirilir.
Əzəl çərşənbə suya tapınma inamı
ilə başladığına görə, bütün
insanlar hələ gün doğmamışdan çay, arx,
bulaq, yaxud çeşmə üstünə getməli, axar
suda əl-üzünü yumalı, bir-birinin üzünə
su çiləməli, su üstündə atdanmalı,
yaralıların, xəstələrin üstünə su səpməlidirlər
ki, il boyu sağlam olsunlar. Çünki əzəl çərşənbənin
sübh tezdən köpüklənən ağ suyu
bütün dərdlərin dərmanı hesab olunur. Bu vaxt
buğdadan səməni qoymaq da vacib sayılır.
Su falı: Su çərşənbəsində
sübh tezdən gedib axar sudan - bulaqdan, çaydan, arxdan
"lal su" gətirirlər: suyu evə gətirənə
qədər heç kimlə bircə kəlmə də kəsmək
olmaz. Onu bir neçə piyaləyə töküb
saxlayırlar.
Axşam qızlar
yığışırlar, hərə öz baxtına
üzüyünü saçına sürtüb həmin
piyalədəki suya salırlar. Üzük piyalənin
divarına toxunub cingildəyir. Üzük neçə dəfə
cingildədisə, deməli, onun sahibi olan qız həmin sayda
ildən sonra gəlin köçəcək
Od çərşənbəsi
İlaxır çərşənbələrdən
ikincisi olan bu çərşənbəyə bəzən
"Üsgü çərşənbə",
"Üsgü axşamı", yaxud da əzizləmə mənasında
"Addı çərşənbə" də deyilir. Od
çərşənbəsi əski inamlara bağlı olub
günəşə, atəşə, odu qoruyub saxlamaq
inamına tapınma ilə əlaqədar yaranıb. Zərdüştlükdən
çox-çox əvvəllər də insanlar
inanırdılar ki, odu, günəşi əzizləsələr,
oxşasalar, təbiət tez isinər, adamlara xoşbəxtlik
gətirər.
Bu çərşənbədə
oda sitayiş edilir, onun şərəfinə şənliklər
təşkil olunurdu. Yazın istisini arzulayan ulu
babalarımız od çərşənbəsində
sübh tezdən Günəşə qurban aparardılar.
Böyük bir tonqal qalayıb günəşin
çıxmasını gözləyər, odun şərəfinə
nəğmələr söyləyərdilər. Səhər
gün doğanda qurbanın - kəhər atın
başını kəsərdilər ki, adamlara, elə-obaya
xoşbəxtlik, səadət gəlsin.
İnanclardan nümunələr:
Ocaq yananda səslənirsə, demək, kimsə sənin
sözünü danışır...
Ocağa yanaşanda
salam ver, baş əy...
Ocağın
tüstüsü üstünə gəlsə sevgilin gözəl
olar...
Gün doğanda
anadan olan uşaq göyçək,
ya da pəhləvan
olar...
Çıraq
yandıranın çırağı sönməz olar....
Yel çərşənbəsi
El içində Yel
çərşənbəsini "küləyi oyadan",
"yelli", "Heydər" çərşənbəsi
də adlandırırlar. Etiqada görə, bu çərşənbədə
oyanan yel və külək ərzi gəzir, oyanmış
suyu, odu hərəkətə gətirir. Yel çərşənbəsində
əsən isti və soyuq küləklər yazın gəlişindən
xəbər verir. Gün ərzində bir neçə dəfə
dəyişən külək yelin özünün təzələnməsi
kimi qəbul edilir. O, lazım gələndə, insanları əzizləyir,
onlara kömək edir, qəzəblənəndə isə
adamları cəzalandırır. Odur ki, külək və
yelin şərəfinə üçüncü çərşənbədə
böyük mərasim keçirirlər.
Şifahi xalq ədəbiyyatında
bu ilaxır çərşənbəylə bağlı
çoxsaylı poeziya nümunələrinə rast gəlirik.
Məsələn:
Yel əsər, toz qoparar,
Ağacdan qoz qoparar.
Yellə gələn bəlanı,
Yel özü də aparar...
Torpaq çərşənbəsi
Novruz bayramı ərəfəsindəki
çərşənbələrin sonuncusu hesab olunur və
xalq arasında "İlaxır çərşənbəsi",
"Yer çərşənbəsi", "Torpaq çərşənbəsi",
"Çərşənbə-suri" kimi də
tanınır. Bu çərşənbədə yer
oyanır, torpaqda su, istilik və hava normallaşır, beləliklə,
yaz əkininə artıq başlamaq olar.
Axır çərşənbə
ilaxır çərşənbələrin mərasim, ayin,
etiqad, oyun və şənliklər ən zəngin
olanıdır. Bu vaxt əvvəlki çərşənbələrdə
icra olunan bütün ayin və mərasimlər daha şən,
böyük xalq şənlikləri kimi təkrar qeyd edilirlər.
Mərasim sübh tezdən suya tapınma ayini ilə
başlayır. İnsanlar su kənarına gedir, su
üstünə atdanır, dərdini, arzusunu axar suya deyir və
ondan imdad diləyirlər. Bütün günü davam edən
mərasim axşam şənlikləri ilə daha da
gurlaşır. Bu axşam üzərlik yandırılır,
tonqallar alovlanır, tonqallar üstündən tullanır,
bacalardan torbalar sallanır, qurşaq atılır, qulaq
falları qurulur. Subaylar qonşu evlərin qapısının
arxasında gizlənərək ilk eşitdikləri sözlərə
uyğun təzə ildə onları gözləyən hadisələri
öncədən bilməyə çalışırlar.
Bəzi bölgələrdə
axır çərşənbədə süfrəyə ət
və toyuq əvəzinə ancaq balıq verirlər.
Bütün ilaxır çərşənbələrdə əsasən
yeniyetmə və gənclərdən ibarət xüsusi
musiqiçilər dəstəsi axşam qaranlıq
düşəndən sonra ev-ev, oba-oba gəzir,
çalıb-oxuyurlar. Bir çox hallarda oğlan
uşağına qadın paltarı geyindirir, keçəl və
kosayla birgə evləri gəzərək
çalıb-oynayır, insanların əhval-ruhiyyələrini
yüksəldirdilər. Bəxşiş, hədiyyə
yığmaq, qurşaq atmaq indi də dəbdən
düşməyib
Səməni halvası:
Axır çərşənbədə birinci çərşənbədə
qoyulan buğdadan göyərmiş səməni təknədə
döyülür, suyu çıxarılır və ondan səməni
həlimi ilə səməni halvası bişirilir. Bir
çox yerlərdə səməni həlimi çərşənbə
günü yeddi qapıya paylanılır. Səməni
suyundan bişirilən bayram halvası isə çox dadlı
və xeyirli hesab edilir. Bunların hər ikisi axır çərşənbənin
ən ləziz təamları sayılır
Əsas - Novruz Bayramı mərasimi
Şərq, yəni
Hicri-Şəmsi təqvimində yeni ilin
başlandığı gün yazda - gecə ilə
gündüzün bərabər olduğu günə
düşür. Bayram Hicri-Şəmsi təqvimi ilə fərvərdin
ayının ilk gününə, indi ölkəmizdə qəbul
edilən müasir təqvimə görə martın 20-22,
nadir hallarda isə martın 23-ə təsadüf edir.
İnsanlar bayrama çox ciddi şəkildə
hazırlaşırlar. Yaşayış yerləri, həyət-baca,
küçələr silinib-süpürülür, yeni
geyim-paltar alınır, bayram şirniyyatı bişirilir,
qovğa qovulur. Bayram günlərində dünyasını dəyişmiş
qohum-əqrabaların qəbirləri üstünə gedib
ruhları yad edilir, məzarlarının başında
"Yasin" oxutdurulur. Küsənlər barışır,
qohum-qonşu bir-birilərinin evlərinə getməklə əlaqələrini
daha da möhkəmləndirirlər. Xüsusilə xəstələr
və qocalara diqqət, uşaqlara qayğı
artırılır.
Bayram axşamı ailənin
bütün üzvləri bir süfrə başına
toplaşmalıdır. Süfrədəki insanların
sayına görə şam yandırılır və bu zaman
hər kəs ürəyində niyyət tutur. Şamı
söndürmək günah hesab olunur. Ərinmiş
şamın qalıqlarına əsasən niyyət yozulur.
Bayramın səhəri sübh tezdən kişi ilə
rastlaşmaq yaxşı əlamət sayılır. Əgər
rastlaşdığın kişi "yüz il yaşa"
desə, deməli, qarşıdakı ildə işlər lap
yaxşı gedəcək.
Qohumluq əlaqələri
təzəcə yaradılıbsa, oğlan tərəfi
qız evinə Novruz xonçası və qurbanlıq
qoç aparmalıdır. Bizim günlərdə bayram adət-ənənələrinə
bir qədər fərqli riayət olunsa da, əsasən dəyişməz
qalıb. Bölgələrimizdə kiçik fərqləri
çıxmaq şərtilə Novruz bayramına baxış
demək olr ki eynidir.
Bayramın əsas
simvolları bunlardır: səməni, rəngə
salınmış yumurta, müxtəlif şirniyyatlar,
tonqallar, kosa və keçəl, qurşaq atmaq tonqal, meydan
oyunları, qovğa və b. Bəzi illərdə Novruz
günləri şiə müsəlmanlarının Məhərrəmlik
ayındakı Aşura matəm mərasiminə təsadüf
etdikdə, keçirilən bayram tədbirlərində müəyyən
dəyişikliklər edilir.
Tonqal başında:
Şər qarışanda hər həyətdə, yaxud məhəllədə
tonqallar yandırılır və tonqal başına
toplaşanların hamısı növbə ilə
üç dəfə alovun üstündən tullanırlar.
Bəzi bölgələrimizdə bayram tonqallarının
sayı bir, bəzilərində üç, bir
çoxlarında isə yeddiyə çatır.
Böyüklər ailənin yaşca kiçik üzvlərini
qucaqlarına alıb tonqalın üstündə tullanır,
"Köhnə ildəki dərdim-azarım odda
yansın!" - deyərək dua edirlər. Bu, bütün
azar-bezardan, bədbəxtliklərdən, fəlakətlərdən
xilas olmaq, özlərini və yaxın adamlarını ərzində
yol verilmiş günahlardan qurtulmaq niyyəti ilə edilir
Millətin kulturoloji
şifrəsini bəşəri edək...
YUNESKO-nun
"Ümumdünya mədəni və təbii irsinin
mühafizəsi haqqında Konvensiya"nın tələblərinə
uyğun olaraq, bəşəriyyətin xüsusi
siyahısına salınmış, qorunan, daha çox elitar və
peşəkar bir incəsənət sahəsi sayılan
muğamlarımızdan savayı Azərbaycan milli-mənəvi
dəyərlər sistemində Aşıq sənəti, Novruz
Bayramı, xalçaçılıq, milli mətbəx və
b. yüksək mədəni irs texnologiyalarımız var ki,
onları qloballaşma çağının beynəlqxalq dəyərlərinə
çevirməyin vaxtı yetişib. Bütün bu imkanlardan
lazımınca yararlanaraq kulturoloji millitəsdiq vasitəsi
kimi onları dünyada təbliğ etmək, tanıtmaq
imkanımız var. Artıq neçə ildir ki, dövlətimiz
tərəfindən yüksək səviyyədə qeyd olunan
Bahar bayramının - Novruzun beynəlxalq aləmdə
böyük kulturoloji-turistik əks-sədası eşidilməkdədir.
Statistik göstəricilərə görə, Novruz bayramı
günləri ərəfəsində ölkəmizə əcnəbi
turistlərin kütləvi gəlişi müşahidə
olunur.
XXI əsrdə isə
Novruzu qlobal dünya bayramına çevirməyin vaxtı
çoxdan çatıb: nə qədər ki, qonşu
dövlətlər onu "özəlləşdirməyib",
bu məsələdə Azərbaycan qabağa
düşdü: Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun
xoşməramlı səfiri, millət vəkili, birinci
xanımımız Mehriban Əliyevanın təşəbbüsü
ilə Muğam, Aşıq sənəti, Novruz Bayramı
YUNESKO-nun "Ümumdünya mədəni və təbii
irsinin mühafizəsi haqqında Konvensiya"nın tələblərinə
uyğun olaraq, bəşəriyyətin xüsusi
siyahısına salınıb.
Azərbaycan
Respublikasının təşəbbüsü ilə isə
BMT 21 martı Beynəlxalq Novruz Günü elan edib...
Yazı Azərbaycan
Respublikasının Prezidenti yanında Kütləvi
İnformasiya Vasitələrinin İnkişafına Dövlət
Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim
etmək üçün hazırlanıb.
Aydın Xan (Əbilov)
Ədalət.- 2011.- 4 mart.- S. 6.