NURANİ YOLLARIN OLUM YOLÇUSU

 

Az.TV-nin "Yurd" verilişlərindən biri Yəhya bəy Dilqəmə həsr olunmuşdu. Uca boylu, bəyaz saçlı, vüqarlı görkəmə malik bir nəfər sazı sinəsinə basıb "Dilqəmi" havasını yanıqlı-yanıqlı çalırdı. Adama elə gəlirdi ki, aşıq sazın sarı tellərini qəlbinin tellərinə calıyıb, içindəki yanğını, sızıltını sazın dili ilə bənzərsiz, özünəməxsus bir üslubda tamaşaçılara çatdırırdı. İfasını vurğunluqla dinlədiyim sənətkar, saz-söz meydanında tanınan folklor bilicisi, ustad Aşıq Əli idi.

Yenə uçmuşdu göylərə xəyalı bu gecə. Səma elə aydın, elə təmiz idi ki... Ulduzlar nazlı mələk olub göylərə naz satırdı. Göylər də məst olmuşdu elə bil bu gözəllikdən. Uçurdu, uçduqca buludların arasında kimisə axtarırdı. Kimi? Bilirdi, amma onu da bilirdi ki, axtardığını tapmaq hələ tezdi. Göylər tər-təmiz, aydın, nurlu idi. Tanrı qələm çəkmişdi onun üzünə. Bu arada qarşıma bir aşıq çıxdı. Kim idi bu? Diqqətlə baxdı-baxdı. "Ey, məni tanımadın", - deyə soruşdu. Aşıq gördü ki, ondan cavab gəlmədi. Özü dedi: "Yaxşı da burdadı, odur bax, çiçək toplayır. Sən də yaman yaxşı şeirlər qoşmusan bizlərə. Sazı da elə çalırsan ki, yer-göy ağlayır. Afərin sənə!", - deyib Yaxşıya tərəf yol aldı. - Ay Yaxşı gör kim gəlib? - soruşdu. Yaxşı: - bilirəm-bilirəm, deyib çiçəkləri toplamağa davam etdi.

O elə bil, tilsimlənmişdi, yerindən tərpənə bilmirdi. Az sonra özünü ələ alıb yola düzəldi

Yam-yaşıl düzənlikdə qarşısına bir bəy çıxdı. Bəy onu görcək: - "Ay eloğlu, xoş gəldin", - deyib onu salamladı. Saq ol, amma səni tanımadım. Bəyi yaman gülmək tutdu. Sonra özünü ələ alıb mehribanlıqla onun qoluna girib alaçığa apardı. "Ay Dostu xanım, gör kim gəlib". Dostu xanım yaşmağını düzəltdi - Bu ki "Dilqəmi"si ilə ürəklər yandıran, insanları laməkan edən aşıq Əlidi ki. Xoş gəldin, ay Əli qardaş. Elə bu an alaçığı körpə çığırtısı bürüdü. Yəhya bəy: - "Ay Dostu xanım, görən uşaq niyə ağlayır?" - deyib nənniyə yaxınlaşıb - Görürsən, Allahım bizi qovuşdurdu, üzümüzü güldürdü deyib, gözlərinin yaşını sildi. O, Zəlimxana get de ki, hər şey yaxşıdı. Biz bir-birimizə artıq qovuşduq. Aşığın qulağına isə Zəlimxanın səsi gəlirdi:

 

Hansı dağdı zirvəsini qar alan,

Hansı düzdü çiçəkləri saralan,

Kimdi gedif özgəsinə yar olan?!

Könüllərin sitəmini bir də çal!

Aşıq Əli, "Dilqəmi"ni bir də çal.

 

O, heyrətindən yerindəcə donub qalmışdı. - "Allahım sən nə qədər mərhəmətlisən" - deyib yoluna düzəldi. Arxasınca Dostu xanımın səsi gəldi. -"Axı çay dəmləmişəm, hara getdin, ay aşıq?!" Səslər uzaqlaşırdı... O yoluna davam etdi.

Qarşısına bir mağar çıxdı. Tez özünü mağara çatdırdı. Toy idi.

Gəlinlə bəy əlləri xınalı ortalıqda oynayırdı. "Bunlar kimlərdi görəsən?". Bir az da yaxına gəldi. Bu Əsli ilə Kərəm idi. Yadına bir zaman yazdığı: gəraylı düşdü:

 

Hanı Əsli kimi canan,

Kərəm təki oda yanan.

Bir baxışdan mətləb qanan

Gözdən ötrü, ölmürəmmi.

 

- deyib, özü də bilmədən sazını sinəsinə basıb:

 

Əliyəm, yaş ötkün saqqalım çaldı,

Kim harda uddusa orda da çaldı,

Çox aşıx saz alıf, "Kərəmi" çaldı,

Ədalət çalan tək "Kərəm" olmadı.

 

"Yaşa, yaşa, aşıq" - deyib onu nəmər yağışına tutdular. "Sağ olun, var olun" - deyib, aşıq yoluna davam etdi...

Uzaqdan uca boylu qəddi-qamətli bir aşıq gəlirdi. Aşıq diqqətlə baxdı gördü ki, bu Xanlardı.

Xanlar: - Ə qardaş, yaman mənə şeir qoşmusan - deyib:

 

Saz döşündə ömrü vurdu sona hey,

Qəssal qəss eylədi dümağ dona hey,

Əlim çatmaz, ünüm yetməz ona hey,

Qovuşdu torpağa qardaşım mənim

 

- sözünü başa çatdırıb, üzünü yenidən aşığa tutdu: "Görürsənmi, sən deyən kimi heç də biz ayrılmamışıq. Mən həmişə sizlərləyəm. İndi isə məni bağışla, getməliyəm, işim var" - deyib yola düzəldi. Aşıq gördüyü mənzərənin sehrindən ayrıla bilmirdi. Dostunun dalınca həsrətlə baxıb, yanağı boyunca süzülən göz yaşını silib, yoluna davam etdi...

Və bu anda qarşısına bir qaraltı çıxdı. Yaxına gəlib gördü ki, bir kişi oturub çay içir. Bu kişi Bəhmən Vətənoğlu idi. - "Ay aşıx xoş gəldin. Gəl, sən də bizim çaya qonaq ol. Burdakı suların dadından doymaq olmur. Yadındadı, Gəncədə səninlə çayxanada çay içmişdik? Onda Kəlbəcər əldən getmişdi. Sən sonra mənə bir şeir də göndərmişdin:

 

Ay Bəhmən, Kəlbəcər gedəndən bəri,

Qəlbimin sızlıyan yarası oluf.

Çiçəkli Dəlidağ ağrılı yerim,

İstisu gözümün qorası oluf.

 

... Gəlmir Sücayətin səsi, sorağı,

Qəmin qucağında qalıf varağı.

Dünən qəmxanəmin yanan çırağı,

Büyün axirətin çırası oluf.

- yadına düşdü?!

 

Mənsə sənə cavab verməmişdim. İndi bu gün cavabım budur. Gördün ki, torpaqlarımız azad oldu. Vətənimiz gülüstana çevrildi. Ona görə bu gün burada rahat əyləşmişəm.

Aşıq təzəcə əyləşmək istəyirdi ki, Bəhmən Vətənoğlu: - "Get-get, səni gözləyənlər var, sonra gələrsən". O, könülsüz, yorğun-yorğun yoluna davam etdi...

Uzaqdan başı qarlı dağlar onu salamlayırdı. Qız-gəlinlər əllərində bənövşə ona əl edirdilər. Qarı nənələr qovurğa qovururdular. Analar bir qıraqda ocaq qalayıb yuxa açırdılar. Cincilimin, əvəliyin, turşəngin yemliyin, gicitkənın ətri bir-birinə qarışmışdı. Şirələnmiş təndirlərdə bişirilən çörəyin ətri insanı məst edirdi. Aşıq gördüyü mənzərədən:

 

Əliyəm, yurduma xeyli zamandı,

Yağılar göz tikif halım yamandı.

Əmanət eylərəm, Allah, amandı

Oyax olsun, Rüstəm-Zalı dağların.

 

- deyib haray çəkdi. Aşıq yaman kövrəlmişdi. Qayğısız uşaqlığı, atalı-analı günləri yadına düşmüşdü. Dərindən bir köks ötürüb - "Ey fani dünya deyib" - yoluna yenicə düzəlmişdi ki, - "bıy başıma xeyir, bu kişi indiyə qədər hələ yatıb?! - A kişi dür! Qulağına çox uzaqdan ömür-gün yoldaşın Ətlazın səsi gəlirdi. Bu səs bir vaxt onu yaman kövrəltmişdi. Bu o vaxt idi ki, o, İranda idi. Elinin-obasının başı üstündə qara buludlar dolaşırdı. O zaman bu səs vətəndən uzaqda onu yandırıb-yaxmışdı.

 

Eşitdim, elimə yeriyif yağı,

Doğru-yalanını bileydim, keşkə.

Quş oluf bir anlıx nazdı dilbəri

Görüf din-imana gileydim, keşkə.

 

Səs yaxınlaşırdı. - "Ey əfəndim, ey sultanım oyan!", - deyib bir əl onu silkələdi. Aşıq baş üstə deyib, ayağa qalxdı. Eyvana çıxdı. Ömür-gün yoldaşı əlində dəsmal onu gözləyirdi. Əl-üzünə su vurub aynanın qarşısına keçdi. Aynadan ona qəd-qamətli, başına dağların qarı ələnmiş, nurani bir aşıq baxırdı və bu aşıq ikisinin eşidəcəyi bir səslə: - "Gəldin ömrün 60 ili, saçlarıma qar da düşdü. Ay Əli heç bilmədin gənclik ömür qatarından harda düşdü. Yaşın mübarək!"

 

 

XƏDİCƏ MURAD

 

Ədalət.- 2011.- 4 mart.- S. 6.