Sakit... həlim poeziya
Fərqanə Mehdiyeva: "Bütün
şeirlər əslində
layladı"
Ədəbi ictimaiyyət
bu imzanı yaxşı tanıyır.
Təkcə işlədiyi
jurnalda tutduğu məsul vəzifə ilə deyil, həm də sözünün çəkisi,
öz yerini bilməsi əsl Azərbaycan xanımına
xas bütün dəyərlərə malik
olması bu imza sahibini hər
kəsin yanında yüksək mərtəbədə
saxlayır. Çünki
o özü elə həmin o yüksək mərtəbəyə layiqdi,
özü də təmənnasız, iddiasız,
sadəcə ürəyindən
gələnləri elə
ürəyinin istədiyi
kimi yaxdığına
görə və bir də Allah ona o mərtəbəni lütf etdiyinə görə.
Yəqin ki, bildiniz söhbət kimdən gedir. Əgər bilmədinizsə
onda xatırladım. Mənim həmsöhbətim,
siz dəyərli oxuculara təqdim etdiyimiz şairə Fərqanə Mehdiyevadır.
Artıq yəqin ki, tanıdınız. Deməli, Fərqanə xanımla sizin aranızda körpü yaratmağın məqamı
çatıb.
- Fərqanə xanım,
artıq 2010-cu il arxada qaldı. Yeni ilin də
iki ayını başa vurduq. Bu tarix sizə nə deyir, nə xatırladır. Heç bu barədə
düşünmüsüz?
- Öncə
təşəkkür edirəm
ki, məni oxucularla görüşdürürsünüz.
Bu müəllif üçün,
qələm adamı üçün xoş bir təsadüf, yaxşı bir imkandı. O ki, qaldı sualınıza, arxada qalan məqam
bütövlükdə o zaman
kəsiyi həyatımda
yaxşı izlərlə
qalıb. Xüsusi ilə olaraq, oğlumun ali məktəbə qəbul
olunması bir ana kimi məni
hədsiz sevindirib. Bunu hər kəsə
arzu edirəm. Yaradıcılıq baxımından
isə dediyiniz müddətdə ədəbi
orqanlarda bir neçə dəfə şeirlərimlə çıxış
etmişəm, ölkənin
aparıcı televiziyalarının
qonağı olmuşam,
hamının sevə-sevə
izlədiyi İTV-nin
"Səhər ovqatı"
proqramında tamaşaçılara
xoş ovqat bəxş etməyə çalışmışam və
nəhayət yeni kitabımı çapa hazırlamışam. İnşallah,
bu il kitabı
oxuculara təqdim edə biləcəyəm.
Bütövlükdə isə
ötən məqam ərzində prezident təqaüdçüsü olmağım
indiki iqtisadi durumda ailə qayğılarının azaldılmasında
daha fəal iştirakım mənim üçün bir xanım olaraq uğur sayılır. Ən azı ona görə ki, mən də
həyat yoldaşıma
müəyyən dəstək
vermək şansı
qazanmışam.
- Fərqanə xanım,
siz təkcə şairə kimi deyil, həm də Azərbaycan oxucusunun böyük dəyər verdiyi oturuşmuş bir jurnalın, yəni "Ulduz" jurnalının poeziya şöbəsinə
rəhbərlik edirsiniz.
Etiraf edək ki, bütün ədəbi orqanlarda bu gün bir
şeir axını yaşanır. Demək olar ki, hamı
yazır və hamı da özünü
tam, mükəmməl şair
hesab edir. Siz həmin o axının qarşısında
necə dayanırsınız?
- Doğrudan
da bu gün
mətbuatın bolluğu
sözü bir az ucuzlaşdırıb. Çünki istənilən
ədəbi orqanın
qəbul
etmədiyi, layiq bilmədiyi, hətta söz yığımı hesab etdiyim "şeirlər"
mətbuatda səhifə-səhifə
çap olunur. Və onun müəllifi
də ertəsi günü o qəzetlə,
o qeyri-ciddi jurnalla qapını kəsib özünü şair kimi gözə soxmağa çalışır.
Bu həm sözə hörmətsizlikdi, həm
şair adına, həm də bütövlükdə ədəbiyyata.
Amma neyləmək olar, görünür, bu günün reallıqları ilə barışmaq lazımdır.
Bütövlükdə isə
özünü təsdiq
etmiş sözə vicdanla, məsuliyyətlə
qulluq edən müəlliflərin əksəriyyəti
redaksiyamıza ya
internet vasitəsi ilə,
ya məktubla, ya da özləri
gələrək sakitcə
yazılarını təqdim
edirlər və heç bir iddia ortaya qoymadan
sağollaşıb gedirlər.
Çünki onlar sözlərindən arxayındırlar.
Bilirlər ki, layiqli, dəyərli söz mütləq çap olunacaq, oxucuya çatdırılacaq.
Mən də bu cür dəyərli
sözlərin təqdimatçısı
kimi həmkarlarımla
birlikdə sevinirəm,
onların uğurlarına
şərik oluram. Əslində söz adamları da belə olmalıdı.
- Fərqanə xanım,
şair sözlə, qələmlə yaşayıb
deyiblər, amma şairələrin problemi
bir az fərqlidir.
Onlar həm də bir evin
xanımı, bir körpənin anasıdı.
Siz bu iki
müqəddəs vəzifəni
birlikdə necə icra edirsiniz. Sizə çətin olmur ki?
- Mənə
elə gəlir ki, kimliyindən, tutduğu vəzifədən
asılı olmayaraq, hər bir qadın
əslində evinin xanımı olmalıdır,
çünki evdə
ailə, uşaq öncə onun nahara nə hazırladığını bilmək
istəyir, daha hansı şeiri yazdığını yox.
Bax, bu mənada
mən bütün hallarda çalışıram
ki, evimin xanımı, uşaqlarımın
anası kimi üzərimə düşən
vəzifəni yerinə
yetirim. Hətta bu barədə şeirlərimdən birində
demişəm ki,
"sabah nahara şeir bişirəcəm".
Təbii ki, bu bir zarafatdı,
amma mən evin bütün işlərini görə-görə
həm də ürəyimdə yazır,
zümzümə edir
və bir də görürəm ki, onları kağıza köçürmüşəm.
Düşünürəm ki, əksər şairə xanımlar məhz belə də edirlər. Çünki onlar evin xanımı olmağı, ana olmağı dəyərləndirməyi
bacarırlar. Və onların uşaqlarına
çaldıqları layla
da ən gözəl şeirdi.
- Qarşıdan 8 mart Beynəlxalq Qadınlar bayramı gəlir. Bu münasibətlə Sizi və evinizdə olan xanımları təbrik edirik. Amma bir sualım
da var. Bu gün ədəbiyyatımızda bir
qruplaşma, bir qütbləşmə var. Siz
isə lal axan çaylar kimi heç səmtə burulmadan öz yolunuzla gedirsiniz. Bu sizi narahat etmir ki?
- Mənim
üçün heç
bir qruplaşma önəmli deyil. Tanıdığım və
böyük sevgilər
bəslədiyim bir ocaq var. O da Azərbaycan Yazıçılar
birliyidi. Mən ora tapınmışam. Şeirimi də, sözümü də təkcə özüm üçün yox, həm də məni oxuyanlar üçün, mənim
duyğularıma qiymət
verənlər üçün
ortaya qoyuram və inanıram ki, dəyərli söz heç vaxt arada qalmır
və qalmayacaq da. İstənilən qruplaşma gec-tez parçalanmaya gətirib çıxarır. Bundansa
böyük sözə
böyük ürəklə
xidmət etmək, ədəbiyyat yaratmaq daha məqsədəuyğundur.
Hər halda bu mənim şəxsi
fikrimdi, razılaşmayanlar
özləri bilərlər.
... Mən
Fərqanə xanımla
bugünkü ədəbi
mühitimizdən tutmuş
"Ulduz" jurnalının,
"Ədalət" qəzetinin
və bütövlükdə
mətbuatın yaşadığı
yaradıcılıq aurasından,
onun qayğılarından,
uğurlarından xeyli
söhbət etdim və söhbət etdiyim o anlarda da bir daha
əmin oldum ki, Fərqanə Mehdiyeva həmişə olduğu kimi yenə də böyük sözün qulluğundadı və öz ampulasından yolunu dəyişmir. İnanın ki, bu mənim ürəyimcə
oldu və inanın ki, ürəklə bayramını
təbrik etdiyim Fərqanə xanıma böyük yaradıcılıq
uğurları, ailə
səadəti və xüsusi ilə həmişə belə oxucu üçün doğma qalmasını Tanrıdan dilədim. Allah
bütün xanımların,
o cümlədən də
Fərqanə Mehdiyevanın
ömrünün hər
bir anını səadət və xoşbəxtliklə bəzəsin.
Çünki mən şeirlərini təkrar-təkrar
oxuduğum müəlliflərdən
biri olan Fərqanə Mehdiyevanın
ana mövzusunda yazdığı hər bir misranın arxasında onun böyük ürəyini,
onun özünü görmüşəm. Bu da
onun özünün dediyi kimi, anasına
olan sonsuz sevgisindən qaynaqlanıb.
Axı, anaların yeri başımın üstüdü. Başımın
üstündə olan
analar, xanımlar. İndi oxuyacağınız
şeirlərlə Fərqanə
xanım sizlərin də bayramını təbrik edir.
Əbülfət MƏDƏTOĞLU
Ədalət.- 2011.- 5 mart.- S. 6.