1906-1908-ci illərdə
"Qarabağ Birlik Məclisi" - "Difai"nin fəaliyyəti
(Əvvəli
ötən saylarımızda)
Müəllif bu
kitabında erməni millətçi təşkilatlarının
terrorçu fəaliyyətinə cavab olaraq Azərbaycanda ilk
milli təşkilat "Difai" (Müdafiə)
Partiyasının yaradılması və fəaliyyəti
tarixi tətbiq edilir. Ən müxtəlif mənbələrdən
cəlb edilmiş zəngin faktiki materialın təhlili və
ümumiləşdirilməsi əsasında bu mövzunu
ideoloji ehkamlardan və milli-subyektiv baxışlardan
asılı olmadan işıqlandırmağa cəhd
edilmişdir. Əsərdə "Difai"nin fəaliyyəti
erməni-azərbaycanlı ziddiyyətlərinin
yaranmasının ilkin tarixi şərtləri və səbəbləri
fonunda nəzərdən keçirilir. Çar
Rusiyasının XVIII əsrin birinci rübündən
başlayaraq Cənubi Qafqaza hərbi-siyasi ekspansiyası bu
ziddiyyətlərin əsasını qoymuşdur. Həmin
siyasətin həyata keçməsində erməni amilinə
imperiyanın regionda sosial dayağı və müsəlman
dövlətləri olan Türkiyə və İrana
qarşı mübarizə xristian forpostu rolu
ayrılırdı. Məhz bu siyasət nəticəsində
XX əsrin əvvəlində erməni-azərbaycanlı
ziddiyyətləri kuliminasiya nöqtəsinə çataraq,
açıq qanlı qarşıdurmaya çevrilmişdir. Azərbaycanlı
əhalinin erməni terrorundan qorunmasında "Difai"
Partiyasının rolunu obyektiv və əsaslandırılmış
şəkildə işıqlandırılması zərurəti
müasir dövrdə bu araşdırmanın əhəmiyyətini
və aktuallığını şərtləndirir.
1909-cu ilin may ayında
"Qarabağ Birlik Məclisi"nin üzvlərinin işi
üzrə məhkəmə araşdırması
aparılmışdı. İş üzrə müttəhimlər
kimi "Difai"nin Şuşa bölməsinin üzvləri
Məşədi Şamil Hacıyev, Əfrasiyab Əzimov, Kərbəlayı
Usub Mirsiyabov, İrzabəy İrzabəyov və Məmməd
İsmayıl oğlu Ağdam bölməsinin üzvləri
Hacı Miriş Mirbağırov, Mirzə Davud Ağamirzəzadə,
Baxış bəy Kazımbəyov, Hacı Cümşüd
Hacı Cəfərqulu oğlu, Zülfüqar bəy Abdullabəy
oğlu Haqverdiyev və Muxtar Kərbəlayi Məmməd
oğlu keçirdi. Adları çəkilən şəxslər
"fəaliyyətinin məqsədi Zaqafqaziyanın müsəlman
əhalisini qanuna və hökumətin sərəncamlarına
itaət etməməyə təhrik etməkdən ibarət
olan, özünü müsəlman "Difai" partiyası
və "Qarabağ Məclisi" adlandıran, üzvləri
ətraf kəndləri gəzərək əhalidən
partiyanın ehtiyacları və silah üçün pul
yığan, partiyanın adından inzibati və məhkəmə
vəzifələrini yerinə yetirən, əhali arasında
çəkişmə və mübahisələri tənzimləməklə
məşğul olan cinayətkar birlikdə iştirak etməkdə"
ittiham olunurdu. Araşdırma nəticəsində Yelizavetpol
mahal məhkəməsi 1909-cu il mayın 15-də
"Qarabağ Birlik Məclisi"nin üzvlərinin işi
üzrə hökm çıxarmışdı. Məhkəmənin
qərarı ilə həmin şəxslərdən 8 nəfəri
8 aydan 2 ilə qədər həbs cəzasına məhkum
edilmiş, 3 nəfərin isə təqsiri sübut edilmədiyinə
görə məhkəmə onlara bəraət vermişdi.
Qarabağ məclisinin
ardınca partiyanın Yelizavetpol komitəsi də
dağıdıldı. Difaiçilərə qarşı
repressiya tədbirləri görülməsinin bir qədər
ləngiməsi jandarm hakimiyyəti dairələrinin xüsusi
mülahizələri ilə izah edilirdi. Məsələn,
Yelizavetpol qubernatoru Q.Kovalyov 1908-ci il martın 14-də Qafqaz
canişininin dəftərxanası yanında polis hissəsinin
xüsusi böləsinə təqdim etdiyi məlumatda
Yelizavetpolun sabiq general-qubernatoru general-mayor Volskini
"Difai"nin Yelizavetpol bölməsinin ləğvini
1907-ci ildə təxirə salmağa sövq etmiş səbəbləri
aşağıdakı kimi izah edirdi: "sonuncu (general
Volski.-Müəllif) o dövrdə (yəni 1907-ci ildə
-Müəllif) "Daşnaksutyun" erməni
inqilabçı partiyasını ləğv etməyi nəzərdə
tutarkən "Difai" partiyasının üzvlərinin həbsini
müəyyən qədər təxirə salmağı zəruri
hesab etmişdi.O, ehtiyat edirdi ki, bu iki inqilabi təşkilatın
üzvlərinin eyni vaxtda həbs edilməsi onların
hökumətə qarşı birgə müxalifətçi
fəaliyyətinə səbəb ola bilər".
"Difai"nin
Yelizavetpoldakı təşkilatının ləğv edilməsi
tədbirləri 1908-ci il iyun ayında başlandı. 1908-ci il
iyunun 24-nə keçən gecə Yelizavetpolda kütləvi
axtarışlar aparıldı. Axtarışlar zamanı
M.M.Pişnamazzadə, Ə.Rəfibəyov, Ə.Xasməmmədov,
M.Q.Rəfiyev və Q.Usubbəyovun evlərində rus,
fransız, və türk dillərində çoxlu miqdarda
inqilabi ədəbiyyat aşkar edilmişdi. Ə.Xasməmmədovun
evində gənc türklərin tanınmış lideri doktor
Abdullah Cövdətin 1905-ci ildə Cenevrədə "Qafqaz
müsəlmanlarına müraciət" adlı
kitabçası da tapılmışdı. Bu kitabça erməni-azərbaycanlı
münaqişəsinə son qoymağa və bütün
qüvvələri əsas müstəbidlərə - rus
çarına və Türkiyə Sultanına yönəltməyə
çağırırdı: "Parçala və hökm
et!" prinsipini rəhbər tutan çarın səyləri
sayəsində siz gələcəkdə daha çox əziləcəksiniz,
xüsusən ona görə ki, bu səylər digər
müstəbid Əbdülhəmid tərəfindən tam rəğbətlə
qarşılanır". Bu sənədlərdən
göründüyü kimi, gənc türklər Sultan hakimiyyətinə
qarşı geniş mübarizə cəbhəsi təşkil
etməyə, həm ölkə daxilində, həm də
Rusiya İmperiyasının milli-inqilabi təşkilatları
arasında özünə dayaq yaratmağa
çalışırdı. Belə təşkilatlardan ən
münasibi "Difai" idi. Maraqlıdır ki, bu
kitabçanı Cenevrədən "yaxşı savadlı
müsəlmana" göndərən
"Daşnaksutyun"un üzvü Leon Mnatsakanov olmuşdu.
Bu, belə güman etməyə əsas verir ki, daşnaklar gənc
türklərin təbliğat ədəbiyyatının
yayılmasında fəal rol oynamışlar. Ə.Xasməmmədovda
aşkar edilmiş ədəbiyyat arasında P.Lafarq, Ged,
K.Kautski və başqalarının sosial-demokratik
yönümlü işləri xeyli yer tutur. Bu, çar məmurlarının
fərziyyəsini sübut edir ki, "Difai" partiyası
öz siyasi məqsədlərinə görə demokratik
yönümlü olmuş, milli zəmində sosial-demokratik
ideyaları təbliğ etmiş və əhalinin
bütün demokratik təbəqələrini öz
bayrağı altında birləşdirməyə
çalışmışdır. M.Axundov, H.Usubbəyov,
M.İsmayılzadənin evlərində də xeyli miqdarda
qeyri-leqal ədəbiyyat və silah aşkar edilmişdi. Bu
şəxslər həbs edilmiş, sonra isə 1909-cu il
avqustun 4-də polisin aşkar müşahidəsi şərti
ilə azad edilmişdilər.
Qeyd etmək
lazımdır ki, hökumət orqanları "Difai"
partiyasının üzvlərinin həbs edilməsi məsələsinə
çox ehtiyatla yanaşırdılar. Məsələn,
Yelizavetpol general-qubernatoru vəzifəsini müvəqqəti
icra edən polkovnik Klementovun Tiflis Quberniya Jandarm İdarəsinin
rəis köməkçisinə 10 yanvar 1909-cu il tarixli
teleqramında deyilirdi: "Nəticəsiz kütləvi
axtarışlar və xüsusən yerli əhali arasında
görkəmli mövqe tutan şəxslərin kifayət qədər
əsaslandırılmamış həbsləri, mənim
inamıma görə əhalini terrora məruz qoyur və nəinki
hakimiyyətin nüfuzunun artmasına imkan verməmək və
dövlətdə asayişin və təhlükəsizliyin
saxlanması vasitəsi olmamaqla yanaşı, həm də əhalinin
nəzərində bu hökuməti aciz və vəziyyətdən
tamamilə bixəbər kimi göstərir. Həmin teleqramda
yerli əhalinin nümayəndələri tərəfindən
verilən məlumatlara da münasibət bildirilir, onlar
yalnız şəxsi düşmənçilik münasibətlərinin
nəticəsi kimi qiymətləndirilirdi. Buna görə də
hüquq-mühafizə orqanları partiyanın fəaliyyətinə
öz məxfi agentləri vasitəsilə nəzarət edir,
onların verdiyi məlumatlar diqqətlə
yoxlanılırdı.
Tiflis Quberniya Jandarm
İdarəsinin rəisi vəzifəsini icra edən
podpolkovnik Başinski öz raportunda Yelizavetpol komitəsinin
bütün rəhbər heyətini (10 nəfər) aşkar
polis nəzarəti altında inzibati qaydada sürgün etməyi
təklif edirdi. Lakin onlardan yalnız iki nəfəri - N.Axundov
Səmərqəndə və H.Usubbəyov Baxçasaraya
sürgün edildi. Onlar 5 il sürgün həyatından sonra
çarın 21 fevral 1913-cü il tarixli fərmanına əsasən
Romanovlar evinin hakimiyyətinin üç yüz illiyi
münasibətilə amnistiyadan sonra 1914-cü ildə vətənə
qayıtdılar. Repressiyalar nəticəsində partiya faktiki
olaraq başsız qalmışdı. Lakin ayrı-ayrı sənədlər
və dəlillər göstərir ki, onun fəaliyyəti
passiv formada da olsa davam etmişdir. Bərdəli mülkədar
İsmayıl bəy Tağıbəyovun romistr Kornilova
ünvanlanmış 8 aprel 1910-cu il tarixli məktubunda qeyd
edilir ki, polkovnik Qamkrelidzenin səyləri sayəsində bu il
hökumətin düşmənləri, "Difai"nin Bərdə
komitəsinin üzvləri tutulub saxlanmışdır. 1912-ci
ildə "Difai"ni bərpa etməyə, eləcə də
partiyanın Qarabağ fəaliyyətinin təbliğat
işini dirçəltməyə cəhd göstərilmişdi.
Bununla əlaqədar, "Qarabağ məclisi"nin katibi
Xuduş Quliyev Şuşada tutulmuşdu. Yelizavetpol sakinləri
Musa Bağır oğlu, Baba Allahverdi oğlu, Şuşa
sakini İldırım bəy Şərifbəyov bu partiyaya mənsub
olmaqda şübhə doğurduğuna görə həbs
edilmişdi. Elə həmin vaxt, 1912-ci il mayın 21-də
Nuxada Zaqafqaziya şeyxülislamı A.M.Pişnamazzadənin
evində Azərbaycan dilində 11 kitabça və 17 vərəqə
aşkar edilmişdi. Bundan əlavə, 1912-ci ilin avqust
ayında Nuxada yerli polis tərəfindən
tapılmış türk dilində proklamasiyaların birində
deyilirdi: "İslamın və millətin təmiz
adını qoruyub saxlamaq naminə biz bir müddət öz fəaliyyətimizi
dayandırmağa məcbur olmuşduq. Lakin indi topladığımız
məlumatlar nəticəsində yenidən öz müqəddəs
borcumuzu yerinə yetirməyə başlayırıq və əvvəlki
proqram üzrə hərəkət edəcəyik. Nuxada və
Qafqazın bəzi başqa məntəqələrində
yaranmış bəzi fikir ayrılıqlarına səbəb
olan şəxslər haqqında şayiələri diqqətlə
yoxladıqdan və onların təqsirkar olması yəqin
edildikdən sonra biz onlara münasibətdə insan ləyaqəti
qaydalarına uyğun hərəkət edəcəyik ki, rəzil
insanlar bundan sonra öz arzularını həyata keçirməyə,
millətimizin nümayəndələrinin namusuna toxunmağa
cəsarət etməsinlər". 1912-ci il aprel ayında Ərəş
qəzasında da Azərbaycan dilində vərəqələr
paylanmışdı. Lakin difaiçilər öz fəaliyyətini
əvvəlki miqyasda bərpa edə bilmədilər. Bu dəfə
polis daha sayıq idi və azacıq şübhə yarananda
difaiçiləri həbs edir, onları Qafqaz
hüdudlarından kənara sürgün edəcəyi ilə
hədələyirdi. "Difai"nin fəaliyyətinə
xitam verilməsinin dəqiq tarixi barədə
tarixşünaslıqda vahid fikir yoxdur. M.B.Məmmədzadə
və H.Baykara qeyd edirlər ki, "Difai" partiyası
öz mövcudluğuna 1908-ci ildə xitam vermişdir. X.Məmmədov
isə belə hesab edir ki, partiya öz fəaliyyətini
1909-cu ildə dayandırmışdır. Difaiçilərin
çoxu sonradan 1911-ci ildə yaradılmış Müsavat
partiyasına daxil olmuşlar.
Ayrı-ayrı işlərdə
göstərilən faktlar bu qənaətə gəlməyə
əsas verir ki, "Difai" I Dünya Müharibəsinə
qədər və hətta 1917-ci il fevral inqilabından sonra da
mövcud olmuşdur. Məsələn, T.Sventoxovski Türkiyə
mənbələrinə əsaslanaraq göstərir ki, Fətəli
xan Xoyskinin qardaşı oğlu, keçmiş difaiçilərin
səlahiyyətli nümayəndəsi Aslan xan Xoyski Qafqaz cəbhəsində
döyüş əməliyyatları zamanı sərhədi
keçmiş və 1915-ci il fevral ayında Ərzurumda Ənvər
Paşanın qərargahına gəlmişdir. Onun bu səfərinin
məqsədi istər Rusiyadan, istərsə də Türkiyədən
asılı olmayan müstəqil Respublika yaradılması üçün
Türkiyə və Almaniya nümayəndələrindən zəmanət
almaq idi. Həmin respublikaya Bakı, Yelizavetpol və İrəvan
quberniyaları, habelə Dağıstan və Terek rayonunun
daxil olması nəzərdə tutulurdu.
N.Şeyxzamanlının
öz xatirələrində yazılır: "1917-ci ildə
çar hökuməti devriləndən və Rusiya
İmperiyası dağılandan sonra başda Kerenski olmaqla
müvəqqəti hökumət yaradıldı. Qubernator vəzifəsi
ləğv ediləndən sonra vilayət komissarı vəzifəsi
tətbiq edildi. O dövrdə həmin vəzifəyə Xəlil
bəy Xasməmmədov təyin edilmişdi. İcraiyyə
komitəsi yaradılmışdı. Həmin komitəyə
ictimai təşkilatların və partiyaların hərəsinin
bir nümayəndəsi daxil olmalı idi. İcraiyyə Komitəsinin
üzvlüyünə "Difai" partiyasından nümayəndə
seçilməsi məsələsi
qaldırılmışdı. Bu məsələ İcraiyyə
Komitəsinin iclasında müzakirə ediləndən sonra
iclasın protokolu Kerenskiyə göndərilmişdi. Bir həftədən
sonra Kerenskidən cavab teleqramı alındı. O,
"Difai" partiyası haqqında məlumat verilməsini tələb
edirdi. Tezliklə cavab göndərildi. Biz yenidən fəaliyyətə
başlamağın zəruri olduğunu hiss edirdik. Bu yolda ilk
addım Gəncə şəhərinin hər bir məhəlləsində
gənclərdən ibarət silahlı dəstələr
yaradılması oldu. Həmin dəstələrə zabitlər
başçılıq edir, hərbi təlimlər
keçirirdilər. İki ay ərzində "Difai"nin hərbi
hissələrinin köməyi sayəsində Gəncə
Milli Komitəsi şəhərdə dislokasiya edilmiş 218-ci
və 219-cu rus alaylarını tərkisilah etməyə
müvəffəq oldu. Tezliklə onlar şəhəri tərk
etdilər. "Açıq söz" qəzetinin 13 oktyabr
1917-ci il tarixli nömrəsində belə bir məlumat
verilmişdi ki, Azərbaycan siyasi partiyalarının Gəncədə
keçirilmiş müşavirəsində "Nicat" və
"Difai" partiyalarının üzvləri
"Müsavat" sıralarına daxil olmuşlar,
çünki bu partiyaların proqramları oxşardır. Nəhayət,
M.B.Məmmədzadə qeyd edir ki, "Difai" üzvləri
sonradan ADR Milli ordusunun əsasını təşkil
etmişlər.
(Ardı var)
Eldar Əzizov
Ədalət.- 2011.- 5 mart.- S. 9.