ONLAR VƏ MƏMLƏKƏTİMİZ
ƏHMƏD BƏY ULUSOY
Çox hörmətli
baş redaktorumuz İradə xanım Tuncayın yazı
manerasında və redaktorluq fəaliyyətində
maarifçilik deyilən ab-havanın üstün bir cəhət
olduğu çap etdirdiyi yazılarda və qəzetin əsas
istiqamətində açıq-aydın görünməkdədi.
Və indiki məqamda təbii ki, maarifçilik bir az bir-təhər
səslənsə də, təbliğatın bir çox sahələrində
bunu təkrar-təkrar eşitməkdəyik. Yeni nəslin
maarifçilik həyatı bizləri son dərəcə
narahat etməkdədir. Kimsə kimsəni savadsız hesab eləmir,
amma qələm sahiblərinin bir üstünlüyü var
ki, onlar adətən elə insanlarla görüşürlər
ki, sıradan insanların o adamlarla görüşməyə
imkanı olmur və bu baxımdan mənim yeni
başladığım yazı dizisində, seriyasında bir
vaxtlar Türkiyədə yaşadığım illərdə
görüşdüyüm insanların ÖZLƏRİ və
MƏMLƏKƏTİMİZ barədə fikirləri maraq
doğurmaya bilməz. Təbii ki, bu yazılara bir ara versəm
də, yeni ildən həmin yazıların sırasını
davam etdirmək niyyətindəyəm. Onlar Kimlərdir və
bizim Məmləkətimiz haqqında nə fikirləşirlər
və nə düşünürlər. Və ya nə
düşünüblər? Tarix üçün çox
maraqlı bir məqam olan bu Tanışlıq və
Tanışlar yeni nəsil üçün daha çox maraq
doğura bilər fikrindəyik. Beləliklə, indiki qəzetçiliyimizin
dili ilə desək, yeni proyektimiz olan ONLAR VƏ MƏMLƏKƏTİMİZ
sizlərə təqdim olunur.
LAHICDAN BAŞLANAN YOL
FAMİLYALARIN ÖLÜMÜ:
"Yalnız insanlar
ölmürlər...
Telefon nömrələri
də ölür..."
- Əhməd bəy,
Siz dediniz ki, Lahıcdan gəlmisiz. Siz... siz... siz... yoxsa sizin
atalarınız, dədələriniz Lahıcdan gəlib?
- Əfəndim, mən özüm
Lahıcdan gəlmişəm. Lahıcın Əhən kəndindənəm.
Orda da oxumuşam. 1941-ci ildə ayrılmışam oralardan. Mən
özüm 1915-ci ildə doğulmuşam. Hardasa, artıq mən
Lahıcdan çıxanda deməli mənim 26 yaşım
varmış. Məni orduya aldılar. O zaman müharibə
gedirdi.
İsmayıllıdan Gəncəyə
gəldik.
Sonra Şamxora
götürdülər.
Sonra Ağcalıya
apardılar.
Sonra mən
düşdüm Odessa müharibəsinə.
Bizim ordumuz o
zaman 7-ci polk
deyilən bir dəstə idi.
Düşdük davaya.
Krım, Ukrayna
davasına. Orada almanlar bizi mühasirəyə aldılar. Və
beləliklə, biz əsir düşdük. O zaman
Qızıl Ordu deyilən o orduda heç bir təşkilatçılıq-zad
yox idi.
-Əhməd
bəy, Sizin
atanızın adı
nədir? Heç şübhəsiz onları xatırlayırsınız?
(Təbii,
mən bu sualı verdiyimdə sırf danışdırmaq
və bir şeylər almaq üçün verirəm
və Əhməd bəy Lahıcdan ayrılanda iyirmi altı yaşında olubsa bu sual
bir az
yersiz görünməsin.)
-Atama Yusuf kişi deyərdilər.
Yusuf. Atam da, anam da Əhəndən idilər. İndi məzarları
da Əhəndədir. Əfəndim, mənim Əhəndə
ailəm vardı..
(dərin bir
düşüncəyə daldıqdan sonra deyir bunları,
deyir və həmən içindəki ağrılar, əzablar,
çəkdiyi dərdlər üzə vurur).
Həyat yoldaşım
vardı.Həyat yoldaşım qaldı orda. Əməlli-başlı
işim vardı. İsmayıllıda çap olunan bir qəzetdə
məsul katib idim. "Yeni İsmayıllı" qəzetində.
Və gecənin bir aləmində heç kəsə
heç nə demədən qəfil gəlib
götürdülər. Bir oğlum da vardı. Bilirsiz, bizim
xanımlar da çox həyalıdı. Məndən sonra da
bir uşağım olub. Hamiləymiş mən gedəndə.
Amma bunu mən bilmirdim. Yəni, bilirsiz, ana bətnində olub,
o uşaq. Orada Əhəndə mənim canım var.
Oğlumun biri matematik müəllimidir, biri də
kolxozdadır.
TÜRKİYƏYƏ GƏLİŞ...
-Əhməd bəy,
Türkiyəyə necə gəldiz? Nə zaman gəldiz?
-Mən hələ
İsmayıllıda olanda bu dini kitablara meyilli idim. Qurani-Kərimi
oxuyurdum. Ərəbcə, farsca bilirdim. Lahıcda Quran xətm
eləməyi öyrənmişdim. Almanların əlinə
keçəndən sonra bir məktəb
açmışdılar almanlar. Almaniyanın böyük
şəhərlərindən biri olan Drezdən şəhərində.
İmtahan elədilər. Sonra Çexoslavakiyada,
İsveçrədə oxudum. Oralarda da çoxlu müsəlmanlar
vardı. Mən də oralarda Baş Axund oldum.
1945-48-ci illərdə
İsveçrədə qalmağımız mümkün
olmadı. Ona görə ki, İsveçrə vətəndaşı
deyildik və bizi vətəndaşlığa
almırdılar da. Biz o zaman Türkiyəyə müraciət
etdik. Türkiyə talip oldu, izin verdi bizim bu məmləkətə
gəlməyimizə Və milli hisslərimiz get-gedə
formalaşmağa başladı. Başqa yerdə qalsaydıq,
tamam başqa cür ola bilirdi.
Türkiyəyə gəldikdən
sonra Əhməd bəyin qarşısında yeni üfüqlər
açılır təbii ki. Onsuz da necə deyərlər
çox qıvraq, çox mehriban olan, çox bizlərdə
necə deyərlər diribaş olan Əhməd bəy
Türkiyəyə çox tez alışır və Azot sənayesiylə
məşğul olan bir şirkətdə Baş Müdir
səviyyəsinə qədər yüksəlir.
UŞAQLARI HAQQINDA
Əhməd bəy
anladır ki, İsmayıllının Əhən kəndində
qalan uşaqlarını anaları çox böyük əziyyətlə
böyütmüş və onlara təhsil
vermişdir.Böyük oğlu Dərgah Bünyatov və
kiçik oğlu Həbib Bünyatov hər ikisi kəndin
tanınmış adamlarındandır.
Sonra Əhməd bəy
deyir:
-İkinci oğlumun
familyası Quluyevdir. Mənim olmadığım illərdə
bacım o uşağı almış və saxlamış.
Görünür vəziyyət o qədər çətin
olub ki, arvadım o uşaqları böyütmək
üçün imkan tapa bilməyib. Və verib bacıma,
bacıma görə də ona Quluyev familyasını
vermişlər. Bacımın adı Pərişandır.
İlk dəfə Azərbaycana 1992-ci ilin sentyabrında getdim.
51 ilin ayrılığından sonra getmişəm.
(düşünürəm,
bu rəqəmi yazmaq və demək çox asandı, amma).
Əhməd bəy Ali
İqtisad və Ticarət Akademiyasının məzunudur. Bu
Akademiyanı o Türkiyədə bitirmişdir. Bu
yazını hazırladığım ildə əməklidir.
Təqaüdçüdür.
. . . VƏ TÜRKİYƏDƏ. . .
Əhməd bəy
Türkiyəyə gələndən sonra təbii ki, bir ailə
qurmuşdur. Taleyin ona yazdığı bir çox hekayətləri
görəndən sonra Türkiyədə yaşayan bir
mühacirlə, Krımın Saray kəndindən olan bir
qadınla ailə qurmuşdur. Və Əhməd bəy
xüsusi olaraq qeyd edir ki, 1992-ci ildə mənim Azərbaycana
getməyimin və uşaqları, ailəmi
tapmağımın da ən böyük təşəbbüsçüsü
Türkiyədə evləndiyim qadınım olmuşdur. Məhz
bu qadının inadıyla Əhməd bəy
uşağlarını tapmışdır.
-Bilirsiniz, açıq
söyləyim ki, uşaqlarıma zərər gələcək
deyə mən uzun illər onları aramadım. Axtarmaqdan
qorxdum. Burada Türkiyədə də bir oğlum, bir
qızım var.
"VƏTƏNDƏN UZAQDA OLAN AZƏRBAYCANLILAR
ÇOX İMKANLIDIRLAR
Mən Azərbaycanda
qohumlarını və ailəsini necə tapmasını
öyrənmək istəyirəm.Və bu sualı verən
kimi Əhməd bəyin gözləri yol çəkir və
bir az susduqdan sonra danışmağa başlayır:
"Vallah bu biraz komik
oldu. Mənim bir hərbçi dostum var. Onun qızı gəlmişdi
bizə. Mən uşaqlarıma bir məktub
yazmışdım. Təbii ki, kiminlə göndərəcəyimi
bilmədən yazmışdım bu məktubu. Allaha təvəkkül
deyib düşünürdüm ki, bir gün bir qapı
açılar və mən bu məktubu göndərərəm.
Hər halda mən hazırlamışdım bunu. Və birdən
ağlıma gəldi ki, bu dostum hərbiçidi, onun gələni-gedəni
olar Azərbaycana. Bir dəfə mən bunu ona dedim və o da
mənə söz verdi ki, bəs apararam. Və bir gün xəbər
tutdum ki, tələsik nəsə olub çıxıb gedib.
Sonra bir professor vardı
burda, Həqiqət xanım, bunu da mənə bir təyyarəçi
dostum demişdi ki, burada bir azəri xanım var, axşam gəl
bizə, səni o Azərbaycanlı xanımla tanış eləyim.
Nəysə tanış olduq. Və söhbət ərəfəsində
dərdimi ona danışdım və məktubu
aparmağı boynuna aldı... İşə bax ki, məktubu
göndərəndən sonra məlum oldu ki, məktubun
üstündə heç bir şey yazmamışam.
Həqiqət xanım həmən
məktubu onunla birlikdə işləyən bir
Lahıclıya danışmış və həmən
Lahıclı da məktubda danışılan adamları
tanımış və beləliklə münasibət
qurulmuş.
Əhməd bəy
Lahıcdakı həyat yoldaşının haqqında
danışanda, özünün diliylə desək, Münəvvər
ana haqqında danışanda əziyyət çəkir
görürəm. Əlbəttə mən bu söhbətin
bir az çətin olacağını bilirdim və bildiyimdən
də sualı çox dolaysıyla və yumuşaq
vermişdim. Çox çətinliklə və əzabla: nə
deyim, Lahıcda hər kəs onu tanıyır, Lahıcda hər
kəs "Münəvvər ana" deyir ona.
Əhməd bəyin
Lahıcda olan ailəsi hələ Türkiyədə
olmamış. Mən bu yazını yazdığım 1994-ci
ilin may ayına kimi hələ də İstanbula gəlmədiklərini
söylədi mənə Əhməd bəy.
"Amma qismət olursa
gətirəcəyəm onları"- deyir Əhməd bəy.
Sonra Əhməd bəylə
söhbətimizin səmti dəyişir. Əhməd bəy
Azərbaycanın həmən tarixdəki vəziyyətini
eşitdiyi söhbətlərdən dəyərləndirərək
acıyır.
Və ən ümdə
olanını söyləyir özü:
"Vətəndən
uzaqda olan Azərbaycanlılar çox imkanlıdılar. Amma təəssüflər
olsun ki, bu qüvvəti oralarda sərf edə bilmirlər..."
Bəli, bu elə bir ayrı
dərddir ki, yetmiş ildən sonra bizi üz-üzə
oturdub.
Özü də
qürbətdə...
Tofiq Abdin
Ədalət.- 2011.- 5 mart.- S. 15.