Novruz bayramı milli-mənəvi dəyərlərimizin
rəmzidir
Bilirsənmi səndən
niyə küsmüşəm
Əlimə qələmi aldığım
andan sanki bir mələk donunda geyinib qarşımda durmusan. Əllərini
saçımda hiss edirəm...
Başımı qaldırıb üzüvə
baxmaq sənə
"Xoş gəldin"
demək istəyirəm.
Qəhər boğazımı, göz yaşı kipriklərimi kəsir.
Səndən küsən, inciyən
ürəyim tir-tir titrəyir. Sənə
hey baxıb baxıram...
Ey mənim qırx illik həsrətim. Mənim
qırx illik əzabım, mənim qırx illik dərdim, sevincim, sevgim... Gəl otur yanıma.
Səndən sənə
söyləyəcəyim o qədər sözüm var ki...
Yadındamı... Mən dünyanın
ən xoşbəxt uşağı idim.
Yadındadı... Mən atamın
ən sevimli qızıydım. Çünki hələ məktəbə
getməzdən qabaq üçüncü sinifdə
oxuyan qardaşımın
bütün dərsliklərini
əzbər bilirdim.
Atam hər yerdə məndən fəxrlə
danışardı. Məni
necə oxudacağından,
necə "böyük
adam" edəcəyindən bütün
dərslərimi öncədən
bildiyim üçün
ən maraqla nəğmə dərslərini
gözlərdim. Mənim
unudulmaz, sevimli, Hümbət müəllim
hər nəğmə
dərsində mənə
dönə-dönə "Surəyya" mahnısını
oxudardı və bir də "Səndən niyə küsmüşəm" nəğməsini
oxudardıq. Atamın ən çox
sevdiyi nəğmə
idi bu nəğmə.
Bütün günü evdə
də, həyətdə
də, işləyərkən
bu nəğməni zümzümə edərdi.
Bilirsənmi səndən niyə
küsmüşəm
Baxmadın üzümə
Sizə gələndə.
Ona görə bu dostluğu kəsmişəm.
Kəm baxırsan üzbəüzə gələndə.
Qəlbim sevinc fərəh
içində idi
Dünya sadəcə mənim
dünyam idi!
İllah da sənin gəldiyin günlərdə
Kefimə heç deyəcək yox idi.
Bilirdim axı atam mənə qırmızı don alacaq
və o gün evimizdə toy-bayram olacaq! Mən sənin gəlişini
bütün ilboyu həsrətlə gözlərdim.
Sən gələndə təkcə
evimizdə yox, həyət-bacada da, bütün məhəllədə
işıq yanardı.
Hər yer rəngli bir yuxu kimi
şipşirin olardı.
Sən gələndə evimizdə
sənin şərəfinə
günlərlə təmizlik
işləri aparılar,
hər yer işıl-işıl yanardı.
Sən hələ
sabah gələcəkdin...
Mən o gecə qəribə yuxu gördüm. Yadımda qalan
sadəcə atamın
gedişi idi. Elə hey gedirdi. Nəhayət kiçik bir
nöqtəyə döndü
və yox oldu.
- Sənə
nə alım?
- Qırmızı
don, bir də
qıpqırmızı almalar!
Və o getdi...
Son...
Mənim istəkli atam bir daha sən
gələn gün bizə gəlmədi.
Düz qırx ildir ki, nə "Sənə nə alım?" - sualını
eşitdim, nə əynim qırmızı
don geyindi, nə stolumun üstü qırmızı almalarla bəzəndi.
Çünki o gün
atamın aldığı
qırmızı don da,
qırmızı almalar
da, atamın qanına bulaşmışdı...
Beləcə bitdi mənim qırmızı günlərim...
Bitdi atamın
mənli
arzuları və mənim atalı günlərim...
EY MƏNİM MÜQƏDDƏSİM,
EY MƏNİM ƏZİZİM, MUNİSİM, DOĞMAM səndən nə qədər incisəm, küssəm yenə səni sevirəm.
İllər ötdükcə bir şeyi anladım. Sən elə
müqəddəssən ki,
sən gələn gün süfrəyə içki qoymaq olmaz. Haram tikə heç olmaz! Atamdan sonra onun haqqında həmişə
xoş sözlər eşitdim. Mənim atam mələk
kimi insan idi. Ancaq o gün hansısa dostu ilə içibmiş...
Yoxsa sənmi küsdün ondan?!
İllər, illəri
qovdu... Hər yeni gəlişin
kövrəltdi məni.
Hər gəlişin yazın ortasında dondurdu məni.
Yadındamı?
Evimiz qonum-qonşu ilə dolu olsa da
mən axşamlar çölə çıxar,
şaftalı bağımıza
keçərdim. Çəhrayı rəngli şaftalı
çiçəkləri, mənim sirr dünyam, qəlbimin kimlərəsə söyləmədiyi,
söyləyə bilmədiyi
dərdlərimin ən
gözəl dinləyicisi
idi. O çiçəkləri
oxşadıqca elə
bilirdim atamın içimdə daşlaşmış
həsrətinə toxunuram.
Mənim gəncliyim sevgi, məhəbbətim şaftalı çiçəkləri
aylı gecələr,
bir daha nələr, nələr...
Sən ildə bircə dəfə gələrdin. Sən gəlməmişdən
günlər öncə,
günlər sonra hər adın çəkiləndə içdən-içə
sarsılardım, içimdə
nələrsə qırılıb
tökülərdi. Amma yenə
də səni həsrətlə gözlərdim.
Çünki sən gələndə
yenə sənin isti, munis qucağına
sığınacaqdım. Yenə atamı, onun son gedişini, evimizə hay-harayla dönüşünü
xatırlayacaqdım və
yenə o yaz günündə dona-dona,
yana-yana ağlayacaqdım.
Yenə sakit gizli bir
guşəyə çəkilib
boğazımı qəhər
boğa-boğa o mahnını
zümzümə edəcəkdim.
Şeyda deyə heç
dərdimi bilmədin,
Naz edilən bir üzümə gülmədin.
Vədə verib vədəsində
gəlmədin,
Nə danışdıq
üzbəüzə gələndə.
Bilirsənmi, çox-çox illər sonra axtarıb atamın bu sevimli mahnısının
söz yazarı Şeydanın qızını
gördüm. Şeydanın taleyini öyrəndim.
Onun da bir qəribə
taleyi varmış.
Yadındamı Bakıda oxuduğum illər, bütün dostlarım səni qarşılayarkən mən
bir otağa çəkilər, arxadan
bağlar sabahı göz yaşıyla açardım.
Bağışla məni...
Səni bu qədər sevərkən "Unutdum". Səni bu
qədər sevərkən
səni gülərüzlə
qarşılaya bilmədim.
Sənin
oturduğun stola plov dəmləyib gətirmədim. Qırmızı almalar, qırmızı yumurtalar, düzə bilmədim. Yeddi adda, yeddi rəngdə xonçalar bəzəmədim. Qızlara
qoşulub qulaq falına çıxmadım...
Küsdünmü mənə?!
Və günlərin
bir günündə yenə gəldiyin gün qardaşım dörd balasını mənim kimi yetim qoydu... Sənə üsyan etdim! Səndən sənə şikayət
etdim.
Amma dönüb
içimə baxdım...
Qıpqırmızı günlərimi qapqara
duyğularla yaşadım
deyə, Tanrı mənə cəzamı kəsdi?
Mən bütün ömrümü
ölüm qorxusu ilə yaşadım. Sən gələn gün beş uşaqla
yetim qalan anam nələr çəkdi!? Bizi böyütmək adına nələrə
qatlanmadı?! Bu böyük ailənin yükü mənim də çiyinlərimə
çökdü. Uşaqlıqda
uşaqlığımı, gənclikdə gəncliyimi,
cavanlıqda cavanlığımı
yaşamadım... Mən sənin
gəlişinin gözəlliklərini
içərimdən keçirdim.
Amma ömrümə daşıya
bilmədim. Ən adi
səsdən diksindim.
Ən kiçik hadisədən səksəndim. Hər
qapı səsinə ürpəndim... Bir ömür boyu
anamı da itirmək qorxusu içimi göyüm-göyüm
göynətdi. İndi ömrümün
çoxu gedib azı qalıb. İndi də ömrüm başqa bir səksəkə içində... Qarğaşalar
qayğılar içində...
Anamı da bu günlərdə itirdim
Gəlişinə az qalıb...
Mən yenə
yas içində...
Ancaq sənə
söz verirəm...
Daha səni
küsdürməyəcəyəm...
Yoxsa səninlə
barışmağa macalım
olmaz...
İndi sən gələn gün özümü qardaşımın
balalarını başıma
yığıb bir nağıl danışmaq
istəyirəm...
Sənin nağılını...
Amma istəyirəm bu nağılda dərd, nisgil olmasın. Qırmızı almalar, qırmızı donlar, qırmızı günlər, qana bulaşmasın. İstəyirəm sən gələndə sadəcə evlər çirkdən-tozdan təmizlənsin.
İnsanların ürəkləri də ışıl-ışıl
parıldasın. İstəyirəm sən gələn gün hər bir evdə şəkərburalar,
paxlavalar bişirilsin.
Ətri külli-ərzi bürüsün.
Qızlar yenə utana-utana qulaq falına çıxsın. Əllərinə nəlbəki alıb
qapıları döysünlər.
Qoy qonşu qadınlar o qızların
sadəcə sevdiklərinin
adına tutduqları nəlbəkiyə
su töksünlər.
İstəyirəm ki, necə illərdir
ki, tonqalı qalanmayan Şuşada, Ağdamda, Laçında,
Xocalıda, Zəngəzurda,
tonqallar qalansın. Uşaqdan
böyüyə hamı
bir nəfər kimi "ağırlığım-uğurluğum"
- deyib tonqallardan atlasınlar!
İstəyirəm ki, Şuşada ilk Novruzçiçəyi açanda
onun başında elə bir məclis
qurulsun ki, sevincimizin səsini məzarda şəhidlərimiz
də eşitsin. Onların sevinməyə
bizdən çox haqqı var.
Sən mənim
elimin, günümün,
yurdumun ən gözəl bayramısan! Sən sadəcə mənimsən!
Sənə söz verirəm sən gələndə ağlamayacağam!
Sən mənim
qırx illik həsrətim, sən mənim qırx ildir ki, itirdiyim
doğmam, əzizim, sevgim, sevincim...
Ey mənim
müqəddəs NOVRUZUM!
Gəl... "Cömçəni doldur",
"Kosanı yola sal", "Keçəlin
toyun eylə".
Qoy uşaqlar
qapı-qapı torbalarını
qırmızı
Gəl... Qoy hər
evdə səmənilər
göyərsin. Şamlar yansın.
Gəl və baharı gətir!
Aləmzər Sadıqqızı
Ədalət.- 2011.- 5 mart.- S. 17.