"HƏLƏ NEÇƏ DƏFƏ DOĞULACAĞAM"

 

Qəlbimdə lay-lay, bəlkə də qalın-qalın kitablara sığmayan qövsü-qüzeh xatirələr uyuyur. Çoxu da könül dünyamda əzizləyə-əzizləyə yaşatdığım, həmişə hörmətini uca tutduğum, ehtiram bəslədiyim söz-sənət adamlarından səs-soraq verir. Bu sənətkarların yubileyləri, anım günləri gələndə yaddaşımı silkələyir, uzaq-yaxın illərin təəssüratlarını, epizod və əhvalatlarını qələmə alır, qəzet və jurnallarda dərc etdirirəm. İki il qabaq bu xatirələrin bir xeylisi "Yada düşdü" kitabımda dərc edildi və ürəyimi xoş duyğularla doldurdu. Bu da məni çox sevindirdi, qanadlandırdı. Yaşımın 75-ə çathaçat ərəfəsində "Yaddaşımda yaşayanlar" adlı iri həcmli kitabımın üzərində işimi başa vurdum. Topluda görkəmli şair və yazıçılarımızdan Süleyman Rəhimov, Əli Vəliyev, Süleyman Rüstəm, Səməd Vurğun, Mehdi Hüseyn, Mir Cəlal, Rəsul Rza, Ənvər Məmmədxanlı, İlyas Əfəndiyev, İsmayıl Şıxlı, Hüseyn Arif, Nəbi Xəzri, Bəxtiyar Vahabzadə, Əli Kərim, Məmməd Araz, Tofiq Bayram, Vilayət Rüstəmzadə,g bir sözlə 32 xatirə baş-başa verib. Bu, 75 illiyim ərəfəsində böyük sənətkarlarımızın ölməz ruhuna ehtiramdolu salamlarımdır. Təzə kitabımdan bir xatirə yarpağını hörmətli oxuculara təqdim edirəm.

 

Müəllifdən

 

Qələm dostum Paşa Əlioğlu səmimi avtoqraf yazılmış əl boyda, ağumsov bir kitabçanı mənə uzadaraq, özünəməxsus bir utancaqlıqla:

- Avtoreferatımdır, - dedi. - Müdafiəyə hazırlaşıram, hökmən sizə xəbər eləyəcəyəm

- Bəri başdan təbrik edirəm, - deyə onun əlini sıxdım.

O, razılıqla başını tərpətdi. Birdən özüm də bilmədən:

- Kaş, Əli bu günü görəydi, sənin müdafiəndə iştirak edəydi, - dedim və tezcə də peşmanladım.

Paşa dinmədi, bəlkə də dinə bilmədi. İkimiz də susduq, gözlərimiz yol çəkdi

Xəyalım çırpındı, düşüncələrim pərən-pərən oldu.

Xalq şairi Rəsul Rzanın: "Əli, mənim qardaşım yox idi. Sən mənə qardaş əvəziydin", - deyən, hıçqıran ağlar səsi, göynəkli sözləri hər dəfə yadıma düşəndə gözlərim yaşarır, qəlbim qan ağlayır.

...Bakının Vaqif küçəsində (indiki H.Seyidbəyli), Yazıçılar evinin çox da böyük olmayan həyətində unudulmaz şairimiz Əli Kərimlə vida mərasimində gözəl sənətkarımız, Azərbaycanın xalq artisti Yusif Vəliyevin qəhərli səsi ürəkləri yandırıb-yaxır - "şeirlə musiqi bir ucalırdı". Şairin dünyaya, insanlara, övladlarına son sözü - "Vəsiyyət" şeiri o bomboz, yaz gününün qəlbində tufanlı, tüstülü bir ocaq qalamışdı. O vaxtdan çox illər keçib. O ayrılıq, həsrət tonqalı ürəyimizin başında yanır, hey yanır...

 

Gecələr

yazmaq,

oxumaq eşqi gələndə

Paşanın,

Azərin,

Orxanın,

asın təbəssümümü

divar lampası kimi

başı üstdən

üç canımın,

üç

igid oğlanımın

Paşamın,

Azərimin,

Orxanımın.

 

Əli Kərimin ömründən üç pöhrə ayrılmışdı - üç çinar pöhrəsi. Övladlarının anası, ömür-gün yoldaşı Elza xanım onun adına layiq üç oğul böyüdüb - Paşa, Azər, Orxan. Üçü də istedaddır, üçü də ali məktəb bitirib - Bakıda, Moskvada, Kiyevdə. Övladları Əli Kərimin ruhunu sevindirə-sevindirə ömür kitablarına atanın çin olan arzularını yaza-yaza sabahların sorağı ilə yaşayırlar.

Torpağın qulağı kardır, deyirlər. Ancaq torpaq altında da şairlər sevinir, qəm çəkir, dərdlənirlər. Dəli bir inam deyir ki, dünyaya göz açan nəvələrinin müjdəsi, muştuluğu günəş şəfəqləri ilə birgə onun məzarına süzülüb axıb, "qulağına" çatıb, gənc babanı sevindirib. Vaxt necə də amansızdır! Elə bil şimşəyə dönüb illər - çaxıb gedir, axıb gedir. Göz açıb yumunca il üstünə il gəlir, yaş üstünə yaş. Heç inana bilmirsən ki, xalqımızın sənətkar oğlu, böyük şairi Əli Kərim 60 yaşı "adladı"...

Onun tay-tuşları, yaşıdları altmışa çatanda öz yubileylərini - doğum bayramlarını ağ saçlarla qarşıladılar. Əli Kərim isə 38 yaşında bizdən necə ayrılmışdısa, yaddaşımızda eləcə qalıb - gur saçlı, üz-gözündən abır-həya, həyat eşqi yağan, mərd-mərdanə bir kişi kimi. O, beləcə ömür edir, beləcə yaşayır...

Öz-özümdən soruşuram: "Əli Kərimi ilk dəfə nə vaxt görmüşəm?". Xəyalımda toran sökülür, 1955-ci ilin qızmar avqust günlərinə qayıdıram. Universitetə qəbul imtahanları verdiyim çağlara...

Bir gün qaynayıb-daşan qələbəliyin içində həyəcan və sevinc dolu bir səs eşidildi: "Uşaqlar, bir baxın, Əli Kərim gəlir!"

İzdiham aralandı. Maraq dolu baxışlar altında qısaqol yay köynəyi geyinmiş, orta boylu, ağır yerişli bir gənc ona dikilmiş nəzərlərin leysanında "çimə-çimə", sıxıla-sıxıla içəri həyətdən keçib pillələrə sarı getdi. Biz gələcək filoloqların nəzərində o, yer üzünün ən xoşbəxt adamı idi. Hər birimiz necə də onun yerində olmaq istəyirdik!..

Əli Kərim sənət aləmində təzəcə pərvazlanır, özünün ilk "qızıl qönçələr"ini toxuyurdu. Bir il sonra o, Moskvada M.Qorki adına Ədəbiyyat İnstitutunda təhsilini başa vurub Bakıya qayıtdı. Və günlərin birində bizim filologiya fakültəsinin tələbələrinə qonaq gəldi. Onun "Qaytar ana borcunu" və "İki sevgi" kimi manifest şeirlərini ilk dəfə o görüşdə eşitdim. Həmin gündən Əli Kərim bir sənətkar kimi qəlbimə köçdü, qəlbimdə qaldı.

Mən anamı lap kiçik olanda itirmişdim. Ömrüm boyu içimdə bir həsrət yanır, həmişə məni yandırırdı. Yadımda həmin o munis görüşdən "Ana" şeirinin son misraları, dərdli, sitəmli, ürəkləri bir-birinə qoşan, bağlayan üsyankar misraları qalıb. Hərdən məni heyrət bürüyür. Deyirəm, halal olsun şair ürəyinə, şair qələminə!

Özüm də bilmədən misralar sinəmdə axır, qulaqlarımda cingildəyir.

 

Bir gözəl, bir

sevimli oğul böyütdü ana,

Ürəyində ağlayıb, gülmək

öyrətdi ona.

Oğul! Nədir etdiyin bəs

bu haq-say üçün?

Qaytar onun ömrünə

neçə gecə, neçə gün!

Qaytar onun saçının

qaralığını geri.

Qaytar o dilindəki

şirin-şirin sözləri!

O sözü, o söhbəti,

gülüşü anan verib,

Ana dodaqlarından

bala dodaqlarına.

İndi ondan gen gəzən oğul,

Ayaqlarına

Yerişi anan verib.

Qaytarsan o sözləri, sözsüz

bir lal olarsan,

Qaytarsan o yerişi,

yerindəcə qalarsan.

Qaytarsan o gülüşü

hırıldamazsan daha,

Qaytar, qaytar onları,

qaytar, qoyma sabaha!

Sən ki dərd verdin, oğul,

sənə gülüş verənə,

Oğul demərəm sənə!

Deyirəm ki, o boyu,

buxunu qaytar geri!

Deyirəm ki, varını,

yoxunu qaytar geri!

Qaytar onun borcunu,

Gülüşünü, adını,

sözünü qaytar geri!

Qaytar onun borcunu,

O borc sənin özünsən,

özünü qaytar geri!

 

Əli Kərim ədəbiyyatımızda yeni bir səs idi - gur, coşqun bir səs. Yüz səsin, min səsin içindən seçilirdi, sevilirdi bu səs!

O, niyə belə sevilirdi? Niyə böyük sənətkarlar belə ona qibtə edirdilər? Mənə elə gəlir ki, Əli Kərimin şeirləri də özü kimi səmimi idi, saf idi, büllur idi. Onun şeirlərinə bircə yad söz, yad misra sızmamışdı. Bu şeirlər sirli-sehrli, insanlara, dünyaya sevgi-məhəbbət bağışlamaq istəyən xeyirxah, günəşli bir ürəkdən, duru çeşmədən damcılanıb gəlirdi...

Əli Kərim barədə düşünərkən xəyalıma fil səbirli, aza qane olan, gecə-gündüz başını aşağı salıb, heç kəsdən heç nə ummayan gözü-könlü tox Zəhmətkeş sənətkar gəlir, İnsan gəlir. O, böyük səbrlə, təmkinlə əlində tişə-qələm içəridən yana-yana qranitdən şeir-heykəllər, poema-heykəllər, roman-heykəllər yonurdu. Əli Kərim şair kimi də, insan kimi də, şəxsiyyət kimi də heç kəslə müqayisəyə gəlməzdi. O, təvazökarlığın etalonu idi. Özü də yaxşı bilirdi ki, böyük istedaddır. Lakin elə bil bundan utanır, sıxılırdı.. Bu sözü dilinə gətirməyə ehtiyat eləyirdi. Əli Kərim elə bil öz taleyini apaydın görürdü; görürdü ki, bu üzüboz dünyada onun ömür, həyat, sənət cığırı hansısa müdhiş bir uçuruma, sərt, keçilməz qayaya dirənib duracaq, ətrafını çəpərləyən laqeydlik, biganəlik, ürəksizlik əlbir, dilbir olub onu sıxacaq... və bu sıxıntı içində nəfəsi təngiyəcəkdir.

Əli Kərim içəridən alışır, içəridən yanır, közərirdi, qəlbinin qəm nəğməsini, nisgilini haraya çevirəndə də içəridən qışqırırdı. Hamımızın demək istədiyini, lakin deyə bilmədiyini Əli Kərim necə də gözəl deyirdi, qüdrətlə deyirdi:

 

Sən mənim qədrimi

biləsən deyə,

Bu cavan yaşımda

ölümmü indi?!

 

O, çox məğrur adam idi. İnsan ləyaqətini hər şeydən uca tutur, xəyanətin, rəzalətin yanında ölümü xöşbəxtlik sanır, onu ucaldırdı. Əli Kərim qələmində söz bütün pisliklərə tuşlanmış sərrast gülləyə dönürdü:

 

- Ölümdən - xəyanət pis,

Ölümdən - rəzalət pis,

Bəzən necə gözəlsən,

Ölüm, sən ey səadət!

 

Onun adama sakit gələn, ağır ləngərli çaya bənzəyən misraları arasında göy guruldayır, ildırım çaxır, leysan yağır, qövsi-quzeh göz qamaşdırır! Əli Kərimin sənət palitrası qədərsiz, bənzərsiz rənglərlə, möcüzəli səslərlə, qammalarla nə qədər zəngin idi! Əli Kərim haradan, hansı bağçadan dərirdi bu qədər təzə-tər deyimləri, qönçə qafiyələri, çiçək misraları?!

O, cavan yaşında oxucu ilə müdrik bir filosof kimi danışır, onu düşüncələr seylabından, fikirlər dənizindən keçirir, adiliyin əlindən alırdı.

Əli Kərimin şeirləri də onun şəxsiyyəti kimi çoxqatlıdır. Adama çox sadə gələn misralar bir də görürsən, elə mətləblər deyir ki, səni heyrət bürüyür: "Bax, bu sənətdir, sənət möcüzəsidir!" - deyirsən. Belədə şairliyin əsl vergi olduğuna və bu vergidən Əli Kərimə onun öz könül istəyincə, qəlbinin götürə bildiyi qədər, ömrünün son mənzilinə belə çatacağından qat-qat çox istedad payı, sənət yanğısı verildiyinə qəlbən inanırsan. Əli Kərim sənəti, Əli Kərim şəxsiyyəti hələ o qədər də açılıb-açıqlanmayıb. Biz onun böyüklüyünü hələ indi yavaş-yavaş duyur, dərk edirik - şairin nə zamansa qarşısında heyrətə gəldiyi və bu heyrəti misralara çevirdiyi bulaq kimi...

 

O, duruydu,

o, safdı,

Ən ülvi bir arzu tək.

Özü görünmürdü ki,

Dibindəki rəngarəng

Əfsanəni tez görək.

 

...1968-ci ilin yayı. O vaxt mən radionun "Ədəbiyyat" redaksiyasında işləyirdim. Bir dəfə iş otağımdan çıxanda gördüm ki, Əli Kərim dəhlizdə dayanıb siqaret çəkir. Yanında da arıq, sarışın bir oğlan. Yaxınlaşıb salam verdim, içəri dəvət elədim.

- Yox, - dedi, - tələsirəm.

- Görünür, kimi isə gözləyirsiniz?

- Hə, "Ədəbiyyat" redaksiyasının təzə müdirini gözləyirəm.

- Bəndeyi-həqir qarşınızdadır, - deyə gülümsədim.

Əli Kərim də ürəkdən güldü.

Dedim:

- Bu tərəflərə çox seyrək gəlirsiniz, ona görə də heç kəsi tanımırsınız.

- Vaxt yoxdur, - dedi. - Bir də atalar deyiblər ki, çağırılan yerə ar eləmə, çağırılmayan yeri dar eləmə.

Ondan xahiş etdim ki, redaksiyamıza təzə şeir versin. O isə bildirdi ki, şeir sonraya qalsın, dəhlizdə bizi gözləyən oğlanın xahişini eləməyə gəlib.

Soruşdum:

- O, oğlan kimdir?

- Vaqif İbrahim, istedadlı adamdır, gələcəyinə inanmasaydım, nə qabağına düşüb, xahişini eləyər, nə də sizdən minnət götürərdim. Borcumuzdur belə istedadlara kömək eləmək, yoxsa yerimiz boş qalar...

O, Vaqif İbrahimi, Vaqif İbrahim də onu çox istəyirdi. Aralarında ustad-şagird, müəllim-tələbə münasibəti var idi. Əli Kərim dünyadan köçəndən sonra Vaqif İbrahim öz ustadının adını əbədiləşdirmək üçün özünü oda-közə vurdu. Onun təşəbbüsü ilə Sumqayıtda Əli Kərim adına "Poeziya klubu" yaradılmışdı. Bu klubun sədri xalq şairi Rəsul Rza, məsul katibi isə Vaqif İbrahim idi.

...Ayrılanda bir daha təkid elədim ki, mütləq bizə şeir gətirsin. O, bir anlıq ayaq saxlayıb fikirli-fikirli üzümə baxdı. Deyəsən, nəsə demək istəyirdi, ancaq ürək eləmirdi.

Mən zarafata saldım:

- Əvvəlcə sizin öz şeirlərinizi verək, sonra da bu cavan oğlanın.

- Təzə bir nəsr əsəri yazmışam, - dedi. - "Ulduz" jurnalı çap eləyir, mətbəədədir, uzağı bir aya çıxar. İstəsəniz, radio üçün bir parça seçmək olar.

Yadıma düşdü ki, mən Universitetdə tələbə olanda onun "Tələbələr" romanını oxumuşdum. Bunu sevinclə yada saldım. Əli Kərim xoşhal oldu.

O, dediyimiz kimi də elədi, sabahı gün həmin əsərdən - "Mavi nəğmənin sahilində" povestindən böyük bir parça gətirdi.

Povestin dili qədər şairanə idi. Elə bil məxsusi radio üçün, unudulmaz diktorumuz Aydın Qaradağlının səsi üçün yazılmışdı. Parçanı iki verilişə böldük. Mən Əli Kərimdən xahiş elədim ki, verilişin əvvəlində povest üzərində yaradıcılıq işi barədə, arzuları, planları barədə söz desin. Razılaşmadı:

- Yol üstəyəm, - dedi, - uşaqları istirahətə aparıram, yır-yığış eləməliyik.

Mən də tənbəllik eləmədim, qarşısına bir stəkan çay və bir vərəq də ağ kağız qoydum.

O, könülsüz-könülsüz üzümə baxıb, cibindən qələm çıxardı...

Əli Kərimin həmin çıxışı bəlkə də indi Azərbaycan radiosunun "Qızıl fondu"nda saxlanılan yeganə səs yadigarıdır.

Əli Kərim hey deyirdi ki, "Mavi nəğmənin sahilində" povestinin qonorarı çox çətin vaxtda, son qəpiyini xərclədiyi bir gündə ona çatıb. Həmin gün elə bil mənə dünyanı bağışladılar... Yessentukidə istirahətimizi də yaxşılıqla başa vurduq, sonra evə bazarlıq da elədik.

Bir neçə dəfə axşam vaxtı evimizin yanındakı mağazada rastlaşdıq. Sumqayıtdan gəlirdi. Orada, dövlət teatrında onun "Ürək güzgüsü" pyesinin məşqləri gedirdi. Təəssüf ki, teatrın məşqləri yarımçıq qaldı. Yaxşı ki, illər keçəndən sonra həmin əsər Gəncə Dövlət Dram Teatrında uğurla tamaşaya qoyuldu. Nə yazıq ki, müəllif bu tamaşanı görə bilmədi, bilməzdi də. Çünki o, artıq əbədiyyətə qovuşmuşdu.

O, çox kiçik bir yaxşılığı, qayğını çox yüksək qiymətləndirirdi. Elə hey deyirdi:

- Gərək, bir xudmani oturaq səninlə. Dərdləşək, ürək söhbəti eləyək.

Mən qaçdım, o qovdu. Biz tikə kəsməsək də, o mənim üçün çox əziz, doğmadan-doğma bir insan idi: Mən Əli Kərimə Allah kimi baxırdım. O zaman da mənim üçün əlçatmaz idi, indi də əlçatmazdır!

Yaradıcılığının ilk çağlarında - 1954-cü ildə, ölümündən 15 il qabaq qələmə aldığı "Mənim həyatım" şeirində o öz taleyini, gələcəyini çox uzaqgörənliklə, peyğəmbərcəsinə yazıb. Bu şeir şair qəlbinin səssiz harayı, həm də inamı-inancıdır:

 

Torpağın altında

çox darıxıram,

Torpağın üstündə

nə qədər şənəm.

Gah sağa göz qoyub,

sola baxıram,

Hər yerdə mən varam,

hər yerdə mənəm.

Deyib:

"Nə tez öldü, nə nakam öldü"

Bəzən gül qoyuram

məzarım üstə,

Deyirəm: az güldü,

çox azca güldü,

Qoy gülüm,

qalmasın arzusu gözdə.

Baxsan bu dünyanın

ha tərəfinə

Bir yerdə qəbrim var,

on yerdə sağam.

Göy uçsa, yer qopsa

ölmərəm yenə,

Hələ neçə dəfə

doğulacağam.

 

İllər ötür... nəsillər dəyişir, təzələnir, nəsillər dalınca nəsillər gəlir. Əli Kərim də bu nəsillərlə təzədən doğulur, üzünü sabaha, gələcəyə, günəşə tutur. Onun əli əlimizdə, şeiri dilimizdə, xatirəsi qəlbimizdədir. Nə biz Əli Kərimdən ayrılanıq, nə də Əli Kərim bizdən...

 

 

Nahid Hacızadə

 

Ədalət.- 2011.- 5 mart.- S. 18.