HEÇ KİMƏ BƏNZƏMƏYƏN
ŞAİR-ƏLƏKBƏR SALAHZADƏ
(Şairin 70 yaşı tamam olur)
Görəsən,
bütün ömrünü yalnız poeziyaya həsr edən,
şeirdən başqa heç nə barədə fikirləşməyən
bir şair varmı? İnanmıram... Heç bir şair
yaxasını yaşadığı dövrün ictimai hadisələrindən
kənara çəkə bilməz. Lakin hər şairin də
dövrə, zamana, ictimai hadisələrə öz münasibəti
olur.
Mən Ələkbər
Salahzadəni hər şeydən əvvəl, bir ŞAİR
kimi tanımışam, ŞAİR kimi görmüşəm
və indi də onu başqa cür təsəvvür edə
bilmirəm. Qətiyyən inanmıram ki, Ələkbər
Salahzadə yalan danışa bilər, bu yalanı haçansa
şeirinə qata bilər. İnanmıram ki, o, həyatda bir
cür, yazılarında başqa cür ola bilər.
O, həssasdır, hər
hansı hadisədən tez təsirlənir. Amma mən
inanmıram ki, Ə.Salahzadə hər hansı bir ictimai hadisənin
təsiriylə oturub inqilabi marş yaza, ya da kütlənin
önündə gedə. Onun bütün xasiyyətləri, hətta
inqilabçılığı da şeirindədir.
60-cı illərin qəzet
və jurnallarında Ə.Salahzadənin çap olunan
şeirləri ilə bir sırada, ona və digər
istedadlı şairlərə atılan atmacalar, bəzən təhqiramiz
ifadələr də diqqəti cəlb edir. Onun şeirlərindəki
assosiativliyi, obraz zənginliyini başa düşmək istəmir,
bunu ənənəyə zidd bir hal hesab edirdilər.
"Eksperimentçilər", "formalistlər",
"sərbəstçilər" daha
nə qalmırdı deməsinlər. Bu o demək idi ki:
Altında köz, üstündə köz,
şeir yanır, söz ölür.
Lakin Ələkbər də
o biri yenilikçi şair dostları kimi yolundan dönmədi.
"Harmoniya və Bütövlük adlı iki allahın
insana eyni gündə, eyni saatda sorğusuz-sualsız həvalə
elədiyi şairlik yükünü, şairlik məsuliyyətini
söz-söz, şeir-şeir aparıb son mənzilə
çatdıranacan" (Ə.Əylisli) mübarizə
aparır.
Dövran başqa
dövran idi. Amma hər halda Ələkbər Salahzadə o
dövrün ağrı-acılarını görüb gəldi,
qismətinə düşən şairlik borcunu isə şərəflə
yerinə yetirdi.
Doğulduq 41-də,
davayla yaşıd olduq,
Özümüz də bilmədən
dördcə il
dava havasında yaşa dolduq.
dörd yaşımızda,
yaxşı,
dörd yaşında qaldı dava!
Ə.Salahzadədən
bir şair kimi söz açanda, onun müharibə
başlayandan azca əvvəl dünyaya gəldiyini,
uşaqlığı o ağır illərin sərt, fərəhsiz
günlərinə düşdüyünü unutmuruq. Ələkbər
müharibənin gətirdiyi maddi və mənəvi itkilərdən
sonralar öz şeirlərində dönə-dönə
söz açdı. Bu şeirlərin hamısında o
dörd yaşlı uşağın heyrətdən
böyümüş gözlərindən bir nişanə
var, bir nağıl şirinliyi var. Amma nağılın
ömrü də dörd yaşında qurtarır və
uşaq yaşa dolduqca, gənclik çağı gələndə
"Boy" ağrıları başlanır. Ələkbərin
"Boy" şeiri eyni zamanda, bir ədəbi nəslin
etirafına çevrildi.
Həmişə onun
yaradıcılığından söz açanda diqqəti
yalnız bir cəhətə yönəltmişlər: tərifləyirlərsə,
şeirlərinin obrazlılığından, assosiativ zənginliyindən
söz açırlar, tənqid edirlərsə, şeirlərinin
başa düşülməməsindən, mücərrədliyindən
gileylənirlər. Ə.Salahzadə kimi şairi eyni zamanda, məzmun
planında da öyrənmək, dərk eləmək
lazımdır. Mənim fikrimcə, Ələkbərin hər
bir kitabı bu istiqamətdə bir addım irəliləyir.
İlk kitabında ("Beş yarpaq") dünyaya heyrət,
həyatın adiliklərində qeyri-adiliklər duymaq üstündür.
Və bu kitabdakı şeirlərdə o, hardasa RƏSSAM kimi
də nəzərə çarpır. Əlbəttə, təbii
ki, mən fırça ilə deyil, sözlə tablo yaradan rəssamı
nəzərdə tuturam. Məsələn, "Payız
çağı", "Fəvvarə", "Səttar Bəhlulzadə"
tipli şeirlərdə sanki mövzu arxa plana keçir, rəng,
boya şeirin ruhuna çökür. İkinci kitabında
("Od heykəli") əfsanə, nağıl motivləri
ilə real ünsürlər vəhdət təşkil edir.
Nağıl gündəlik həyatın bir parçası
kimi dərk olunur və hər bir reallıqda da sanki
nağıl ruhu iştirak edir. "Bir kənd
nağılı", "Balaca şaxtaçının
çıraq nağılı", "Mötərizə
nağılı", "İzlərin
nağılı".. Təbii ki, ikinci kitabda dünyaya heyrətin
miqyası və sərhədləri genişlənir, daha
epizodik səciyyə daşımayıb obraz səviyyəsinə
çatır. "Ulduz" jurnalındakı müzakirədə
(1973) Yaşar Qarayev yazırdı: "Bunlar çox vaxt
predmeti yox, predmetlər arasında hərəkəti, əlaqələri
mənalandırmaq axtarışlarında yaranan şeirlərdir.
Predmetləri canlandırmaq, "cisimləşdirmək",
onlara "vücud" kəsb etdirmək də bu şairlərə
məhz həmin məqsəd üçün lazım
olur".
Ə.Salahzadə predmeti
mənalandırarkən əvvəlcə bütövdən,
tamdan başlamır, bütövə və tama poetik
"relsi" hissəcikdən salır. Onun şeirlərində
"qan qanı qamçılayır", "qan
qışqırır gitaranın bir simi", "tank top-top
qəzəbini lülə-lülə, püskürə-püskürə,
davanın üstündən xətt çəkə-çəkə
yeriyir", insan "baxışından yağış
yağır", yay fəsli gərilər, dartılar,
günlərinin neçəsi şüşə kimi orda
sınar, burda sınar, qoca su dəyirmanı "dərdini
yeyib doyar" və s. Bütün bu bənzətmələr
şeirdən təcrid edilərək nəzərdən
keçiriləndə, doğrudan da, məna və məntiqdən
məhrum görünür.
Ə.Salahzadənin bir
çox şeirləri peyzaj mahiyyətlidir: "Yay",
"Yuyunmaq istəyən dəniz", "Yol üstdə
bir palıd", "O qar", "Pirismayıl
yaylağı", "Eldar şamı", "Çiyələk",
"Xınalığın qayaları", "Yerfi təpələri"
və s. Kiçik etüd xarakterli bu şeir-lövhələrdə
assosiativ şeirin imkanları aşkar nəzərə
çarpır.
Üçüncü
kitabda ("Gözlər baxır dünyaya") assosiativ
şeirin imkanları daha da genişlənir. Ələkbər
sırf rəng, boya işini, sözlə tablo yaratmaq
funksiyasını həyatın, gerçəkliyin daha dərin
qatlarında sınayır, elə bil, onun şeiri getdikcə
"ictimailəşir". "Payız tablosu"na
Abşeronun səbət-səbət ənciri, sini-sini
şanısı, Göyçayın közərən
narı köçür.
Ə.Salahzadənin
şeirlərini "fikir poeziyası" nümunələri
hesab edib mahiyyətə varmadan emosiyasız şeirlər kimi
də qələmə veriblər. Guya bu şeirlər
yavan-yalxı fikirlərdən, quru, ritorik mühakimələrdən
yaranıb və obrazlılıqdan məhrumdur. Amma bir həqiqət
unudulur ki, Ələkbərin "fikir poeziyası" adı
ilə pislənən şeirlərinin əksəriyyəti əslində,
emosional, ekspressiv şeirlərdir. Lakin emosionallıq bu
şeirlərdə hisslərin coşub-daşması kimi
düşünülmür, fikrin, mühakimənin
emosionallığıdır.
"Bu şəhərin içində" şeirinə
diqqət edin:
Xirtdəyəcən
bu şəhərin içində,
baxıram, kəndə baxıram.
Dağlarına çıxıram:
çiçəkləri gözümdəndi,
çayı yenə dizimdəndi,
başımdan aşır buludu,
kirpiklərim şeh doludu.
Xirtdəyəcən
bu şəhərin içində
hərdən o kəndə baxıram,
yenə də gözüm üstədi,
göylərin başım üstədi,
nə olsun gendən baxıram?
Deməsinlər:kənd, kənd deyir,
çörəyi dizi üstədi;
xirtdəyəcən
bu şəhərin içində,
o kənd də gözüm üstdədi.
Əlbəttə, bu
misraları mən Ələkbəri ancaq "fikir
şairi" kimi təqdim edənlərə (yəni şeirlərini
çılpaq mühakimələr əsasında qurub ifadəliliyə,
obrazlılığa "meyl etməyi"nə görə
şairi qınayanlara) cavab kimi göstərdim. Ələkbərin
sözün əsl mənasında emosiyasız bir şeirinə
belə rast gəlmədim. Ancaq burada nisbət məsələsi
var: bir şeirdə az, birində çox.
Şimşək kimi
Sıyrılır
bir alqışdan
Koroğlunun qılıncı!
Bir ürəyin qanından,
bir əlin torpağından
qalxır
titrək bir çubuq-
dirijor çubuğu..
Ələkbərin
şeirlərindən onlarla belə nümunələr gətirmək
mümkündür. Bu da onun şeirlərini emosiyadan məhrum
hesab edənlərə tutarlı cavab olardı.
"Qara yunun ağ
yuması" poeması Ə.Salahzadənin
yaradıcılığında tamamilə yeni səhifədir
və şairin indiyə qədər qələmə
aldığı poemalardan seçilir. Poemada müharibənin
insan psixologiyasında necə əks-səda yaratması poetik
incəliklə verilir. Ə.Salahzadə poeziyasına məxsus
assosiasiya zənginliyi, bədii təsvir əlvanlığı,
metafora silsiləsi bu poemada da sənətkarlıq məziyyətləri
kimi diqqəti cəlb edir. Müharibədən bəhs edən
poemalarda intizar motivlərinə az təsadüf etməmişik,
elə Ələkbərin poemasında da bu motiv
aparıcıdır.
Dağıdırdı ürəyini
bu dünyanın darlığı.
hara getdi
bağrında
üç oğul məzarlığı?
Ələkbər
Salahzadə bir insan kimi də çox maraqlıdır. Mən
onunla bir neçə dəfə yol yoldaşı olmuşam.
Sadə, təmkinli, az danışan bir adamdır. Təvazökardır.
Özü haqqında danışmağı qətiyyən
sevmir. Dəfələrlə bunun şahidi olmuşam ki,
radiodan onunla müsahibə aparmağa gəliblər, televiziya
kanallarından haqqında veriliş hazırlamağa buyurublar,
amma Ələkbər razılıq verməyib. Fikirləşmişəm
ki, Ələkbərdən xeyli cavan şairlər və elə
Ələkbər yaşında elə yazarlar var ki, onlar bu təklifləri
cani-dildən razı olurlar, hətta özləri cəhd edirlər
ki, ekranda görünsünlər. Ələkbərin isə
oralarda görünməməsi şöhrətdən, təbliğ
olunmaqdan qaçmasıdır. Amma bunun zərəri də
var. Ələkbərlər (onların sayı azdır) təbliğ
olunmayanda şeir alverçiləri meydan sulayırlar. Bununla
yanaşı, deyə bilərəm ki, heç vaxt ədəbi
tənqid və Ələkbər Salahzadəni duyan, sevən
dostları onun yaradıcılığına biganə
olmayıblar. Çox olmasada da, hər halda Ə.Salahzadə
haqqında bir çox dəyərli məqalələr var. Neçə
illərdi o, gənclərin sevimli jurnalında -
"Ulduz"da baş redaktor işləyib. İndi
yaşı qırxı, əllini ötən o zamankı cavan
yazarların ilk yazıları "Ulduz"da işıq
üzü görüb. İndi Ələkbər incəsənət
toplusu-"Qobustan"ın baş redaktorudur.
Ə.Salahzadənin bir
"Ümid nəğməsi" adlı bir şeiri var. O
şeiri oxuyandan sonra səndə bir nikbinlik, həyata inam
oyanır. Şairin 70 yaşı ərəfəsində o
şeirdən bu misralarla yazıma nöqtə qoymaq istəyirəm:
Özündən ümid um,
özünə ümidi itirmə, insan,
ümidi gümana ötürmə, insan!
Suyundu, havandı,
Yerindi, göyündü ümid.
Bir də gözünü açdın-
dünyaya döndü ümid!
Vaqif YUSİFLİ
Ədalət.- 2011.- 5 mart.- S. 19.