Əkizlər bürcü ya Avtoportret

 

Kövrəyəmmi, ciddiyəmmi,

İkiyəmmi, təkcəyəmmi?

Özümə sorub gəldim

Kimsən, Allahın adamı?

 

Ruhumun gecə-gündüzu,

Yeddi yolu, qatı varmış.

Üzüm əlacsız güləndə,

Gözüm dalda ağlayırmış.

 

Özümə yol başlayıram,

Gəlib haqlaya bilmirəm.

Bir əlim doğmaların üstə,

Özüm baş alıb gedirəm.

 

Gedirəm iki yolla,

Yerlə göyün arası.

Rəngli yuxum oğurlanıb,

Qalıb ağı, qarası.

 

Bir əlim dolu, biri boş

Çoxuna varlı kimiyəm.

İki mələyin yazdığı,

Ən ağır çiyin yüküyəm.

 

Nifrətlə sevgimin həddi,

İki kirpik məsafəsi.

Bir qulağımda şeytanın,

Birində Tanrının səsi.

 

Kiməm, niyə gəlmişəm?

Yolum haradır belə?

Ölüb - yox olmaq var ikən,

Gəlmişəm bilə-bilə.

 

Bu da əkizli ömrüm,

Kimə qıyım, kimlə bölüm?

Ruhum balama həyan,

Qoyun rahatca ölüm.

 

 

İlləri əl-ələ tutub gəlmişik

 

(Ömür-gün yoldaşımın əlli yaşına)

 

Durmusan əllinin astanasında

Hələ bundan belə bir ömür durur

İlləri əl-ələ verib gəlmişik

Əlimdən əlini çəkmə, olar

 

Beş dəfə onluğun, sadə misalın

Əzaba, zəhmətə bölünməyi var

Vətəndaş ömründən alim ömrünə

Hesaba gəlməyən qayğılar durar

 

Bir ailə ömrünün körpə çağları,

Yarı təyyarədə, yarı qatarda

Dünyanın çalışqan tələbəsi sən,

Nigaran qadını mən idim onda

 

Soyuğu-istisi uzaq yolların

Əlimə-üzümə gəlib çatardı

Bir evin, ocağın əziz tikəsi

Sən gələn tətilə, vaxta qalardı

 

Biz varlı deyildik, qibtə yeriydik

Dövlətli qonşuya, pullu dostlara

Bu evdə heç nəyin olmayan vaxtı

Sevgi, ümid verdik, pay umanlara

 

deyim, bəzən küsdüm, incidim

Üzünə gəlmədim qəlbə yük olar

Bəzən qayğılara bələnən ömrün

İtmiş günü-ayı bizi haraylar

 

Bəzən içimdən asılan giley

Sənin ünvanına havada qalar

Birtəhər gələrdim bu yaşa qədər

Sənə bundan sonra ehtiyacım var

 

Sən bildin, mən bildim, bir dörd divar

Olub-olmayanı, kimsə bilmədi

Yarıya bölünən papirosların

Kül yeri, köz yeri ürəyimdədir

 

Neyləyim, izahı yoxdur bu sirrin

Haqq yazan, bəxt yazan, sevgi payımsan

Bəzən uşaqların ən ərköyünü

Ən əziz, ən sözə baxmayanısan

 

Durmusan əllinin astanasında

Hələ bundan belə bir ömür durur

İlləri əl-ələ verib gəlmişik

Əlimdən əlini çəkmə olur.

 

 

"Şuşanın dağları" oynayan oğlan

 

("Əvvəl axır" romanının müəllifi Mahirə xanıma)

 

"Şuşanın dağları başı dumanlı",

İçindən sınmış bir cavan oynayır.

Sındıra - sındıra,

Gözləri dumanlı,

Başı havalı ,

Əlləri havada, ayağı yerdə.

 

"Şuşanın dağları" qanını coşdurur,

Toz dumana qarışır,

Elə bil oynaya-oynaya Şuşaya yaxınlaşır.

Sümüklərim ovulur,

ovum-ovum.

Sahibsiz dağlar iti neştər kimi,

İçimi doğrayır

Tikə-tikə, büküm-büküm.

 

Qayalar nizəyə dönür, gözlərimi oyur,

Bir ağac koğuşu oyulan kimi.

Key-key dayanmışam,

Deyəsən, mən ağrı hissimi yadırğamışam.

Yüz-yüz oynayanı görmür gözlərim,

Dağlar üstümə uçur,

Dağlar üstümə gəlir

 

Altında yüzlərlə mənim kimisi inildəyir,

Minlərlə inilti üstündə,

"Şuşanın dağları" dillənir.

Dağ-daş yeriyir,

Ölülər dirilir, itkinlər geri dönür.

Aman Allah !

Bu oğlan oynaya-oynaya

Şuşaya qayıdış, muştuluğu gətirir elə bil.

Əlləri havada

qışqırır, qıy çəkir:

Salam, Şuşa ,

Biz qayıtdıq, gələ bilərikmi?

 

 

Əziz qardaşım kefli İsgəndər

 

Sən keflisən qardaş,

Düz ya əyri,

desən inananın tapılmaz.

Mənə de bildiklərini,

Tək çəkmə bu millətin dərdini.

Qədrini bilən olmaz,

Bir , bu dərd xroniki dərddir,

sağalmaz.

Əziz qardaş, xəbərin var?

Xudayar bəy kəndxudalıqdan,

milyonerə dönüb.

Neylədi, latın əlifbasını

öyrənə bilmədi,

İndi kitab yazdırıb,

Professor olmaq eşqinə düşüb.

Dərd elə köhnə dərddir.

 

Şeyx Nəsrullah şəhərin mərkəzində

ofis tikdirib.

ölü diriltmir, pul dirildir

(Bilir axı, xəbərimiz var, ölü dirilmir)

Nazlını ata-anası deyil,

Rusetə gedən əri

özü şeyxlə tanış edib.

Görürsən, dərd elə

köhnə dərddir.

Sadəcə eni, uzunu,

bir az da licimi dəyişib.

 

Sənin yerinə indi

Məmmədhəsən əminin oğlu

əcnəbi dil öyrənir

ərəb dili yox, ingilis dili.

Eşidib "Socar" ağıllıları

Xaricə oxumağa göndərir.

Təzə bir dərd

kişiləri təngə gətirib.

Avropa gender bərabərliyi deyib,

Bakıda ün təpir.

Sən oxumuş oğlansan,

ağlın kəsir?

Teleqrafçı Baxşəli yadında?

20 il sonra indi o da

qaçqın haqqını tələb edir.

Deyirlər,

Avropa Məhkəməsinə

məktub da göndərib.

(əvvəl yadında,

o kəndin adamları

Həzrət Abbasa

məktub göndərirdilər).

 

Hamının məsləhət yeri

Mirbağır ağa elmi atıb.

Çindən mal gətirib,

Ömrünü-gününü topdan satır.

Pərnisə

hüriyyətin mənasını öyrənib

"Evrovizyona" səsi çatmadığından

Sponsoru onu

"Toylar kraliçası"na göndərib.

Bax,

Dərd köhnə, xroniki dərddir,

Anlamaq dərdi.

Sən çox fikir eləmə.

Bir bacın qurban,

ta içmə

 

 

AY QARAGİLƏ

 

Bu sevgi özündən əvvəl doğulan,

Səni taleyimə yazdı Yaradan.

Bir ömür yol gəldim, dolanbadolan

Dilim susan oldu, ay Qaragilə.

 

Gəldim qəlb evinə sevgi olmağa,

Gəldim üsyan edəm ayrılıqlara,

Gəldim ki, qaçıram lap uzaqlara,

Yolum kəsən oldu, ay Qaragilə.

 

Bu əzab ruhuma doğma, müqəddəs,

Ayrılıq günahsa, necə yuyaq bəs.

Tökmə göz yaşını sel kimi əbəs,

Günah səndə oldu, ay Qaragilə.

 

Gözündən alışan kədərə neynim,

Mən hicran danışan qədərə neynim,

Puç olan ömürə, hədərə neynim,

Eşqin dastan oldu, ay Qaragilə.

 

Bu şəhər özgədir, qərib gəlmişik,

Dolanbac yollarda itib gəlmişik,

Bizə qismət qəhət heç bilməmişik,

Sonda duyan oldu, ay Qaragilə.

 

 

PƏNCƏRƏ İŞIĞI, QADIN BAXIŞI

 

Pəncərə işığı, qadın baxışı,

Yollardan yığılmaz, nigaran qalar.

Hardasa bir kişi yol gələr evə,

Hardasa bir qadın qəlbi intizar.

 

Ürəyin işığı yollara mayak,

Gözün mükafatı tez gəliş olar.

Sədaqət, məhəbbət ən böyük sərvət,

Ehtiyac ən kiçik umacaq olar.

 

Hələ yozulmayan çox sirlər yaşar,

Bu qədər doğmalıq özü sirdir.

Qız ikən dünyaya sığmayan gözəl,

Qadınkən evinin pərvanəsidir.

 

Pəncərə işığı, qadın baxışı,

Hardasa bir kişi qazanc dalınca.

Bəzən xəyanət ocaq söndürür,

Bir qadın ağlayır yol ayrıcında.

 

Gözləri yollarda, qulağı səsdə,

Əzizlər sevgisin körpəsi kimi.

Min suçun üstündən bircə an keçib,

İçində qovrular səhərə kimi.

 

Qadınlar, qoruyun kişiləri siz,

Bir evə dirəkdi, işıqdı onlar.

Kişilər, ucaldın sevginizi siz,

Sonuncu qadınla dünya qurtarar.

 

 

Sona VƏLİYEVA

 

Ədalət.- 2011.- 5 mart.- S. 20.