Əliqismət Lalayev:
"Kollektivi sevmədən teatrda işləmək mümkün
deyil"
Azərbaycan Dövlət Musiqili Komediya
Teatrının direktoru, əməkdar incəsənət
xadimi, fəlsəfə doktoru
Əliqismət Lalayevin Milli.Az
xəbər portalına müsahibəsi
Azərbaycan Dövlət
Musiqili Komediya Teatrı Nikolay Vasilyeviç Qoqolun "Evlənmə"
əsəri ilə yenidən teatr ictimaiyyətində də
böyük əks-səda doğurdu. Premyeralarda iştirak edən
dövlət rəsmiləri tamaşanın çox yüksək
səviyyədə hazırlandığını
vurğuladılar. Tənqidçilər
"get, lap rusların özlərini dəvət elə bu tamaşaya: bəyəniləcək!"
(kultaz.com) - dedilər. Teatrın direktoru, tanınmış
incəsənət xadimi Əliqismət Lalayevlə söhbətimiz
əsasən "Evlənmə" tamaşası ətrafında
olsa da, ümumiyyətlə teatr proseslərinin müasir durumu
barədə bir sıra məqamlara da toxunduq.
- Əliqismət müəllim, bəziləri bu
tamaşanı Musiqili Komediya Teatrının son üç ildə,
yəni sizin teatra gəlişinizdən sonra ən
böyük uğur saydı.
- "Evlənmə"
ümumiyyətlə bütünlükdə milli
teatrımızın uğurudur. Çatışmayan,
xırda nöqsanlardan hali deyil, əlbəttə. Amma
ümumilikdə çox uğurlu alınıb və
tamaşanın bir sıra elə məziyyətləri var ki,
teatrımız doğurdan da bununla öyünə bilər. Məsələn,
ilk dəfə bizim teatrda Qoqol qoyuldu. Bu, Azərbaycan səhnə
sənətində öz yeri olan əməkdar incəsənət
xadimi Bəhram Osmanovun bizim teatrda ilk işi oldu. Dramatik aktrisa
kimi tamaşaçı qəlbində öz yeri olan xalq
artistləri Şükufə Yusupova və Məleykə Əsədova
ilk dəfə olaraq heç nədən qorxmadan, çəkinmədən
Musiqili Komediya Teatrının səhnəsinə gəldilər.
Tanınmış gülüş ustaları Arif Quliyevlə,
Elçin Həmidovla, Çingiz Həmidovla eyni tamaşada
çıxış etdilər. Mən deyim ki, bu addım,
doğrudan da, hər iki aktrisadan böyük cəsarət tələb
edirdi və onlar bunu bacardılar. Onların ətrafında
yaranan stereotipləri, sərhədləri tamamilə
qırdılar. Səhnə tərtibatındakı səliqə-sahman
(rəssam Nabat Səmədova) diqqətləri çəkdi.
Və ümumiyyətlə, Musiqili Komediya Teatrı da
"yalnız operetta" qoymaq kimi "böyük
boyunduruqdan" qurtuldu. Bu gün Rusiyanın musiqili komediya
teatrlarında ən müxtəlif janrlarda tamaşalar qoyulur.
Biz isə bu çərçivələrdən
çıxa bilmirdik. Nəhayət ki, bunu bacardıq. "Evlənmə"nin
uğuru hamını düşünməyə vadar etdi ki, sən
demə belə də olarmış.
- Yeri gəlmişkən, Azərbaycan Teatr Xadimləri
İttifaqında da ayrı-ayrı teatrların aktyorları
bir araya gələrək, çox uğurlu tamaşalar
hazırlayırlar.
- Elədir ki, var. Bu
antrepriz teatrıdır, bu teatrın sabit truppası yoxdur, yəni
hər kəs tamaşa müddətinə bir teatrdan dəvət
olunur. Bizdə isə
məsələ başqadır. Bizim sabit truppamız var və
bəzən bu və ya digər aktyorun, rejissorun teatra dəvət
olunması müəyyən suallar doğurur. Biz "Şəhərdə
manyak var" tamaşasına Sumqayıt teatrından xalq
artisti Valeh Kərimovu, "Ər və arvad"
tamaşasına xalq artisti Yaşar Nurini, "Matəm
marşı" tamaşasına Gənc
Tamaşaçılar Teatrından əməkdar artist Naibə
Allahverdiyevanı dəvət edəndə məhz öncə
belə suallar ortaya çıxırdı. Lakin şübhəsiz
ki, teatrda son söz tamaşanın və
tamaşaçılarındır. Odur ki, hər
tamaşanın uğuru məhz bu suallara ətraflı cavab
verdi.
- Kollektivinizin Musiqili Teatrların Beynəlxalq
Assosiasiyasına daxil edilməsi, 138 illik tarixində Azərbaycan
teatrının ilk dəfə olaraq Beynəlxalq qurumda təmsil
olunması da yəqin ki, yaradıcılıq
imkanlarımızın daha da genişlənməsinə səbəb
olub. Teatrda görünən dəyişikliklər bu
Assosiasiyadakı fəaliyyətimizlə əlaqəli deyil ki?
- Bu Assosiasiyaya
dünyanın 35-dən çox teatrı daxildir. Əsasən
MDB dövlətlərindən olan bu kollektivlərdə maraq
doğuran yeniliklərin şübhəsiz ki, bizdə də tətbiq
olunması yaradıcılıq
axtarışlarımızın inkişafına səbəb
olur. Görün son 3 ildə hansı böyük uğurlara
nail olmuşuq? 3 il bundan öncəyə qədər təməlini
Üzeyir Hacıbəylinin qoyduğu teatrın repertuarında
dahi bəstəkarın bir əsəri belə yox idi. Bu
gün məhz bəstəkarın operetta janrında
yazdığı hər üç komediya - "O,
olmasın, bu olsun", "Arşın mal alan" və
"Ər və arvad" komediyaları teatrın
simasıdır. Biz ilk dəfə olaraq bir il bundan öncə
dünyanın 50 ölkəsinin qatıldığı Beynəlxalq
Teatr Bayramında - İranda keçirilən Fəcr
festivalında Azərbaycanı "O olmasın, bu olsun"
tamaşası ilə təmsil etdik. Festival, ətrafına
daha çox tamaşaçı yığsın deyə, bu əsərlə
öz fəaliyyətinə start verdi. Bütün tamaşalar
bir dəfə göstərildiyi halda, "Məşədi
İbad" iki dəfə göstərildi və festivalın
ən yüksək ödülünü biz qazandıq.
Müstəqilliyimiz dövründə heç bir xarici
dövlətə gedə bilməyən teatr təkcə son
üç ildə müxtəlif proqramlarla Moskvada, Novosibirskdə,
Yekaterinburqda, Tiflisdə və Gürcüstanın azərbaycanlılar
yaşayan rayonlarında, Türkiyədə müxtəlif səfərlərdə
olub. Teatrın aparıcı solistləri dünyanın ən
müxtəlif meridianlarında keçirilən Azərbaycan Mədəniyyəti
Günlərində teatrımızı təmsil ediblər.
Biz ilk dəfə olaraq Azərbaycan dilində klassik Avropa
operettasını səsləndirdik. İmre Kalmanın
"İddialı Qaraçı" əsəri çox
böyük uğurla təqdim olundu.
Bütün bu
uğurlar ona görə əldə edildi ki, bu gün
teatrın fəaliyyətini yaxşılaşdırmaq üçün
respublikanın çox tanınmış
sənət adamları və gənc yaradıcı qüvvələri tamaşaların hazırlanmasına cəlb olunmuşlar. Xalq artistləri
Yaşar Nuri, Şükufə Yusupova, Məleykə Əsədova,
Valeh Kərimov, xalq artisti Təranə Muradova, əməkdar
artist Naibə Allahverdiyeva, əməkdar artist Anar Şuşalı, dirijor,
əməkdar incəsənət xadimi Yalçın Adıgözəlov, rejissorlar
-əməkdar incəsənət xadimləri Bəhram Osmanov,
Əsgər Əsgərov, gənc rejissorlar Mikayıl
Mikayılov, Nicat Kazımov, Elvin Mirzəyev, sənətşünaslıq
doktoru, professor Məryəm Əlizadə,
teatrşünas-aspirant Vəfa Muhacirova, habelə Tiflisdən
rejissor Qoça Kapanadze, gürcüstanlı rəssamlar -
Lomqul Murusidze, Ketevan Titişvili, Tamuna Maçaraşvili,
Rusiyanın xalq artisti, "Qızıl Maska" Milli
Mükafat laureatı, professor Kiril Savelyevic Strejnevin tələbəsi
Serqey Yunqans və başqaları ilə əməkdaşlıq
bizə çox şey verir. Bundan əlavə, istedadlı gənclərin
yaradıcılığının dəstəklənməsi,
xüsusən teatr rejissorluğu sahəsində qabaqcıl
ölkələrin təcrübəsindən istifadə edilməsi
və teatrda çalışan gənc kadrların peşəkarlıq
səviyyəsinin yüksəldilməsi məqsədi ilə
teatrın ayrı-ayrı əməkdaşları müəyyən
müddətə xarici ölkələrə ezam olunur və
başqa dövlətlərin teatrlarında təcrübə
keçirlər. Gənc rejissor, tamaşaçılara
Ü.Hacıbəylinin "Arşın mal alan"
komediyasının quruluşu ilə yaxşı tanış
olan Elvin Mirzəyev ixtisasını artırmaq
üçün Yekaterinburqda - Sverdlovsk Dövlət Akademik
Musiqili Komediya Teatrında, "Milyonçunun dilənçi
oğlu" tamaşasını hazırlayan gənc rejissor
Mikayıl Mikayılov Novosibirsk Musiqili Komediya Teatrında,
teatrın əməkdaşları - dekorçu rəssam
Elgün Vəliyevlə işıqçı Tural Şərifov
isə dünya şöhrətli Robert Sturuanın rəhbərlik
etdiyi Ş.Rustaveli adına Akademik Dram Teatrında təcrübə
keçiblər. Yəqin ki, bütün bunlar da gələcəkdə
öz müsbət nəticəsini verəcək.
- Bu gün teatrınızda əsaslı təmir və
bərpa işləri aparılır. Lakin kollektiv Dənizçilərin
Mədəniyyət Evində yerləşir, tamaşalar
göstərilir, yeni əsərlər hazırlanır.
İnsanlar çətin şəraitdə işləsələr
də, həvəsdən düşmürlər. Bunu
tamaşaçılar da duyurlar. Siz necə, onların
işindən razısınızmı?
- Bu adamlar -
qapıçısından tutmuş məşhur aktyoruna qədər
- hər birisi talelərini səhnəyə bağlayan
insanlardır. Onlar necə həvəsdən düşə
bilərlər? Bu gün bizim teatrda Afaq Bəşirqızı
kimi sənətkar çalışır. Xalq artistləri
İlham Namiq Kamal, Arif Quliyev, Fatma Mahmudova, əməkdar
artistlər Ramiz Məmmədov, Xanım Qafarova, Əkbər Əlizadə,
dirijor, əməkdar incəsənət xadimi Nazim Hacıəlibəyov,
xormeystr Vaqif Məstanov, baletmeystr Zakir Ağayev və
başqaları. Onların hər birinin öz sevimli
auditoriyası var. Kollektivin bütün üzvləri əllərindən
gələni edirlər ki, bax, bu çətin günlərdə
öz tamaşaçılarını itirməsinlər.
Çox çətindir, amma biz gözləyirik ki, daha
gözəl, daha cəlbedici teatrımız olacaq. Hər
axşam aktyorlarımız yeni teatrda yenə də
işıq selinin altında tamaşaçıları öz
sehrinə sala biləcək rollarla səhnəyə
çıxaraq, onları güldürəcək,
düşündürəcəklər. Ömürlərini səhnəyə
verən - cavanından, qocasından asılı olmayaraq bu sənətçilərdən
razı qalmamaq, Tanrı yanında günah işlətmək
kimi bir şeydir. Mən bu insanların hamısını sevirəm.
Onları sevmədən teatrda işləmək mümkün
deyil.
Ədalət.- 2011.- 11 mart.- S. 6.