Böyüyən, inkişaf edən Hacıqabul
Lap bu yaxınlara qədər
bu yerlər boş çöllük idi. Paytaxtdan arana uzanan
Hacıqabul rayonunun girişindəki bu
tozlu-palçıqlı böyük bir ərazidə indi
bir-birindən yaraşıqlı, müasir görkəmli
inzibati binalar, fərdi evlər bu yerləri tanınmaz edib. Baytarlıq
İdarəsinin, Təhsil və Maliyyə şöbələrinin,
DSMF-nin rayon şöbəsinin son illər inşa edilmiş
binaları bir-birinə söykənərək bu əraziyə
xüsusi bir görkəm verir. Ulu Öndərin əzəmətli
heykəli və onun xatirəsini yaşadan möhtəşəm
muzey bənzərsizdir. Əmək və Əhalinin Sosial
Müdafiə Mərkəzinin, "Kapital-Bank"
binasının, ərazidən keçən neft kəmərinin
Xüsusi Dövlət Mühafizə Xidməti İdarəsinin,
onun yataqxanası, Rayon İcra Hakimiyyətinin milli üslubda əsaslı
təmir olunmuş binası burda kiçik bir şəhərciyi
xatırladır.
Bir az içəridə
isə Daxili Qoşunların "N" saylı hərbi hissəsinin
əməkdaşları üçün tikilməkdə olan
binası, tikintisi yaxın vaxtlarda tamamlanacaq Hacıqabul rayon
Polis şöbəsinin inzibati binası rayonda genişlənməkdə
olan inşaat işlərindən xəbər verir. Rayon
Prokurorluğunun inzibati binası, Mərkəzi rayon Xəstəxanası,
Uşaq Tibb Mərkəzi, Atbulaq kəndindəki kərpic
zavodu, yüksək keyfiyyətlə əsaslı təmir
edilmiş Hacıqabul rayon mədəniyyət evi xeyli
vaxtdır sakinlərin və istehlakçıların ixtiyarına
verilib. Rayonun tikinti-abadlıq işlərini daha intensiv aparmaq
üçün kafel-metlax zavodunun tikintisi sürətləndirilmişdir.
Artıq xeyli vaxtdır ki, Fövqəladə Hallar Nazirliyi
Yanğından Mühafizə İdarəsinin inzibati
binasının tikintisi başlanmışdır. Qısaca desək,
Hacıqabul rayonu son 5 ildə kərpic-kərpic böyüyərək
simasını dəyişib, müasirləşib. Sakinlərin
etiraf etdiyi kimi Hacıqabul rayonunun bugünkü
inkişafında Rayon İcra Hakimiyyətinin
başçısı Əhməd Muxtarovun xüsusi əməyi
vardır.
Həll edilmiş problem
Hacıqabul rayonu uzun
müddət mavi qaz olmadığı üçün bu təbii
nemətdən bəhrələnə bilməmişdir. Rayon mərkəzindəki
qaz xətləri sıradan çıxmış, bəzi kəndlər
isə tamam unudulmuşdur. Nəhayət ki, insanların bu məişət
problemi aradan qaldırılmış, 2010-cu ildə qaz
sisteminin qurulması daha da sürətləndirilmişdir. Şəhərdə
255,954 pm boru çəkilmiş, 4650 evə
çıxış dayağı qoyulmuşdur. Bunun
müqabilində 4383 evə sayğac
quraşdırılmışdır ki, istehlak olunan məhsulun
miqdarına nəzarət etmək mümkün olsun. İndi
Hacıqabul şəhər sakinlərinin mavi qaz sarıdan demək
olar ki, heç bir narazılığı yoxdur.
Artıq rayonun
Qızılburun, Qubalıbaloğlan, Navahı, Rəncbər,
Atbulaq, Qarasu kəndlərində, Muğan və Navahı qəsəbələrində
mavi qaz xətlərinin, digər texniki işlərin son
tamamlanma işləri görülür. Abdulabad, Kolanı,
Talış, Meynəman, Udulu ərazisindəki 7 kənddə
polietilen borularla qaz çəkilişinin başlanmasına
start verilmişdir. Dövlət Proqramı əsasında
Hacıqabul şəhərinin mərkəzi
başdan-başa, Rəncbər kəndində 584, Muğan qəsəbəsində
696 ev mavi qazla təmin olunmuşdur. Sərf olunan qazın dəyərinin
yığılması 2010-cu ildə 87 faizə
çatmışdır.
Hacıqabul aqrar rayonudur
Ötən illərdə
olduğu kimi 2010-cu ildə də rayonda əkinçilik xeyli
inkişaf etdirilmişdir. May ayında Kür və Pirsaat
çaylarının daşması nəticəsində 3934
hektar əkin sahəsinin ziyan çəkməsinə
baxmayaraq zəmilərdən 26810 ton məhsul
götürülmüşdür. Gözlənildiyi kimi məhsuldarlıq
29,3 sentnerdən az olmamışdır. Heç şübhəsiz
ki, aqrar sahədəki bu irəliləyiş
heyvandarlığa da təsirsiz qalmamışdır. Ət
istehsalı 4800 tona, süd istehsalı 13800 tona, yun
istehsalı 206 tona yüksəlmişdir.
Hacıqabul rayon təsərrüfatlarında
maldarlığın inkişafına diqqətin nəticəsində
uğurlar əldə edilmişdir. Mal-qaranın baş
sayı 2010-cu ildə 35163, xırdabuynuzlular isə 124600-ə
yüksəlmişdir.
Aqrar sahəni daha da
inkişaf etdirmək məqsədilə rayonda əlavə tədbirlər
görülür. 55 kilometrlik Baş Şirvan kanalının
çəkilişindən və Pirsaat çayı üzərindəki
su anbarının lildən təmizlənərək yenidən
qurulması nəticəsində Hacıqabulda daha 15 min hektar
torpaq sahəsi əkin üçün istifadə ediləcəkdir.
Bu da heç şübhəsiz insanların iqtisadi həyatlarına
təsirsiz ötüşməyəcək.
Yol mədəniyyətdir
Bütün bölgələrdə
olduğu kimi Hacıqabul rayonunda da "Regionların
Sosial-İqtisadi İnkişafı Dövlət
Proqramı"-nın yerinə yetirilməsi böyük
uğurla həyata keçirilir. Tikinti, quruculuq, abadlıq
işlərinin uğurlu nəticəsidir ki, yuxarıda
dediyimiz kimi indi rayon öz simasını tamamilə dəyişmişdir.
Ötən il Hacıqabulda 2481,6 min manat əsas fondlar istifadəyə
verilmiş, iqtisadi və sosial sahələrin
inkişafında əsas kapitala 47.248.6 min manat investisiya
qoyulmuşdur.
Rayonun yol tikintisinə
ayrıca diqqət yetirildiyindən indi bir çox kəndlərdə
belə problemlər tam aradan qaldırılmaq üzrədir. Ölkə
Prezidenti İlham Əliyevin keçirdiyi son
yığıncaqda tövsiyyə etdiyinə görə bu
sahəyə diqqət daha da artırılacaq. Buna qədərsə
şəhərin qərb hissəsində, 20 Yanvar, S.Almazov,
Şirvan, Ə.Həmidov, M.Müşfiq, H.Z.Tağıyev
küçələrində yol təmir işləri
aparılmışdır. Abdulabad-Kolanı, Muğan-Udulu
avtomobil yollarında qum-çınqıl
qarışığından əsas qoyulmuşdur. Rəncbər,
I Udulu, Abdulabad, Meynəman, Atbulaq, Qızılburun, Qarasu,
Navahı, Pirsaat kənd yollarında bu xarakterli müxtəlif
miqyaslı işlər görülmüşdür.
"Təhsil millətin gələcəyidir"
Bu müdrik kəlamların
müəllifi Ulu Öndər Heydər Əliyevdir. Hacıqabul
rayon təhsili son illər maddi-texniki bazanı
yaxşılaşdırmaq istiqamətində xeyli iş
görmüşdür. Rayonda fəaliyyət göstərən
30 ümumtəhsil məktəb, 5 məktəbdənkənar,
3 məktəbəqədər tərbiyə müəssisəsi
gənc nəslin elmi və mənəvi zənginliyinə
hesablanmışdır. Şagirdlərin daha müfəssəl
bilik almaları üçün müxtəlif növ
inventarlarla bərabər 9229 manat dəyərində
kompüter alınmışdır. 2010-cu ildə şəhər
2 saylı, Ağacanlı kənd orta məktəbləri əsaslı
təmir olunaraq təhsil işçilərinin ixtiyarına
verilmişdir. Səbinə Əliyeva "Ən yaxşı
müəllim" müsabiqəsinin qalibi olmuşdur. Rəncbər
kənd orta məktəbinin yetirməsi Günay Məmmədova
ali məktəbə qəbul imtahanlarında ən yüksək
bal topladığına görə Prezident təqaüdünə
layiq görülmüşdür.
Şorbaçı,
Abdulabad, Kolanı, Tağılı, Meynəman kəndlərində,
Muğan qəsəbəsində məzunların ali məktəblərə
qəbulunu yüksəltmək Hacıqabul rayon Təhsil
işçilərinin əsas qayğılarındandır. Ən
əsas qayğılardan biri də orta məktəblərdə
ixtisaslı müəllimlərin sayını
artırmaqdır. Təlim və tədrisdə öz
sözü olan Hacıqabul rayonu Təhsil şöbəsi yəqin
ki, bu qayğıları da həll edə biləcək.
Sağlam insan sağlam ruh deməkdir
Bu doğrudan belədir,
bəşərin ən gözəl varlığı olan
insanın fəaliyyət göstərməsi
üçün onun sağlamlığı ən
böyük amildir. Hacıqabul Səhiyyə işçiləri
çalışırlar ki, ən ucqarlarda belə insanlara
tibbi xidmət günün tələblərinə cavab versin.
Rayondakı 2 xəstəxana, 10 həkim, 12 tibb məntəqələri
hacıqabullulara xidmət edir. Yeni tikilmiş poliklinika-xəstəxana,
Uşaq Tibb Mərkəzi ən müasir avadanlıqla təchiz
edilmişdir. Əhaliyə daha yaxşı xidmət
üçün Mərkəzi Xəstəxananın 1-ci mərtəbəsində
təmir işləri aparılır, kommunikasiya xətləri
dəyişdirilir. Ötən il 16 həkim, 24 orta tibb
işçisi elmi-təcrübi biliklərini artırmaq
üçün təkmilləşdirmə kurslarında
olmuşlar. Ancaq rayonda daha 29 həkimə ehtiyac olması səhiyyə
sahəsinə təsirsiz də qalmır.
Buna baxmayaraq son illərdə
olduğu kimi 2010-cu ildə də rayonda insanların sağlamlığı
ilə bağlı heç bir problem yaşanmamışdır.
Onlar evsiz qalmadılar
Ötən ildə
Kür daşqınlarından əziyyət çəkən
insanlar sırasında Hacıqabul rayon Meynəman kəndi də
o fəlakətli günləri yaşamalı olmuşdur. Kənd
su içində qaldığından zərər çəkmiş
evlərlə bərabər bir sıra mənzillər tamam
yararsız hala düşmüşdür. Az müddətdə
kənddəki infrastruktur bərpa olunmaqla 22 ailə
üçün müasir, rahat evlər inşa edilmişdir. 07
sentyabr 2010-cu ildə ölkə Prezidenti İlham Əliyev həmin
kənddə olmuş, yeni mənzillərin
açarlarını da məhz özü sakinlərə təqdim
etmişdir. Hər bir ailənin arzusunda olduğu belə mənzildə
Prezidentin xeyir-duası ilə yaşamaq özü bir tarix,
xoş xatirədir. Ümumiyyətlə isə Hacıqabul
rayonunda təbii fəlakət nəticəsində
dağılmış və onların əvəzində
inşa edilmiş mənzillər, binalar çoxdur.
İndi-indi öz
görkəmini tapan, inkişaf edən Hacıqabul rayonu yəqin
ki, çox yaxın vaxtlarda regionda daha böyük uğurlara
imza atacaq. Bu onun
haqqıdır.
Səxavət Məmmədli
Ədalət.- 2011.- 11 mart.- S. 7.