Susmayan "atəşkəs"
Danışıqların getdiyi bir məqamda ermənilər
niyə cəbhə xəttində silahları işə
salır?
Dağlıq Qarabağ
danışıqlarının davamı kimi prezidentlərin
bir araya gəlməsinin ardından cəbhədə atəş
səslərinin daha yüksəkdən
səsləndirilməsi təcrübəsi hamıya bəllidir.
Çünki torpaq iddiası ilə başqasının ərazisinə
göz dikən ermənilərin ənənələrinə
xilaf çıxacaqlarını düşünmək
yanlışlıq olardı. Əslində 1994-cü ildə
imzalanan atəşkəsin tələblərinə nə
vaxtsa riayət olunduğunu söyləmək də çətindir.
Çünki ortada "atəşkəs sərhədi"nin
olmasına rəğmən cəbhə xəttində vəziyyət
həmişə gərgin olub, silahlar susmayıb. Amma dövlət
başçılarının görüşündən
sonra bunun xüsusi xarakter daşıması bir sıra
cavabsız sualları ortaya çıxarır. Bunun baş
vermə səbəblərini anlamaq
o qədər də asan olmadığı kimi heç də
çətin də deyil. Bu bir tərəfdən erməni
ordusunun qarşı tərəfi qorxutmaq cəhdidirsə, digər
tərəfdən beynəlxalq qurumlara mesaj da sayıla bilər.
Çünki
Dağlıq Qarabağ faktiki olaraq ermənilərin nəzarəti
altındadır və hazırkı vəziyyət də
onları tamamilə qane edir. Belə olan halda ermənilər
qarşı tərəfə status-kvo ilə
razılaşmağa məhkumsunuz demək istəyir və belə
əlverişli vəziyyətdə
erməni ordusu üçün atəşkəsin
pozulması da məqsədli xarakter daşıyır. Burada həm
də bir provakasiya elementləri də sezilməkdədir.
Bununla ən yüksək səviyyələrdə iqtisadi
baxımdan güclü olduğu bəyan olunan qarşı tərəfin
hərbi baxımdan hansı dərəcədə
güclü, hazırlıqlı olduğunu müəyyənləşdirmək
istəyir. Nəzərə alsaq ki, Ermənistan az qala
Rusiyanın silah anbarına çevrilib, onda təcavüzkar
ordunun hərbi-texniki hazırlığının səviyyəsi
də sirr sayıla bilməz və atəşkəsin
pozulması halları da məhz bu məqsədlə əzələ
nümayiş etdirməyin əyani göstəricisidir. Yeri gəlmişkən
onu da qeyd edək ki, rus hərbi texnikası, silah-sursatı ilə
silahlanmalarına rəğmən Ermənistan silahlı
qüvvələrindəki vəziyyəti şişirtmək
də yersiz görünür. Düşmən ordusunda nələrin
baş verdiyi elə bu ölkənin mətbuatında
güzgü kimi ortadadır. Biz də digər dövlətlər
kimi bugünkü erməni ordusunun durumunu elə onların
öz mətbuatlarından öyrənirik. Sual olunur, belə olan halda həssas məqamlarda
bu cür təxribatçı əməllərin törədilməsində
hansı məqsəd güdülür?
Bu bir həqiqətdir
ki, istər Azərbaycan, Rusiya və Ermənistan prezidentlərinin
Soçidən əvvəl keçirilmiş iki
görüşünə, istərsə də bu günə
kimi keçirilmiş bütün görüşlərin həm
getdiyi, həm də başa çatdıqdan sonraya nəzər
salsaq eyni məzmunlu hadisələrin baş verdiyini
çılpaqlığı ilə görmək olar.
Keçən ilin yayında Sankt-Peterburq
görüşündən bir neçə saat sonra cəbhənin
Tərtər istiqamətində şiddətli
döyüşlər baş verdi. Erməni ordusu güclü
itki verib geri çəkilsə də, əslində belə
bir məqamda atəşkəsin pozmaları ilə məqsədlərinə
nail olmuşdular. Çünki bütün diqqətlər
danışıqların getdiyi məkana yönəlmişdi.
Atəşkəsin pozulması nəticəsində isə
görüşün nəticələri bir qədər arxa
plana keçdi. Bundan bir neçə ay sonra Həştərxanda
qarşılaşan tərəflər ölkələr
arasında etimad mühitinin yaradılması məqsədi ilə
humanitar saziş də imzaladılar. Bundan sonra əsir və
meyitlər qarşılıqlı şəkildə geri
qaytarılmalıydı. Amma bu görüşün
ardınca yenidən cəbhədə şiddətli
döyüşlər baş verdi. Erməni mətbuatı həmişəki
kimi bu dəfə də öz günahını qarşı
tərəfdə axtarmağa cəhd edərək
Bakını ittiham etdi. Əlbəttə ki, bir qədər əhatəli
düşünən insan atəşkəsin pozulması ilə
Azərbaycanın hər hansı divident əldə etmədiyini
anlayar. Rəsmi Bakı heç bir halda çətinliklə
razılaşdırdığı məqamları şübhə
altına qoymaq istəməz. Əgər belə olmasaydı,
o zaman heç danışıqları da davam etdirməyə
ehtiyac qalmazdı. Demək, səbəbi qarşı tərəfdə
axtarmaq lazımdır.
Bunun səbəbini
üzə çıxarmaq üçün sonuncu-Soçi
görüşünün nəticələrini də diqqətdən
keçirmək lazımdır. Nəticə
olaraq tərəflər bundan sonra da danışıqların
davam etdirilməklə yanaşı, həm də atəşkəsə
riayət olunmasına razılıq verdilər. Əlavə
olaraq Həştərxan görüşünün şərtlərinə
sadiq qaldıqlarını bir daha təkrarladılar. Azərbaycan
Prezident Administrasiyası beynəlxalq əlaqələr
şöbəsinin müdiri Novruz Məmmədov verdiyi
açıqlamada İrəvanın əvvəlki görüşlərlə
müqayisədə bir qədər konstruktiv olduğunu
xatırlatdı. Amma Ermənistanın konstruktivliyinin hansı
dərəcədə olması bir neçə saat sonra özünü tam
çılpaqlığı ilə ortaya qoydu. Ağdam istiqamətində
erməni snayperi 10 yaşında uşağı vurdu və
bununla da Ermənistanın danışıqlarda nə dərəcədə
səmimiliyini sübut etdi.
Bütün bunlar bir
daha onu deməyə əsas verir ki, Serj Səkisyan əslində
Ermənistan prezidenti vəzifəsini simvolik olaraq icra edir. Əgər
dövlət başçısı hər hansı bir öhdəçiliyi
götürürsə və buna heç olmasa bir neçə
gün əməl etmirsə, o zaman başqa cür
düşünmək də çətin olur. Erməni rəhbərliyi
bu kimi təxribatların yalnız özləri
üçün təhlükə yaratdığını
çox güman ki, anlayırlar. Bilməmiş deyillər ki,
bu addımları iri miqyaslı əməliyyatların
başlamasına təkan verə bilər. Belə bir halda rəsmi
İrəvanın düşə biləcəyi durumu anlamaq o
qədər də çətin deyil. Müharibə vəziyyətində
asanlıqla hakimiyyət dəyişikliyi etmək
mümkün olacaq. Ermənistanda hər kəs
döyüşdən məğlub
çıxacaqlarını anlayır. Bu isə ölkə
daxilində çox ciddi problemlərin olduğundan xəbər
verir.
Azərbaycanın
Müdafiə Nazirliyinin verdiyi son bəyanat da Ermənistana ciddi
xəbərdarlıq kimi qəbul oluna bilər. Qurumun mətbuat
xidmətinin rəhbəri Eldar Sabiroğlu həmin gün
azı on istiqamətdən Azərbaycan ordusunun mövqelərini
və dinc sakinlərin şiddətli atışmaya məruz
qaldığını bildirib: "Bütün bunların təsadüfən
baş verdiyini düşünmək sadəlövhlük
olardı. Burada Ermənistan hakimiyyətinin və hərbi rəhbərliyinin
rolu danılmazdır. Hər şey bilavasitə onların
tapşırığı ilə yerinə yetirilir. Bu, bəllidir
və biz bununla yeni nəsə demirik. Münaqişənin
sülh yolu ilə həllinə maraq göstərən
dövlətlər, xüsusilə Minsk Qrupu Ermənistanın
bu qeyri-konstruktiv fəaliyyətini diqqət altına
almalıdırlar. Əks təqdirdə bir anın içərisində
hər şey dəyişə bilər və bunun
qarşısını dayandırmaq olduqca çətinləşər".
Artıq son vaxtlar Ermənistan
Silahlı Qüvvələrinin yaşayış məntəqələrini
də mütəmadi atəş altında
saxladığını, dinc əhaliyə qarşı
müxtəlif silahlardan istifadə etdiyini bildirən
E.Sabiroğlu martın 8-də baş verən hadisəni buna əyani
sübut adlandırıb: "Həmin gün saat 16.58-də
düşmənin Ağdam rayonunun işğal
altındakı Şıxlar kəndi istiqamətindən
snayperdən açdığı atəş nəticəsində
Orta Qərvənd kənd sakini, 2002-ci il təvəllüdlü
Bədəlov Fariz Arif oğlu başından yaralanıb və
xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.
Bu 10 yaşlı körpə uşağın günahı nə
idi? Onu nişangaha almaq üçün əmr verən erməni
zabit həmin an gözləri önünə öz
övladını gətirdimi? Çətin. Onlar
üçün körpə, qoca, qadın fərqi yoxdur.
Xocalı faciəsində onlarla belə körpənin qatilinə
çevrilmiş Seyran Ohanyan və digərləri görəsən
nə vaxt uşaqlara güllə atmaq, onları öldürmək
kimi vəhşi bir fikirdən daşınacaqlar? Deyəsən,
düşmən hələ də körpə qatili olmaqdan
usanmayıb, doymayıb. Ancaq nə qədər çətin
olsa da, Azərbaycan Silahlı Qüvvələri cəbhədə
vəziyyətin kəskinləşməməsi
üçün cavab atəşi açmadı. Biz mürəkkəbi
hələ qurumamış vədlərə belə tezliklə
xilaf çıxmamaq üçün bu addımı
atmış olduq. Ancaq uşaq qatilləri bilməlidirlər
ki, bu vəhşiliklər hər dəfə ağır nəticələr
verir".
Həmişə
olduğu kimi bu dəfə də Ermənistan yaxasını kənara
çəkməkdədir və baş verənlərdən xəbərsizliyini
sübut etməyə çalışır. Rəsmilərin
verdiyi məlumatları yayımlayan Ermənistan mətbuatı
baş verənləri qətiyyətlə inkar edir. Əksinə
həmin gün Azərbaycanın 80-85 dəfə atəşkəs
rejimini pozduğunu erməni mətbuatı sübut etməkdən
çəkinmir.
Nilufər
Ədalət.- 2011.- 12 mart.- S. 2.