Uzaqdan gələn şair

 

Həmişə xüsusi bir sayğı ilə yanaşdığım Ələkbər müəllim

 

Öncə bir şeyi etiraf edim. Əslində bu hamıya bəlli olan bir həqiqətdir, amma mən onu yenidən dilə gətirib etiraf etmək istəyirəm. Çünki etiraf həm də adamı bir-birinə bir az da yaxınlaşdırır, bir az da anlayış artır, münasibətlər öz müstəvisində görünür. Bax, bu mənada mənim etirafımın çox sadə bir söykənəcəyi var...

Sovet dönəmini yaşayan insanlar mənimlə razılaşar. O illərin ən sıravi adamları belə, hətta ən ucqar kəndlərdə yaşayanlar belə söz adamlarını tanıyırdılar. Baxmayaraq ki, bu qədər qəzet-jurnal yox idi, bu qədər informasiya bolluğu deyildi, amma o beş-üç qəzetdə, jurnalda, o tək televiziya və radioda adamlar az qala şairlərin, yazıçıların sözü ilə yanaşı, onların hansı bölgədən, hansı kənddən olduqlarını da bilirdilər. Zənnimcə, bunun bir səbəbi həmin vaxtlar sözün daha urvatlı olması idi. Qəzetdə, jurnalda imzası görünən adama o urvatlı söz bir hörmət qazandırırdı, bir diqqət ayırırdı. Adamlar inanırdı ki, əgər bu söz qəzetlərdə çap olunubsa, "Azərbaycan", "Ulduz", "Qobustan" jurnallarında işıq üzü görübsə, demək, bu mütləq oxunmalıdır, bu imzaya hörmətlə yanaşılmalıdır... Və belə də edirdilər...

Mən həmin illərdə söz adamlarını dediyim vasitələrin köməyi ilə tanıyırdım, oxuyurdum, sevirdim, hətta məktublaşırdım da. Onlarla qurduğum təmas məni ruhlandırırdı, həvəsləndirirdi, hətta bir az da özümün şair hesab etməyimə yardımçı olurdu. Bax, bütün bunları ona görə etiraf edirəm ki, indi qalaq-qalaq kitabları çıxanları televiziyalarda görməsələr, nə adını bilmirlər, nə də ümumiyyətlə tanımırlar. Amma biz ilk kitabı çıxan şairlərdən, yazıçılardan tutmuş bütün söz adamlarına qədər hər kəslə az qala qiyabi olsa da tanış idik. Təbii onların həmin urvatlı sözlərinin sayəsində.

Bəli, bu gün həyatımda qarşılaşıb və həyatımda yer ayırdığım bir dəyərli insan barəsində düşüncələrimi kağıza köçürürəm. Mən onu sözləri ilə, kitabları ilə tanımışdım və oxuduqca da mənə elə gəlirdi ki, bu insan yazdıqlarının hamısını bir növü yığıb yazı masasının siyirməsinə və ordan da götürüb kitablara çevirir, oxuculara hədiyyə edir. Çünki misralar da inandırıcı idi, fikirlər də sadə və düşündürücü idi. Hər an qarşılaşıb hər yerdə gördüyüm onun qələmində misralara çevrilirdi. Bu da məni bəzən heyrətləndirir, bəzən də içimdən bir həsəd hissi də keçirirdi. Ona görə də can atırdım ki, onunla yaxından tanış olum, heç olmasa əlini sıxım....

Bakıya gəldim. Tələbəlik illərimin qazancı olan söz adamları ilə tanışlığımda bu sadə, sakit, səmimi, həmişə öz aləmində olan Ələkbər müəllimlə də "Ulduz" jurnalının redaksiyasında görüşdüm. Səhv etmirəmsə, onda jurnalın redaktoru deyildi... Jurnala şeirlərini təqdim etməyə gəlmişdi. Mən onunla jurnalın əməkdaşının söhbətindən hiss etdim ki, görüşmək arzusunda olduğum Ələkbər müəllimlə tale məni qarşılaşdırıb. Mən də ona salam verdim, halını soruşdum. Çox sakit, özü də sadə və bir az da qırıq-qırıq cümlələrlə atüstü söhbət etdik. Elə bil ki, bu dünyanın adamı deyildi, elə bil ki, mənim oxuduğum, başqalarının mütaliə etdiyi şeirlərin, kitabların müəllifi deyildi bu kişi. Daxilən təəccübləndim, insanda bu cürə sadəlik, bu qədər təvazökarlıq olarmış demək (bu gün o sadəliyin, o təvazökarlığın şahidi olmaq çox müşkül bir işə çevrilib - Ə.M). Söhbət əsnasında ona şeirləri barəsində oxucu fikirlərimi söyləmək istədim. Sakit şəkildə başını tərpədib razılığını bildirdi və beləcə bizim ilk tanışlığımız yaddaşıma köçdü.

Sonra Ələkbər müəllimlə "Ulduz" jurnalında daha tez-tez görüşdüm. Artıq o, jurnala rəhbərlik edirdi. Onun həyat hekayələrindən də xəbər tutdum. Özünü də şeirlərini sevdiyim, duyduğum kimi duyub anladım...

Haqqında söhbət açdığım bu Kişi Şair Ələkbər Salahzadədi. Bu söhbətimi elə-belə, sözgəlişi kağıza köçürmürəm. Ona görə ki, bunun da köklü-köməcli səbəbi var. O səbəb də indi sizə aydın olacaq və siz də biləcəksiniz ki, Ələkbər Salahzadənin bu günlərdə 70 yaşı tamam olur. Yaşanmış, yazılmış, şeirə çevrilmiş 70 il!!! Elə bir il ki, onun hər bir anında şair ürəyinin pıçıltıları əks-səda verir və həmin əks-sədalar da qanadlanıb oxucuların qapısını döyüb, o cümlədən də mənim. Mən də o qapımı döyən misralara könül vermişəm.

 

Gözündə bir xəfif qəm olur-olsun

Yazın gəlməyinə sevinir adam.

Harda olur-olsun,

Kim olur-olsun,

Yazın gəlməyinə sevinir adam.

 

Doğrudan da, inanmırsınız özünüzə və ətrafınıza baxın. Son çərşənbənin addım səslərini duyduqca istər-istəməz yazın gəlişini də qarşılamağa, havanın şıltaqlığını da bağışlamağa özümüzdə güc tapırıq. Çünki təbiətin bu mövsüm dəyişikliyi bizi də dəyişdirir, bizi də sevindirir. Deməli, bu ilahi bir hökmdür. Həmin hökmü şair misralarla oxucusuna xatırladır və bunun ardınca pıçıldayır ki:

 

Uzadırsan

çox uzaqdan

çox-çox uzaqdan gəlirsən

Qazaxıstan ellərindən,

Yoxsa Qazaxdan gəlirsən?

... Belə yaxın ola-ola

Hansı uzaqdan gəlirsən?

...Bunu de də!-

Ev almısan,

bu səhər Zığdan gəlirsən!..

 

Son dərəcə təbii və lokonik bir şəkildə ifadə olunan fikirlər və eyni sözün müxtəlif çalarları. Şeirin bu cür dünyaya gəlməsinin ipucu, yəni onun sehirli çubuğu Ələkbər Salahzadənin əlindədi. Ona görə də hətta bizi Azıxa da aparıb çıxarır. Və deyir ki:

 

 

Neçə-neçə min il gendən,

Azı, Azıxdan gəlirsən!...

 

Burda həm tariximiz var, həm gəldiyimiz yolun uzunluğu, qədimliyi, həm də poeziyanın rəngarəngliyi. Bir oxucu kimi mən bu şeiri oxuyanda həm Ələkbər Salahzadayə son dərəcə yaxından, həm də indi həsrətini çəkdiyim Azıx mağarasının yerləşdiyi Dağlıq Qarabağdan gəlirdim. Gəlirdim ki, onun şeirləri ilə bir az da artıq baş-başa qalım.

Bütün şairlər özlərini yazır və şeirləri də onların özlərinə oxşayır. Bu fikri elə-belə söz xatirinə yazmıram. Çünki mənim inancımdı. Mən Məmməd Arazın şeirlərini oxuyanda onun özünü görürəm, Bəxtiyar Vahabzadəni, Əli Kərimi, Ramiz Rövşəni, Vaqif Səmədoğlunu və eləcə də digərlərini mütaliə edərkən misraların sahibi ilə üz-üzə qalıram. Şəxsiyyətlə misralar arasında paralellik axtarıram. Bax, elə Ələkbər Salahzadənin də şeirləri məni o paraleli axtarmağa həmişə yönlədir. Ümumiyyətlə, yaradıcılıq baxımından mən bir az İsa İsmayılzadəyə, Abbas Abdullaya yaxın bildiyim (bu mənim özəl qənaətimdi - Ə.M) Ələkbər Salahzadənin şeirlərində son dərəcə böyük bir təmkin var, səbir var. Məsələn, o, "Rekviyem" şeirində yazır:

 

Üzü yola bitib qalıb

Mənim kimi neçələri

Yorub durur gündüzləri

Yarıb çıxır gecələri

Baxır yerə, çıxır göyə

Hərbə lənət deyə-deyə...

 

... Gözü yolda qalan mənəm

Bənzərim var yanıq neyə

Bir ömürdü gəl, deyirəm

Gələmmirsən, söylə, niyə?!.

 

Bu şeirdə həyatını azadlıq üçün, torpaq üçün, insanlıq üçün qurban vermiş, insanların, doğmalarının yolunu gözləyən hər kəsin bir daxili təlatümü, daxili söhbəti misralanıb və həmin o hayqıran misralar əslində o qədər pıçıltılı, o qədər həlim təqdim olunub ki, o çağırış yox, bir az ümid işığı olan dua kimi, alqış kimi, hətta yalvarış kimi səslənir. Bunun ardınca da müharibəyə, onu törədənlərə nifrət şölələnir, nifrət boy göstərir. Əslində şairin şairliyi də, uğuru da budur.

 

Başqa bir şeirində Ələkbər müəllim yazır:

 

Bu şərdi, nə iblisdi

Mələk donunda gizlənib

Bu xəbislər nə ilbizdi

Adam qınında gizlənib.

 

...Yoxsa tül-tül dumanlıqlar

Yaxşı sifət yamanlıqlar

Su üstündən samanlıqlar

Əsrin sonunda gizlənib?

 

Bəli, bildiyimiz kimi, ötən əsrin sonu doğrudan da çox dumanlıqları dağıtdı, çox pərdələri cırıb atdı, çox yamanlıqları üzə çıxartdı. Və Ələkbər Salahzadə də onu öncədən gördü, duydu və şeirə çevirdi.

Adətən bir söhbət düşəndə bir-birimizə kiminsə yaşını da soruşub dəqiqləşdirmək istəyirik, kiminsə təvəllüdünü arayırıq və buna da normal hal kimi yanaşırıq, düşünürük ki, yaşını bilmək, böyüdüyündən xəbər tutmaq hər halda onun varlığına sevinmək kimi bir şeydi. Təbii ki, bu təvəllüdləri, bu yaşamı, bu böyüməyi hər kəs istədiyi səmtə yoza bilər. Bax, Ələkbər Salahzadənin həmin o böyüməyə, yaşa dolmağa da münasibəti özəldi. Çünki o, həmin məsələni poetikləşdirərək oxucudan soruşur:

 

Böyüdük,

böyüdük nə boyda qaldıq?!

Ta bu, böyümək olmadı,

yaşa dolmaq oldu.

Yaş boya kömək olmadı,

ta bu, boy atmaq yox,

yaşla yaşadılmaq oldu!

 

Özünüz bu bir parçaya fikir verin. Cəmi beş-altı misrada böyüməklə yaşa dolmağın bütün anlamlarını görmək mümkündü. Özü də böyümək sən demə yaşa dolmaqdan daha maraqlı imiş. Çünki yaşa dolmaq Allahın verdiyi ömrü yaşamaqla, böyümək isə öz gücünlə, öz bacarığınla mümkündü. Əgər Ələkbər Salahzadəni diqqətlə oxuyub misralar arasındakı yaşa dolmaqla böyüməyin fərqini tuta bilsək, onda şeirin gileyini də, onun bu günümüzə hələ 70-ci illərdən atılan daşına da əlini ürəyinin üstünə qoyub inana bilərsən. Çünki bu günün "şeir bolluğunu" 70-ci illərdən görən Ələkbər Salahzadə yazırdı:

 

Şeirin dərdi çoxdu, deyirlər,

gileyi çoxdu.

yan-yörəsində hərlənən

dəllal, dəlləyi çoxdu.

 

Bu günümüzün gerçəkliyidi, bunu hamımız etiraf etməliyik. Hətta etiraf etməliyik ki, bu köhnə dünyanı biz hələ yaxşı tanımırıq. Əgər tanısaydıq bilərdik ki, bizdən o yandakı dünyadı!

 

Uzaqdımı? Çox uzaqdı,

Özündən o yan dünyadı.

Səndən azca aralıda,

İzindən o yan dünyadı.

 

...Bu yolları tozun tutub,

Bu düzləri izin tutub,

Bu yerləri sözün tutub,

Sözündən o yan dünyadı.

 

Bəli, mən Ələkbər müəllimin 70 illiyi ilə bağlı içimdən keçənləri onun misraları ilə ifadə etməyə çalışdım. İstədim ki, məhz onun öz sözləri ilə 70 yaşının bizim üçün nə qədər doğma olduğunu, ona nə qədər sayğı bəslədiyimizi ifadə edim. Bilmirəm alındı, yoxsa yox, amma susmaq da mənim üçün rahatlıq gətirə bilməzdi. Çünki Ələkbər müəllim özü deyir ki, sükutun da qəbri var. Onu mütləq oyatmaq, ayağa qaldırmaq lazımdı. Dindirib dilindən söz almaq gərəkdi. Mən də bu yolu seçdim. Özü də yenə Ələkbər müəllimin misraları ilə.

 

Bu sükutun bəlkə də

Yaşından çox səbri var.

Qıy çək - tükü tərpənməz-

Bəlkə ölüb - qəbri var?

 

Sonda gözəl şair, dəyərli insan, kifayət qədər müqtədir naşir olan söz adamı Ələkbər müəllimi 70 yaşı münasibəti ilə ürəkdən təbrik edir, ona uzun ömür, can sağlığı arzulamaqla demək istəyirəm ki, Ələkbər müəllim, mən sizi hər gün şeirlərinizdə, kitablarınızda görürəm, tez-tez o şeirlərlə, misralarla keçmişə qayıdıram. Düşünürəm ki, sizin kimi söz adamları ilə bir zamanda yaşamaq, təmasda olmaq şəxsən mənim üçün şərəfdi. Sizin şərəfli ömrünüzün şahidlərindən biri kimi sizə daha neçə-neçə, bir-birindən uğurlu illər arzu edirəm.

  

  

Əbülfət MƏDƏTOĞLU

 

Ədalət.- 2011.- 12 mart.- S. 8.