Valideynlər uşaqlar haqqında nəyi bilməlidir
(əvvəli
ötən saylarımızda)
21 iyun - 22 iyul arasında doğulan uşaqların
xarakteri
Astroloji dildə belə
uşaqları XƏRÇƏNG adlandırırlar. Sanki
valideynlər mələk xasiyyətli bir uşaq istəmişlər,
bu uşaq isə güclü hisslərin qanadında
dünyaya gəlmişdir. Bu hisslər uşağın
ağlına üstün gəlir, onu kövrəkləşdirir.
Bu o deməkdir ki, belə uşaqlar coşğun və qaynar,
amma həssas və kövrək olur. Onlar tez qızır və
hirslənir, dözümsüzdürlər, əhval-ruhiyyələri
dəyişkən, qeyri-saitdir. İllər keçdikcə bu
uşaqlar da həyatda öz yerlərini tapır, lakin intuitiv
yolla.
Bu bürcdə
doğulanlar gözəl və cazibədar olur, onlar xüsusən
qəlbən yaxın bildikləri adamlara qarşı diqqətli
və xeyirxahdır. Çox halda qapalı olan XƏRÇƏNGlərin
əsəb sistemləri həssas və zəifdir. Onlara
canlı və aydın təsəvvürlər, zəngin
fantaziya, xəyalpərvərlik və sentimentallıq
xasdır. Qız XƏRÇƏNG tez-tez ana olacağı
günü təsəvvür edir, o özünü bu hissə
qurban verməyə hazırdır. Praktika bir qayda olaraq idealizmə
üstün gəlir, XƏRÇƏNGin səmimiyyəti,
onun şəxsi azadlıq və müstəqilliyə olan
meyli qədər güclüdür. Lakin səmimiyyətinin nəticəsi
olan fəallığına onun fleqmatik temperamenti kölgə
salır. O, bütün səy və iradi hərəkətlərində
sakit, təmkinlidir, ağılla, məqsədli surətdə
hərəkət edir. XƏRÇƏNGin əməlləri
gözə çarpmır, onlarda aqressivlik və zor yoxdur.
XƏRÇƏNG
özündən güclülərə lütfkarlıq və
mehribanlıq göstərir, bu xasiyyət ömür boyu
onları tərk etmir.
Uşaq və gənc
yaşlarından özünü göstərən daxili
narahatlıq onu səfərlərə, səyahətlərə
sövq edir. Sevgiyə, romantik sərgüzəştlərə
erkən aludə olur. Şişirdilmiş söz-söhbətə,
sensasiyaya meyllidirlər.
Belə uşaqlar
kiçik yaşlardan ədəbiyyat və incəsənətə,
xüsusən, dramaturgiyaya, poeziyaya, musiqi və baletə, teatr
və kinoya həvəs göstərirlər. Bu həvəs
sonralar onların zövq mənbəyinə çevrilir.
Uşaq və yeniyetmə
yaşlarında tez-tez ağlamaq da onların qismətindədir.
Soyuq münasibət onlara dərhal təsir edir, sevgi və
diqqətə möhtacdırlar. Başqalarının dərdinə
şərik olur, kömək etməyə
çalışırlar. Yaşıdları, dostları ilə
ünsiyyət bəzən onlar üçün olduqca zəruridir,
anaları ilə xüsusilə mehriban olurlar və bu zaman
doğma ev, doğma ocaq səadət yuvası kimi onlara
şirin gəlir.
XƏRÇƏNGlər
bir qayda olaraq təşəbbüskar deyil. Onların
bütün işlərinə kənar təsirlər stimul
verir - bu, tərif də ola bilər, mükafat da. Amma əlbəttə,
şəxsi uğur ən yaxşı stimuldur. Onların qətiyyətsizliyi
həmişə onlara mane olur. Məqsədlərinə ya
çatmırlar, ya da çətinliklə çatırlar.
Belə uşaqlar əsl
həqiqəti başa düşmədiyindən tez-tez nəinki
yaşıdlarını, həm də ata-analarını,
yaxın qohumlarını da hirsləndirirlər. Bu
uşaqların fikri yayğın olur, tez inciyirlər, ona
görə də onlarla bir iş görmək istəsən,
dərhal gör, sabaha saxlama, çünki sabah onlar fikirlərini
dəyişə, yaxud ondan imtina edə bilərlər. Yaxşı
olar ki, onlara fikirləşməyə vaxt verəsiz, qoy əmin
olsun və hiss eləsin ki, özləri belə istəyir,
öz iradəsi ilə hərəkət edirlər. İstəyinizi
yalnız bu yolla əldə eləyə bilərsiz.
Xərçənglərin
ən zəif yeri - həzm orqanları (mədə-bağırsaq),
döşün aşağı hissəsi, ağ ciyər ətrafı
və selikli qişalardır. Onlara qızdırma və soyuqdəymə,
hipermenoreya, hidrops, apopleksiya (beyin iflici), epilepsiya (huşunu
itirmə) kimi xəstəliklər xasdır.
22 iyul - 23 avqust arasında doğulan uşaqların
xarakteri
Astroloji dildə belə
uşaqlar ŞİR adlanır. ŞİRlərin valideynləri
bilməlidir ki, belə uşaqlar onlardan yalnız bələk
ağı yox, illər keçdikcə dəbdəbəli
yaşayış üçün lazım olan zəngin
var-dövlət də istəyəcəklər. Valideynlər
çox vaxt boğazlarından kəsib onların istədiklərini
almalı olurlar. ŞİRlərin qızğın xolerik
temperamenti və ehtiraslı hissləri onların
başlıca hərəkətverici qüvvəsidir. Onları
daha çox hisslər idarə edir.
Belə uşaqlar təbiətən
xeyirxah və ürəyi geniş, özünə əmin və
qürurlu, cəsur və mərd, səmimi və qətiyyətlidir,
əməksevər və işgüzardır, onlarda şəxsi
ləyaqət hissi çox inkişaf etmişdir. Onlarda
ixtiraçılıq, təşkilatçılıq qabiliyyəti
vardır, müxtəlif oyunlar fikirləşib tapırlar.
Yaşıdlarına, valileynlərinə,
bacı-qardaşlarına, habelə ətrafdakılara rəhbərlik
etməyi, idarə etməyi sevirlər. O da doğrudur ki,
sonrakı illərdə bu xasiyyət xudpəsəndliyə,
eqoizmə çevrilir. Şən və cah-cəlallı həyatı
xoşlayır, zənginlik və dəbdəbə
axtarırlar.
ŞİRlərin mənfi
cəhətləri bunlardır: təkəbbürlük,
özündə razılıq və lovğalıq, kobudluq və
dikbaşlıq, qəddarlıq və amansızlıq,
heç kimi saya salmamaq, təmtəraqlı həyata meyl. Əlbəttə,
xarakterin bu mənfi cəhətlərini məktəb illərində
düzgün tərbiyə ilə islah etmək
mümkündür.
Böyük həyati
gücü və enerjisi olan bu uşaqlar məqsədli və
planlı hərəkət edir. Böyük işlər
haqqında fikirləşirlər, məşhurluq və
şöhrət, nüfuz və mükafat iddiasında olurlar.
Onlar üçün ən
çətin şey başqasının iradəsinə tabe
olmaq, özünə və dünyagörüşünə
qarşı çıxmaqdır. Yaşıdları arasında
heç vaxt ikinci dərəcəli olmaq istəmirlər.
Onlar təbiəti və
heyvanları, ədəbiyyat və incəsənəti,
musiqini və tamaşaları xoşlayırlar. Təbiətən
artist olduqları üçün alqış, mükafat və
tərif gözləyirlər. Onları fikrindən
daşındırmaq çox çətindir. Zor, məcburiyyət,
tabeçilik onlar üçün yaddır. Dərdə
şərik olmaq istəmələri onlarda himayəçilik
və qəyyumluq arzusu oyadır, acizə, bədbəxtə,
möhtaca kömək etməyə çalışırlar.
İncəsənətdən savayı onlar hər yerdə və
hər sahədə birinci olmaq istəyirlər.
Uşaq ŞİRləri
həmişə tərifləmək lazımdır -
yaxşı ideya, təklif, fikir və mülahizə
üçün, hətta zahiri geyimlərinə görə. Onların
etibarını bu cür qşazana bilərsiniz, çünki
sadəlövhlük də onların xarakterik xüsusiyyətidir.
İşgüzar danışıqlarda nə istədiyinizi
açıq və birbaşa deməlisiniz. Onlar konkret və
işgüzar danışmağı xoşlayırlar.
ŞİRlər bədəninin
bu orqanlarından şikayət edirlər: ürək və
ürək-damar sistemi, kürək, onurğa,diafraqma,
arteriyalar, qan dövranı. Onlara qızdırma, soyuqdəymə,
üz-göz, mədə və ciyər xəstəlikləri
xasdır.
(ardı var)
Ədalət.- 2011.- 12 mart.- S. 14.