RƏNGLİ DÜŞÜNCƏLƏR...
Rəssamlıq korlar üçün məşğuliyyətdi.
Rəssam gördüyünü yox, hiss etdiyini və
düşündüyünü yaradır.
Pablo Pikasso
Bu günlərdə məni
Kiçik QalArt Gallerydə keçirilən gənc rəssamların
sərgisinə dəvət etdilər. Sərgi Fərid Rəsulovun
təşkilatçılığı ilə göstərilirdi.
Vernisajda Orxan Hüseynovun, Rəşad Ələkbərovun,
Faiq Əhmədin və Fərid Rəsulovun özünün əl
işləri "Mükəmməl Dördlük" adı
ilə qonaqlara təqdim olunurdu.
Sözün
düzü, tədbirə sırf incəsənətə
duyduğum marağa, qəribə cazibəyə görə getdim.
Çünki nəsə yeniliklərlə
qarşılaşacağıma ümid etmirdim. Amma çox
sevinirəm ki, yanılmışam. Orada
yaşadığım rəngli təssuratlar məni məmnun
etdi. Sərgidə heç də sıradan olmayan əl
işləri premiyerdə idi. Təkcə tamaşa
üçün deyil, həm də düşünmək
üçün fırçalanmışlar
məni insan təxəyyülünün, təsəvvürünün
sonsuzluğuna bir daha inandırdı. Təbiətin müxtəlif
parçalarını amorf edərək, alınmışdan
yenidən, ikinci dəfə fərqli qiyafadə, fərqli məqsədlər
üçün nəsnələr yaradılır. Əsərlərə
tamaşa üçün gələnlər çox olsa da sərgini
seyr etdikcə bir anlıq elə sandım ki, qalereyada tamamilə
kimsəsizəm, burada mən, bir də rəsm əsərləri
var. Və onlar mənimlə sözlə
danışmırdılar. Gözəllik də bunda idi.
Etiraf edim ki, əsərləri
seyr etdikcə qürur hissi yaşayırdım. Çünki
internetdən, dərgilərdən, kitablardan oxuduğum
installyasiyadan, ready-made janrından, ümumilikdə konseptual
incəsənətə aid parçalarla üz-üzə
durmuşdum. Həmin gün gözlərimlə postmodernist
düşüncəyə toxundum. İspan və Fransız
mağaralarında paleolit dövrünə aid ilk rəssamlıq nümunələrdən
bu günədək, müasir texnologiya
əsrində texnika ilə yox, insan əli ilə
yaradılmış estetika hələ də insanı təəcübləndirə
bilirdi. Əsərlərdə insan zəkasının qeyri-ənənəvi
təzahürü, əsərlərin ideya kimi
doğuluşu, yaranma prossesi ilə bağlı suallar
adamı təkrar-təkrar düşündürürdü.
Düşündükcə də suallar məni rahat
buraxmırdı. Müəlliflər - Orxan Hüseynovla, Fərid
Rəsulovla, Rəşad Ələkbərovla, Faiq Əhmədlə
yaradıcılıqları barədə söhbət etdim.
Gənc rəssam Fərid
Rəsulov ixtisasca oftomoloq olsa da, sənətə duyduğu
böyük həvəsə rəğmən bu yerlərə
gəlib çıxdığını söylədi. Onun təqdim
etdiyi "İçalat" tamaşaçıların vahimə,
təəccüb, qorxu ilə dolu gözləri ilə
üz-üzə idi. Bu cür mövzunun seçilməsində
məqsəd estetikanın heç də həmişə
gözəl tərəflərinin olmadığına, dəfələrlə
izlənilməsi ilə ən qeyri-adi görüntünün
belə adiləşməsinə diqqət çəkmək
idi. Qeyd edim ki, bu rəsm həqiqi insan içalatı deyil.
Onun digər əl işi isə instalyasiyada təqdim
olunmuşdu və "Ailə" adlanırdı. Dyuşan məktəbindən
bəhrələnən Rəsulov boyanmış metaldan
müxtəlif ölçülü maral heykəlləri
hazırlamışdı. Soyuq və cansız şəkildə
duran maral ata ilə maral ana, öldürülmüş
balasının divardan asılmış başına
tamaşa edir. Fərid Rəsulov bu instalyasiya ilə əslində
insanların qəddarlığını, sevgini,
iztirabını, itgidən çökən acı hissini
çatdırmaq üçün heç də insan bədəni,
canlı məhfum, göz yaşları gərəkli
olmadığını demək istəmişdi. Digər əl
işlərində isə Fərid Rəsulov dolayısı ilə
olsa da, aşpazlıq məharəti göstərdi. Yadelli
masalarına yamaq edilən, əslində isə ənənəvi
Azərbaycan mətbəxinin nümunələri olan
üç növdə "dolma" təqdim etdi. Təbii
ki, rəsmlə. Mətbəximizin zaman axarında
unudulmaması üçün ready-made janrı işə
salınmışdı.
Orxan Hüseynovun germetik
formada təqdim etdiyi pişik həyatın faniliyinə ironik
bir gülüşlə hazırlanmışdı. Konformist
dizaynda təqdim olunmuş əl işi zərif
individuallıqla seçilirdi. Qarnı yırtıq,
bağırsaqları bədənindən ayrılan pişik
yenə də kəpənək dalınca qaçır. Bəzən
həyatda bu cür pişiklərin insan timsalında prototiplərini
rahatlıqla görə bilərik.
Faiq Əhməd isə
belə demək mümkünsə, modern xalçada öz
istedadını təqdim etmişdi. O, Quba və
Dağıstan xalçalarını metalda akrillə işləmişdi.
Məişət və əl əməyi kultunun modernləşmiş,
şəkli dəyişməmiş, ancaq mahiyyəti fərqli
bu xalçalar dekora xidmət edəcək. Beləliklə bir
vaxtlar divarları və döşəmələri bəzəyən
xalçalar indi incəsənətin digər növündə
həyat tapırdılar. Məncə bu milli arnomentlərimizin
yaşadılması üçün əla vasitədi.
Rəşad Ələkbərovun
da xəyal dünyasının yaratdıqları tamaşaçıların
marağına səbəb oldu. İlk baxışdan taxta
yığınına bənzəyən bu quraşdırma əslində,
nədən hazırlanmasına deyil, necə
hazırlanmasına diqqət çəkdi. Sənətçinin
təqdim etdiyi iş işıqla qovuşaraq kölgədə
anlam tapırdı. Şərqin zərif elementlərini obyekt
seçmiş rəssamın məncə məharətilə
öyünməyə tam haqqı var. R.Ələkbərovun
digər işi qadınlara həsr olunmuşdu. Rəsmdə
müasirləşməyi hədəf bilərək soyunan,
soyunduqca soyuqlaşan, adiləşən, silaha meyl edən
qadınlar mövzu seçilmişdi.
Üç fərqli rəngdə və ayrı-ayrı
tablolarda fırçalanmış qadınlar metaldan idilər.
Fon olaraq seçilmiş soyuq rənglər ideyanı
çatdırmaq üçün yardımçı
rolları ifa edirdilər. Rəqsi hərəkət edən,
ideal ölçüləri olan bu çılpaq xanımlar
metal kimi soyuq və rəngsiz idilər. Və kimsəsizdilər.
Onları nə övladı nə əks cinsi müşayət
etmir. Onlar silahı özünə dost bilirlər. Bununla rəssam
qloballaşan dünyamızda qadının itirdyi nəfəsə,
hərarətə və ona duyulan marağın yox olmasına
diqqət çəkir..
Maraqlı idi, gənc rəssamlar
sərgidə lal kağızların dili ilə müasir incəsənətin
"damar və kapilyarlarında" gizlənmişlərdən
danışırlar. Burda -Azərbaycanda novatorluq etməkdən,
qavranılmamaqdan, tənqidlərdən qorxmurlar. Elə onlar
da nüfuzlu ziyalılarımız tərəfindən dəfələrlə
tövsiyyə olunan Avropanın məhz yeni, gözəl
zövqlü, örnək götürüləcək məqamlarını
gənc beyinlərə sızdırdılar. Öyrənmiş,
öyrənən və bunula da başqalarını öyrədən
cavan sənətçilər sübut edirlər ki, bu
günümüzdə vaxtını sərgərdan
keçirən, şəp-şəplərini tinlərdə
cıran, gözlərini internet çatlarında çatladan
gənclərdən xeyli fərqlənən, elmə, incəsənətə,
mədəniyyətə, estetikaya, inkişaf etməyə can
atan gənclərimiz də var. Bəli, sevinməyə dəyər...
Burada gənc rəssamlarla
bağlı nəzərimdən qaçmayan başqa bir məqam
da onların on ilə yaxın Avropanın Drezden,Venetsiya,
Moskva, London, Berlin, Bazel, Belqrad, Ankara... kimi böyük şəhərlərində
fərdi və qrup şəkilli sərgilərinin
nümayiş olmasına, kifayət qədər
tanınmalarına, əsərləri haqda samballı
ziyalıların, rəssamların yüksək fikir söyləmələrinə
baxmayaraq, təəccüb doğuracaq dərəcədə
təvazökar olmaları idi. Bu da seyirçilər üçün xoş idi. Əminəm
ki, hələ iyun ayınadək davam edəcək sərgiyə
gələcək insanlar da bu sənət əsərlərindən
təsirlənəcəklər, hər kəs öz
zövqünə, düşüncə tərzinə
uyğun təəsüratları özləri ilə
aparacaqlar.
SƏMA BABƏKQIZI
Ədalət.- 2011.- 12 mart.- S. 16.