QAXDA NOVRUZ MƏRASİMLƏRİ

 

Artıq xalqımızın milli-mənəvi dəyərlərinin incilərindən olan, bütün şərq dünyasının müxtəlif forma və üsullarla qarşıladıqları, yazın gəlişi ilə eyni vaxta qeyd edilən Novruz bayramına cəmi bir həftə qalmışdır. Şifahi xalq yaradıcılığımızın bir çox nümunələrində də göstərildiyi kimi qış öz yerini yaza asanlıqla vermir, getha-getdə özünü göstərir. Bu il də, belə oldu. Yazın gəlişini müşayiət edən ilk Novruz mərasimi, su çərşənbəsi müjdə verməsinə baxmayaraq qış getməyə tələsmir, qar yağırdı.

Lakin alimlərin həyacanla xəbər verdikləri qlobal iqlim dəyişmələri barədə məlumatlara baxmayaraq hələlik təbiət cəmiyyətdən fərqli olaraq öz qanunlarına tabe olur, hər bir fəsil vaxtında gəlir. Daha qərbin ərəb ölkələrinə yeritdiyi demokratiya kimi yetişməmiş gəlmir. Hələ ikinci çərşənbə od çərşənbəsi çıxar-çıxmaz havadan yazın ilıq nəfəsi, Novruzun bənövşə ətirli mehi hiss olunurdu. Novruzun gəlişindən xəbər verən bəzi meyvələrin tumurcuqları çırtlayıb öz qınından çıxaraq çiçək açdı, səhərin alatoranlığında cəh-cəh vuran quşların səsi ətrafı bürüdü. Nağıllarda "Boz ay" adlandırılan mart ayında qar su çərşənbəsini yüksək səviyyədə qeyd etməyə imkan verməsədə digər çərşənbə mərasimlərinin keçirilməsi üçün havalar əlverişli keçdi.

Novruzun yerli adət-ənənələrini qoruyub saxlayan Qaxın kiçikdən böyüyədək bütün sakinləri bu bayrama hələ bir ay əvvəl hazırlıq görməyə başlamışlar. Artıq qız-gəlinlər ev-eşikdə, həyət-bacada yır-yığış edərək, səliqə-sahman yaradıb, hər il olduğu kimi RİH-in tədbirlər planına əsasən mədəniyyət ocaqlarında folklor kollektivlərinə baxış, Novruz adət-ənənələrinə uyğun müsabiqələr başlanıb, ümumrayon mərasimlərinin aparıcıları, "Keçəl", "Kosa", "Bahar qız" seçilibdir. Budur artıq 3-cü çərşənbədir, yel çərşənbəsi.

Od və su çərşənbəsində olduğu kimi yel çərşənbəsində də şəhərin bir neçə meydanında tonqallar çatılmış, əksəriyyəti uşaq və gənclərdən ibarət şəhər sakinləri tonqalların ətrafında toplaşmışdılar. Rayon mədəniyyət evinin və incəsənət məktəbinin kollektivlərinin adət-ənənələrimizi, milli dəyərlərimizi, Novruzu tərənnüm edən bir-birindən maraqlı çıxışları, aparıcıların söylədikləri inancları, bayatıları dinlədikcə adam sanki tarixi keçmişimizə səyahət edir, bu mənən zəngin millətin övladı olmağı ilə qürur hissi keçirir. Bir neçə saat davam edən Novruzun yaxınlaşmasından xəbər verən "Yel çərşənbəsi" çoxsaylı tədbir iştirakçılarında yüksək bayram ovqatı yaratmışdı.

Kəndlərdə də Novruz ənənələrinin icrası vəziyyəti ilə tanış olmaq üçün Əmircan kəndinə getdik. Elə kəndin mərkəzinə çatmamış məlum oldu ki, müxtəlif məhəllələrdə tonqal çatılıb, adamlar böyüklü-kiçikli tonqalın ətrafına toplaşaraq şənlənir, deyib gülür. Elə kəndin mərkəzində, bələdiyyə binasının həyətində alovlanan tonqala yaxınlaşdıq. Uşaqlı-böyüklü bir xeyli adam toplaşmışdı tonqalın ətrafına. Üstündə samovar qaynayan stola "Novruz" ətri verən şəkərbura, paxlava və digər bir sıra düzülmüşdür. Ora yaxınlaşaraq stol ətrafında əyləşmiş, kəndin nisbətən yaşlı sakinləri ilə salamlaşaraq bayramlarını təbrik etdik.

Gəlişimizin məqsədini söyləyərək Novruzun bizim yerlərə məxsus adət-ənənələrindən danışmalarını xahiş etdik. Teymur kişi sualımızı belə cavablandırdı:

- Kəndimizdə ata-babalarımızdan da eşitdiyimizə görə həmişə Novruz bayramına bir ay qalmış hazırlıq görülüb. Deyilənə görə ilin uğurlu gəlməsi üçün Novruz qabağı çərşənbələr adət-ənənələrimizə uyğun qeyd olunmalıdır. Novruzdan öncə gələn çərşənbələr sanki insanları bir növ silkələyir, təmizliyə, səliqə-sahmana, bir-birilə xoş, mehriban münasibətə kökləyir, qarşıdan gələn yaz əkin-biçin işlərinə kökləyir. Novruza bir ay qalmış qız-gəlinlər ev-eşikdə, həyət-bacada yır-yığış edir, səliqə-sahman yaradır, kişilər dir-dirriyi kol-kosdan təmizləyir, çöl-çəpərə əl gəzdirirlər. Axşamlar yorğun düşən kəndlilər tonqal çataraq onun ətrafında dincəlir, ağsaqqalların söylədikləri tapmacalara, bayatılara maraqla qulaq asırlar. Adətdir ki, hərə öz evində bişirdiyi və ya bir neçə qonşunun birləşərək bişirdikləri nemətləri çərşənbə günləri tonqal ətrafına toplaşanlar bir-birini qonaq etsinlər.

Bu arada söhbətimizə qoşulan kənd klubunun müdiri Hökumə:

- Əslində Novruz bayramı və ona hazırlıq ərəfəsində keçirilən çərşənbələr adamları zəhmətə, halallığa, mehribanlığa çağıran bayramdır. Ən yaxşı tərəfi isə küsülülərin barışmasıdır, bu bayram qabağı bütün küsülülər barışsın gərək bir-biri ilə. Həm də bayram birlik rəmzidir. Hamı böyüklü-kiçikli bir araya gəlir sanki - dedi.

Uşaqlar və gənclər tonqaldan atlanaraq xeyli inanclar dedilər, bayatılar söylədilər, şənləndilər.

Kənddən xoş ovqatla, gələcəyə böyük ümidlərlə ayrıldıq. Qoy qarşıdan gələn yeni ildə xalqımızın taleyüklü problemi olan Qarabağ məsələsi haqq-ədalətlə həll edilsin, adamlarımızın bütün arzuları çin olsun. Qarşıdan gələn Novruz bayramınız mübarək.

  

  

Novruz ŞABANOV

 

Ədalət.- 2011.- 12 mart.- S. 17.