PARKET

 

(novella)

 

İlk dəfə rayon prokuroru vəzifəsinə təyin edilib, prokurorluqda işləri qəbul edərkən mənə məlum oldu ki, prokurorluq üçün yaxınlıqda boş sahədə yeni inzibati bina tikilir və binanın artıq üstü örtülmüşdür, binanın içərisində suvağın vurulması və digər tamamlama işləri görülməlidir.

Elə prokurorluqda işə başladığım ilk günlər idi ki, prokurorluğun inzibati binasının tikintisinə baş çəkdim. Burada mənə aydın oldu ki, prokurorluğun yeni inzibati binası dörd otaqlı, ümumi sahəsi 100-120 kv.metr, bir mərtəbəli, yerdən, təxminən, bir metr hündürlüyü olan bir tikintidir. Həqiqətən, binanın üst örtüyü vurulmuş, içərisində isə son tamamlama işləri görülməli idi.

Bundan bir neçə gün sonra dəftərxana müdiri mənə daxili telefonla məlumat verdi ki, prokurorluğun yeni binasını tikən idarənin rəisi yanınıza gəlmək istəyir. Dedim gəlsin. Bir neçə dəqiqədən sonra, təxminən, 30-40 yaşlı adam yanıma gəldi və özünü təqdim etdi.

İdarə rəisi dedi ki, birincisi bizim rayona xoş gəlmisiniz. Başımla razılığımı bildirdim. Sonra qeyd etdi ki, bir məsələni sizinlə məsləhətləşmək istəyirəm, sizin binanızda tikinti işlərini uzağı dörd-beş aya qurtaracağam. Lakin məsələ ondadır ki, layihəyə görə otaqlar parket olmalıdır, parketimiz var, hazırda anbarımızdadır. Lakin bir məsələ var ki, qabaqdan qış gəlir, parketi qış aylarında vursaq, istilər düşəndə parketlər quruyur, onların arasında boşluqlar yaranır. Əgər icazə versəniz yaz gələnə qədər qurusun, hələlik döşəmələrə linonium vuraq, istilər düşəndə də onları parketlə əvəz edərik.

İdarə rəisinin bu təklifi ilə razılaşdım, ancaq onu əlavə etdim ki, işləri sürətləndirin.

Yay təzəcə başlamışdı ki, prokurorluğun yeni inzibati binasına köçdük. İdarə rəisi ilə olan şərtimizə görə də bütün otaqların döşəmələrinə linonium vurulmuşdu.

Artıq rayonda istilər başlamışdı. Ona görə də binanı tikən tikinti idarəsinin rəisini yanıma dəvət edib, ona dedim ki, yay gəlib, binanın döşəmələrinin linoniumunun parketlə əvəz edilməsi vaxtıdır. İdarə rəisi bildirdi ki, haqlısınız, parketlər artıq kifayət qədər quruyub, rayonda parket vuran usta yoxdur, yaxınlıqdakı qonşu rayonların birində yaxşı parket ustaları var, prokurorluqda iş həcmi azdır, 4-5 nəfərlə danışmışam, bu günlərdə gəlib parketi vuracaqlar. Rəislə danışığımız belə oldu ki, prokurorluğun yeni binasının dəhlizində döşəməyə parket vurulmasın, ona görə ki, rayonda küçələr, əsasən, torpaqdır, yağış yağanda palçıq, gün çıxan kimi isə toz adamı bezikdirir, linoniuma nisbətən, palçığı parket döşəmədən təmizləmək çətindir.

Prokurorluğun yeni binasında işimizi davam etdirirdik. Lakin hələ parket ustaları gəlib işə başlamamışdılar. Adi iş günlərinin birində saat,təxminən, 10 radələr olardı. Bu zaman rayon partiya komitəsinin birinci katibi ilə birbaşa olan telefon aparatı aramsız zəng çalmağa başladı. Telefon dəstəyini qaldıranda birinci katibin danışığının tonundan hiss etdim ki, katib əsəbidir. Salamsız-kəlamsız katib sözə başladı:

- Prokuror, bu nə məsələdir? Rayonun bir kəndində nümunəvi layihə əsasında bir məktəb tikilir, sentyabrın birinə açılışı olmalıdır, siz isə məktəbdə işi dayandırıb, parket vuranları həmin obyektdən ayırıb prokurorluğun binasında işə cəlb etmisiniz. Bu obyekt Mərkəzi Komitənin nəzarətindədir. Siz bilirsiniz bu işin nəticəsi necə ola bilər?!

Mən birinci katibin çox acıqlı olmasını və onun salamlaşmadan mənə əsassız irad tutmasını görüb dedim:

-Sabahınız xeyir.

Rayon partiya komitəsinin birinci katibi sanki səhvini başa düşdü və səsinin tonunu azaldaraq dedi:

- Sabahın xeyir. Mənə deyirlər ki, prokuror məktəb tikintisində işləyən parket vuran ustaların hamısını aparıb prokurorluqda işlədir, məktəb tikintisində isə iş yarımçıq qalıb, belə getsə, sentyabrın 1-də məktəb dərsə başlaya bilməyəcək.

Mən birinci katibin telefon danışığından belə başa düşdüm ki, onun əsl vəziyyətdən məlumatı yoxdur. Bir də ki, parket vuranlar heç prokurorluqda işə başlamamışdılar, bundan əlavə, prokurorluqda iş həcmi az olduğundan 3-4 adamın burada işləməsi kifayət edər. Hesab etdim ki, burada nəsə bir anlaşılmazlıq var, görünür, birinci katibə vəziyyəti düzgün izah etməyiblər. Ona görə də birinci katibə dedim:

- Yoldaş katib, burada nəsə bir anlaşılmazlıq var, aydınlaşdırıb sizə məruzə edərəm.

İnsafən, birinci katib mənimlə razılaşdı, onu əlavə etdi ki, ancaq nəzərə al ki, obyekt Mərkəzi Komitənin nəzarətindədir və 1-i sentyabrda məktəbin açılışı olmalıdır.

Mən prokurorluğun inzibati binasının tikintisi ilə məşğul olan tikinti idarəsinin rəisini təcili yanıma çağırtdırdım və birinci katibin mənə olan iradını bildirib soruşdum:

-Sən bilən bu nə məsələdir?

İdarə rəisi bir az gülümsəyən kimi olub dedi:

- Yoldaş prokuror, həmin məktəb binası rayona yaxın kəndlərin birində tikilir, nümunəvi layihə əsasında tikilən məktəbdir, o obyektdə görüləcək işlər hələ çoxdur, binanın tikintisi ilə başqa tikinti idarəsi məşğuldur və məktəbdə məndə olan məlumata görə on min kv.metr sahəyə parket vurulmalıdır. Rəis onu da əlavə etdi ki, öyrənmişəm, orada 30-40 nəfər parket ustası idarə rəisi ilə görüləcək işin qiyməti ilə razlılığa gələ bilmədiyinə görə ərizə verib işdən çıxaraq, yaşadıqları rayona getmişlər və həmin idarəyə də qayıtmaq fikirləri də yoxdur.

İdarə rəisi onu da əlavə etdi ki, həmin rayona getmiş və şəxsən həmin şəxslərdən 3-4-nü danışaraq prokurorluqda parket işinin görülməsi barədə razılıqlarını almışdır və növbəti həftənin birinci günü gəlib işə başlayacaqlar.

Tikinti idarəsi rəisinin bu məlumatından sonra vəziyyət barəsində müəyyən təssəvürüm yaranmağa başladı. Həm idarə rəisinin bu məlumatından, həmçinin, yaşlı prokurorluq işçilərinin söhbətlərindən mənə məlum idi ki, rayon yerlərində idarə, müəssisə rəhbərləri çətinə düşəndə, iş geri qalanda, öz fəaliyyətsizliklərini ört-basdır etmək üçün həmişə rayon partiya komitələri qarşısında özlərini təmizə çıxarmaq üçün rayonun hüquq mühafizə orqanlarını günahlandırmağa, öz təqsirlərini hüquq mühafizə orqanlarının üstünə yıxmağa çalışırlar.

Prokurorluğun binasını tikən idarə rəisinin məlumatından mənə aydın olanda ki, məktəb binasında on min kv.metr sahəyə parket vurulmalıdır, bu inamım bir az da artdı. Tikinti idarəsinin rəisinə onu dedim ki, çalış, ustalar gəlib prokurorluqdakı işi qısa müddətdə görüb qurtarsınlar. Həmin idarə rəisi razılaşıb getdi.

Bundan sonra prokurorluğun dəftərxana müdirinə məktəb tikintisini aparan idarə rəisinin mənim yanıma dəvət edilməsi barədə göstəriş verdim. Təxminən 20 dəqiqə keçmiş dəftərxana müdiri həmin tikinti idarəsi rəisinin prokurorluğa gəlməsini bildirdi.

Müstəntiq işləmiş adam üçün binanın sxematik planını tərtib etmək elə də çətinlik törətmirdi. Prokurorluğun inzibati binasının sxematik planını tərtib etdim, lakin ölçülərini yazmadım və tikinti idarəsinin rəisini kabinetimə dəvət etdim.

Əvvəllər müstəntiq vəzifəsində işlədiyimdən xidməti otağımda həmişə ruletka, xətkeş, kompas saxlamağıÜ bir növ, adət etmişdim. Ona görə də tikinti idarəsinin rəisi kabinetimə daxil olan kimi ruletkanı rəisə verdim ki, otağın ölçülərini sxematik plana köçürək.

İdarə rəisi otağıma daxil olanda sanki qaralmışdı və onu, konkret olaraq, nəyə görə çağırdığımı bilmirdi. Lakin bilirdi ki, onu hər halda yaxşı işə görə çağırmamışam. Ruletkanı ona verəndə rəis sanki biraz da tutuldu və soruşdu:

-Yoldaş prokuror, indi mən etməliyəm?

Cavab verdim ki:

-Binanın sxematik planını çəkmişəm, indi isə ölçülərini yazmalıyıq. Səni ona görə dəvət etmişəm.

Belə deyəndə idarə rəisi bir az da tutuldu və soruşdu:

-Bu nəyə lazımdıki?

Dedim:

-Lazımdır. Səbəbini isə sonra bilərsən.

Qısa müddətdə idarə rəisi ilə birlikdə inzibati binanın bütün xidməti otaqlarının ölçülərini müəyyən edib, sxematik plana əlavə etdim. Aydın oldu ki, prokurorluğun xidməti otaqlarının ümumi sahəsi cəmisi 80 kv.metr edir. Binanın dəhlizinə isə parket vurulmasının tərəfdarı deyildim, ona görə də dəhlizin sahəsini nəzərə almadım. Bu işləri qurtardıqdan sonra idarə rəisinə oturması üçün yer göstərdim və dedim:

-Sənə aydın oldu ki, bizdə cəmisi 80 kv.metr. sahəyə parket vurulmalıdır. Səncə, neçə nəfər bu işi 3 - 4 iş gününə görə bilər ?

Rəis cavab verdi ki:

- 3-4 nəfər bəs edər.

Onda soruşdum:

-Bəs onda niyə birinci katibə demisən ki, prokuror bütün parket döşəyənləri aparıb prokurorluğun binasında parket vurmağa cəlb edib, ona görə də məktəb binasının tikintisi yarımçıq qalıb. Sənə aydın oldu ki, prokurorluqda bu işə hələ başlanmayıb. Özü də mənə deyiblər ki, məktəb binasında işləyən parket ustaları hələ 3-4 ay bundan əvvəl işdən çıxıb yaşadıqları rayona getmişlər. Məndə olan məlumata görə məktəb tikintisində parket vurulmasından başqa, çoxsaylı yarımçıq işlər var. İndi aydın oldu ki, səni nəyə görə bura dəvət etmişəm.

Bu sözlərdən sonra rəis bir az da pərt oldu və günahkar adam kimi başını aşağı tikdi. Rəis handan-hana özünə gəlib, soruşdu:

-Yoldaş prokuror, mən səhv eləmişəm. Gedə bilərəmmi?

Cavab verdim:

-Xeyr. Səni indi birinci katibin yanına aparacağam. Sən vəziyyəti özün məruzə etməlisən tikinti işlərinin ləngiməsinin əsl səbəbini birinci katibə özün deməlisən.

Tikinti idarəsinin rəisi özünü çox narahat hiss edirdi və yalvarırdı ki, onu rayon partiya komitəsinə aparmayım. Lakin mən ona bildirdim:

-Elə şey yoxdur. Birinci katibə düzgün olmayan məlumat vermisən, özün də bunu təkzib etməlisən.

Tikinti idarəsinin rəisinin də xidməti maşınını götürüb, binanın sxematik planı ilə birlikdə rayon pariya komitəsinə gəldik və burada rəisə tapşırdım ki, siz qəbul otağında gözləyin, özüm isə birinci katibin qəbul otağında oturan texniki katibinə dedim ki, birinci katibə məlumat verin: rayon prokuroru yanınıza gəlmək istəyir.

İnsafən, birinci katib yanında əlavə heç kəs olmadığından məni dərhal da qəbul etdi. Mən vəziyyəti ona məruzə edib, prokurorluq binasının sxematik planını da katibin stolunun üstünə qoydum və əlavə etdim:

-Yoldaş birinci katib, sxematik plandan da görünür ki, prokurorluğun binasında cəmi 80 kv.metr sahəyə parket vurulmalıdır. 3-4 adam 4 gün müddətində bu işin öhdəsindən gələ bilər. Lakin məndə məlumat var ki, kənd məktəbində on min kv.metr sahəyə parket döşənməlidir, tikintidə, bundan əlavə, bir çox yarımçıq işlər də vardır, orada işləyən parket ustaları isə bir neçə ay bundan əvvəl işdən çıxıb, yaşadıqları rayona getmişlər. Mən isə həmin işçilərdən 4 nəfərini dəvət etmişəm ki, prokurorluqdakı parket işini görsünlər.

Onu da əlavə etdim ki, işə heç başlamamışıq, prokurorluğun dəhlizinə isə parket vurdurmaq fikrim yoxdur, məsləhət bilmirsinizsə, bu işə heç başlamayaq.

Rayon partiya komitəsinin birinci katibi mənə çox diqqətlə qulaq asır və sözümü kəsmirdi.

Mən sözümə davam etdim:

-İdarə rəisi də qəbul otağında gözləyir, istəyirsiniz özünü də dəvət edin, vəziyyəti izah etsin.

Birinci katib bir qədər gülümsəyərək dedi:

-Ehtiyac yoxdur. Mən öyrənmişəm, həqiqətən, tikintidə on min kv.metr sahəyə parket döşənməlidir, obyektdə də digər yarımçıq işlər çoxdur, rəisi yanıma dəvət etməyə ehtiyac yoxdur, onun səviyyəsi odur.

Mən söhbətimi burada yekunlaşdırıb, birinci katiblə xudahafizləşib, otaqdan çıxdım. Qəbul otağında tikinti idarəsinin rəisinin nə vəziyyətdə olmasını hörmətli oxucu, yəqin ki, təsvirsiz də təsəvvür edə bilər. İdarə rəisi heç nə demədən gözünü məndən ayırmır və nə deyəcəyimi səbirsizliklə gözləyirdi. Əslində, rəisin görkəmi məndə yazıqlıq siması canlandırırdı, ona görə də rəisə dedim:

-Get, bir də belə yalançı məlumatlarla başqasını aldatmaq adətini birdəfəlik tərgit.

Rəis udqunaraq, sanki üzərindən ağır bir yük götürüldüyünü açıq-aşkar biruzə verib, soruşdu:

-Yoldaş prokuror, mən gedə bilərəmmi?

Cavab verdim:

-Gedə bilərsən, get, məktəb tikintisini 1-i sentyabra kimi təhvil verməyə çalış.

Elə bunu demişdim ki, rəis bir göz qırpımında yoxa çıxdı.

Bəli, orta məktəb binası 1-i sentyabrda təhvil verildi, təbii ki, yeni rəislə...

 

 

İlham Abbasov

 

Ədalət.- 2011.- 12 mart.- S. 18.