UNUDA BİLMƏDİYİM
ŞAİR
(BƏNZƏRSİZ ŞAİR ƏLİ KƏRİMİN
80 YAŞI TAMAM OLDU)
Altımışıncı
illərin sonuydu. ADU-nun filologiya fakültəsində oxuyurdum.
Kənddən gəldiyim üçün şəhər həyatına
çox çətin uyuşurdum. Yataqxana - Universitet - Axundov
kitabxanası və yenə Yataqxana. Şəhərdə bir
kimsəm yox. Ancaq Axundov kitabxanası mənə yataqxanadan
daha doğma idi. Bəzən elə olurdu ki, günümün
çox hissəsi oxu zalında keçirdi. Qarşımda
müxtəlif seminarlara hazırlaşmaq üçün
lazım olan dərsliklər. Yorulanda isə şeir
kitabları sifariş verirdim. Hələlik Azərbaycan
şairlərini oxuyurdum. Günlərin birində o
kitabxananın daimi "üzvü" olan Vaqif Cəbrayılzadə
ilə tanış oldum, dostlaşmağa başladıq. O, elə onda da çox sərbəst
və daxilən azad bir insan idi. Söhbətlərimizin
birində Əli Kərimin adını çəkdi, onun ən
müasir şair olduğunu söylədi və mənim -
filologiya fakültəsi tələbəsinin Əli Kərimdən
xəbərsiz olduğuna hədsiz dərəcədə təəccübləndi.
Və mən Əli
Kərimi oxumağa başladım. Oxumağa nəyi
vardı? "Həmişə səfərdə"
və "Qızıl qanad" adında iki şeir
kitabı. Onunla ədəbiyyata bir gələnlərin
kitabları Əlininkindən çox idi, onların bəziləri
hətta "populyarlıq dövrünə" qədəm
basmışdı.
Əli Kərimi
oxudum və sevdim. O, mənim poeziyada ilk sevgim oldu. Elə həmin
illərdə "Ədəbiyyat və incəsənət"
qəzetinin ötən illərki (1963-1964) səhifələrində
Əli Kərimlə, onun poeziyası ilə bağlı qərəzli
fikirlərlə qarşılaşdım. Hiss edirdim ki,
bu cür fikirlər anlaşılmazlıqdan yox, anlamamaqdan
doğur. Nə yaxşı ki, ustad şair Rəsul
Rza var idi və Rəsul Rza bütün ciddiyyəti ilə Əli
Kərimin yenilikçi poeziyasını müdafiə edirdi.
Əli Kərim yazırdı ki:
Otuzdan çox yaşamışam..
... Sevgi toranında.
Mühazirə salonunda.
Sevgimlə bir-birimizə deyəcəyimiz
İki söz arasında.
Xəstə olarkən
Həkimin mənə etdiyi çarəsində.
Bəzən baş tutmayan şerimin
Dağılmış divarlarının xarabasında,
Bəzən söz yarışında
Bəzən ölüm
sözünün polyar qışında.
Bax, belə bir
poetik düşüncə tərzi 60-cı illərin
poeziyasında novatorluq hadisəsi idi, amma Əli Kərim tipli
şairləri "anlamamaq dərdi" var idi.
Əli Kərimin
novatorluğu nədə idi? Mən bu məqamda
böyük tənqidçi Belinskinin bir fikrinə üz
tutmaq istəyirəm. O yazırdı ki, söz
öz-özlüyündə boş səsdir: o ancaq fikir ifadə
etmək üçündür. Fikir isə
öz-özlüyündə ağıllı və gözəl
bir şeirin kölgəsindən başqa bir şey deyildir.
O, gerçəkliyin yalnız ideal mahiyyəti olmaq etibariylə
əhəmiyyətlidir. Praktiki tətbiq
ölçüsünə gəlməyən hər bir
şey yalan və boşdur. Vaqif
adamların dilində köhnə həqiqətlər belə
sanki ilk dəfə söylənilir, müəllimlik
iddiası edən adamların dilində isə bəzən
yeni fikirlər təsir buraxmadan itib-batır, sanki bunlar adi
söylənmiş şeylərmiş.
Bax, Əli Kərim
bu mənada 60-cı illərdə Azərbaycan sözü
üçün xüsusi poetik mühit yaratdı, onların
çoxunu çeynənməkdən, sürtülməkdən
xilas etdi, bədii təfəkkürü yeniləşdirdi.
Mən bəzi sensasiya axtaran
müəlliflərə demək istəyirəm ki, bəli, Əli
Kərim kimi çox istedadlı bir şair də sizin "qəzəbinizə"
tuş gələ bilər, çünki o da Leninə
şeir həsr etmişdir, sovet dövrü həqiqətlərini
əks etdirən bəzi şeirlərinin də adını
çəkə bilərəm. Ancaq bu
"fraqmental" hadisənin Əli Kərim poeziyasına
heç bir dəxli yoxdur. O, bəzi mövzunun, "həyat
həqiqətinin" yox, sözün aşiqi idi. Onun istənilən şeirində Əli Kərim kəşfini,
söz ustalığını görmək üçün
gərək özün də daxilən Əli Kərim havasına
köklənəsən. Bir şeirində dediyi kimi:
Baxdım, bulağa baxdım
O, yox idi elə bil.
Görünmürdü hava tək
(Bəlkə elə su deyil)
O, duruydu, o, safdı,
Ən ülvi bir arzu tək.
Özü görünmürdü ki,
Dibindəki
gəngarəng
əfsanəni tez görək.
Əli Kərim
poeziyası mənim üçün həmişə təzədir,
çünki nə öz zamanının, nə də
sonrakı illərin tozu o poeziyanın heç bir sətrinə
qona bilmədi.
Bax, indi bu sətirləri yazanda, Əli Kərim
haqqında, ona sevgim barədə düşüncələrimi
qələmə alanda həmin həqiqəti xatırladım
- zaman çox şairi sındırdı, amma Əli Kərimə
toxuna bilmədi.
Ustad Rəsul Rza Əli Kərim
haqqında yazmışdı: "Şair var ki, yüksəliş
pillələrini dayana-dayana, tövşüyə-tövşüyə,
yazdığını təkrarlaya-təkrarlaya qalxır. Şair də var ki, öz-özü ilə
yarışdadır, hər əsərində bir pillə
qalxır, özünü, özgəni təkrarlamaq faciəsindən
uzaq olur. Əli Kərim ikincilərdəndi.
O deyə bildiklərinin, demək
istədiklərinin az, çox az bir hissəsini
dedi. Bu az hissə də şair Əlinin
çox böyük poetik imkanlarını aydın göstərir."
Bu gün,
şeirimizin bütün guşələrinə -
qoşmalı, qəzəlli, sərbəstli, postmodern ruhlu
növbənöv formalarına müraciət edəndə məhz
Əli Kərimin yeri açıq-aydın görünür. Hansı bir
gözəl şeirdəsə nəsə
çatışmır, yaxud başqa bir şeirdə fikir təzədir,
amma poetik ifadəsi zəifdir - bax, o məqamda fikirləşirsən
ki, Əli Kərim bunu yaxşı bacarardı.
Gözəl dilçi, professor Tofiq Hacıyev yazır ki, Əli Kərimin
işlədiyi mövzuların bir qismi yalnız onun
özünə məxsusdur. Yəni demək istəyir
ki, o, hansı mövzuda yazırdısa, o mövzunu
"özününkü" edə bilirdi. Məsələn, Əli Kərim böyük
sevginin - bir ünvanlı, yalnız bir ürəyə məxsus
sevginin bənzərsiz hisslər tablosunu yaradır.
Gecə də, gündüz də fikrimdə sənsən,
Mən kimin fikrində yaşayım, söylə?
De, hansı bir ürək qəbul eləyər
Məni sən ünvanlı dərdlə, gileylə.
Hansı bir ürəyə yan alsam əgər,
Dərdimin adından biləcək
yadam.
Yaxud tənhalığa təşnəliyi,
tənhalığın boşluq olmadığını Əli
Kərim şeirdə belə mənalandırırdı:
Tənhalıq boşluq deyil-
Səni gözləyən varsa;
Doludur ümid günəşiylə,
Həsrət ayparasıyla...
Kövrək qəmin alatoranıyla...
Doludur Braziliya stadionu kimi
Şıltaq nazla,
Dəli ümidsizliklə,
Janna d.Ark kimi qəhrəman ümidlə.
Gözləyənin yoxdursa,-
Tənhalığın da yoxdur.
Harda dünya başlayır,
Hamısını sən
Bilmirsən.
Harda dünyayla birləşirsən,
Onu da bilmirsən.
Yaşayırsınız –
Bir-birinə bir ümid şüası
Verməyən
Pis qonşular kimi.
Tənhalıq istəyirəm –
Böyük, dərin,
Dolu tənhalıq.
Əli Kərimdən
söz açan tədqiqatçıların əksəriyyəti
onu assosiativ poetik təfəkkürə malik şair kimi səciyyələndirirlər. Nə deməkdir
şeirdə assosiativ məna? Fikrimizcə,
assosiasiya şeirdə müxtəlif əşya və predmet
arasında sanki gözə görünməyən əlaqə
və bağlılıqları aşkara çıxarmaq
üçün bir yoldur. Burada bədii təsvir
vasitələri - təşbehlər, istiarələr,
metaforalar qəfil və gözlənilməz mahiyyəti ilə
seçilir. Obrazlılıq, sözün
poetik incəliyi assosiativ şeirdə ən önəmli
xüsusiyyətdir. Əli Kərimin
60-cı illərdə yazdığı əksər şeirlərdə
assosiativ təfəkkür daha güclüdür. Uzun-uzadı misallar gətirməkdən sərf-nəzər
edib yalnız Nəsimiyə həsr olunmuş "Şəhidliyin
zirvəsi" şeiri üzərində dayanaq.
Altı yüz ildir idrak
Çırpınır pələng kimi,
Nərə çəkir,
Ağlayır.
Tapa bilmir ki,
Bilmir –
O bir sirr-xudanı.
Sirr-xuda
Tanrıdır, gözəgörünməz İlahidir. Bunu həm adi
mənada, həm də daha geniş mənada anladıqda insan
idrakının sirr-xudaya, "yoxdan bu cahanı var edən pərvərdigara"
(Xətai) - onun möcüzələrinə, sirlərinə
gücü yetmədiyi, izah edə bilmədiyi anlamı
yaradır. Yəni Allah insanı xəlq
edir, yalnız hər insanın özü də bir sirdir,
möcüzədir. Yaradılan onu Yaradana
Sirr-Xudaya oxşadır. Necə ola
bilər ki:
Təpədən dırnağadək
Soyalar bir adamı;
Necə ola dinməsin,
Böyük əqidəsindən
Bir misralıq enməsin.
Gözündən bir nöqtə yaş
Sinəsinə düşməsin.
Qaşları çatılmasın
Bir xırda vergül qədər.
Diri-diri soyulsun,
Əqidədən keçməsin.
Altı yüz ildir bəşər
Ağrılardan inildər.
Altı yüz ildir bəşər
Düşünər.
Çatmaz yenə
Məşəqqətli ölümün
Nəsimi zirvəsinə.
Əli Kərim
şeirinin obrazlılığını təmin edən
ümdə cəhətlərdən biri də tədqiqatçıların
qeyd etdiyi kimi bənzərsiz, təkrarsız, poetik obrazlar
yaratmasıdır. Burada şairin az sözlərlə
konkret bir lövhə yaratması, şeirdə rəssamlıq
işini uğurla başa çatdırmasıdır.
Külək qarı püskürür,
Yerdən göyə yağır qar.
Qışın öpüşü kimi,
Şaxta yapışır üzə.
Bu mənzərəni
təsəvvür edin. Əsl rəssam fırçasından
çıxıb elə bil.
Əli Kərim
şeiri Əli Kərimin ölümündən sonra
özünə yaşarılıq, Azərbaycan
poeziyasının mənzərəsində daha artıq
görünmək və seçilmək imkanı əldə
etdi. Əsl şeirin, poetik nümunənin
yaşarılığını, Füzuli demişkən,
"tabü-təravətini" saxlayan, hifz edən də məhz
onun müasirliyidir. Yəni şeir
hansı dövrdə yazıldığından asılı
olmayaraq bütün dövrlərdə öz bədii-estetik
mükəmməlliyini qoruyub saxlamalıdır. Zaman, dövr, mühit dəyişə bilər, cəmiyyətdə
yeni mənəvi, sosial münasibətlər törənə
bilər, amma şeir öz varlığını
qorumalıdır.
Elə bilirəm
ki, Əli Kərim bu günlərdə yaşasaydı,
şeirimizin axarı, istiqaməti çox-çox yad səmtlərə,
küləklərə tuş gəlməzdi. Şeir bu qədər
ucuzlaşmaz, hər yetənin əlində
xırdalanmazdı. Heyif...
Vaqif YUSİFLİ
Ədalət.- 2011.- 12 mart.- S. 18.