SÖZÜN İŞIĞI
Şair ömrü
bitib-tükənməyən bir yoldur. Bu yol öz başlanğıcını sözdən
götürür. Söz isə mənası, tutumu, çəkisi,
gücü və təsiri ilə insanın (şairin)
dünyaya baxışını, həyatı dərk etməsini
əks etdirən və onun portretini yaradan əzəli bir
meyardır. Məhz bu meyar ilə tanınmış alim,
mütəxəssis-kitabşünas, tərcüməçi,
gözəl təşkilatçı, peşəkar jurnalist,
şair-publisist İsmayıl Öməroğlu öz
sözünün işığı ilə
varlığını, mənəviyyatını,
amalını və həyat eşqini əks etdirir. Bu əksetdirmə,
eyni zamanda insanı özünütəhlilə
çağırır; yaşadığı ömür
yolunda dəyərləndirdiyi, yaxud əhəmiyyət vermədiyi,
qəbul və ya inkar etdiyi, itirdiyi-tapdığı bir
çox gümanlı-inamlı həyati qənaətlərinə
nəzər salmağa vadar edir, onu
düşündürür. İnsan özü ilə
baş-başa qalır, "yad" bildiyi bir çox şeyi
anlayıb duymağa, özününküləşdirməyə
çalışır.
Əhatəli elmi fəaliyyəti
və çoxsahəli bədii yaradıcılığı
ilə ictimai aləmdə sözünü demiş
İ.Öməroğlunun şeirləri mövzusundan və
janr müxtəlifliyindən
asılı olmayaraq, hər bir halda mahiyyətcə dünyəviliyə
əsaslanmış təbiilik və bütövlük əxz
edir.
Bu dünyanın
çox şeyi var
bilinməz,
Aşkarı var, gizlisi
var
görünməz.
Nadanı var, aqili var,
piri var,
Bir nağıldı:
biri yoxsa,
biri var.
Bir hikmətdi –
dağıldıqca
qurular,
Öyrəndikcə yenə
sual sorular.
Bilmək olmur
bütöv nədi,
kəm nədi,
Vurma nədi,
çıxma nədi,
cəm nədi?
Bir insanda bütöv dünya
yerləşir,
Cismi, ruhu kainatda
birləşir.
İnsan özü həm
sualdı,
həm cavab,
Həm
işıqdı, həm zülmətdi,
həm duman,
Həm məkandı,
həm sehirdi, həm zaman,
Həm torpaqdı, həm
dərya,
həm asiman.
Həm inamdı, həm
sevincdi, həm
güman...
Öməroğlu
poeziyasını birmənalı qəbul etmək olmaz. Onun
şeirləri fəlsəfi mahiyyət daşıyır.
Şair dünya-məhəbbət-zaman-məkan vəhdətində
ən ali həddə öz məramını təcəssüm
etdirir və söz karvanı ilə fikir aşılayır,
insanda həyata düzgün (bəlkə də yeni) bir
baxış formalaşdırır.
Onun şeirlərində
həyata baxış və yanaşma, ifadə, təsvir,
yozum və məna ahəngi bir-birini tənzimləyir.
Düşündürücü və bir qədər təzadlı(?)
qarşılaşdırmalarla mətləb açan şair
fikir orijinallığı və ifadə tərzi ilə
(hicran seli - ümid teli; vəfasız dostlar kimi ağacı tək
qoydu yarpaqlar; çin yuxular çalın-çarpaz yozulur;
ümid ocağında arzum qovrulur; külüm küləyə
sığmadı; nəfsi olmayanın gözü tox olar; haqq
yoluna gedən yolu dayanmaz; gümanlı
dünyanın dumanı başımızda; eşqimi həsrət
yaşatdı; ümid yelləncəyi; dünya boy vermir adama;
kədəri bölməyə adam tapılmır;
cığırlar dolaşıq, izlər qarışıq;
kimliyi var, mənliyi yox; bu yol zamandan uzun; susmağın məntiqi;
sözümün gücü hardadır və s.) fərqli
şeir nümunələri yaradır ki, bu da Öməroğlu
poeziyasının özünəməxsusluğundan doğan
haldır.
Mən səni
tanıya bilmirəm hələ,
İçin bir
ayrıdı, çölün bir ayrı.
Sığına bilmirsən
zamana, ilə,
Ömrün bir
ayrıdı,
könlün bir ayrı.
Özünlə əbədi
bir döyüşdəsən,
İçində
tükənməz
bir təşviş
yaşar.
Yüz yol ələnirsən
öz içində sən,
Yenə də ruhunda bir
təftiş yaşar-
deyən şair
ömür yolunda istər-istəməz yaşanan,
yaxın-uzaq, görünən-görünməyən hər
sorumlu məqamın cavabını axtarır və poetik şəkildə
belə, bu "axtarış" insan adı, insaniyyət
anlayışı ilə cavablandırılır:
Gündəlik
qayğılar basır çiyindən,
Uca zirvələrə
çıxmaq çətindir,
Xəyanət
görürsən
dost dediyindən,
Bir daha üzünə
baxmaq çətindir.
Hər gün ürəyimdən
bir tel qırılır,
Ömür beləcəmi
başa vurulur?
Dolğun məzmun və
janr müxtəlifliyi, poetik tutum, orijinal təsvir və ifadə
tərzi ilə yanaşı şeirlərin canında klassizmdən
gələn ənənə var. Əsasən lirik mövzulu
şeirlərdə bu özünü daha aydın hiss etdirir.
Şairin məhəbbəti dar çərçivədə,
yalnız şəxslərarası mübhəm münasibət
kimi verilmir, onun sevgisi yerə-göyə sığmayan, ali
hisslərdən doğan ilahi bir eşqdir və şeirlərdə
eşq yolunda çəkilən əzab-əziyyətdən
giley-güzar, şikayət yoxdur, yalnız dərk edilən və
yaşadılan məhəbbət var.
Eşq içində
yerim nədi?
Oyunum nə, zərim nədi?
Bilən yoxdu sirrim nədi?
Sən bilməsən,
kim biləcək?
Şair "məhəbbət"
məfhumunu konkretləşdirib, təkcə öz sevgisini
izhar etmir, məhəbbətin haqqdan gələn bir nida
olduğunu vurğulayır, müqəddəsliyini yada salır.
Bu sevdanı
anlayan az,
duyan az,
Qafil olan qəflətindən
Oyanmaz
Haqq yoluna gedən
yolçu dayanmaz,
Yol getdikcə
çiçək
açar sağ-solu
Sevda yolu –
ümid yolu, haqq yolu.
Hər sevəndən atəş
qalar,
köz qalar,
Hər aşiqdən bir
əbədi
iz qalar.
Hikmət qalar,
bir müqəddəs
söz qalar,
Durna olub gələcəyə
gedərlər,
Dastan olar,
nəğmə olar sevənlər.
Şeirlərdə yeni
və dolğun fikir ilə yanaşı, deyilməyən
söz, eşidilməyən təsvir, bənzətmə və
yozum diqqəti çəkir. Poetik aləmdə ümumi anlamda yağış adətən,
nostalji hissləri "təzələyən" və
insanın xəyal dünyasını bir qədər
keçmişə aparan təbii hadisə olsa da, Öməroğlu
poeziyasında bu təsvir fərqlidir, burada duyum, istək,
münasibət orijinallığı var:
Sakit payız
yağışı...
Pıçıltılı
damlalar...
Bu buluddan bu yana
xatirələr
içində
məni ovudan anlar.
Bu buluddan o yana
həyatımın
keçmişi,
məndən geri
qalanlar...
Bu yağışdan o
yana,
bu günlərdən
sabaha
bizi nələr gözləyir?..
Bizim taleyimizdən
Göylər nələr
danışır?..
Damcılar
pıçıltıyla
Sakitcə nələr
deyir?..
Ümumiyyətlə, təkcə
lirik şeirlərdə deyil, mövzusundan asılı
olmayaraq yazdığı bütün şeirlərə qəzəb,
nifrət hissi yaddır. Pessimizmdən uzaq notlar üzərində
yazılmış şeirlərdə adilikdən aliliyə
aparan bir yol var. Bu yolda adi görünən hisslər təmizlənir,
durulur, aliləşir.
Sus,
açma ürəyini
kimsəyə,
bağlı qalsın
sirr kimi.
Sus!
Sənin olan
ağrını,
əzabları
özün çək,
çəkə bildiyin
kimi.
Bənövşə
sevginlə,
Fırtına qəzəbinlə
Sus!
Sonuncu ildırıma,
Sonuncu tufana qədər
Sus!
Son ana qədər... -
deməklə şair acizlikdən doğan, məntiqsiz
sükunəti deyil, kamilliyi nümayiş etdirən, aqil bir
insana məxsus əxlaqi davranışı, hərəkəti
təbliğ edir. İ.Öməroğlu, sözün əsl
mənasında, insan və insanlıqdan yazmağa haqqı
olan bir şairdir. Onun şeiriyyət dünyasında didaktika
var. Bu, şübhəsiz, müdrik, kamil bir insanın təfəkküründən
qaynaqlanan dünyagörüşün əksidir.
Hər məqamda deməyə
sözü olan, özünə və sözünə
cavabdeh ziyalı, estet insan, görkəmli alim
ömrünün 60-cı ilini tamam edir. İ.Öməroğlu
sözünün işığına yığışanlar
adından ona can sağlığı, yaradıcılıq əzmi,
yeni nailiyyətlər arzu edirəm.
Könül Mirzəyeva
Ədalət.- 2011.- 12 mart.- S. 21.