Milli Qəhrəman
Mübariz İbrahimovla
bağlı "Hünər
simfoniyası"
Dünən Beynəlxalq
Avrasiya Mətbuat Fondunun (BAMF) ofisində "Qarabağ
İctimai Forumu"nun (QİF) təşkilatçılığı
ilə şair Balayar Sadiqin Azərbaycanın Milli Qəhrəmanı
Mübariz İbrahimovun həyat yolundan bəhs edən
"Hünər simfoniyası" adlı kitabının təqdimat
mərasimi keçirilib.
Tədbiri giriş
sözü ilə QİF-in sədri, Beynəlxalq Avrasiya Mətbuat
Fondunun rəhbəri Umud Rəhimoğlu açıb. O, əvvəlcə
kitabın ərsəyə gəlməsində müəllif
başda olmaqla, bütün yaradıcı kollektivə öz
təşəkkürünü bildirib. U.Rəhimoğlu
çıxışında cəmiyyətin susqunluğuna,
düşdüyü depressiya vəziyyətindən
çıxmasında M.İbrahimovun şücaətinin
böyük rol oynadığını vurğulayıb.
O, Balayar Sadiqin qələmə aldığı poemanın
çox qiymətli bir iş olduğunu dedi.
Kitabın redaktoru,
şair-publisist Qulu Ağsəs kitabı təmənnasız
çap edən "MHS-poliqraf" nəşriyyatının
rəhbərliyinə öz minnətdarlığını
bildirib. O, M.İbrahimovun qəhrəmanlığından, onun
keçdiyi qısa, amma çox şərəfli bir həyat
yolundan danışıb.
Milli Məclisin
deputatı Aqil Abbas isə çıxışında son
dövrlərdə formalaşan bədbinlik hissinin Mübarizin
qəhrəmanlığı ilə aradan
qalxdığını qeyd edib. O, kitabın geniş təbliğinə
ehtiyac olduğunu, "Ədalət" qəzetinin bu istiqamətdə
əlindən gələn köməyi etməyə hazır
olduğunu tədbir iştirakçılarının diqqətinə
çatdırıb. Millət vəkili Qənirə
Paşayeva gənc nəslin, xüsusilə də müharibə
dövrünü görməyən gənclərin vətənpərvərlik
ruhunda böyüdülməsində Mübariz İbrahimov qəhrəmanlığının
böyük rolu olduğunu söyləyib. O, tədbir
iştirakçılarını bu yaxında Tovuzda, cəbhə
bölgəsində, N saylı hərbi hissədə
keçiriləcək görüşə dəvət etdi.
Xanım deputat, bu kitabın təbliğatında əlindən
gələn köməyi etməyə hazır olduğunu
deyib. Xankəndindən deputat seçilmiş Flora Qasımova
cəmiyyətdə Qarabağ hadisələrinin
unudulacağı qorxusu olduğu bir vaxtda M.İbrahimovun qəhrəmanlığının
əvəzsiz rolunu qeyd edib. O, bu olayın nəinki orta nəslin
nümayəndələrində, hətta müharibə
dövrünü görməmiş və ya həmin dövrdə
azyaşlı olmuş insanların da Qarabağı unutmadığını
ortaya qoyduğunu müsbət bir hal kimi xüsusi ilə
vurğulayıb.
Millət vəkili Zahid
Oruc son dövrlərdə şou xarakterli verilişlərin
artması fonunda, vətənpərvər verilişlərin
azalmasını diqqətə çatdırdı. O,
Mübarizin öz qəhrəmanlığı ilə Azərbaycanın
əsgər, gizir və zabitinin öz sözünü
lazımi anda deyə biləcəyini göstərdi. Milli Məclisin
üzvü, QİF yaradıcılarından biri olan Məlahət
İbrahimqızı çıxışında Mübariz
İbrahimovun qəhrəmanlığının son dövrlərdə
xüsusi ilə televiziya məkanında olan mənəviyyatsız
mühitə son qoyduğunu bildirib. O, qəhrəmanlıq səhnələri
ilə zəngin olan tariximizin cəmiyyətin bütün sahələrində
geniş təbliğ olunmasına hər zaman ehtiyac
olduğunu deyib.
Xalq şairi, millət vəkili
Sabir Rüstəmxanlı kitabın müəllifi B.Sadiqi təbrik
edib ona uğurlar diləyib. S.Rüstəmxanlı xalqın
unutqanlığının onun tarixində dərin iz
buraxdığını qeyd edib. Tədbirin sonunda
çıxış edən müəllif həm
"Qarabağ İctimai Forumu"na, onun sədri Umud Rəhimoğluna
və bütün iştirakçılara öz minnətdarlığını
bildirib.
Tədbirdə Milli QHT
Forumunun rəhbəri Rauf Zeyni, "Qarabağ qaziləri"
ictimai birliyinin sədri Etimad Əsədov, tanınmış
şair-publisistlər Tofiq Abdin, Əjdər Ol,
şair-naşir Vasif Qurbanzadə, jurnalist-publisistlər Vahid
Qazi, Tahir Aydınoğlu iştirak ediblər.
Ədalət.- 2011.- 16 mart.- S. 5.