Mustafa Vəkilov - 110

 

14 mart 2011-ci ildə Atatürk Mərkəzinin konfrans zalında Azərbaycanın ilk hüquq professoru, hakim, tərcüməçi-diplomat, Mustafa ağa Vəkilovun 110 illik yubileyi ilə əlaqədar tədbir keçirilmişdir.

Tədbirin açılışı Koroğlu üverturasının səslənməsi ilə başlamışdır. Tədbirin təşkilatçılarından olan hüquqşünas Səməd Vəkilov Azərbaycanın ilk hüquq professoru M.Vəkilovun yubileyi ilə əlaqədar keçirilmiş tədbirlərdən danışmışdır. S.Vəkilov bildirmişdir ki, 2009-cu ilin yanvar ayında Gürcüstanda fəaliyyət göstərən hüquq müdafiəçisi Elbrus Məmmədovun rəhbərlik etdiyi QHT koalisiyası Mustafa ağa Vəkilovun anadan olmasının 110-illik yubileyi tədbirlərinə başlamışdır. Yubiley tədbirləri çərçivəsində E.Məmmədovun müəllifliyi ilə azərbaycan və fransız dillərində Azərbaycanın ilk hüquq professoru Mustafa ağa Vəkilovun həyat və yaradıcılığından bəhs edən (Le Premier professeur Azerbaidjanais en Droit 110) kitab nəşr olunmuşdur. Eyni zamanda avropa oxucuları üçün nəzərdə tutulmuş sözügedən kitabı fransız dilinə İqtisadiyyat Universitetinin baş müəllimi Aygün İbrahim qızı Vəkilova tərcümə etmişdir. Bundan başqa, Turan Film Kinostudiyasında professor haqqında sənədli filmin çəkilişinə başlanmışdır. O cümlədən Müvəkkil Hüquq Mərkəzinin professorun yubileyinə həsr edilmiş "Məhkəməyə etimad " layihəsi başa çatmışdır.

Hüquqşünas Aydın Kərimov M.Vəkilovun yubileyinin keçirilməsini təqdirəlayiq hal kimi qiymətləndirməklə bərabər Azərbaycan klassik hüquqşünaslar nəslinin elmi irsinin araşdırılmasının vacib olduğunu vurğulamışdır. Hüquq elmi üzrə fəlsəfə doktoru Bəhruz Kərimov isə M.Vəkilovun həyatı və elmi fəaliyyəti ilə bağlı məsələlərdən bəhs edərkən maraqlı fikirlərə toxunmuş və bildirmişdir ki, o müstəqillik və sovet dövrünün ziddiyyətlərini həyatında əks etdirən bir şəxsiyyət olub.

Professor, Həsən Əlibəyli Mustafa Vəkilovun hüquq və əxlaq məsələlərindən bəhs edən əsərinə toxunaraq cəmiyyətdə əxlaq məsələlərinin ön planda olmasına ehtiyac olduğunu bildirmişdir. Xalq şairi Vaqif Səmədoğlu, vəkilovlar nəslinin represiyasından danışarkən Azərbaycanda represiyaya məruz qalmayan heç bir ailənin olmadığını dilə gətirdi. Cümhuriyyət irsinin dəyərli tədqiqatçısı Teyyub Qurbanın tədbirdə Mircəfər Bağırovun Ensklopediyanın yaradılması ilə bağlı nümayiş etdirdiyi sənəd tədbir iştirakçılarının marağına səbəb oldu. Həmin sənəddə ensklopediyanın hüquq şöbəsinə müdirlik etmək Mircəfər Bağırov tərəfindən Mustafa Vəkilova həvalə edildiyi göstərilmişdir. Lakin məlum olduğu kimi bir neçə ildən sonra M.Vəkilov əksinqilabçı müsavatçı təşkilatda iştirakına görə sürgün olunmuşdur.

T.Qurban bu məsələlərin ciddi araşdırmaya ehtiyacı olduğunu bildirmişdir. Cümhuriyyət generalı İbrahim ağa Vəkilovun nəvəsi professor Leyla Vəkilova isə mənsub olduğu nəslin xüsusiyyətlərindən danışıb. Sonda Mustafa Vəkilovun turkiyədə yaşayan nəvəsi Mədinə Ardıç tədbir iştirakçılarına təşəkkür etmişdir.

 

 

Ədalət.- 2011.- 16 mart.- S. 6.