TƏBİİ FƏLAKƏTLƏR
NİYƏ SƏRTLƏŞDİ?..
BƏŞƏRİYYƏT ÜÇÜN TƏHLÜKƏ
VARMI?
Əlbəttə, indi
yazacağım və bölüşəcəyim məlumatlar
heç də yalnız oxucu marağını çəkmək
üçün deyil. Məqsədim alimlərin təbiətdə
baş verən fəlakətlərin masştabı, təsir
gücü, həm də bunların nədən
qaynaqlandığı haqda proqnozlarını hər kəslə
bölüşməkdir. Əslində hamı təfərrüatı
ilə məlumatlandırılmalıdı. Axı, heç
kim dünyanın harasında olmasından asılı olmayaraq
belə dəhşətlərlə üzləşə bilməkdən
sığortalanmayıb. Televiziya vasitəsi ilə Yaponiyada
baş verən dəhşətli zəlzələnin, qorxunc
sunaminin törətdiklərini izlədikcə insan oğlunun
təbiət qarşısında nə dərəcədə
aciz olduğuna bir daha əmin olursan.
Alimlər bildirirlər
ki, Yer kürəsinin təbii peyki sayılan və Yerdəki
təbii proseslərdə təsiri olan Ay martın 19-da Yerə
ən yaxın məsafəyədək yaxınlaşacaq. Və həmin
vaxt arada olan məsafə cəmi 365,5 min kilometr olacaq. O gün Ay "super" bədrlənmiş halda görünəcək. Məlumat üçün
qeyd edim ki, bu sonuncu
dəfə 1992-ci ildə
baş vermişdi.
Və dünya astrofiziklərinin
bildirdiyinə görə, 19 ildən-bir baş verən Ay
yaxınlaşması nəticəsində əmələ gələ
biləcək proseslərə qeyri-ciddi yanaşmaq lazım
deyil. Çünki məhz bu zaman təbii fəlakətlər,
anomal təbii hadisələr yüksək səviyyədə
özünü göstərə bilər. Hətta mütəxəssislərin
söylədikləri rəyi əsas götürsək,
Yaponiyada baş vermiş dəhşətli zəlzələni
və ardınca dünyanın okeanla təmasda olan bir sıra
ölkələrində başlamış sunamiləri həmin
kataklizmlərin başlanğıcı hesab etmək olar. Demək
elmi qənaətlərin doğrudan da əsası var imiş.
Hazırda Yaponiyada fəlakətdən zərərçəkənlərin
sayı minlərlə, on minlərlə
ölçülür, bir sıra ölkələrdə isə
önləyici tədbilər kimi sahil ərazilərində
yaşayan əhalinin evakuasiyasına
başlanılmışdır.
Alimlər dünyanı
xəbərdar edir ki, Ayın ən minumum həddə qədər
Yerə yaxınlaşması həm də bir sıra ərazilərdə
nəhəng vulkanların oyanmasına, aktivləşməsinə
də səbəb olacaq. İnsanlar artıq həmin proseslərin
1955, 1974 və 1992-ci illərdə baş verdiyinin şahidi
olublar. Elmi müşahidələr sübut edir ki, məhz bu
dövrlər həqiqətən də Yer kürəsi
müxtəlif təbii fəlakətlərə məruz
qalıb. Belə ki, 1992-ci ildə güclü sunami
İndoneziyada minlərlə insanın ölümünə səbəb
olan fəlakət gətirmişdi. 1974-cü ildə katolik məzhəbli
insanların "Rojdestvo" bayramı zamanı Treysi tsiklonu
Avstraliyanın Darvin şəhərini yerlə-yeksan
etmişdi.
Alimlər bildirirlər
ki, əslində təbii fəlakətlər heç də
Ayın Yerlə ən yaxın məsafəyədək
yaxınlaşdığı günlər deyil,
bütövlükdə həmin dövr ərzində
müşahidə olunacaq. Bu bir ili də əhatə edə
bilər. Rusiya "Hidrometmərkəz"
laboratoriyasının müdiri Nikolay Sidorenkovun dediklərinə
görə, ötən yay anomal istilik Rusiyanın Avropa hissəsində
özünü göstəmişdi. Və bu da həmin
yaxınlaşma tsiklinin təzahürləri hesab edilməlidir.
Digər bir mütəxəssis - Pit Uiller insanların həyəcana
düşməməsini tövsiyə edərək bildirib ki,
hələlik həyatın sonunun gəlməsini gözləmək
lazım deyil: "Zəlzələlərin, vulkanların
aktivləşməsi, sunamilərin baş verməsi həmişə
olduğu kimi təkrarlanacaq. Amma Ayın Yerə
yaxınlaşdığı dövrdə onların səviyyəsi,
təsir gücü daha çox olacaq". Bu versiyanı bir
çox alimlər də bölüşür.
Ümumiyyətlə, bu
ilin yanvarında elm adamlarına məlum olub ki, Ayın nüvəsi
Yerin nüvəsi kimi maye əsaslıdır. NASA mütəxəssisləri
təyin etməyə nail olublar ki, Ayın dərinliyindəki
mərkəzdə qərarlaşan zəngin metal şar
formasında olub 241 kilometr radiusa malikdir ki, bu da maye halda olan və
330 kilometr radiusa malik maye metal şarın daxilindədir. Və
bu, təbii peykin təkamülünü təmin edən
"dinamo"su - maqnit sahəsidir. Məhz təsir gücünə
malik bu maqnit sahəsidir.
Əslində isə
mövcud olan bütün kainat, hər bir planet və onlarda
baş verən proseslər Böyük Yaradanın qurduğu,
onlara verdiyi xassələrə uyğun, hökm etdiyi formada,
tryektoriya ilə hərəkət edir, baş verənlər
Onun mütləq iradəsi altında olur və olacaq. Yəqin
ki, insanlar özlərinin yaratdığı, əldə
etdiyi elmi-texniki tərəqqiyə arxayın olmazdan öncə
üzlərini Tanrıya tutmalıdırlar, Ona dua etməlidirlər.
Nəhayət anlamalıdırlar, yəni təkrarən
sübut olundu ki, elmi-texniki tərəqqinin ən son nailiyyətlərini
əldə etməyi bacaran yaponlar və ya qeyri-yaponlar fəlakətdən
özlərini zərrə qədər də
sığortalaya bilməyiblər. Bunun səbəblərini
yanlış yerdə axtarmaq lazım da deyil. Əsas odur ki,
insanlar Tanrının onlar üçün
yaratdığı yerin, göyün, bütün maddi və
qeyri-maddi nemətlərin qədrini bilsin. Ona verilənləri
qəddarcasına bərbad hala salmasın. Amma təəssüf
ki, biz insanlar belə deyilik. Biz istəyirik ki, biz təbiətin
başına minbir oyun açaq, təbiətsə bizə hər
şeyini versin. Belə ədalət olarmı? Bunun
sorğusunun nə vaxtsa olacağına inanmamaq
ağılsızlıqdan ... başqa bir şey deyil...
BABƏK YUSİFOĞLU
Ədalət.- 2011.- 16 mart.- S. 6.