OĞUZ-QƏBƏLƏ-BAKI SU KƏMƏRİ - PAYTAXTA AXAN AYDINLIQ

 

Paytaxt Bakının və ümumilikdə Abşeron yarımadasının uzun illərdən bəri su probleminin həlli artıq reallaşdı.

 

Ötən ilin son günlərində Azərbaycanda ən böyük infrastruktur layihələrindən biri - Oğuz-Qəbələ-Bakı su kəməri istifadəyə verildi. Respublikamızın öz gücü ilə reallaşdırdığı bu sosial layihə özündə magistral su kəmərini və nəhəng suötürücü qurğular kompleksini birləşdirir. Ölkəmizin səkkiz rayonunun ərazilərindən keçən bu kəmərin uzunluğu 262 kilometrdir. Çay və yol keçidləri də daxil olmaqla kəmərin 55 kilometrlik hissəsi polad borularla çəkilib.

 

Verilən suyun keyfiyyəti Dünya Səhiyyə Təşkilatının bütün tələblərinə tam uyğundur

 

Yeni kəmər vasitəsilə paytaxta axan suyun keyfiyyəti dünyanın bir çox iri şəhərlərinə verilən suların keyfiyyət göstəricilərindən üstündür.

Bu layihənin həyata keçirilməsi paytaxt sakinlərinin sağlamlığının qorunması baxımından da böyük əhəmiyyət daşıyır. Dəniz səviyyəsindən 400 metrdən çox hündürlükdə yerləşən təbii bulaq suyu mənbələri ekoloji cəhətdən tam təmiz və keyfiyyətlidir.

Layihə çərçivəsində təkcə Bakı şəhərində 250 kilometrdən çox su xətti, 15 ədəd yeni nasos stansiyası, 70 min kub metr su tutumu olan yeni su anbarı tikilmişdir. Bundan başqa layihə çərçivəsində ümumi tutum həcmi 100 min kub metr olan mövcud su anbarları yenidən qurulub, 300 kilometrdən çox kanalizasiya xətləri çəkilib və bu gün də qalan işlər mərhələlərlə davam etdirilir.

Bundan əvvəl ümummilli liderimiz Heydər Əliyevin təşəbbüsü ilə həyata keçirilən Bakı-Tbilisi-Ceyhan neft-boru kəməri ilə müqayisə olunan və artıq reallaşan Oğuz-Qəbələ-Bakı su kəmərinin istismara başlaması Ulu Öndərimizin layiqli davamçısı, möhtərəm prezidentimiz İlham Əliyevin xalqımıza böyük diqqəti və qayğısının təzahürüdür.

Xatırladırıq ki, hələ ötən əsrlərdən su problemi ilə üzləşən Bakı şəhərinə ilk dəfə su kəmərini - Quba-Bakı su xəttini, şollar suyunu böyük xeyriyyəçi Hacı Zeynalabdin Tağıyev ötən əsrin əvvəllərində çəkdirmişdi. İllər ötdükcə şəhərin ərazisi böyümüş, 60-70-ci illərdə yeni salınan mikrorayonların, Günəşli, Əhmədli kimi qəsəbələrin sakinlərinin hesabına əhalinin sayı artmışdı. Paytaxtda yeni yaradılan fabrik və zavodlara, yeni sənaye müəssisələrinə cəlb olunan işçi qüvvələri və münbit sosial şərait şəhər əhalisinin çoxalmasına və bununla da içməli suya tələbatı artırmışdı. 70-ci illərin əvvəllərində, hələ o vaxt respublikamıza rəhbərlik edən Heydər Əliyevin təşəbbüsü ilə Kür və Ceyranbatan su anbarından yeni su kəmərlərinin çəkilməsi günü-gündən artan əhalinin su tələbatını qismən həll etsə də, şəhər böyüdükcə tədricən yenə də su qıtlığı yaranırdı. Bakı şəhərində gündəlik həyatda mənzillərə suyun verilməsində fasilələr yaranırdı. Bəzi hallarda isə bütöv bir ərazilərə günlərlə su verilməsində problemlər yaranırdı. İndi bu problem demək olar ki, tam aradan qaldırılıb.

2000-ci illərin əvvəllərində ölkəmizin su təsərrüfatı sisteminin yenidən qurulması ilə bağlı məsələ qaldırılmışdı. Ümummilli liderimiz Heydər Əliyevin göstərişi ilə Oğuz-Qəbələ zonasının yeraltı sularından istifadə olunması ilə bağlı göstərişlər verilmişdi. "Bakıya bol-bol su gətirəcəyik" - deyə Ulu Öndərin böyük arzularından biri olan su kəmərinin tikintisi uğurla reallaşdırıldı.

 

Bu gün yeni su kəməri ilə paytaxta saniyədə 5 kub metr su daxil olur

 

Paytaxt sakinləri və ümumilikdə Abşeron yarımadasının uzun illərdən bəri həllini gözlədiyi içməli su probleminin həlli reallaşdırıldı.

Oğuz-Qəbələ-Bakı su kəmərinin istismara verilməsi ilə bağlı keçirilən mərasimdə iştirak edən Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyev bu hadisənin Azərbaycan xalqı üçün çox gözəl və əlamətdar bir hadisə olduğunu qeyd edərək bildirdi ki, "Bu doğrudan da böyük və tarixi hadisədir. Oğuz-Qəbələ zonasında təmiz su mənbələrinin mövcudluğu haqqında hələ bir neçə onillik bundan əvvəl məsələ qaldırılmış və o bölgədə Bakıya içməli suyun gətirilməsi üçün təkliflər irəli sürülmüşdür. Ancaq o illər bu layihənin reallaşdırılması mümkün olmamışdır.

Biz bu gün müstəqil Azərbaycanda şəhərimiz və ölkəmiz üçün çox böyük əhəmiyyət kəsb edən böyük bir layihəni həyata keçirdik. Bu böyük nailiyyətdir, böyük bir qələbədir"... "Bu kəmər insanlara rahatlıq, sağlamlıq gətirəcək, su sağlamlıq deməkdir".

Dövlətimizin bu illərdə həyata keçirdiyi ən böyük infrastruktur layihələrindən biri olan Oğuz-Qəbələ-Bakı su kəməri paytaxt sakinlərinə və ümumilikdə Abşeron yarımadasına özü ilə bərabər yeni həyat və sevinc gətirdi.

 

 

RÜSTƏM

 

Ədalət.- 2011.- 16 mart.- S. 7.