Dövlət Komissiyasının iclasında maraqlı faktlar açıqlandı

 

Dünən Nazirlər Kabinetində Azərbaycan Respublikası Narkomanlığa Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının iclası keçirildi. Komissiyanın sədri, baş nazirin müavini Əli Həsənov görülən işlərlə bağlı məlumat verdikdən sonra bu sahədə dünyadakı mövcud mənzərəni diqqətə çatdırdı. "Bu gün dünyada narkoticarət genişlənir" - söyləyən cənab Həsənov bildirdi ki, korrupsiya gücləndikcə qeyri-qanuni narkotik dövriyyəsi genişlənir buna qarşı mübarizə çətinləşir: "Hüquq-mühafizə orqanlarının işçiləri, xüsusən polis, MTN, prokurorluq, məhkəmə orqanlarının əməkdaşları narkotiklərin qeyri-qanuni dövriyyəsinə qarşı mübarizədə öz həyatlarını ən çox risk altına qoyan şəxslərdir. Narkoticarət bu gün dünyada ən gəlirli sahədir. Əgər 1 dollar 12 min dollar gəlir verirsə, belə olacaq. Narkomafiya, narkobaronlar əsasən korrupsiyaya uğramış vəzifəli şəxslərdən istifadə edirlər. Ona görə bu gün beynəlxalq aləmdə narkokorrupsiya termini formalaşıb. Narkokorrupsiyanı isə 3-sosial şərait, siyasi, iqtisadi səbəb var. Narkokorrupsiya demokratiya iqtisadi inkişafı təhlükə altına salan sahədir. Narkoticarət, narkomafiya dünya ölkələrində demokratiyanın, iqtisadiyyatın inkişafına çox böyük zərbə vurur".

Son aylar ərəb ölkələrində baş verən hadisələrə də münasibət bildirən komissiya sədri maraqlı açıqlama ilə çıxış etdi: "Hesab edirəm ki, bu gün ərəb ölkələrində baş verənlərdə beynəlxalq narkomafiyanın da əli var. Belə olan halda narkotikin tranziti, yayılması üçün münbit şərait yaradır. BMT-nin də narkotiklərlə mübarizəylə bağlı konvensiyaları mövcuddur ki, həmin sənədə 184 ölkə qoşulub. ABŞ, Avropa və Afrikaya qeyri-leqal narkotik əsasən Braziliyadan daxil olur. ABŞ-a gətirilən kokoinin 90 faizi Meksikanın "payına" düşür. Son illər Meksikada müxtəlif nakotəşkilatlardan 35 min nəfər həbs olunub. Kokoin əkininə görə Kolumbiya birinci, Peru ikincidir. Bu məlumatları açıqlayan komitə ölkəmizdəki, həmçinin Ermənistandakı vəziyyətə də toxunub. Təəssüf ki, onlar bədxahlara ikili-üçlü standartla yanaşıb. Hətta qeyd ediblər ki, Ermənistan BMT-nin konvensiyalarını çox yaxşı icra edib. Azərbaycan haqda isə bildirilir ki, tranzit ölkədir. Həmçinin Dövlət Sərhəd Xidmətinin gördüyü işləri yüksək qiymətləndiriblər. Qeyd ediblər ki, Azərbaycanın göstəriciləri zəifləyib və narkotik istehsalı artıb. Hesab edirəm ki, dövlət komissiyası rəsmi şəkildə etirazını bildirməlidir. Bu gün Azərbaycanın işğal olunmuş ərazilərində ermənilər narkotik əkir, becərir, satır və bunu görmürlər. Hansı ki, BMT-nin Vyana ofisində bu faktlardan xəbərdardırlar və qəbul edirlər".

İclasın əsas məruzəçisi, DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin rəisi Həzi Aslanov isə qeyd elədi ki, təmsil elədiyi nazirlik və onun ərazi orqanları ölkədə narkotiklərlə mübarizə sahəsində ardıcıl iş aparır. Xalqın genefonduna, eləcə də kriminogen duruma mənfi təsir göstərən narkotiklərin qanunsuz dövriyyəsinin qarşısının alınması ölkə rəhbərliyinin sosial siyasətinin prioritet istiqaməti kimi qiymətləndirən cənab Aslanov qeyd elədi ki, Ümummilli lider Heydər Əliyev tərəfindən qəbul edilmiş proqramlar, imzalanmış sərəncamlar bu sahədə fəaliyyətin effektli təşkilinə göstərilən diqqətin əyani sübutu olmuşdur: "Bununla yanaşı, prezident İlham Əliyevin 2007-ci il fərmanıyla təsdiq edilmiş 2007-2012-ci illəri əhatə edən dövlət proqramı işimizin təşkilində mühüm rol oynamaqla bərabər, aidiyyatı dövlət qurumları və ictimai təşkilatlar qarşısında konkret vəzifələr qoymuşdur".

Dövlət Komissiyasının üzvü, təhsil nazirinin müavini Elmar Qasımov isə bildirdi ki, hər il Dövlət Sərhəd Xidməti Gənclər və İdman Nazirliyiylə birgə tədbirlər planı hazırlanır. Sözügedən məsələlərlə bağlı uşaq və yeniyetmələr, həmçinin valideynlər məlumatlandırılır, maarifləndirilir.

Nazir müavini qeyd elədi ki, hazırlanmış plana uyğun olaraq təhsil müəssisələrində "Narkotikə yox", "Siqaretə yox", "Narkotiksiz Azərbaycan" adı altında müxtəlif tədbirlər və müsabiqələr keçirilmişdir.

                                          

 

İntiqam VALEHOĞLU

 

Ədalət.- 2011.- 17 mart.- S. 3.